Oyanma və ya Səltənətin bir gündə üç dəfə bayılması

 

Səyyad Aran

 

Bir dəstə arvad Səltənətin Köndələn arxa baxan beş daş üstündə tikilmiş təzə evinin qulabanında böyük oğlunun bu payızda inşallah baş tutacaq toyu üçün bəylik yorğan-döşəyi salırdılar. Dünyanın adi bir günüydü. Hər şey necə olmalıydısa eləcənə öz xoşuyla gedirdi. Xırda mismarlarla tarıma çəkilmiş mitillər səliqəylə sırınırdılar.

İki kilo düyü dünən axşamdan arıtlanıb qoyulmuşdu məhəccərin üstünə. Obaşdannan işə gedən ərinə iki çolpanı kəsdirib kəmali-ədəblə təmizləyib qoymuşdu ləyənə, üstünə də iri bir məcməyini aşırmışdı ki, pişik-filan dəyməsin, toz qonmasın, quş-muş gəlib dimdikləməsin.

Bacılığı Xeyransanın gəlininə dovğa qazanını tapşırmışdı. Biləkli, sağlam gəlin idi. Bu işi elə o yaxşı bacarardı. İnsafən öhdəsindən gəlirdi də - iri mis qazandakı dovğanı məharətlə bulamağından bilinirdi. Amma Səltənət dilini də yığmırdı:

- Qulağın qaynananın qaravəllilərini dənləməsin. Gündə eşidirsən dəəg Birdən dovğanı çürüdərsən. Mən bilmirəm, elə bir şey olsa, bil ki, sənin özünü qazana basıb dovğa əvəzinə bişirərəm.

Xeyransanın gəlininin sanballı biləklərinə baxmayaraq alnında xırda tər damcıları muncuqlanmışdı. Hiss olunurdu ki, işini vicdanla görür, dovğanı bulamaqda bir an da olsun əlini yubatmır. Amma zəhmli Səltənətin qəzəbinə tuş gəlməməkdən ötrü bərayi-ehtiyat dilləndi:

- Çürüməz, xala.

- Nə deyirəm ki. Təki elə olsun. Ancaq xəbərdarlığımı elədim haaa...

Balkondakı arvadlar əlindəki yun çubuğuyla qabağına çıxan toyuq-cücəni pərən-pərən salan, kağızı-kuğuzu, xırda çır-çırpını, odunu-modunu təndirin başına dığırladan, havada itə yelləyib acıqlanan - "hürmə, evdə qonaqlar var, tərbiyən olsun" - hərdənbir də o yana-bu yana keçəndə gözucu dovğa qazanına baxa-baxa gəlinin yanbızına yüngülcə birini çəkən Səltənətin xoxu gəlməyinə qulabandakılar altdan-altdan qımışırdılar. Xasiyyətinə bələd olduqlarından heç kim dillənmirdi. Əlbəttə, dediyim kimi ən ağır, məsuliyyətli iş Xeyransa arvadın gəlini Zöhrəyə tapşırılmışdı. Xeyransa hardasa bundan razıydı, gəlininə verilən bu cür işgəncədən həzz alırdı. "Qoy görsün necə qəddar qayınanalar var". Səltənət hələ qayınana deyildi, inşallah olacaqdı. Nə dəxli, onsuz da az qalıb.

Amma Səltənət fikirli görünürdü. Bacılıqları bunu payızda olacaq toyla, hələ alınmayan bəzi şeylər, xüsusən qızıl-mızlla bağladıqlarından həm təbii hesab edirdilər, həm də haqq qazandırırdılar. Ağzında toy deyirsən! Toyun adı toy olmasa, adamın işlərin çoxluğundan və ağırlığından bağrı çatdıyar.

Gələk Səltənətin fikirli olmağına. Səbəbini bir olan Allah, bir də özü bilirdi. Nə açıb-ağartmalı deyil, nə də gənəşməli. Camaat min məna verərdi. Amma sirri acmağa məcburuq.

Bir neçə gündür ki, kiçik bacısı Səmayənin qızı Aysel Bakıdan qonaq gəlib. Məktəblər bağlanıb, kanikuldur. Bakının səs-küyündən və istisindən bezən bəzi şagirdlər qohumları yaşayan rayonlara, kəndlərə yollanıblar. Yüz illik ənənədir, bu gün də belədir, sabah da belə olacaq.

Yatmamışdan qabaq Aysel xalasından xahiş etdi ki, xala, Səma ilə yerimizi yerdən sal. Səma adını xalası Səmayə öz adına yaraşdırıb qoymuşdu, Ayseldən 3 ay kiçik idi.

Səltənət başı tavana deyən yükdən, yalan olmasın qalınlığı yarım metrə çatan iri bir döşəyi düşürüb atmışdı evin ortasına. Yastıq-yorğan gəlməmiş Aysel döşəyin üstündə atılıb düşdü: - Elə bil purjunlu krovatdır! - deyib heyranlığını bildirdi. Xalası qızının sevinci Səmaya ləzzət eləyirdi, heç nə deməyib gülümsəyirdi. Onun hər səhər "sveji" süd içməyi, "sveji" qatığı hər günorta başına çəkməyi, yatmamışdan əvvəl də qatıq içməyi, beçə çığırtmasını barmaqlarının altısını da yalaya-yalaya yeməsi ayrı bir aləm idi.

Səltənət həmişəki kimi dilini yığa bilməyib sancdı.

- Ananın əlini pişik yeyib? Denən sənə də beləsindən birini düzəltsin.

- Axı bizim sizin kimi çoxlu qoyunlarımız yoxdur.

- Dədənin ki, pulu çoxdur. Pul verib düzəltdirsinlər.

- Nə bilim e! - Aysel xalasının hansı simə vurduğunu düz-əməlli anlamadığından qeyri-müəyyən cavab vermişdi. Səltənət də bəzi yarımçıq qalan işlərini sər-səhman eləmək üçün eşiyə çıxmışdı. Xala qızları sevinə-sevinə, deyə-gülə qucaqlaşıb yorğan-döşəyin üstündə xeyli mayallaq aşdılar, bir-birilərini qıdıqladılar, oğlan uşaqları kimi güləşdilər, axırda yorulub lam düşdülər. Tövşəklərini dərib, xısın-xısın pıçıldaşmağa başladılar. Aysel qəfil soruşdu.

- Sənin oğlanın var?

Səma içini elə çəkdi ki, Ayselin rəngi ağardı. Dili-dodağı təpiyən xalası qızını belə vəziyyətdə görən şəhərli qız həyəcanlandı.

- Sənə nə oldu?

- Ay qız, anam eşidər ikimizi də öldürər. Bu nə sözdü. Mən arvadam ki, oğlum olsun.

- Eh! Çuşka! Mən də deyirəm bu qız niyə belə qorxdu. Elə demirəmg Yəni istədiyin, xoşuna gələn oğlan... filan... varındı?

- Kəs, kəs, anam gəlib ikimizi də yun çubuğu ilə yazar. Nə danışırsan? Heç elə şey olar. Yat, yat, Allah, bu qız dəli olub, başına ağıl qoy. Hələ mənim nə vaxtımdır. Mən uşağam.

Aysel xalası qızının sadəlöhvlüyünə, avamlığına ürəkdən gülmüşdü. Səma yorğanı onun başına atıb:

- Sus, sus! - deyib işığı söndürmüşdü. Həmin xoş ovqatla Aysel yuxuya getmişdi. Səma isə anası eşidər qorxusu və həyəcanı ilə gözlərini bərk-bərk yumub uyumuşdu.

Bütün işlərini bitirəndən sonra yatağına girməmişdən əvvəl tam arxayınlaşmaq üçün uşaqlar yatan otağa baş çəkəndə elə bil Səltənəti tok vurdu.

Qızlar istilənib yorğanı üstlərindən atmışdılar. Yüngül və qısa tuman-köynəkdə qalmışdılar. Aysel balaca balıq kimi görünürdü. Səma isə onunla müqasiyədə, rəhmətlik Məsuma xala demişkən, qara kösövə oxşayırdı. Aysel yupyumru, ağappaq, yatanda da üzündəki təbəssümlə baxanı hayıl-mayıl edirdi. Səma isə yorğun, qayğılı və bezgin görünürdü. Əlbəttə, şəhərdə rahat və komfort şəraitdə böyümüş qızla yayda bütün günü al günün altında qışda isə soyuqda, sazaqda bitib-tükənməyən işlərlə axşamacan əlləşən qız arasında təfavüt olmalıydı.

Səltənətin ürəyinə pis şeylər gəlmirdi, paxıllığını, qısqanclığını çox da yaxına buraxmırdı. Aysel də öz balası deyilmi... Amma Səma Aysellə müqayisədə...belə...nə isə...

Qulabanda iş başa çatmaqdaydı. Düyünü qaynadıb, aşı süzüb dəmə qoymaq lazım idi. Çığırtma tez bişəcəkdi. Dovğanın ətri on ev o yana yayılmışdı. Qulabandakılar da xoş qoxunu duyub iştahlanmışdılar. Dovğa hazır idi, çürüməmişdi, Səltənətin üz-gözündən bilinirdi. Təriflərin bir ünvanı vardı: Xeyransanıın gəlini Zöhrə, - Allah hamıya belə gəlin qismət eləsin. - Səltənət nəhayət gəlini tərifləyib dovğa ilə bağlı son tapşırıqlarını verdi.

- Qazanı ocağın üstündən götür qoy qırağa. Bir az soyusun, sonra qapağını ört, amma kip yox, yarıaçıq. Göz-qulaq ol. Cücə-mücə, it-pişik yaxın gəlib murdarlamasın. Get balkondan üstünə ləyən aşırdığım iri tavanı, bir də onun yanındakı yağ bankasını gəti bəri. Mən də əldamından soğan götürüb gəlləm.

Daxmaya sarı bir-iki addım getmişdi ki, bayaqdan bəri onu girinc edən, fikrini qarışdıran, ara-sıra bəbəyinə girən, amma əlinin dalı ilə milçək qovalayan kimi gözünün önündən bir anlığa rədd etdiyi, sonra yenidən görünən bir şey arvadın ayağını yerə mıxladı. İnanmadı. Yəqin nəydisə gözünə kölgəmi, xəyalmı... görünürdü, ya da xəyalına gəlirdi. "Yoooxx, ola bilməz, dayan bir baxım..."

Çəpərin o üzündən suyuşirin yeniyetmə bir oğlan heç çəkinib eləmədən həyətdə kimə isə baxıb gülümsəyir, əlləri, qaşı-gözü ilə... him-cimlər edirdi, nəsə deyirdi, danışırdı, eyhamlar vururdu. Əstəğfürullah, nə işdi, gözləri belə görür, yoxsa doğrudan da belədir. Boynunu döndərdi ki, görsün çəpərin o üzündən boylanan gədənin manşırladığı kimdir? İyul olmasına baxmayaraq elə bil Səltənəti buzxanaya soxub çıxartdılar... Aysellə him-cimləşirdi...

Bu da Səltənətə bir elə yer eləməzdi. Səltənəti yandırıb yaxan oydu ki, Aysel də çəpərin o üzündəki gədəyə əməlli-başlı mehmannəvazlıq edir, o da uyğun işarələr göndərirdi. Allah məni öldür! - hətta deyəsən Aysel əli ilə onu həyətə çağırır... Oğlan da kimi isə göstərib şəhadət barmağı ilə baş barmağını aralayıb boğazına çəkir... Həə, Səltənəti göstərirdi. Qeyzindən əlindəki çubuğu yerə necə vurdusa iki bölündü.

- Ədə, heyyy! Nə şinidirsən orda?..

İşini görüb qurtaran Xeyransa arvad Səltənətin bağırtısından nə cür səksəndisə mismarın papaqlığı dizini sivirdi. Bir anda arvadı qan apardı. Yanındakılar onun həşirinə qaldılar.

- Sənnən döyüləm, sırtıq kopoyoğlu? - Səltənətə oğlanın hərəkəti həddindən artıq cöcün gəlmişdi. Özünü, sözünü, ağzını yığıb yıışdıra bilmirdi. - Kimdi aazz bu gədə?

Zöhrə dəqiqləşdirdi:

- Nazimin oğludu.

- Hansı aazz, o arvad darbalağı-zadı satanın?

Nazimin kənddə böyük dükanı vardı. İmkanlı adamlardan hesab olunurdu. Bir qardaşı da Moskvada deyilənə görə yekə bir bazarın yiyəsiydi. Kənddə son illər ortalığa çıxan, seçilib sayılan varlı ailələrdəniydi. Heç Səltənət də onları pis tanımırdı. Söz gəlişi deyirdi. Acığından aşağılayırdı. Belə baxanda heç Səltənətgil də onlardan geri qalmırdı. Xeyli mal-qaraları, hər cür meyvələr yetirən dolu bağları, bərəkətli örüş yerləri vardı. Noolub, Allaha şükür!

Dükanda hər şey satılırdı, o cümlədən Səltənətin dediklərindən də. Amma niyə Səltənət məhz o şeyin adını çəkdi, bunu heç kim unamadı.

Yeniyetmə zərrəcə belə çəkinmədi. Ayselə baxıb gülümsəməyindəydi. Əşşi, bunu başa düşdük ey. Bə bu qız niyə belə əriyir. Xalasının qəzəbləndiyini, hirsinin yeri-göyü yandırdığını görmürmü?

Üzünü Ayselə tutdu: - Get gir evə! Səma, bunu sal qonaq otağına.

Ay Allah, bu nə işdi başıma gəlir. Mən niyə ölmürəm, niyə çatdamıram... Aysel tərpənmədi, ayağının birini götürüb birini qoydu. Deyəsən, evə getmək fikri yoxuydu. Açıq-aşkar oğlana qahmar çıxırdı. Hətta xalasının onun ünvanına dediyi pis sözlərdən utanırdı da. Üz-gözündəki ifadə də bunu deyirdi... Birdən qöy başına uçdu. Aysel nə dedi?.. Qulağı düzmü eşitdi?

- Xala, noolar, qoy gəlsin!

Yarısı sınıb əlində qalmış yun çubuğunu qızın çılpaq doluna çəkdi: - Kəs, həyasız!

Söz ağzından çıxandan sonra səhv elədiyini bildi, amma gec idi. Bu nə söz idi dost-doğma bacısı qızına deyirdi... Səltənət açıq-aşkar qəzəbindən alovlanırdı. Həyatı boyu nə belə şey görmüşdü, nə də eşitmişdi.

Oğlan bayaq ha çəpəri adlayıb həyətə təpildi. Yox, bu daha oldu. Xeyransa arvadın dizinin qanını birtəhər durdurub - əski yandırıb külünü basmışdılar qanayan yerə - arvadlar balkondan tökülüşdülər. - Ədə, sən nə tərbiyəsizsən, xalxın evinə niyə icazəsiz girirsən?

Oğlan heç kimə fikir vermədən düz Səltənətin üstünə yeridi. Hələ də ufuldayan Ayseli göstərib:

- Onun əvəzinə məni vur. Hayıfdı, belə qızı elə vurmaq.

- Ə, kopoyoğlu, məndən çox istəyəcəksən onu.

Göy ikinci dəfə Səltənətin başına uçdu.

- Hə... Mən ömrümdə onu elə vurmaram.

Səltənətin əli qalxdı, nə qalxdı, uzun müddət enmədi: - Axmaq kopoyoğlu, al, al, al, al...

İndi Aysel də bayaqkı ağrını unudub özünü oğlanın qabağına verib xalasına yalvarırdı.

- Xala vurma da, ağrıdır axı. Yazıqdır axı.

Bütün bu həngaməyə balkondan baxan Səmanın nitqi qurumuşdu. Gözünün qabağında baş verənlərə filmə baxırmış kimi baxırdı. Xalası qızının belə açıq-saçıq davranışına mat qalmışdı. Heç nə anlaya bilmirdi. Aysel tanımadığı, bilmədiyi bir oğlanı niyə müdafiə edir, onun yolunda anasının adamın dərisini yandıran bu zərbələrinə niyə dözür, necə dözür? Yəni, sevdi birdən-birə? Nə tez? Sevgi belə olur?

Səltənət bu mənzərədən - Ayselin oğlanı, oğlanın da Ayselin əvəzinə özünü zərbələrin qabağına verməsini gördükdə tamam çaşıb qaldı və bihal halda yerə çökdü.

Arvadlar Nazimin oğlunu həyətdən qovmağa çalışır, o isə Ayselin əllərindən tutub:

- Çox ağrıdır? - deyə soruşurdu.

- Aysel də:

- Elə bir şey deyil, sənin necə, əllərin göynəyir? - deyə sızıldaya-sızıldaya soruşurdu. Oğlan qızın əllərini oxşayır, hovxurur, arada qızın barmaqlarının ucundan öpürdü də. Aysel də bundan xoşlanır, təkrar onun qollarının, əllərinin ağrıyıb ağrımadığını soruşurdu.

Arvadların matı-qutu qurumuşdu. Heç olacaq iş deyildi. Səltənəti nə qınayasan. Bu kənddə hələ bir şey olmamışdı. Gör e, işin tərsliyindən, evin bir kişisi belə gəlib çıxmır ki, bu gədənin qulağını burub dərsini versin, bu mərəkə də qurtarsın.

Səltənət yarıhuşsuz vəziyyətdə həm arvadların danlaq-dansağını eşidir, xüsusən Nazimin oğluna təpindiklərini duyur, həm də Aysellə oğlanın bir-birinə mehribançılığını görürdü. Bir az özünə gəlib ayağa durmaq istədi. Aysel xalasının qımıldandığını görüb:

- Xala, qurban olum, ayıldın? - deyib özünü onun qucağına atdı.

Oğlan da:

- Səltənət xala, sən Allah özünə gəl, bizi peşman eləmə! - deyərək arvadın sol əlini tutub öpməyə başladı. Aysel də xalasının sağ əlini balaca ovuclarının arasına alıb oxşayır, sonra o da öpürdü. Amma hər ikisi arada yenə bir-birinə baxıb gülümsəyir, dünyanın ən doğma, məhrəm insanları kimi mehriban-mehriban baxışırdılar.

... Səltənət təzədən bayıldı.

Bu dəfə daha durmaq yeri deyildi. Arvadlar Nazimin oğlunu qabaqlarına qatıb həyətdən eşiyə çıxardılar. Darvazanı arxadan vurdular. Ayseli də içəri salıb bu dəfə də Səltənətin həşirinə qaldılar. Üzünə su vurub özünə gətirdilər. Qoltuğuna girib balkona çıxardılar. Altına qalın bir döşəkcə atıb kürəyini divara söykədilər.

- Sən də lap cınqursaqsan haa...Hövsələn olsun daa...

- Aazz, hövsələ yeridi?.. O gədə bir yana, siz bu həyasızın mənim başıma gətirdiklərini görmürsüüzz?

Hamı ürək-dirək verir, şeytana lənət oxuyurdu, zəmanənin tamam xarab olmasından, böyük-kiçik yerinin baş-ayaq düşməsindən ahuzarlanırdılar.

 

- Hamısını eləyən bu televizorlardı. O gün kişiynən kinoya baxırdıq - yadımdan çıxdı, hansı kanal idi. Ay başuuza dönüm, elə də öpüşmək olaar? Bir-birilərini kələm kimi yeyirdilər. Yaxşı ki, evdə uşaq-muşaq yoxuydu. Tooba, utandığımdan durub ərimin yanından çıxdım eşiyə. Səltənəti nə qınayasan?..

Bir-bir xudahafizləşib hərə üz tutdu öz evinə-eşiyinə. Nə plov qazanı ocağın üstünə qoyuldu, nə də hələ də ətri həyəti başına götürmüş dovğadan daddılar, çünki ocaq sönmüşdü, dovğa soyumuşdu, ən əsası yeməyə heç bir həvəs yoxuydu. Hamı hadisəni özünə götürüb: "Biz neyləyərdik?" - sualının əlində girinc qalmışdılar. Sonra da qulaqlarını çəkib "kiş-kiş" edirdilər.

Sakitlik idi. Səltənət bir az özünə gəlmişdi, qızını səslədi. - Səmaaa...

Səma əlüstü qonaq evindən çıxıb anasının qənşərində mil dayandı: - Eşidirəm ana...

- Harda itib-batmısan?

- Qonaq otağındaydım.

- Başıma gələnləri gördün dəə... Gör əziz-xələf xalan qızı nə oyun durquzdu... Gördünmü?

- Hamsını yox...

- Niyə?

- Mebelin tozunu alırdım.

- O gülməşəkər hardadı?

- O da qonaq otağında

- Neynəyir.

- Ağlayır...

- Telefonu bəri elə. Özün də get onun yanına.

Titrək əlləriylə Səmayənin nömrəsini yığdı...

- Bıy, başına dönüm bacı! Ağrın ürəyimə. Necəsən, nətəərsən? Azarın-bezarın mənə gəlsin, yaxşısanmı? Aysel səni incitmir ki?.. Oyan-buyan eləsə, belə bas gözünü çıxar. Bir söz desəm lal olum, dilim dovğada yansın...

Bacısı bir ucdan doğrayıb tökürdü. Deyəsən Səltənətə mafal verməyəcəkdi. Dovğa sözü olmasaydı, elə Səltənət də bir xeylaq qulaq asacaqdı, çünki qeyzindən hələ də tövşüyürdü, ürəyi ağzından çıxırdı.

İndicə yadına düşdü ki, dovğa dolu qazanın ağzı açılmamış qaldı. Qonaqlarını evlərinə ac-susuz yola saldı. Allahın dovğasını da içmədilər.

- Qorxma, bir dolu qazan dovğanı zay elədi.

- Bıy, olmaya ocağın üstündə dovğa bulamağı ona tapşırmışdın ?

- Yooxx... - Gördü ki, uzun məsələ olacaq kəsələdi.

- Aazz, bu nə cür qız böyütməkdi? A səni qara yel aparsın! Belə də özbaşına qız uşağı olar?

Telefonun o başından bir xeyli səs gəlmədi. Səmayə nə baş verdiyini anlamaq istəyirdi. Qızının dovğanı zay eləməyi ilə "bu necə qız böyütməkdi"nin əlaqəsini heç cür tapa bilmədi. Hannan-hana öləzimiş səsi gəldi:

- Noolub ki?

- Belə canına dərd olub, azzar olub. Gözümün qabağında birinci dəfə görməklə xalxın gədəsi ilə him-cimləşir, qaş-gözünən danışan gədəni söyürəm, çubuqla vururam, özünü irəli verir, vurma deyir. Mənə e! Səltənətə! Nə çəkinir, nə həya edir, nə abır gözləyir.

- Kimdi o... oğlan?

- Nə bilim? Deyillər Market Nazimin oğludu. Məktəbi qurtarandan Bakıda, Türkiyədə, Urusetdə girələnirdi. İndi kənddə yekə bir dükan açıb. O dükan açılandan camaat tay rayona-zada gedib eləmir. Kəndin camaatının bütün pulları - maaş kartları onun cibindədir. Sağa da qazanır, sola da qazanır.

- Bay, tanıdım, Mustafa əminin ortancıl oğlu. Ay bacı, onlar yaxşı nəsildir. Bilmirsən, Mustafa əmi sovet dövründə kolxozun baş buxaltırı işləyirdi.

Əlbəttə, tanıyırdı. Amma beyni-başı elə yüklənib ki, yaddaşı da pozulub. Səmayə dedikcə bir-bir yadına düşürdü.

- Sən hardan yerli-yataqlı bunları öyrənmisən?

- Qohum-əqrəba gələndə danışırıq daa...

Hə dəə! Səmayə də bu kənddən deyilmi? Elə şey soruşur, özünü lap gəribçiliyə salır. Səmayə Nazimlə bir sinifdə oxuyurdu daa. Yooxx, yenilə bilməzdi. Səmayənin də qızı kimi dərsini verməliydi. Təzədən açıldı.

- Onu demirəm! Sənin qızın çox özbaşınadır. Nə xala sayır, nə ağbirçəkdən utanır. Gözümün qabağında az qalır sarılsın gədənin boynuna.

- Ay Səltənət, heç dəyişməmisən e! Xasiyyətinə bələdəm. Allah bilir, gedənnən həyətdən bayıra buraxmamısan.

-              Bə nə? Amanat uşaqdır. Hara buraxım?

-              Yəqin bütün günü elə Səma ilə oynayır. Darıxır daa...

-              İndi onun darıxmaması üçün kəndin bütün oğlanlarını yığıb həyətə tökməliyəm?

Səmayə adət-ənənənin sərt tərəfdarı və keşikçisi olan bacısını yaxşı tanıyırdı. Ancaq qızının da halına acıyırdı. Şən, deyib-gülən, oynaq qızının dörd divarın içində nə çəkdiyini də anlayırdı.

- Sən Allah, bu bir həftədə heç olmasa Arazın qırağına, İydəliyə gəzməyə göndərməmisən? Bəhrəmtəpənin kotlevanlarından birinə Səmanı da qoşub üzməyə, çimməyə də aparmamısan?

Səltənətin dişi-dişinə dəyirdi, eşitdiklərindən havalanırdı. Əlini sinəsinə-başına qoyurdu, divarı-döşəməni yoxlayırdı. Hər şey yerində idi. Amma yenə qorxa-qorxa gözlərini yumub açırdı, açıb yumurdu. Səmayənin arxayın danışığı, hələ desən Səltənəti qınaması böyük bacını dəli edirdi. "Bu nə danışır? Doğrudan da kiçik bacısı Səmayədir?"

- Aazz, Səmayə, bu sözləri deyən sənsən?..

- Mənəm, Səmayəyəm, Səltənət, bacı qurban sənə. Belə köhnə fikirli olma. Uşaqdılar. Əl-ələ tutub gedəcəklər, gəzməyə, İydəliyə, Arazın sahilinə, təmiz hava udacaqlar, Arazda çiməcəklər, sonra da əl-ələ tutub qayıdacaqlar evə. Burda nə var ki. Noolacaq ki?

- A səni Allah öldürsün! Necə yəni burda nə var ki. İydəlik, Arazın qırağı - Səmayənin ağzını əydi - gözdən-könüldən uzaq yer... Bilmirsən noolar?

Səmayənin gülüşü telefondan şəlalə kimi axdı. Səsindən hiss olunurdu ki, dünyanın ən qayğısız xanımlarından biridir. Səltənət demişkən, əsl Allah bəxtəvəridir.

Amma nə dəxli var. Məgər namus-qeyrət, ar-ismət pulla ölçülür, yat-yut olur. İş-işdən keçəndən sonra nə pul, nə var-dövlət?..

Səltənətin qəti qənaəti belə idi. Belə eşitmişdi, belə görmüşdü, belə yaşamışdı.

Telefonun o başında Səmayə uğunub gedirdi. Telefonun bu başında Səltənət uçunub gedirdi. Bacısının dediklərini qəti qəbul etməyən, həm də mahala sığmayan arxayınçılığından hiddətlənən Səltənətin əlindən telefon düşdü, başı sol döşü üstündə əyildi, ağzı köpükləndi. Qızlar qonaq otağında yalandan sil-süpür edirdilər. Qorxularından Səltənətin gözünə görünmək istəmirdilər. Gözləyirdilər ki, özü çağırsın, ya da içəri qırıb nəsə tapşırsın.

Qəribə səssizlikdən, güclə sezilən xırıltıdan, telefonun daranqadan yerə düşməsindən xoşa gəlməz hadisə baş verdiyini duyan Səmayə əl qatmışdı özünə.

- Ay bacı, qurbanın olum, nooldu sənə? Səsin niyə gəlmir, Ay Səltənət, ay bacı...

...Səltənət üçüncü dəfə bayılmışdı...

 

Ədalət  2017.- 9 dekabr.- S.12.