Ədalət SALMAN

 

İLAHİ, SƏN BİZİ SÖZƏ

BAĞIŞLA

 

Bu gün kitabımın birini satdım,

Bir kilo ət aldım balalarıma.

 

Ramiz Qusarçaylı

 

Zəmanə utansın bu misralardan,

Üzü qara olsun fani dünyanın.

Ehtiyac şairi salır vüqardan,

İnsafı, mürvəti hanı dünyanın.

Mələklər tanrıdan yetirər ruzu,

Bəndələr şairin üzünə baxmaz.

Dönəndə əlləri ətəkdən uzun,

Evdə qadını da sözünə baxmaz.

Haqq nahaq önündə durub müntəzir,

Bu yalan dünyada düz axtarırıq.

İndi hamı düşüb var-dövlət gəzir,

Bizsə gecə-gündüz söz axtarırıq.

İlahi, sən bizi sözə bağışla,

Sözlə yediririk balamızı da.

İlahi, sən bizi, bizə bağışla,

Onsuz da çəkirik bəlamızı da.

 

QARABAĞ HEY...

 

Sarılıbdı Qarabağım,

Yarılıbdı qara bağrım.

Ha çağırım, ha bağırım,

Qarabağ hey!..

İçimizdən yandırılan,

Atəşkəslə "dondurulan",

Ər qüruru sındırılan,

Qarabağ hey!..

Baxmadıq ölüb-itənə,

Qapı açdıq hər yetənə.

Sahib çıxmadıq Vətənə,

Qarabağ hey!..

Ağdam, Şuşa, Laçın darda,

Oğlum, qızım, bacım darda.

Vətən olmaz çadırlardan!-

Qarabağ hey!..

Köksü talan, özü nalan,

Əlləri qoynunda qalan,

Ayaq altda tapdalanan,

Qarabağ hey!..

Göz görəsi itirib biz,

Evimizdə oturub biz,

Uzaqlarda gəzdiyimiz,

Qarabağ hey!..

Gözləyirik hansı ölkə,

Gəlib bizə verər "kökə".

Dözdüyümüz bəsdi bəlkə?!-

Qarabağ hey!..

Hara tutduq üzümüzü,

Aldatdılar özümüzü.

Deməliyik sözümüzü,

Qarabağ hey!..

Qisas qalmasın sabaha,

Silaha sarılıb daha

Hayqıralım:

-Gəlirik ha...

Qarabağ hey!..

Qarabağ hey!.

 

HƏLƏ ALMAMIŞIQ QİSASINIZI

 

Şəhidlərimizin xatirəsinə

Sizin qarşınızda günahımız çox,

Demirəm, siz bizi üzürlü sayın.

Bizi bu günahla əfv etməyin yox,

Məhşər günündə bağışlamayın!

Üzümüz gülsə qəlbi yarayıq,

Hələ saxlayırıq biz yasınızı.

Hələ yanınızda üzü qarayıq,

Ala bilməmişik qisasınızı.

Yalandan baş yarıb, yaxa yırtırıq,

Hamımız olmuşuq dil pəhləvanı.

Yardım payından da kəsib qırtırıq,

Bizdən tapılarmı gəzsən dünyanı?

Başımız qarışıb baş fırlamağa,

Demirik, sızlayan vətəndir axı!

Qarın otarmağa, fırlamağa,

Özgə dəyirmanda daş fırlamağa,

Yaman həvəsliyik, nədəndir axı?

Qardaş kölgəsini qardaş izləyir,

Düşmən axtarırıq öz içimizdə.

Qolunu sallayıb hələ gözləyir,

Bizim böyüyümüz, kiçiyimiz !..

Sizin qarşınızda günahımız çox,

Demirəm, siz bizi üzürlü sayın.

Bizi bu günahla əfv etməyin yox,

Məhşər günündə bağışlamayın!

***

Günahı axtarma sən özgələrdə,

Hamıya tor qurar öz adamları.

Mənəvi dəyərlər itdiyi yerdə

İlahi, çəkir söz adamları.

Adam var, fikirdən sübhədək yatmır,

Yalançı şüarlar başını qatmır.

Dərdini deməyə cürəti çatmır,

İçini yandırır köz, adamların.

Hər gün gah vaydayıq, gah da ki toyda,

İtib başımız da bu soyasoyda.

Baxırsan, namərdi, mərdi bir boyda,

De, necə ayırsın göz, adamları?

NECƏDİ

Qələm dostumuz Hidayət

Ağalara ağrılı məktub

Ay şair, qoy səndən bir xəbər alım,

O sizin tərəflər - Aran necədi?

Şeirdir şairin qaymağı, balı,

Şerə xor baxanla aran necədi?

Yıxır haqq dünyada haqsızlıq bizi,

De, çərxi-fələyin nədir qərəzi?

Şeytan əlindədir mizan tərəzi,

Çəkən pis gündədir, alan necədi?

Zaman məngənə tək qananı sıxır,

Eşidən tapılmaz, ha qışqır, çığır.

Hər gün qarşına bir məddah çıxır,

Söyləyir üzünə yalan, necədi?

Orda da qarğalar darğalıq edir,

Orda da vəzifə davası gedir?

Orda kim əl tutur, kim haya yetir,

Deyən var, ay kasıb, balan necədi?

Kimlər yağ içində böyrək tək üzüb

Şairə, şeirə hey dodaq büzüb.

Bilərmi, bəndədən əlini üzüb,

Allah ümidinə qalan necədi?

Dövran başımızı sözlə qatıbsa,

Bəs şair neyləsin, bəxti yatıbsa?

Kredit paylayan banklar batıbsa,

Gör, borca özünü salan necədi?

Şairlər bu yurdun deyən dilidi,

Döyünən nəbzidi, vuran əlidi.

Haqqı söyləyənə demə, dəlidi,

Bir soruş, Ədalət Salman necədi?

 

QOYMADI

 

Dayanıb kənardan özümə baxdım,

Gördüm mən deyiləm, daralıb vaxtım.

Bir şair ömrünü yaşayacaqdım,

Məni yaşamağa qoymadı dünya.

Mənim tapındığım öz dünyam vardı,

Müqəddəs sandığım söz dünyam vardı,

Halal dünyam vardı, düz dünyam vardı,

Məni yaşamağa qoymadı dünya.

Arxamca daş atdı namərd əliylə,

Qəlbimi qanatdı nadan diliylə.

Özündən bezdirdi fitnə-feliylə,

Məni yaşamağa qoymadı dünya.

Sözlə qoyacaqdım öz heykəlimi,

Qırdı qələmimi, tutdu əlimi.

Arxamca saldırdı neçə ölümü,

Məni yaşamağa qoymadı dünya.

Günaha batırdı alıb ağlımı,

Mərdi namərd edən dünya haxlımı?

Savaba aparan yolu bağlımı?

Məni yaşamağa qoymadı dünya.

Üzünə kim dedi qəbahətini,

Gördü bu dünyanın xəyanətini.

Niyə ucuz tutdu Ədalətini,

Niyə yaşamağa qoymadı dünya?

 

QIŞ DUYĞULARI

 

Zərif bir gözəllik dünyasıdı qış,

Onda gözəlliyi duya biləsən.

Səma ilmə-ilmə yer naxış-naxış,-

Çətin ki, seyrindən doya biləsən.

Dağlar qış kürkünü atıb çiyninə,

Saçına dən düşmüş qocaya bənzər.

Təpələr örpəkli gəlin düzlərin

Ovcunda örtüklü xonçaya bənzər.

Yoxsul dərələrin varı qardımı,

Yoxsa, xurcununa gümüş pul yığıb?!

Yol üstə ağaclar yolçulardımı,

Qışa ehtiyatı yadından çıxıb?!

Lövhə çələngi var hər qarış yerin,

Hər xırda naxışda min bir məna gəz.

Bura yeri deyil ürəksizlərin,

Zövqsüzlər lövhəni oxuya bilməz!

Laqeyd ötməyə könlüm qoymayır,

Düşmüşəm gözəllik toruna yenə.

Baxdıqca, seyrindən gözüm doymayır

Rəssam təbiətin qış sərgisinə.

 

AYRILAQ

Gəl qurtaraq bu gizlənpaç oynunu,

Sənki səndə, mənki məndə, ayrılaq.

Şeytanmıdır mənə açan qoynunu,

Günahkarsa buna bəndə, ayrılaq.

Gözəllərin həsrətiylə ölmədim,

Öz sevgimi mən ikiyə bölmədim.

Necə oldu, heç özüm bilmədim,

Ürəyimi saldın bəndə, ayrılaq.

Bu gördüyün mən deyiləm vaxtdı,

Yaşamadım tale yazan bu baxtı.

Mənə neçə sual dolu göz baxdı,

Hərdən evə gec dönəndə, ayrılaq.

vaxtadək bu oyunla baş qatım,

Qoy özümü oyatmaqçın daş atım.

Öz evimə öz ölümü daşıdım,

Can qalmadı bu bədəndə, ayrılaq.

Ağlım mənə ayıl dedi,

eh, -dedim,

İndi necə mən özümü əfv edim.

Daha yaş da o yaş deyil, səhv edim,

Saçlarıma düşüb dən , ayrılaq.

olursa, mənə olan düz olur,

Peşman kimsə, dizə döyür, saç yolur.

Düşünmədik başlayanda bu yolu,

Gec olacaq yol bitəndə, ayrılaq.

 

QARA QIZ

 

(zarafatyana)

Qara çörək yedim, qara gün gördüm,

Çıxartdım günə səni, qara qız.

Şəninə sözlərdən çələng hördüm,

Eh, daha neynirsəm məni, qara qız.

Qara kişmiş kimi şirindin bir vaxt,

Dedim, xoşbəxt edər yəqin məni bəxt.

Hardan biləydim ki, axı mən bədbəxt,

Salacaq saçıma dəni qara qız.

Gələndə bir dəri, bir sümük idin,

Mən sənsiz yaşaya bilmərəm,- dedin.

Özünə yer edib, ömrümü yedin,

İtirdin imanı, dini, qara qız.

Ruzi gətirənə olmaq günah,

Düşər yaman hala, çəkər hər gün ah.

Heç kəsin bəxtinə yazmasın Allah,

Sənin tək şeytanı, cini, qara qız.

Gözümə az görün, az qəlbimi əz,

Daha uzaq dolan, daha uzaq gəz.

Eh, indi bir qara qəpiyə dəyməz,

Sənin kimisinin mini, qara qız.

 

 

 

Ədalət.-2017.-16 dekabr.-S.14.