İNANDIM QAYIDACAĞINA
Bu inam
yaşadır məni
Adətən şeir kitablarını vərəqləyəndə
özümdən asılı olmadan öncə düz sonuncu
səhifəyə qədər çıxıb gedirəm. Və sonra
başlayıram sondan üzü birinci səhifəyə qədər
gəlməyə. Bilmirəm bu nə
xasiyyətdi, amma yalan olmasın 50 ildir ki, belə edirəm.
Və maraqlı da burasıdır ki, kitabı
arxadan üzü geri oxumağa başladıqca içimdə
bir qəribə ab-hava yaranır. Sanki
sondan, son nöqtədən, son məkandan, son sözdən,
bütövlükdə dayanacaqdan özümə tərəf
gəlməyə başlayıram. Bu
günümü, dünənimi, ondan öncəki günlərimi
xatırlayıram. Hər xatirə də
bir yarpaq olmaqla yanaşı, həm də ömrün bir
parçasıdır. Və mən də
bir parça o ömrə elə sığınıram ki,
illərin həsrətlisi kimi, övlad anasına
sığınan kimi. Və...
Bəli, əlimdəki bu kitabı da vərəqləyirəm
sondan üzü bu günümüzə tərəf. Və qəribədir
ki, kitabın son misrası mənim neçə gündür
ki, başımı xarab edən sözün eynidir. Tam səmimi
deyirəm, az qala bir həftədir ki,
dünyanın arsızlığı məni hövsələdən
çıxarıb. Bilmirəm təsadüfdü,
yoxsa elə belə də olmalıydı, mənim əlimdəki
kitabda son səhifədə oxuduğum sonuncu misra bax, belədi.
Olduğu kimi yazıram:
Sevginin,
yaddaşın, dərdin
itdiyi,
taleyin
küsdürüldüyü
yerdə
sağalmaz xəstəlik,
laqeydlik,
arsızlıq durur.
Necə dəqiq deyilib. Həqiqətən sevginin qənimi
arsızlıq... yaddaşın baltasıdı arsızlıq...
dərdin pərdəsidi arsızlıq... Biri
öldürür, biri parçalayır, biri də
büküb gizləyir. Və bunların
üçü də adamı manqurtluğa aparır,
adamı özündən uzaqlaşdırır. Çünki arsızlıq insanı hər havaya
oynadır, sümüyünə düşsə də,
düşməsə də. Özü də
bu şeirdə vurğulandığı kimi, "Yanıq Kərimi"yə
oynayanın əqlinə, həyata baxışına və nəhayət,
sevgiyə, sədaqətə, ülfətə, ünsiyyətə
münasibəti də elə arsız olur. Ona görə
də kitabın müəllifi yazır ki:
Şadlıq
evlərinin adı
guya
ovqat dəyişir...
Laçın,
Şuşa, Göyçə
küsür,
itirilən yurd adı
əyləncə yerinə dönür,
pul
yağışında kiçilən
sərhəd keçilməz görünmür...
Torpağın
naləsi eşidilməsin deyə,
şadlıq evləri
səs-səsə verir.
Gördünüzmü, necə gerçək bir təsvir,
necə dəqiq bir təqdimatdı. O təsvirlə bu təqdimat
üst-üstə düşdüyündən damarında
azacıq millət qanı, torpaq yanğısı olan dərhal
dilinin ucuna bu sözü gətirir:
-
ÇOX DƏQİQ İFADƏ OLUNUB!..
Bəli, biz dərdimizə oynadıqca təkcə
oynağan olmuruq, həm də laqeydləşirik. Və o
laqeydlik də bizi yavaş-yavaş özümüzdən
qoparır, özümüzdən uzaqlaşdırır.
Necə deyərlər, bütün mənalarda
arsızlaşdırır... Əsirlikdə olan
qızlarımızı, gəlinlərimizi,
bacılarımızı və bir də adını hələ
ki, unutmadığımız Göyçəni,
Qarabağı arxa plana keçirir. Axı
biz oynamağa daha çox meyl göstəririk.
Özü də bu oynadığımız havaların
içərisində "Yanıq Kərəm" və
"Göyçə gülü" də var. El
oynadığımıza görə də bu kitabın müəllifi
yazır:
Belə
oxuma, sən Allah,
Dağ çəkmə közərən dağa.
Əl-ələ
tut, gedək qardaş,
Dağa sadağa olmağa.
Bax, elə o arsızlığın bəndi-bərəsi,
xəncəri, onun dizini yerə gətirəni bizim
özümüzü dağa, daşa, torpağa sadağa etməyi
bacarmağımızdı. Əgər bunu edə
bilsək, o dağ, o daş, o torpaq mütləq xilas
olacaqdı. Edə bilməyənlərimiz
də heç olmasa həmin duyğunu içində
yaşatsa, getmək istəyənlərə, özünü
sadağa edənlərə qol-qanad verər, dayaq olar. Onda görərik ki, işğal olunmuş ərazilərimizə,
dağlarımıza yağan qar təkcə təbiətin
hadisəsi deyil, o həm də bizim həsrətimizin
damlalarıdı, gözümüzdən yağış
kimi, dağ kimi ələnir. Və biz də
o yağan yağışla, o ələnən qarla hopuruq
dağlarımıza, yaralı torpaqlarımıza, məlhəm
olmağa çalışırıq. Və
öz-özümüzə pıçıldayırıq ki:
Ümidim
ürəyİn son teli, Allah,
Qorxuram üzülə, gedib çatmayam.
Qarabağ
bağrımın qara səbridi,
Qar yağır, don vursa, səbrim çatlayar.
Səninçün
qaradam, qartopudu qış,
Mənim həsrətimə qarlar yağacaq.
Şuşanın,
Laçının ümidi donub,
Qələbə yazında yarpaqlayacaq.
Bax, bu
ümiddi... bax, bu çağırışdı... Bax, bu
qol-qanad verməkdi... Bax, bu ürəyə təpər əkməkdi....
Bax, bu həm də Şuşanın,
Laçının donan ümidinin buzunun əriməsi,
tumurcuğunun çırtlaması, həyatının
dönüşüdü. Lap dəqiq desəm,
"qələbə yazında yarpaqlayacaq" fikri elə qələbənin
özü qədər səmimi, inandırıcı, həyati
və həm də görünəndi. Elə
bilməyin ki, mən sözləri nəyinsə xatirinə
bir-birinin ardınca düzürəm.
Xeyr, mən sadəcə, 1991-ci ilin oktyabrın 30-dan əlim
çatmayan kəndimin, bulağımın, həyət-bacamın,
bir sözlə, Tuğun içimdə olan üstünü həsrət
külü almış bütövlüyünün həyata
qayıdışı kimi görürəm o
çağırışı.
Ona görə də hansı sərhəd olur-olsun, onun
keçiləcəyinə həm inamım, həm də
güvənim artıb. Axı, biz zaman-zaman özümüzə
müəyyən sərhədlər çəkmişik.
Həm əxlaqımıza, həm düşüncəmizə,
həm evimizin ətrafına...
Bu gün isə bütün sərhədləri, yolumuzu
gözləyən işğal sərhədinin o biri
üzünə doğru sapanda qoyub özümüzlə
birlikdə atmalıyıq. Gedib həmin o cəbhə
sərhədini dağıtmaq üçün. Yoxsa:
Axça-axça
evləri uçulan,
uca-uca
dağları yıxılan,
yurdu
yağmalanan,
Qarabağın
qara dərdli
adamları bu evlərdə
dərdlərindən, ümidlərindən
asılıblar.
Kədərlərindən
başqa
hər
şeylərini itiriblər.
Kədərindən başqa hər şeylərini itirənlərin
biri də mənəm.
Və
özümə az qala bürüncə
etdiyim o kədərlə nə qədər yaşamalıyam?
Nə qədər dözüb durmalıyam?
Nə qədər oğul-uşaq gözünə
baxıb nəvə saçları sığallamalıyam?
Elə bilməyin ki, bunlar ritorik suallardı, boy
sırasına durublar. Yox, bunlar cavabını hər an tələb edən, hər an gözləyən
həyat qədər zəruri olan cavabların
qarşımızı kəsdiyi nöqtədi. Bunu şeirin
müəllifi də bilir və ona görə də birmənalı
şəkildə vurğulayır ki:
Bu
qaçqın yataqxanasının
odaları dərd ocağıdır.
Yaşantıları
ayrı,
taleləri eyni.
Ucalan dualar
eyni,
qayıtsın Qarabağ,
qayıtsın yurd yeri.
Tanrı
da bezib,
eşitmək istəmir.
Hamı
yalnız dua edir,
Qarabağ
da
elə
küsüb, elə küsüb,
duanı
da eşitmir...
Budu
gerçək... Bunu demək lazımdı, bunu
etiraf etmək lazımdı. Yoxsa... Yoxsadan öncə
deyim ki, hər ad günündə, hər toyda, hər bayramda
bir duamız var, özü də hamımızın:
-
İNŞALLAH GƏLƏN BAYRAMIMIZI QARABAĞDA
KEÇİRƏK!
- ALLAH
QOYSA, NÖVBƏTİ AD GÜNÜNÜ ŞUŞADA QEYD
EDƏK!
- ALLAHA
ÜZ TUTUB DUA EDİRİK Kİ, BUGÜNKÜ
SƏBƏBKARLARIN ÖVLADLARININ KİÇİK TOYUNU
AĞDAMDA, FÜZULİDƏ, XOCAVƏNDDƏ,
GÖYÇƏDƏ ÇALDIRAQ!
- ALLAHA
DUA EDİRİK Kİ...
Bəli, biz dualar edirik və özümü də
bilirik ki, artıq dualarımız Allahı da bezdirib,
Allahı da yorub. 1988-ci ildən bu günə qədər
üzü göyə baxan, ayağı yer tutan, dili sözə
çevrilən hər kəs dua edir. Şükür
ki, o duaların ən gerçəyini bu kitabın müəllifi
birmənalı şəkildə vurğuladı ki:
Qarabağ
da
elə
küsüb, elə küsüb,
duanı
da eşitmir...
Mən heç kimə ağıl vermək, nəsihət
etmək fikrində deyiləm. Amma yenə səmimi
şəkildə vurğulayıram ki, "duayla donuz
darıdan çıxmayıb". Donuzu
vurub darıdan çıxaran kötək və o kötəyə
güc sərf edəcək qolların zamanıdı. Özü də o zaman hər gün bizdən bir iynə
boyu uzaqlaşır. Çünki yazımın əvvəlində
vurğuladığım arsızlıq xəstəliyə
çevrilib...
Bundan
qurtulmaq üçün özümüzə
qayıdışı, özümüzə dərki kökləməliyik
və bilməliyik ki:
Oxşadım
sözlə, ağıyla -
Dincələ torpaq yarası.
İniltisi ürək deşir,
Yanır torpağın harası?
Bu da bir gerçək, bu da bir həqiqət. Və bu yerdə özüm də hiss etmədən növbəti səhifəyə keçəndə görürəm ki, yenə dualardan qopub ayrıla bilməmişik. İçimizdə Tanrıya bir təmənna, bir rica, bir yalvarış və bunların topasının cəmində isə bir dua var.
Tanrı, möhlət ver mənə,
ömür ver mənə,
gedim
evimi görüm,
gedim
evimdə
ölüm.
Mən əlimdə sondan üzü bu günümə
tərəf, yəni birinci səhifəsinə doğru vərəqlədiyim
"Dünya Tanrı biçimdədi" kitabının bu
yerində dayanıram, nəfəs dərirəm. Ona görə
ki, indiyə qədər oxuyub yükləndiyim fikirlər,
duyğular məni artıq elə bil hala salıb ki, sanki yolun
ortasında halsız bir vəziyyətdə,
çıxılmaz bir durumda donub qalmışam. Və
bu məqamımda mənim içimdən ancaq bir istək
keçə bilər: O DA EVİMƏ GEDƏ
BİLMƏKDİ...
... Barəsində
bəhs etdiyim kitabın müəllifi Sona xanım Vəliyeva,
kitabı isə biz oxuculara təqdim edən "Vektor" nəşrlər
evidi... Mən həm müəllifə, həm
də kitabı biz oxucuların önünə
çıxaran hər kəsə təşəkkür edirəm.
Məni dünənimə aparan, dünənimdən
bu günümə gətirən isti, həm də xəncər
kimi kəsib keçən fikirlərə, misralara görə.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2017.-9 dekabr.-S.9.