Günümüzün
insanı: "Kimsə var
xatırlamağa" - Kamal Abdulla
Dekabrın 4-ü, 9 illik tələbə həyatımda daim mənə və mənim kimi yüzlərlə tələbəyə
təkan verən, dəstək olan gözəl və özəl insanın-Kamal
Abdullanın doğum günü idi.
2000-ci ildə, ilk dəfə
yolumuz kəsişmişdi
Kamal Abdulla ilə. Yeni yaranan
BSU-ya onun rektor, mənim isə tələbə kimi ilk gəlişim idi. O insanla ilk dəfə üz-üzə
gələndə və
onun kim
olduğunu biləndə,
bir nağıl dünyasının qəhrəmanı
kimi hiss etmişdim özümü. İnanılmaz
bir hiss idi. İllərlə televiziya
ekranından həvəslə
izlədiyim Kamal
Abdulla artıq mənim
müəllimim olacaqdı...
O vaxt orta məktəbi
bitirəndən sonra
10 il ərzində
hər sahədə işləməyə məcbur
olan daşlaşmış
kənd qızı, rektorun nə demək olduğunu hələ aylar sonra biləcəkdi. Eləcə müəllimim idi hələki Kamal Abdulla.
Cod görünməyə çalışsa da alınmırdı bu onda. Bir yumşaqlıq vardı,
baxışlarında, simasında,
xasiyyətində. Həm də
ürəyi yuxa idi. Hər nə qədər
sərt olmağa çalışsa da, bəzən sanki içindəki yumşaqlıq
mane olurdu ona.
Məsələn, baxmayaraq ki, hər birimiz üçün çox əziz insan dekanımız Seyfəl Həsənov bütün
tələbələrin sevimlisi
idi, ondan daha çox çəkinərdik, nəinki
Kamal müəllimdən.
İlk gündən
çox yaxın olmuşdu bizə. Bəlkə də
bu yaxınlığı
sonra dağıtmağa
ürəyi gəlmirdi.
Kamal müəllimin
yanına həmişə
elə gedərdik ki, sanki tələbə
rektorun yanına yox, ərköyün uşaq atasının yanına şikayətə
gedir.
Bəzən əlindəki siqareti üzərində kiçik
xalça parçası
olan külqabında söndürüb, maraqlı
baxışlarla "həə,
yenə nədi, a bala?" deməyinə peşman olardı. Bala heç dayanmazdı ki... Danışardı, danışardı. Birinci kursda ümumiyyətlə
bayram olur bütün tələbələrə.
Hamımızı qəbul edər,
dinləyər, yola salardı. ( bu, hər il belə davam
edirdi).
Kamal Abdulla ancaq
rektorumuz deyildi, dostumuz idi, qrup
yoldaşımız idi. Bir baxırdın
dəhlizdə yanında
durub, bir baxırdın bufetdə yan stolda oturub.
Biz heç vaxt
"rektor gəlir, qaçın" havasında
olmadıq. Bizə qibtə edirdi,
digər universitetlərdən
bizim konfranslara gələn tələbələr.
İnana
bilmirdilər ki, rektorla tələbə zarafat edə bilər. Rektor konfrans başlamamış
zalda və ya dəhlizdə tələbələrlə ola bilər, danışa bilər, gülə bilər. Əlini kiminsə çiyninə dostcasına aşıra bilər. Kefi kök olanda
bir başqa doğmalıq saçırdı
rektorumuz. Digər universitetlərdən
olan tələbələrin
açıq-aşkar bizə
həsəd aparmasından
o qədər zövq
alırdıq ki.
Bakalavrdan
aspiranturaya qədər
9 il dayanmadan
tələbə oldum
BSU-da. 9 il
rektorum oldu bu insan. Həyatımın
qızıl zolağı
oldu bu 9 il. Heç bitməsini
istəmədiyim Qızıl
zolaq.
Bir gözəl sözü vardı: "Mən müəllimi tələbənin,
tələbəni də
müəllimin ayağına
verməyəcəm". Vermirdi də.
O qədər "çe-pe"lərimiz
olub ki. Çox ərköyün tələbələr
idik. Ona güvənib başqa
universitetlərdə qatıldığımız
tədbirlərdə professor-müəllim heyəti ilə dil-dil ötürdük. Öz evimizdəymişik
kimi, ipə-sapa yatmazdıq, bir sözlə. Bəlkə də
başqası bizi qovardı universitetdən.
Amma o qovmurdu, heç incitmirdi də.
Bizə
həmişə deyirdi
ki, "nə deyirsiz deyin, öz sözünüzü
deyin. Səhv belə olsa
bilin ki, bu, sizin sözünüzdür.
Özünüz düz bilib
dediyiniz səhv sözünüzlə daha
çox qazanacaqsız,
nəinki başqasına
aid olan amma dərk etmədiyiniz düz sözlə. Başqasını həmişə eşidin, dinləyin, çalışın nəticə
çıxarın amma
özünüz olun."
Bütün tədbirlərimizdə yanımızda
idi. Bizə qoşulub rəqs
edirdi, mahnı oxuyurdu.
İlk dəfə
duet oxumuşdum Kamal müəllimlə, müəllim
günündə -"Biz mehriban
ailəyik" mahnısını. Hər ikimizin səsi " çox gözəl" olduğu
üçün 600 nəfərlik
akt zalında hamımız gülmüşdük,
amma oxumuşduq bacardığımız kimi.
O gündən həmişə
bütün tədbirlərdə
biz tələbələr o mahnını oxuyardıq.
Deyirdi "qoy bu mahnı bizim
himnimiz olsun"... Doğrudan da, əslində biz mehriban ailə idik.
Onunla bağlı
o qədər xoş xatirələr var ki, yazası olsam, insana stimul
verə biləcək
bir kitab alınar.
Kim bilir, bəlkə
də bir gün o gücü özümdə tapdım
və yazdım.
Var olun, Kamal müəllim. Çox yaşayın,
sağlam yaşayın.
Qazandığım ən xırda
uğura görə Sizə daim təşəkkür edirəm.
Nə yaxşı ki varsıniz və doğulmusunuz, işıqlı insan!
Sizi çox, çox, hamıdan çox sevirəm, ucqar bir rayondan gəlib
rus dilində bir söz belə
bilməyən bir tələbəni, rus dilində "Qırmızı
diplom"la təhsilini
başa vuracaq dərəcədə ruhlandıran
və dəyərləndirən,
əziz insan!
Bizdən
uzaqda olsanız belə, həmişə qəlbimdəsiniz və hər addımımda Sizin adınıza
layiq olmağa çalışıram. Həmişə
fəxrlə deyirəm:
"Mən Kamal müəllimin tələbəsiyəm".
Bu fəxarət hissinə
görə sağ olun. Doğum gününüz
mübarək!
Bu gün ADU-nun rektoru olsanız da, bizim üçün həmişə BSU-nun rektoru olaraq qalırsınız. Bir şeirinizdə yazmışdınız ki,
Kimsə yox xatırlamağa,
Unutmağa bir kimsə yox.
Unutmağa mənim də bir kimsəm yoxdur, amma xatırlamağa var. O adam bu gün
Kamal Abdulla!
Hörmətli ADU tələbələri, təbrikimi,
sevgimi, sayqımı Kamal müəllimə çatdırın.
Öpün onu yerimizə. Bu gün şans sizdən yanadır. Şansınızı dəyərləndirin...
amma unutmayın, - O, bizim rektorumuzdur! Sayqılarımla...
Əzizə İsmayılova
Ədalət.-2017.-5 dekabr.-S.5.