Dağlar oğlu

 

Cavanşir Qurbanov - bu ad mənim üçün doğma və əzizdir. Çünki bizim dostluqdan başqa qohumluq əlaqəmiz də var. Cavanşir müəllim haqqında nə qədər danışsaq, nə qədər yazsaq, bu, bir kitaba sığmaz. Bu insanın işindəki uğurlarından öncə insanı keyfiyyətlərini qələmə almağı özümə böyük şərəf hesab edirəm. Cavanşir müəllimin ömür yoluna nəzər salsaq görərik ki, istər Azərbaycanda, istərsə də ölkəmizin hüdudlarından kənarda özünü peşəkarcasına tanıtmış, olduqca məsuliyyətli, yüksək intellektual səviyyəyə malik olan bir şəxs kimi püxtələşmişdir. Onunula hər hansı bir müzakirəni aparmaq mən deyərdim ki, çətinlik yaratmır. İllərdən bəri qazandığı uğurlar göz qabağındadır və zirvədə hər zaman durmaqda israrlıdır. Dövlətin və xalqın dərin etimadını qazanmaq, eyni zamanda da saxlamaq hər bir kəsə nəsib olmur. Cavanşir müəllim halal zəhməti və dərin zəkası ilə bu səviyyəyə yüksəlmişdir. İdmanın inkişafında, təbliğində möhrünü vurmuş bir qocaman idman xadimi kimi həm də, respublikamızda mühüm bir sahə olan Azərbaycan Güləş Fedarasiyasında vitse-prezidenti, SSRİ-nin idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadımi"dir. O, idman xadimi olmaqla yanaşı, həm də peşəkar kadrdır. O, Azərbaycan Güləş idman növündə öz sözünü deyən idmançılardan biridir.

Cavanşir Kazım oğlu Qurbanov 6 dekabr 1947-ci ildə Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub. 1972-ci ildə indiki İqtisadiyyat Universitetini, 1977-ci ildə isə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1972-1992-ci illərdə Bakı şəhəri Xalq maarif şöbəsinin Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində işləyib.1994-cü ildən Azərbaycan Güləş Fedarasiyasının vitse-prezidenti, 1996-2006-cı illərdə I vitse-prezidenti, hazırda isə Fedarasiyanın vitse-prezidentidir. İdman və bədən tərbiyəsinə aid bir çox elmi-nəzəri-metodik vəsaitlərin müəllifidir. Elm və Təhsil Mərkəzi olan "Təfəkkür" universitetinin bədən tərbiyəsi və idman kafedrasının müdiri, professordur. Əlbəttə, istər sənətkar olsun, istərsə də idman sahəsində yeniyetmələrlə çalışmaq, onlara dəstək olmaq çətin və zəhmət tələb edən işdir. Keçən il Abşeron rayonun Qobu qəsəbəsində "Cavanşir" idman klubu (yunan-roma güləşi ) açıldı. Bu idman klubunun açılmasında məqsəd gəncləri idmana cəlb etmək, gələcəkdə onların idmançı kimi yetişdirməkdən ibarətdir. Onun bu qayğısı Azərbaycan idmanına göstərilən diqqət və qayğısının məhz təzahürüdür. Onun yetirmələrinin arasında qizil, gümüş medallarla Azərbaycana geri dönən idmançilarımız az deyil. Onların arasında dünya, Avropa, olimpiya çempiyonları vardır. O. həmişə idmançıların, gənclərin arxasında duraraq onlara dəstək olur. Cavanşir müəllim həm də "Cabir Novruz" Mədəniyyət Fondunun prezidentidir. Onun rəhbərliyi və təşkilatçılığı ilə xeyli işlər görülmüş, əhəmiyyətli tədbirlər keçirilmişdir. Keçən il "Cabir Novruz" Mədəniyyət Fondunun təşkilatçılığı ilə mərhum vokal ifaçımız, müğənni Hüseynağa Hadıyevin 70 illik yubileyi qeyd olunmuşdur. Cavanşir müəllimlə dəfələrlə səfərlərdə həmçinin, xeyirdə- şərdə olmuşam. Onunla hər görüş, hər səfər ayrıca bir tarixdir. O, yer-yurd təəssübü çəkməyi bacarır. Bir gün yenə zəng etdi, hal-əhvaldan sonra Xızıya getməyə hazırlaşdığını, məni də özü ilə aparmaq istədiyini bildirdi. Xızıda bizi səmimi, mehriban qarşıladılar. Cavanşir müəllimi hamı yaxşı tanıdığından onu yuxarı başa dəvət etdilər. Kəndin sakinləri, ziyalıları Cavanşir müəllimin görüşünə gəlirdilər. Biz o günün ləzzətini birgə daddıq. Bütün idman ictimaiyyəti, Cavanşir müəllimi yaxından tanıyanlar bilirlər ki, onun ürəyi, vətənə olan sevgisi, xalqına olan dərin məhəbbəti sonsuzdur.

Cənab prezidentin sərəncamı ilə Azərbaycanda idman sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Kazım oğlu Qurbanov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Hörmətli Cavanşir müəllim!

Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, həyatda ən şirin nemət olan can sağlığı, çətin, məsulliyyətli, eyni zamanda şərəfli işinizdə Azərbaycan gəncliyinin mətin, mübarizsağlam böyüməsi, yeni nəslin yetişdirilməsində, idmanın inkişafı sayəsində gördüyünüz işlərdə yeni-yeni uğurlar, yorulmaz fəaliyyətinizdə gənclik həvəsi, gənclik enerjisi, şəxsi həyatınızda xoşbəxtlik və ailə səadəti arzulayıram.

 

Elşad Dağlı

 

Ədalət  2017.- 9 dekabr.- S.5.