TANIŞ OLUN: ƏJDƏR YUNİS RZA

ƏDƏBİ HƏYAT

 

Əjdər Yunis Rza. Şair, tarixçi. Onun şeirlərini çoxdan izləyirəm, neçə il öncə qalın bir şeir kitabı da nəşr edilib: "Mən belə dünyanı istəməmişdim". Bu kitabda demək olar ki, onun bütün şeir yaradıcılığı əks olunub. Cəbrayıl rayonunun ucqar dağ kəndlərinin birində - Xələflidə dünyaya göz açan Əjdər Yunis elə orta məktəb illərindən şeirə, bədii yaradıcılığa meyl göstərib. ADU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirən Əjdər uzun illər APİ- müəllim kimi çalışıb, 1995-ci ildən isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəaliyyət göstərib. Polis polkovniki rütbəsinə qədər yüksəlib. Amma harada işləyirsə-işləsin, birgə gün belə şeir ondan əl çəkib, o şeirdən. "Taleyimin qisməti", "Haray dağlar", "Bir ovuc torpaq", "Gordubaba, yerindəmi?", "Darıxmasın", "Zamanın girovuyam", "Tövbə, bu dünyaya bir gəlmərəm" kitabları çap olunub.

Bu söylədiklərim Əjdər Yunisin sırf tərcümeyi-halına aiddir. Amma onun şair tərcümeyi-halı isə bu sətirlərə sığmaz. Əjdər müəllimin 65 yaşı var bu yaşa çatana qədər həyatında sevinclərlə bahəm ağrı-acılar da görüb. Ən böyük ağrısı -doğulduğu torpağın, dünyaya göz açdığı Xələfli kəndinin hələ düşmən işğalı altında qalmasıdır. İnsan bu dünyada hər bir ağrıya, itkiyə tab gətirə bilər, amma yurd ağrısı onu ömrü boyu Dərdin, Kədərin quluna çevirər. "Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı, mən isə Vətəndən Vətənə baxıram" - böyük şairimiz Bəxtiyar Vahabzadənin misralarıdır. İndi Əjdər Yunis da Vətəndən Vətənə həsrətlə boylanır.

 

İşə bax, İlahi, bu taydan durub.

O tayın ağrısın çəkirəm indi.

Çöküb Xan Arazın sinəsi üstə

Gözümün yaşını silirəm indi.

 

Təbii ki, bütün bunlar şairin nostalji hisslərinə meydan açır, onun dünya haqqında, həyat, ömür haqqında kədərli düşüncələrə sövq edir. Zaman dəyişir, insanlar arasında ayrı-seçkilik yaranır, sanki həyat öz axarını itirir.

 

Dərd çəkər insan da, dözümü qədər,

Şəddini aşırsa, dəhşətdi kədər.

Allah verən ömür ötürsə hədər,

Mən belə dünyanı istəməmişdim.

 

Yurd deyib ağladım, qınayan oldu,

Dərd verib dözümüm sınayan oldu.

Gözləyirdim, bəlkə anlayan oldu,

Mən belə dünyanı istəməmişdim.

 

Poeziyamızda Dünya ilə həsb-hal, onunla dərdləşmək, dünyanın gedişatından narazılıq s. motivlər geniş yer tutur. Şairlər dünyanın gözəlliyini vəsf edirlər, "dünya gözəl, dünya gözəl dünyadır" deyirlər, onun vəfasızlığından da gileylənirlər, M.Araz lisanında "Dünya düzəlmir ki, düzəlmir", "Mən belə dünyanın nəyindən küsüm" çağırışları da eşidilir. Bir sözlə, Dünya obrazı ən işlək, ən çox müraciət olunan bir obraz kimi diqqəti cəlb edir. Bu da hər şairin öz fərdi, subyektiv düşüncələri ilə bağlıdır. Əjdər Yunisin şeirlərində isə Dünya insanların taleyini həll edən sirli bir qüvvə kimi anlaşılır.

 

Hamı kimi baxammıram,

Bu dünyaya, bu dünyaya.

Dönüb selə axammıram,

Bu dünyaya, bu dünyaya.

 

Çox taleyə o bəxt verməz,

Qəm çəkənin qəmin görməz.

Bir yol gələn, bir gəlməz,

Bu dünyaya, bu dünyaya.

 

O versə dərd Əjdərə,

İnciyərmi, dərdə görə...

Bir ad yazıb gəldi hərə

Bu dünyaya, bu dünyaya.

 

Əjdər Yunis dərdli şairdir. Bu ifadəni işlədirkən demək istəmirəm o, sızıltını sevir, ağlamağı sevir. Dərdin mahiyyəti başqadır, bu dərd həm fərdidir, həm hamının dərdi. Amma ikisi bir nöqtədə birləşir. qədər ki, yurdlarından didərgin düşənlər öz torpaqlarına qayıtmayıblar, qədər ki, hələ həyat öz qaydasında deyil, yenə rüşvətxorluq, var-dövlət hərisliyi, yalanlar hədsiz bəlalar törədir, onda bu, dərdə çevrilir.

 

Varımı, yoxumu eyləyib talan,

Qara kürsülərdən danışır yalan.

Yurduma haramlıq toxumu salan,

Naşının əkdiyin biçmək olmur.

 

Tapdanır, ay Əjdər, hər şeydə haqqım,

yerdə bilinir, göydə haqqım.

Gah tarda ağlayır, gah neydə haqqım,

Yurdu əsir qoyub köçmək olmur.

 

Əjdər Yunis həm ovqat şairidir. Qaçqınlığın, köçkünlüyün ağrı-acılarından yazanda, dünyanın gedişindən narazılığını ifadə edəndə onu anlayırıq. Bəlkə hamımızın ürəyindən keçənləri bir az sərt, bir az daha çılğın ifadə edir, ya da şikayətlər, gileylər eşidirik. Amma sevgi şeirlərində ahəng dəyişir, gözəlliyin, gözəllərin vəsfi ön plana keçir. Ovqat başqalaşır. Əjdərin sevgi şeirləri bizə ustad aşıqların qoşma gəraylılarını xatırladır.

 

Gözəl, elə gözəlsən ki,

Yandırırsan günəş təki.

Qara gözlərin inan ki,

Çoxun hələ öldürəcək.

 

Vəsfinə söz tapammıram,

Baxışından sapanmıram,

Vallah, əlac tapammıram,

Bilə-bilə öldürəcək.

 

Qara tellər gözün üstə,

Niyə belə durur qəsdə?

Əjdəri salıb xəstə,

Bu dərd ilə öldürəcək.

Əjdərin qəzəlləri mənə daha xoş təsir bağışladı hiss elədim ki, o, əruzun musiqisini, ritmini duya bilir: " vaxtdır həsrət ilə keçir günüm qara belə, Yox duyanım halımı ki, eyləyə bir çarə belə".

Əjdər Yunisin altı poeması ilə tanış oldum. Bu poemalarda onun şeirlərdə tam ifadə edə bilmədiyi fikirlər öz əksini tapır. "Haray" poemasında qəm motivləri də var, nikbin çalarlar da. Qəm itkidən doğur. Nikbinlik isə inamdan. "Çiçəklər gözünün yaşını silər" - o zaman ki, Azərbaycan əsgəri yurdu düşmənlərdən təmizləyəcək. "alıb sinəm üstə mən telli sazı, Çıxım qarşılayım Şuşada yazı" Amma çox çəkməz, bu həsrətin sonu çatar. Cocuq-Mərcanlıda yüksələn bayraq Cəbrayılın və ümumən Qarabağın digər kəndlərində şəhərlərində də dalğalanar.

"Gordubaba, yadındamı?" poeması isə ustad Şəhriyarın "Heydərbabaya salam" poemasının təsiri ilə qələmə alınıb. Gordubaba dağı Cəbrayıl rayonu ərazisində ən hündür dağlardandır. Əjdər Yunisin doğulub, boya-başa çatdığı Xələfli kəndi həmin dağın qoynunda yerləşir. Poema bir elin, obanın mənəvi, etnoqrafik - poetik xəritəsidir, - desək yanılmarıq. Əjdərin "Heydərbabayla üz-üzə" poeması bütöv Azərbaycan ideyası ilə yoğrulub.

 

Bizi bizdən alıb ayrı salan kim,

Kim dözərdi dözdüyümüz bu dərdə?

Sərhədləri necə aşım, de, keçim?

Tor qurulub, yol kəsilib dərədə.

 

Milli Qəhrəman Əlif Hacıyevin xatirəsinə həsr olunmuş "Xocalı dərdi" poeması da təsirlidir, bu mövzuda yazılan poeziya nümunələri sırasında özünə yer tapa bilər.

Əjdər Yunis Rzanın şeir poemaları haqqında bu qısa söhbətimi onun bu misraları ilə bitirmək istəyirəm. Bu misralar səngərdəki əsgərlərə ünvanlanıb:

 

Elə bir qayaya söykənmisiz ki,

Onun yer üzünə əvəzi gəlməz.

O qala anamız Vətənimizdi,

Vətənsiz olanın taleyi gülməz.

 

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

 

Ədalət.-2017.-16 dekabr.-S.15.