"Söz mənim üçün Tanrıdır"
Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir.Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir məna gətirir.“Söz adamı” layihəsinin növbəti qonağı jurnalist Ağa Cəfərlidir.
- Son zamanlar mətbuatda ədəbi normaların, dil və üslüb
qaydalarının pozulmasına, jarqon ifadələrin
istifadəsinə tez-tez rast
gəlinir. Belə halların qarşısını almaq üçün mətbuat
və medianın üzərinə hansı vəzifələr
düşür?
- Çox ciddi məsələyə toxunursunuz, bu mövzuda saatlarla danışmaq olar və mənə elə gəlir ki, danışmaq da lazımdır. Bu mövzuda təşkil edilən müzakirələri əhəmiyyətli hesab etmək olar və sevindirici haldır ki, bir müddət əvvəl prezident İlham Əliyevin tapşırığı ilə «Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu» mövzusunda konfrans keçirildi. Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla həmin tədbirdə çox mühüm bir təklif səsləndirdi, bildirdi ki, dilçi alimlərin potensialından istifadə etməklə, jurnalistlər, aparıcılar üçün aylıq seminarlar təşkil olunmasının tərəfdarıdır. Həmin tədbirdə xüsusi qeyd olundu ki, media təmsilçilərinin peşə hazırlığının yüksəldilməsi, nitq mədəniyyətinin formalaşdırılmasına böyük ehtiyac var. Mənə elə gəlir ki, o tədbirlərdə səslənən təkliflərin həyata keçirilməsi üçün konkret addımlar atmaq lazımdır. Belə olsa, “Əvvəlki əri ilə olan intim həyatını indiki həyat yoldaşına anladan kişini qadın deşik-deşik etdi” kimi başlıqlara, cümlələrə də rast gəlmərik.
- Ədəbi mühiti formalaşdıran amillər
hansılardı və ədəbi mühit
necə formalaşır?
- Yaman qəliz suallar verirsən... Düzü bilmirəm ədəbi mühiti formalaşdıran amillər hansılardır və ədəbi mühit necə formalaşır. Ancaq onu bilirəm ki, bu gün həm də texnikanın çox yüksək səviyyədə inkişaf etməsinin nəticəsi olaraq ədəbiyata maraq azdır. Yaxşı əsərlər yazılır, ancaq o əsərlərə diqqət yetirən, dəyər verən demək olar ki, yoxdur. Vəziyyətin bu həddə olması müəlliflərdə çox ciddi ruh düşkünlüyü yaradır, bu isə son nəticədə yaradıcılığa öz mənfi təsirini göstərir. Diqqətsizliklə üzləşən, dəyəri verilməyən müəllif ümidini araq şüşəsinə bağlayır. Bir az içir, ürəyi açılır, hirsini-hikkəsini araq yoldaşlarından çıxır... Sonra da söyüşün biri bir qəpik, dava-dalaş, yumruqlaşma. Bu da oldu sənə ədəbi mühit, onu formalaşdıran amillər...
- Folkner ədəbiyyatı
göy qurşağına bənzədirdi.
Bu göy
qurşağında qara rəng daha çox diqqəti cəlb
edir. Bir söz adamının,
yazıçının yaradıcılığı onun həyatı ilə bir
çox hallarda vəhdət
təşkil edir. Buna
münasibətiniz necədir?
- Hamı bilir ki, Dostoyevski qumarbaz idi və bəzi əsərlərini məhz qumar borcunu ödəmək üçün yazmışdı.
Folkner içkiyə aludə idi, bundan əziyyət çəkirdi.
Knut Hamsun böyük yazıçı, eyni zamanda Almaniya və İtaliyada faşistlərin hakimiyyətə gəlməsini açıq şəkildə təqdir edən azsaylı Avropa intellektuallarından biri idi. Onun fikrincə, Norveçin yeganə õilas yolu Hitlerlə müttəfiqlikdən keçirdi.
Və yaxud “Ceyran” kimi gözəl şeirin müəllifi olan Səməd Vurğun ceyran ovundan çox böyük zövq alırdı. Səhv etmirsəmsə, ceyran kababını çox sevirmiş.
Söz adamının, yazıçının yaradıcılığı onun həyatı ilə bir çox hallarda vəhdət təşkil edə də bilər, bilməyə də. Biz ədəbiyyata qiyməti bu vəhdətə görə vermirik, bu məqamda bizim üçün önəmli olan əlahəzrət mətndir.
- Fixte alman fəlsəfəsində maraqlı imza idi, amma o qədər də tanınmırdı. Bizim ədəbi mühitdə də maraqlı imzalar var... Bəs onların tanınmamaqlarının səbəbi nədir?
- Sağlığında Amårikada o
qədər də başa
düşülməyən, Folknår əsl
ədəbi şöhrətə ölümündən sonra qovuşmuşdu. Folkner Nobel alanda
amerikalılar təəccüblənmişdi: kim
axı bizim tanımadığımız
bu adam, ona niyə belə yüksək mükafat veriblər?
Başqa bir misal deyim: son illərdə qədər isveçli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, şərə qarşı mübarizədə fövqəlqüvvə axtarışlarına görə Laqerkvisti Frans Kafka və Alber Kamyu kimi sənətkarlarla müqayisə edirlən Per Lagerkvisti son illərə qədər Azərbaycanda bir o qədər də tanımırdılar. Elə indi də onu tanıyanların sayı çox deyil, amma əvvəlki illərlə müqayisədə artım var. Demək istədiyim odur ki, tanınmamaq keyfiyyət göstərisi deyil. Keyfiyyət göstərisi mətndir, mətn.
Bayaq dedim, Azərbaycanda mətnin qiymətləndirilməsi, dəyərləndirilməsi isqiqamətində ciddi problemlər mövcuddur. Müəlliflərin tanınmamağının əsas səbəbi məncə bu problemlərdir.
- İstedad
və zəhmət. Bu iki
anlayış bir-birilə nə dərəcədə əlaqəlidir?
- Zəhmət
olmasa istedad bada gedəcək. Bizdə çox istedadlı gənclər var, amma zəhmət çəkmək istəmədiklərinə,
tənbəl olduqlarına,
oxumadıqlarına görə
inkişaf edə, ortaya normal mətn qoya bilmirlər. Çaykovski
deyir ki, uğur doxsan doqquz faiz zəhmət,
bir faiz istedaddır.
- Müasir
ədəbiyyatımızda oxucular üçün vacib bildiyiniz imzalar....
- Mən
istərdim ki, hər bir gənc
mütləq Kamal Abdullanın “Yarımçıq
əlyazma” romanını
oxusun. Azərbaycanın ilk postmodern əsəri olan “Yarımçıq əlyazma”da bizə doğru yol göstərilir. Hadisələrə,
indiyədək doğru
bildiklərimizə fərqli
yanaşma... Bütü
dağıtmaq... Dünya ədəbiyyatdakı
tendesiyaları yüksək
sənətkarlıqla Azərbaycana
gətirmək. Kamal Abdulla yüksək
sənətkarlıqla hər
birimizə doğru istiqamət verir, yol göstərir. Gənclər indiyə qədər
Kamal Abdulladan çox şey öyrəniblər və
bundan sonra da öyrənməlidir.
Bundan başqa
Kamal Abdullanın “Unutmağa kimsə yox” və “Sehrbazlar
dərəsi” əsərləri
də estetik şedevrlər hesab edilir. Zövqünə inandığınız istənilən adamdan bu əsərlər barəsində soruşsanız
inanın ki, eyni cavabı alacaqsınız.
Mən istərdim,
bizim gənclər Nəriman Əbdülrəhmanlının
“Qurban” romanını
oxusunlar. “Qurban”
20 illik zəhmətin
nəticəsində yazılmış
çox gözəl sənədli romandır və ən azı müəllifin əziyyətinə hörmət
naminə bu əsəri oxumaq lazımdır.
- Dünya ədəbiyyatından
kimləri oxuyursunuz?
- Mütaliə
daim prosesdir, dayansan geri qalacaqsan,
uduzacaqsan. Ona görə də
dayanmamağa, daim oxumağa çalışıram.
Bu günlərdə Culian Barnsın “Aqibət duyğusu” əsərini oxudum. Gözəl tərcüməyə görə
Seyfəddin Hüseynliyə
böyük bir sağ ol düşür.
Əsəri çox bəyəndim
və Barnsın başqa əsərləri
ilə maraqlandım.
Barnısın “10 1/2 bölümdə
Dünya Tarixi”, “Floberin tutuquşusu” kimi əla əsərləri
də var. “Floberin tutuquşusu” romanında müəllif bir yerdə Floberin həyatı ilə bağlı iki bioqrafik xronologiya təklif edir. Birinci xronologiya əksər kitablarda gördüyümüz
rəsmi tarixçədir,
ikinci isə Floberin gündəlikləri
əsasında tərtib
edilmiş yeni xronologiyadır. Barns bu
iki xronologiyanı yan-yana qoymaqla tarixdə yer alan hər
bir detalın ən azı ikibaşlı olduğunu göstərmək istəyir
“10 1/2 bölümdə Dünya Tarixi” romanın strukturu ənənəvi, vərdiş
etdiyimiz tarix kitablarına bənzəyir,
hər fəsil ayrı bir tarixi
dönəmə və
hadisəyə həsr
olunub, süjetlərin
arasında zahirən heç bir bağ yoxdur. Yeganə bağ
odur ki, bu əhvalatlar ənənəvi tarixə
parodiyadır və müəllif onun özünəməxsus şərhini
təklif edir. Roman hamıya yaxşı
bəlli olan Nuh əhvalatının taxtabitinin dilindən nəql edilməsi ilə başlayır.
Taxtabiti öz yoldaşları ilə birgə Nuhun gəmisinə gizlicə girib, hər şeyi izləyib və danışdığı əhvalatdan
məlum olur ki, hadisə heç də bizim bildiyimiz kimi cərəyan etməyib. Məsələlərə
bu cür yanaşma məni daha çox cəlb edir və yəqin “Yarımçıq əlyazma”nı da çox sevməyim bu baxımdan təsadüfü deyil.
- Ədəbi
mükafatlara münasibətiniz...
- Obyektivlik
qorunursa, ədəbi mükafatların verilməsinə
normal yanaşmaq olar. Ən azından ədəbiyyat adamlarını stimullaşdırmaq
baxımdan belə mükafatların verilməsi
əhəmiyyətli hesab
edilə bilər.
Ancaq təəssüf ki, Azərbaycanda ədəbi
mükafatların verilməsində
əksər hallarda obyektivliyə əməl edilmir. Bu isə
öz növbəsində
inamsızlıq və
başqa ciddi problemlər yaradır.
- Mütaliə
vərdişinin formalaşması
üçün zəruri
olan amillər...
- Oxumaq, oxumaq, oxumaq. Sadədən mürəkkəbə doğru. Həm də mümkün
qədər sistemli.
- Son olaraq
“Söz” haqqında sözünüz...
- Söz
müqəddəsdir, sənin
müsahibənin əvvəlində
dediyin kimi Söz İlahi işarədir. İncildə
deyilir: "Başlangıçta
Söz vardı. Söz Tanrı’yla birlikteydi ve Söz Tanrı’ydı.
Başlangıçta O, Tanrı’yla birlikteydi.
Her şey O’nun
aracılığıyla var
oldu, var olan hiçbir şey O’nsuz olmadı". Söz mənim
üçün Tanrıdır.
Sözə xəyanət Tanrıya
xəyanətdir. Xəyanət
etməyin...
Tural CƏFƏRLİ
Ədalət 2017.- 12 dekabr. - S.6.