“Unudulan adam”?!
Yox! Səhnənin, ekranın mavi gözlü, gözəl, istedadlı bu fədaisini, əməkdar artist, Prezident mükafatçısı Nübar Novruzovanı heç kim unutmayıb. Sadəcə olaraq illər boyu yaddaşımdan silinməyən səhnə və ekran tamaşasında oynadığı bir rolu xatırladım. İnsan varlığını titrədən, heyrətə salan, az qala hər kəsi böyük bir faciənin iştirakçısına çevirən obrazı. Bəzən mənə elə gəlir ki, Nübar xanım illər öncəsində yaratdığı bu obrazda öz həyatının da bəzi məqamlarını bizlərə “danışıb”. Təsadüfmü, bilmirəm. Amma insanı düşünməyə məcbur edən bir hadisə olduğunu da danmaq mümkün deyil. Böyük Nazim Hikmətin “Unudulan adam”ı, Nübar Novruzovanı bir daha yaddaşlara həkk eləyib.
Nübar xanımdan ilk dəfə, illər öncəsində çalışdığım “Azərbaycan gəncləri” qəzetində yazmışam. Aramızda uzaqdan-uzağa bir dostluq yaranıb. Görüşməsək də, üz-üzə gəlməsək də onun yaradıcılığını imkanım dairəsində izləmişəm. Eşidəndə ki, hörmətli aktyorumuz, Xalq Artisti Tariyel Qasımov hamının az qala əzbər bildiyi “Sən həmişə mənimləsən” pyesini tamaşaya hazırlayır, düzü təəccübləndim. Nargilə obrazını Nübar Novruzovaya etibar etdiyini öyrənəndə isə əməlli-başlı heyrətləndim. İlyas Əfəndiyevin bu əsərindəki Nargiləni teatrda Xalq Artisti Amaliya Pənahova kimi bir istedad, teletamaşada isə Məlahət Abbasovanın yaratdığını hamı bilir. Bütün bunlardan sonra Nübar Novruzova nə ilə fərqlənəcəkdi? Onun emosional, inandırıcı, daxili fenomenizminə güvənərək, istənilən obrazın öhdəsindən gələ biləcəyi məlumdur. Amma dəfələrlə sınmamış, qəbul edilmiş, “möhürlənmiş” Nargilə... Həm də bu yaşda… 17 yaşlı bir gənc qız obrazı yaratmaq…
Təbii ki, Amaliya xanım da, Məlahət xanım da Nargilə obrazını özlərinə məxsus bacarıqla, məharətlə yaradıblar. Nübar Novruzova da məhz bunu bildiyindən tamamilə başqa, gözlənilməz bir nöqtədən Nargilə “oldu”. Əvvəlki Nargilələr sevməyə, sevilməyə, məhəbbət macərasına hazır olan gənc qızdır. Yəni onlar böyük eşq, sevgi yarada biləcəklərini sanki əvvəlcədən bilirdilər. Düşdükləri məhəbbət aləmi, sevgi dünyası onlara tanışdır. Burada arxayın “gəzib-dolanırdılar”.
Nübarın Nargiləsi isə bu aləmdən uzaqdır. O, sevgi, məhəbbət yaşamağa hazır deyil. 17 yaşlı sadəlövh, tərtəmiz bu qız ülvi məhəbbəti yox, məhəbbət onu yaradır. Hərəkətli, şıltaq bu yeniyetməni… məhəbbət, gözləmədiyi anda onu ilıq ağuşuna alar. Nargilə - Nübar tanımadığı, şirin, göylərə qədər ucalan bir aləmə düşür. Nə yol bilir, nə iz. Sadəcə olaraq sevir. Özünü fəda etməyi bacarır. Ülvi məhəbbətin qoynunda uyumaq və heç oyanmaq istəməyən bir varlığa çevrilir. Və bu sevgi, bu ilk məhəbbət, Nargiləni - təcrübəsiz, hazırlıqsız sadəlövh, tərtəmiz, nabələd yolçusunu… yolda qoyur.
İstedadlı aktrisa səhnədə, televiziya ekranında, kinoda unudulmaz obrazlar yaradıb. Onun populyarlığı, tamaşaçılar tərəfindən sevilməsi hətta Nübar xanıma həsr olunmuş “Məhəbbət yaşadır” pyesinin ərsəyə gəlməsinə səbəb olub. Hörmətli qələm sahibi Nahid Hacıyevin bu əsəri Akademik Milli Dram, Şəki, İrəvan teatrlarında tamaşaya hazırlanıb. O, çox çalışsa da bu rolu oynaya bilməyib. Maneələrlə qarşılaşıb. Başqalarına həsədlə baxmaqdan savayı əlindən bir şey gəlməyib.
…Və indi, uzun illərdən sonra onunla yenə söhbət edirik. İllər öz işini görüb. İndi qarşımda sadə, evdar qadını xatırladan bir xanım əyləşib. Ailə qayğılarından, çox sevdiyi qızı Fatimədən danışır. Və danışdıqca gözləri parlayır:
- Başqa sənəti seçdi. Mən də hörmətlə yanaşdım. Ağıllı, savadlı qızdır. Bir neçə dil bilir. Hazırda universitetdə oxuyur. Üçüncü kursdadır. Onu da deyim ki, təhsilini ingilis dilində alır.
Belə sakit, mülayim danışsa da, söhbətimizin bir yerində bu “evdar qadının” sinəsindən başqa bir Nübar vulkan kimi püskürür:
- Heç unutmaram. Rejissor Natiq Novruzovun “Xüsusi təyinatlı İbad” filminin çəkilişində Xocalı faciəsinin bütün ağrıları ilə yaşadım. Erməni faşistlərinin vəhşicəsinə güllələdikləri körpələrin, qız-gəlinin, qocaların fəryadını eşitdim, duydum və özüm də fəryad qopardım. Çəkiliş uzaq, dağlıq ərazilərdə gedirdi. Soyuq, şaxta, xaos, ayaqyalın, başıaçıq… yaşadım o faciəni. Mən keçirdikləri qorxunu, yaşamaq arzusunu, köməksiz, əlacsız… qaçışını, ağappaq qarı günahsız qanları ilə qızardan insanlardan biri oldum.
Bir qədər susur. Hiss olunur ki, həmin anları yenidən yaşayır. Əlləri titrəyir, dodaqları əsir. Bütün vücudunu bürüyən qəzəb, intiqam hissi səsinin tonunu da dəyişir:
- Hə! Mən bunları kino
çəkilişdə yaşadım. Amma bütün varlığıma
sirayət etdi. Bilirsiniz, nə
istəyirəm? Mən o günahsız
insanların, o körpə
balaların intiqamını
həyatda almalıyam.
O gün gələndə
məni heç kəs saxlaya bilməz. İstəsələr də, istəməsələr
də, mən də əsgər oğullarımızın yanında
olacam. Bu dediklərim yazı üçün deyil.
İllər boyu ürəyimi
sarımış bir qəzəbdir. Körpələri güllələyən o namussuzların
heç olmasa birinin gözlərinin içinə baxmaq istəyirəm. İnsanlıqdan, ləyaqətdən, kişilikdən,
mərdlikdən məhrum
olan gözlərinə.
Onlar vəhşidirlər. Amma qorxaq
vəhşidirlər. Bax, mən o anı, o məqamı - bir vəhşinin diz çöküb yalvarmasını,
əsl erməniliyini görmək istəyirəm.
Bir xeyli sonra az-çox sakitləşir. Yenə oynadığı rollardan danışırıq.
“Aydın”dakı Böyükxanım,
“Ağ ölüm”də
Ana, “Geriyə yol yoxdur”da Şəhla, “Həmyerlilər”də Zərifə,
“Ağ atlar üçün vals”da Qız, “Məzəli hadisə”də Jajina, “Xırs quldurbasan”da Zalxa, “Mən səni sevirəm”də
Ana, Şeksprin “Kleopatra”sında
Kleopatra, Yuli Qusmanın “Qorxma, mən səninləyəm”,
Şahmar Ələkbərovun
“Qəzəlxan” filmi,
P.Filipponun “İtalyansayağı
xoşbəxtlik”, Mar Bayciyevin
“Duel”ində Nazlı…
Bir məsələni
də qeyd etmək istəyirəm. Nübar
Novruzova Naxçıvandan
ilk ali təhsilli
aktrisadır. Əlbəttə, Naxçıvan teatrı Zəroş xanım və başqaları kimi aktrisaları ilə məşhurdur.
Amma onların ali təhsilləri
olmayıb. Bu yolu, bu izi
məhz Nübar xanım açıb.
Mühafizəkarlığı ilə də
fərqlənən Naxçıvanda
gənc, gözəl bir qızın belə bir addım
atması əlbəttə,
asan olmayıb. İlk qarşı çıxan
ailəsi olub. Amma Nübar yolundan dönməyib. İndi bu
yol çoxları üçün asan olub. Və nə yaxşı
ki, olub.
Və bir də… Nübar Novruzova
bu günə qədər səhnədə,
ekranda neçə-neçə
insan ömrü yaşayıb. Neçə-neçə
obraza can verib, nəfəs verib. Onları yaradıb, sevdirib. Düzdür,
bu sevgidən özünə də pay düşüb. Amma… mənə
elə gəlir ki, bu cəfakeş,
istedadlı xanım öz ömrünü doya-doya yaşamayıb.
Sənət üçün, xalq üçün bütün həyatını
qurban verib. Və…
Adam inanmaq istəmir
ki, o böyük səhnələr bu kiçik, artıq ucmaqda olan evdə
yaşayan insan tərəfindən işıqlanıb. Bəzən sənət
dostları da bir çox əsərlərin məşqlərini
məhz burada, iki-üç addımlıq
evdə məşq ediblər. Həsən
Turabov, Səməndər
Rzayev, Tariyel Qasımov, Gülşən
Qurbanova, Xuraman Hacıyevanın və başqa görkəmli sənətkarlarımızın səsi, nəfəsi hələ də bu evin ab-havasındadır.
İndi xatirələrlə
dolu bu kiçik
mənzil üç-dörd
addımlıqda tikilən
böyük, hündür
binaların “addımlarından”
çat verib, uçulur.
Həm də nə zaman?!
Nübar Novruzovanın yubileyi ərəfəsində…
Sənət aləmi çox
qəribədir. Növündən, istiqamətindən
asılı olmayaraq, onun
bütün
ağırlığını, çətinliyini fədakar insanlar öz çiyinlərində
daşıyıb, ucaldırlar. Daha sonra hazırına nazil olanlar gəlir
və orada at oynadırlar. Əzabkeş, zəhmətkeş, əsl
sənətkarlar isə
bəzən bax belə - kiçik, uçmaqda olan bir evdə, az qala unudulmaqda olurlar. Bu, yalnız həyatın
deyil, həm də sənətin amansızlığıdır. Onun əsl sahibləri bəzən yada düşmür. Diletantlar
isə…
Əlbəttə, çox mətləblərdən
yazmaq olardı. Zəngin yaradıcılıq
yolu keçmiş, dadlı-duzlu xatirələrlə
dolu ömür yaşamış istedadlı
aktrisadan bir məqalə yox, kitab da yazmaq
olar və lazımdır.
Mən Nübar
xanım Novruzova ilə bir də
görüşmək istərdim. Amma xatirələrlə
dolu olsa da, ucmağa tərk edilmiş bu kiçik evdə, daha doğrusu mənzildə yox. Ona layiq olan bir məkanda, ona layiq olan
bir adı təbrik etmək üçün.
Bilirəm ki, siz də belə düşünürsünüz!
“Unudulan adam”
məmurlar tərəfindən
unudulmamalıdır! Çünki
o, onlarla, bəlkə
daha çox insanları, obrazları unutmağa imkan verməyib…
Elə Azərbaycan tamaşaçıları
da istedadlı aktrisamız, sənət fədaimiz Nübar Novruzovanı heç vaxt unutmayıb və unutmayacaq!
Hidayət Elvüsal
Ədalət 2017.- 14 dekabr.- S.3.