Muğamımızı yaşadaq...

 

"Muğam - Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır".

Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi: "Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının tanıtma nişanlarından biri kimi, milli-mədəni irsimizin əsasını təşkil edir. Bu mənada bizi millət kimi qoruyub saxlayan bu irsi, mədəniyyəti yaşatmaq hər bir azərbaycanlı üçün ən vacib məsələdir..."

Azərbaycanda muğam sənətinə qayğı, diqqət ilbəil daha da artmaqdadır. Bu da öz növbəsində bölgələrimizdə yeni-yeni muğam ifaçılarının yetişməsində öz bəhrəsini verir. Qəzetimizin bu sayında Biləsuvarda sadə-zəhmətkeş ailədə doğulub boya-başa çatmış, uşaqlıq yaşlarından xanəndəlik-muğam sənətinə qəlbən, ruhən bağlı olan ifaçılarımızdan Əlikram Gəncili haqqında oxucularımızı bir qədər məlumatlandırmaq istərdim.

Gəncili Əlikram Nurəddin oğlu 1994-cü ilin noyabrın 18-də Biləsuvar şəhərində anadan olub. Balaca Əlikram orta məktəb təhsili aldığı illərdə eyni zamanda, rayonun Uşaq İncəsənət məktəbində xanəndəlik sinfində Ağaverən müəllim kimi tanınmışlardan muğam təhsili alır. 2013-cü ildə hərbi xidmət dövrü ilə əlaqədar musiqi təhsilini yarımçıq qoymalı olur, Əlikram...

 

Şair demişkən:

 

"Əlimiz Quran üstə,

Candan öncə Vətəndir!

Son anda, son nəfəsdə,

Sinə ona sipərdir!..."

 

Əlikram da, "öncə Vətəndir" dedi, vətən qarşısında həqiqi hərbi xidmətini tam başa vurduqdan sonra doğma rayonuna döndü. Min bir həvəslə bağlı olduğu, öz ecazkarlığı sehri ilə onu ovsunlamış muğamın sirlərini dərindən öyrənmək üçün yenidən musiqi təhsilini davam etdirir Biləsuvarda. Amma məqsədi, məramı ayrı idi, bu laçın oğlanın - paytaxtda muğam təhsili almaq, ustadların xeyir-duası ilə bu müqəddəs yolu başadək addımlamaq, tanınmaq, valideynlərinin gecəli-gündüzlü zəhmətlərini doğrultmaq...

Yaxşı tanıyıram atası Nurəddini, kolxoz-sovxoz dövründən... Zəhmət adamıdı, əlinin qabarı, alnının təri ilə halal çörək qazanmaqdan çəkinməyib heç zaman. Azdan az, çoxdan çoxa min bərəkət deyib-qaillik edib, şükür edib Allahın qıyıb verdiyi paya. Beləcə saf-çillə böyüdüb Əlikramı, o biri övladlarını. Elə Əlikrama ən böyük dəstək ilk gündən atasından gəlib. Hər dəfə qohum-tanışın toy məclislərində Əlikrama da ifa üçün söz verilməyini istəyib, illər ötdükcə həvəsinə həvəs qatıb, balaca Əlikramın.

Söz ardı... Arzularının ardınca böyük eşqlə yüyürsə , enişi-yoxuşu olur bu yolun. Musiqi təhsili üçün paytaxtda imtahanlara qatılır, ilk əvvəllər alınmır nədənsə. Maraqlı bir mənzərə isə, heç vaxt sənət yolunda unudulmayacaq bir xatirəyə çevrilir, Əlikramın. 2016-cı il... Həyatının ən qiymətli anlarından biri olacaqmış o gün sən demə..., düşüncələr burulğanında öz köhnə xəyallarını qurmağa çalışsa da, yüksək nəticə üçün çox çalışmalı idi, o. Elə bu düşüncələrin var-gəli ilə təhsil aldığı Uşaq İncəsənət məktəbinin qarşısından keçərkən arxadan kimsə nəzakətlə onun adını çəkir, salam verir. Əlikramın təsadüfən rastlaşdığı bu xanım bir vaxtlar onunla bir yerdə musiqi təhsili alıbmış sən demə... Xoş təsadüf sinif yoldaşlarını lap az qala kövrəldə. Xanım onun paytaxtda təhsil aldığını zənn etsə , Əlikram hələ o yüksək mərtəbəyə tam hazır olmadığını deyir: "bu il gərək, yaxşı hazırlaşım, fikrimdən, məqsədimdən dönən deyiləm...." Xanım isə ona təkidlə:

- Mən sənədlərimi hazırlayırdım, gəl elə indicə sənədlərini topla birlikdə aparaq təqdim edək sənəd qəbulu şöbəsinə, özünü bir sına, mən əminəm ki, sən yaxşı nəticə göstərəcəksən. Xanım dostunun uzun çəkən bu səmimi təkidi, Əlikramın ürəyini yumşaldır, birbaşa evlərinə yollanıb lazımi sənədlərini götürür. Elə həmin gün dostuyla sənədlərini aparıb təqdim edir, musiqi kollecinə imtahan üçün...

Bəli, "Ümid sonda ölür" deyirlər, amma Allahdan heç bir zaman ümid kəsilməz. 2016-cı ilin yazı Əlikramın da ümidlərini yenidən göyərdir, dağınıq düşüncələrinə bahar təravəti qatır, çöhrəsinə qeyri-adi bir təbəssüm hopur... Həmin il, xanım dostunun xahişi, təkidi ilə imtahanlara qatılan Əlikram Gəncili Sumqayıt Musiqi Kollecinin "Xanəndəlik" şöbəsinə qəbul olur - daim xəyalında dolandırdığı, muğam ifalarına qulaq asmaqdan doymadığı Ehtiram Hüseynovun tələbəsi olmaq istəyi çin çıxır...

Artıq II kursu başa vurur bu il Əlikram. Tətil günlərindən birində rayonumuzda görüşdük... Azərbaycan muğam sənətinin professoru Arif Babayevin yetirməsi olan Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, ustad sənətkar Ehtiram Hüseynovdan dərs alan, özünün istedadı gözəl səsi ilə muğamımızın sirlərini daha da dərindən öyrənən Əlikram Gəncili, sənətin incəlikləri ilə bağlı öyrəndiklərindən çay masasında maraqlı söhbətlər etdi bizə. Deyir ki, inşallah, müəllimimin təşəbbüsü ilə yaxın vaxtlarda konsert proqramlarımızın keçiriləcəyini planlaşdırırıq: "Milli-mədəni irsimiz olan muğamımızı yüksək ustalıqla təbliğ etmək üçün var gücümlə çalışıram: , Sizə bir şad xəbəri deyim, növbəti il "Muğam televiziya müsabiqəsi"nə qatılacam..." Həmyerlimizin bütün bu uğurları, bizlər üçün qürurverici deyilmi, əziz oxucu?!.

Bəli, hər pərdəsində özümüzə, yeni bir sirli dünya açan, bütün Avropanı mat qoyan fəth edən muğamımız özünün tərəqqi dövrünü yaşayır. Böyük muğam məktəblərində indi gənc muğam ifaçıları yetişməkdədir. Arzu edək ki, Əlikram Gəncili candan bağlı olduğu sevimli sənətində daha da püxtələşsin, Vətənpərvərlik məktəbi məkanı kimi tanınan doğma Biləsuvarımızın adını, eləcə mədəniyyətimizin, incəsənətimizin şan-şöhrətini daim uca tutsun.

 

Samir QURBANOV,

Biləsuvar

Ədalət.-2017.-5 dekabr.-S.5.