PAK VƏ ÜLVİ DUYĞULARIN
TƏRƏNNÜMÇÜSÜ SÜSƏN
KƏRİMLİ
Bu yazını
Naxçıvanda yaşayan şair dostumuz Əbülfəz
Ülvi redaksiyamıza təqdim etdi.
Oxucularının
görüşünə "Bir ömürlük xatirə"
ilə gələn və ya şeirləri ilə
oxucularının qəlbində "Bir ömürlük
xatirə" yaşadan Süsən müəllimə öz
davranışı, yüksək etikası, mədəniyyəti,
nəcibliyi, elmi biliyi, təvazökarlığı ilə
kollektiv arasında insani keyfiyyətlərə malik olan bir
insandır. Süsən xanıma xas olan cəhətlərdən
biri də dəyanət və təmkinlikdir. Süsən xanım səbr, təmkin, xoş niyyət
mücəssiməsidir. Bu ülvi keyfiyyətlər
insanın özünü də ülviləşdirməklə
bərabər, əhatəsindəki insanları da
paklaşdırır. Fəlsəfədə
"alturizm" adlı bir cərəyan var: insan bəzən
ətrafındakılara o qədər hörmət, ehtiram
göstərir ki, az qala özünü
düşünmür. Süsən müəlliməni
də mən belələrindən tanıyıram.
İntizam, səliqəlilik, məsuliyyət, hamıya
nümunə ola biləcək etik normalara
riayət etmək Süsən müəllimənin həyat
etalonudur.
Qeyd etdiyimiz və edə bilmədiyimiz bu kimi gözəl
davranış və nümunələr Süsən
xanımın şeirlərində də öz əksini
tapır. Süsən müəllimə doğma yurda, el-obaya,
boya-başa çatdığı torpağa bağlı bir
insandır. Bu bağlılıq onun "Azərbaycanım
mənim", "Naxçıvan", "Yurdum",
"Batabat" və s. şeirlərində öz əksini
tapır. Şair şeirlərində
böyük bir xalqın adından danışır, həqiqəti
alqışlayır, ədalətsizliyi, yalanı, riyanı
ittiham edir.
Bir sözlə, şeirlərdə biz şairin - vətəndaşın
obrazını görürük. Süsən
xanımın şeirlərində, hər şeydən əvvəl
ürək döyünür. Süsən
Kərimli oxucusu ilə ürək dilində
danışır.
Bildiyimiz kimi, Ana yurdumuz Azərbaycan keşməkeşli
tarix yaşayıb. Doğulub boya-başa
çatdığın, suyunu içib nemətini
daddığın, acısı ilə kədərlənib
sevinci ilə qanadlanıb uçduğun, yaxşısı ilə
öyünüb pislərini özünə dərd etdiyin
yurd - Vətəndir. Bu vətənin böyük, şərəfli
bir adı var - Azərbaycan! Azərbaycan
çox işğallara məruz qalıb. Azərbaycanı
bu qədər işğallara məruz qoyan isə onun gözəlliyi,
ecazkar təbii sərvətləri olmuşdur. Azərbaycanın zəngin və əlverişli
iqlim şəraiti, bu ölkənin böyük sərvətlərə
malik olması səbəb olmuşdur. Ulu
Tanrı parlaq günəş şəfəqlərini bu
diyardan əsirgəməmişdir. Bu kimi bənzətmələr,
oxşamalar Süsən Kərimlinin "Azərbaycanım mənim"
şeirində daha əlvan boyalarla təsvir edilmişdir.
Müstəqildir, azaddır bu gün Azərbaycanım.
Daim
yüksəlişdədir, haqqım var ki, şadlanım,
Çox qurbanlar vermişik, bu yolda axıb qanlar.
Göylərə
yüksəlməli şöhrətim, şanım mənim,
Qoy var
olsun müstəqil Azərbaycanım mənim
Yaxud:
Bu
xalqın azadlığı həyatdan qiymətlidir,
Hər
oğul Koroğludur, qız Nigar qeyrətlidir,
Hər
çətinə dözəndi, xalqım mətanətlidir,
Birləşəcək,
bilirəm, Qoca Turanım mənim,
Qoy var olsun müstəqil Azərbaycanım mənim.
Yaxud da:
Özgələr
mənimsədi sərvətimi, varımı,
Yetmiş ildə aldılar əldən ixtiyarımı.
Yağılar
talan etdi gözəl Qarabağımı,
Geri
qayıtmalıdır cənnət məkanım mənim,
Qoy var olsun müstəqil Azərbaycanım mənim.
Süsən xanımın torpaqla, yurdla bağlı
yazdığı şeirlərini hər bir oxucu oxuyanda
şairin Vətən tarixini gözəl bildiyi də həmən
anlaşılır. Şərqin qapısı adlanan
"Naxçıvan" adlı şeiri bu dediklərimizdən
xəbər verir. Şair deyir ki,
Naxçıvanın ərazisinin hər bir qarışında
tarixin şərəf səlnaməsi, müqəddəs rəmzlər
əbədiləşib. "Qurani-Kərim"də
iki dəfə xatırlanan "Əshabi-kəhf" ziyarətgahı
- tarixilik, dini inancların zənginliyi baxımından müqəddəsləşmiş
yer bu torpaqda yerləşir. Şeirdə Memar Əcəminin
"Mömünə Xatun" kimi məqbərəsinin əzəməti,
mənzərə və məişət səhnələrini
əks etdirən rəsm, akvarel və boyakarlıq əsərləri
yaratmış Bəhruz Kəngərli, Tanrısı gözəllik
və sevgi olan Hüseyn Cavid, qaranlıq-lar içində zillət
çəkən xalqını "Molla Nəsrəddin"
adı ilə güldürən və gülə-gülə
də düşündürən Mirzə Cəlil,
füsunkar gözəllikləri ilə tanınan
"Qızlar bulağı", "Duz dağı" və
s. şeir dili ilə işıqlandırılır.
Ey nəqşi
- Cahanım Şərqin gözəli,
Hüsnünü bəzəyib qüdrətin əli.
Hüseyn
Cavidi, Mirzə Cəlili,
Bəxş elədin bu cahana Naxçıvan.
Memar
Əcəmi tək sənətkarın var,
"Mömünə Xatun"dur ondan yadigar.
Bəhruz
fırçasıyla əbədi yaşar,
Gözəlliyin
gəlir cana Naxçıvan.
Belə
bir müdrik fikir var: Danış deyim necə adamsan. Yaxud, oxuduğun kitabların adını de - deyim necə
adamsan. Süsən xanımı şəxsən
tanımayanlar onun şeirlərini oxumaqla onun necə həssas,
kövrək qəlbə malik olduğunu da ("Həsrətim",
"Anam", "Ata ocağım", "Anamın
hörükləri", "Bir dəli
hönkürtü", "Qınamıram mən",
"Qurban olum" və s.) həmən anlayarlar.
Yüksək insani keyfiyyət və münasibətlərə
malik olan Süsən xanımın şeirlərində sədaqət,
hicran, vüsal motivləri də öz əksini tapmaqdadır. "Bir
ömürlük xatirə" adlı şeirlər
kitabının bir qismində hicran əzabı, intizar
yükü, vəfasızlıq, bir qismində isə
inamın, ümidin üstünlüyü göstərilir.
Süsən xanım bəzən həyatının
sevinc dolu anılarından, bəzən isə həyatın
ona göstərdiyi ağır təsirindən şikayətlənir,
həmçinin, uğursuz yollardan çıxmaq
üçün imkanlar axtarır. Onu tapa bilməyəndə
isə bədbinləşir, küsür:
Dərdlərim
üst-üstə yığılıb qalıb,
Əllərim qoynuma sıxılıb qalıb.
Göz
yaşım içimdə boğulub qalıb,
Bir dəli
hönkürtü keçir könlümdən...
Bu həsrət
buzları əriyən deyil,
Bu dərd ölən deyil, çürüyən deyil.
Könlüm
heç ovunub kiriyən deyil,
Bir dəli
hönkürtü keçir könlümdən
Həyatın təsirli anları onu tez-tez incidir. Onun həssas qəlbi bu təsirlərə
tab gətirmir:
Dərdi,
qəmi pünhan çəkdim,
Vüsal umdum, hicran çəkdim.
Bu
dünyada zindan çəkdim,
Soran
olmadı, nədəndi?..
Demə
elə üzün gülür,
Çoxu məni qəmsiz bilir.
İçimdəki
Süsən ölür,
Görünən başqa Süsəndi.
Yaxud:
Bilməm
bəlalı başımı
Hara götürüb gedirəm.
Ürəyimdə
bir sağalmaz,
Yara götürüb gedirəm.
Bu gen
dünya mənə darsa,
Həmdəmim
gül deyil, xarsa
Bu
dünyada nəyim varsa,
Bir-bir itirib gedirəm.
İnsanın özünə sevinc gətirən, onu xoşbəxt
edən hadisələr heç də həmişə
başqalarına xeyir gətirən hadisələrlə
uzlaşmır. Ən optimal hal bu uzlaşma məqamının
tapılmasıdır. "Baş-qasına
ziyan vurma!" devizi, "Özünə qıyma!" devizi
ilə tamamlanmalıdır. Ümumiyyətlə,
başqaları haqqında düşünməyən, öz
mənəvi durumunu ancaq - etiqadla məhdudlaşdı-ran
insanlar (asketlər), başqa sözlə, öz həyatını
digər insanlara münasibətlə deyil, ancaq öz daxili mənəvi
rahatlığını təmin etmək istəyən
insanlar da vardır. Bir neçə aforizmə nəzər
salaq: "Ziyankar adam düşünür ki, hələ ziyan
vurmadığı adamlar ona minnətdar
olmalıdırlar", "Pisi söyməkdənsə,
yaxşını öymək yaxşıdır",
"Yaxşılıq da, pislik də gec-tez adamın
özünə qayıdır", "Pisliyi kimə edibsənsə
ondan da gözlə, yaxşılığı - Haqdan". Süsən xanımın "Olmaz" və
"Acı danışma" şeirlərində boş və
yersiz danışmaq, eyni zamanda xəsislik də pis xasiyyət
kimi göstərilmişdir. Qeyd olunur ki,
insan danışığına diqqət etməli, faydalı
və gözəl mövzulardan bəhs edəcəksə,
danışmalı, bəhs etməyəcəksə
susmalıdır. Çünki faydalı,
həm də adət-ənənədə gözəl
sayılan sözləri danışmaq ona savab
qazandırdığı kimi, əksini danışmaq da
günah qazandırar. Həmçinin, həyatımızda
yalanlar da vardır.
Təəssüf ki, çoxumuz etibarlı olsaq da, bəzilərimiz
insanların etibarından sui-itifadə edir. Kant, "hər yerdə, hər
zaman doğrunun deyilməsi lazımdır" - desə də
yalan danışmaqdan, böhtan atmaqdan zövq alan
"insanlarımız" da vardır. Süsən xanım
fikrini poetik dillə belə ifadə edir:
Sənin
öz vicdanın kömürdən qara,
Qəlbi paklar ilə ülfətin olmaz.
Mərd
yalan söyləməz çəkilsə dara,
Ləkə
yaxmaq sənə heç çətin olmazg
Qorxudan
yaranmır sevgi deyilən,
Axtarma qarşında min yol əyilən.
Tək
bir məna verər üzə deyilən,
Söz gəzdirən olsan ismətin olmaz.
Yaxud:
Ey əqrəb
xislətli, narahat insan,
Günahdır hər zaman yersiz alışmaq.
Əgər
səxavətdə Hatəm də olsan,
Bil ki, nöqsanındır acı danışmaq.
Bir hikmət
öyrəndim mən Nizamidən,
"Köməyi
dəyməyən şirindil insan,
Yaxşıdır
acıdil kömək edəndən"
Can deməklə
heç nə əskilmir candan.
Süsən müəllimənin şeirləri bu
günümüz üçün çox aktual olan mənəvi
tərbiyə məsələlərinə həsr
olunmuşdur.
Bu gün qloballaşma, kürələşmə
dövründə milli-mənəvi dəyərləri qoruyub
saxlamaq, yetişən nəslimizi milli ruhda tərbiyə etmək,
onların fərdi, psixoloji xüsusiyyətlərini, qabiliyyət
və bacarıqlarını nəzərə alaraq tərbiyə
etmək xüsusi əhəmiyyət kəsb etməkdədir.
Bu baxımdan hazırkı dövrdə mənəviyyatca
təmiz, pak, torpaq qədrini bilən, vətənini sevən,
milli mənliyini dərk edib onunla fəxr edən, adət-ənənələrini,
tarixini, dilini, ümumbəşəri mədəniyyəti mənimsəyən
gənclər yetişdirmək vəzifəsi sanki Süsən
xanımın qarşısına məqsəd kimi
qoyulmuşdur. Almanların görkəmli pedaqoqu
Lüdviq Feyerbax yazırdı: "İnsanın əsil sifəti
işdə özünü göstərir". İnsan yaşa dolduqca yetkinləşir, kamilləşir,
müdrikləşir və həqiqəti daha aydın dərk
edir. Həqiqət isə müxtəlif
formalarda özünü büruzə verir. İnsanın kamilliyi, yetkinliyi, müdrikliyi, həqiqəti
ötməyi, onu düzgün dərk etməyi
bacarmasındadır. Sənətkarın
qiyməti, onun yaşı ilə deyil, işi ilə
ölçülür. Bu mənada,
Süsən xanımın "Bir ömürlük xatirə"
adlı kitabı oxucularımıza yaxşı bir hədiyyədir.
Süsən xanım Sizə daha geniş
yaradıcılıq üfüqləri diləyirik. Sizə bundan
sonra da təbiətdən, həyatdan, cəmiyyətdən, gənclikdən
ilham almağı, bu eşq ilə yanmağı, biz
oxucularınızı yeni əsərlərin
işığında dərin-dərin
düşündürməyi arzu edirəm.
Kamal CAMALOV
Pedaqogika üzrə fəlsəfə
doktoru, dosent, Əməkdar müəllim,
AYB-nin
üzvü
Ədalət 2017.- 15 dekabr.- S.6.