Molla Pənah Vaqifin əsərlərinin tədqiqi
və nəşri tarixinə dair
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının
Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ
yardımı ilƏ
Molla Pənah Vaqif XVIII əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən biri, Azərbaycan
poeziyasının ideya-sənətkarlıq və janr-üslub
cəhətdən yeni keyfiyyətlər qazanmasında
mühüm xidmətləri olmuş şairdir. Ədəbiyyat
tariximizdə iz buraxmış, ədəbi fikrin
formalaşmasında müstəsna xidmətləri olmuş hər
bir sənətkarın yaradıcılığını
yığcam şəkildə özündə əks etdirən
təyinlər işlədilir. Vaqif ənənəvi
olaraq yüksək zövq, dərin və incə duyğular
şairi kimi yad edilir. Bir çox
yaradıcı şəxsiyyətlərin taleyində
olduğu kimi, Vaqif də həmişə hamı tərəfindən
qəbul olunmamış, müxtəlif zamanlarda onun
yaradıcılığına və şəxsiyyətinə
münasibət dəyişkən olmuşdur.
Molla Pənah
Vaqifin şəxsiyyətinə və
yaradıcılığına maraq hələ müəllifin
sağlığında mövcud olmuş, şair və siyasi
xadim kimi sevənləri olduğu kimi, bədxahları da az olmamışdır. Rəvayətlərin
bəzisinə əsasən, şairin əlyazmalarının
bir qismi onun faciəli ölümü zamanı məhv
edilmişdir. Bədxahların fitnələrinə
baxmayaraq, şeir həvəskarları onun ölümündən
sonra da yaddaşlarda qalan parçaları müxtəlif dəftərlərə
köçürmüş, təzkirə və cünglərə
salınmasına nail olmuşlar. Məlumdur
ki, Vaqifin elmə məlum olan əlyazmaları içərisində
onun divanına rast gəlinmir. Lakin Vaqifin
şeirlərindən nümunələrin yer aldığı
cünglərin miqdarı yetərincədir. Onların əksəriyyəti AMEA Əlyazmalar
İnstitutunun fondunda, bir qismi isə keçmiş sovet
respublikalarının muzey və fondlarında qorunur. Hətta onun şeirlərinin yer aldığı əlyazmaların
bəzilərinə dünya kitabxanalarında da rast gəlinir.
Vaqifin əsərlərinin toplanmasına dair məlumatları
ilk dəfə repressiya qurbanı, ədəbiyyat fədaisi
Salman Mümtaz vermişdir. Ədibin məlumatına
əsaslansaq, Vaqifin şeirlərini ilk dəfə hicri
1254-cü ildə (1837-1838-ci illər) nuxalı Ağa Məhəmmədlə
şuşalı Mirzə Səhəng toplamağa
başlamışlar. Bu fikri təkzib edən
Araz Dadaşzadə bildirir ki, Vaqif şeirlərinin hələ
XVIII əsrin son rübündən başlayaraq toplanması
barədə məlumatlar əldə etmişdir. Tədqiqatçı
Nizami Gəncəvi adına Ədəbiyyat
Muzeyinin və Əlyazmalar İnstitutunun fondlarında
saxlanılan onlarla cüngü araşdıraraq belə qənaətə
gəlmişdir ki, əlyazmaların bir qismində yer alan
nümunələrin müəllifliyi məsələsi və
yazıya alınma tarixi müəyyən mənada
şübhə doğurur. Ədəbiyyatşünas alimin
fikrincə, Vaqifin XVIII əsrin son rübü, habelə XIX əsrin
birinci yarısına dair əlyazmalarda yer alan
şeirlərinə müraciət olunması daha məqsədəuyğun
hesab olunur.
Vaqifin əsərlərinin
yer aldığı ən qədim cünglərdən biri
şairin müasiri və qətlində günahkar olanlardan
biri Məhəmməd bəy Cavanşirə məxsus cüng
(XVIII əsrin sonları) hesab olunur ki, bu əlyazmanı tədqiq
edən Salman Mümtaz orada Vaqifə aid olan iki qoşmanı
ilk dəfə aşkara çıxarmışdır. 1945-ci ildə Vaqifin əsərlərinin elmi-tənqidi
nəşrini hazırlayarkən Həmid Araslı Həmidə
xanım Məmmədquluzadədən aldığı "Məhəmməd
bəy Cavanşir" cüngündən Vaqifə aid daha bir
qoşmanı üzə çıxarır. Nizami Gəncəvi
adına Azərbaycan Ədəbiyyatı
Muzeyində B-271 kodu altında qorunan Vaqiflə Vidadinin
şeirləşməsinin də yer aldığı əlyazma
da XVIII əsrə aid edilir.
Muzeydə qorunan materiallar içərisində eyni
dövrə aid daha iki əlyazma diqqət çəkir. Bunlardan biri
Vaqifin sağlığında, təxminən 1784-85-ci illərdə
yazıldığı ehtimal olunan Vidadiyə
yazdığı "Dəyər" rədifli qəzəli
və Tiflis haqqında müxəmməsinin yer
aldığı cüngdür. Ədəbiyyatşünas
H.Səmədzadənin arxivindən
götürülmüş, Vaqif, Vidadi, Saleh, Zahid və
başqalarının şeirlərindən nümunələrin
yer aldığı ikinci əlyazmaya isə Vaqif
yaradıcılığına aid 15 nümunə daxil
edilmişdir.
Bu qəbildən
olan XVIII əsrə aid əlyazmalar içərisində ən
dəyərlisi Vaqif yaradıcılığına aid 65
müxtəlif janrlı şeirin olduğu daha bir əlyazma
mövcuddur ki, tədqiqatçıların fikrincə, Mirzə
Yusif Nersesovun Məcmuəsi tərtib olunarkən, heç
şübhəsiz, bu mənbə əldə əsas
tutulmuşdur. Yuxarıda adları çəkilən
və çəkilməyən çoxsaylı cüng və
əlyazmalar ayrı-ayrı şəxslərin ailə arxivlərində
yer aldığından Vaqif şeirlərinin kütləvi
şəkildə yayılması XVIII-XIX əsrlərdə
imkansız idi. Bu sahədə ən
uğurlu addımlardan biri bir sıra Azərbaycan ədibləri
ilə yanaşı Vaqifin 70 şeirinin də yer
aldığı 1856-cı ildə Mirzə Yusif Nersesov tərəfindən
Temir-Xan-Şurada (indiki Dağıstan Respublikası, Buynaksk
şəhəri) daş basma üsulu ilə nəşr
olunmuş məcmuə hesab oluna bilər. Bu
məcmuənin tərtibinə 30 ilə yaxın vaxt sərf
edən M.Y.Nersesov bu işdə ona Mirzəcan Mədətovun
da yardımçı olduğunu qeyd edir. Məcmuə
sonrakı yarım əsrdən çox müddətdə
Vaqif əsərlərinin A.Berje və H.Vəzirov tərəfindən
tərtib olunan variantlarına əsas vermiş, adları
çəkilən ədəbiyyatşünaslar ərsəyə
gətirdikləri yeni kitablarda Nersesov variantındakı
nümunələrdən kənara çıxa bilməmişlər.
XIX əsr Azərbaycan ədəbiyyatının
aparıcı simalarından olan M.F.Axundzadənin əlyazmaları
içərisində Vaqif və Zakir əsərlərinin
toplanıb nəşr olunmasına dair qeydləri də yer
alır. Hətta 1839-41-ci illərdə ədibin Mirzə
Şəfi ilə bərabər təşkil etməyə təşəbbüs
göstərdiyi litoqrafiyada da ilk öncə Vaqif və Zakirin əsərlərinin
çap olunacağı gözlənilirdi. Zakir və Axundzadənin yazışmalarında bu məsələyə
diqqət ayrılır, sonuncunun həmin kitaba
yazdığı "Föhristi-kitab" adlı müqəddimə
qorunub saxlanmışdır. Eyni zamanda
Axundovun arxivində M.Y.Nersesov məcmuəsinin 1852-ci ilə
aid əlyazma nüsxəsi də yer almaqdadır ki, onun üzərində
dramaturqun müəyyən düzəliş və qeydlər
apardığı məlum olur. Lakin bu bəzi
tədqiqatçıların Axundovun Nersesov məcmuəsinin
təşkili işinə bələdçilik etməsi barədə
iddialarını sübuta yetirmir.
Qafqaz
Arxeoqrafiya komissiyasının üzvü Adolf Berjenin 1868-ci ildə
Leyspiqdə Vaqifin 50 şeirinin də yer aldığı
"Qafqaz və Azərbaycanda məşhur olan şüəranın
əşarinə məcmuəsi"nin
alman dilində yazdığı müqəddiməsində
Axundzadənin bu işdə ona yardımçı olduğunu
da qeyd edir.
Vaqif irsinin araşdırılması sahəsində
Nersesovdan sonra ən böyük xidmət Zaqafqaziya müftisi
Hüseyn Əfəndi Qayıbovun adı ilə
bağlıdır. Onun hələ 60-cı illərdən
başlayaraq üzərində işlədiyi "Azərbaycanda
məşhur şüəranın əşarına məcmuə"
adlı kitabında Vaqifin o zamana qədər məlum olmayan
30-a yaxın şeiri yer almışdır. Ümumiyyətlə, Vaqif
yaradıcılığına aid 100-ə yaxın nümunənin
yer aldığı bu əlyazma həm tərtib xüsusiyyətləri,
həm də orijinallığı ilə diqqəti çəkir.
Bunlardan əlavə,
Vaqifin əsərlərinə XVIII əsrin sonları-XIX əsrin
əvvəllərində Cənubi Azərbaycan şairi
Əndəlib Qaracadağinin divanında, XIX əsrin 90-cı
illərində şamaxılı Molla Nəcəfin tərtib
etdiyi cüngdə, 1901-ci ildə nuxalı Mir Rövşəninin
cüngündə, Mirfəttah Musəvinin 1918-ci ildə
tamamladığı şeir dəftərində, M.Müctəhidzadənin
"Riyazül-aşiqin" kitabında, Mir Möhsün Nəvvabın
"Təzkireyi-Nəvvab"ında və digər mənbələrdə
rast gəlinir.
1908-ci ildə Haşım bəy Vəzirov "Qafqaz
şüərasının məşhuri Molla Pənah Vaqifin ələ
düşən əşarinin məcmuəsi"
("Əşari-Vaqif") adlı kitab tərtib edir. Nersesovun tərtib
etdiyi kitabdan sonra bu Vaqifin əsərlərinin işıq
üzü gördüyü ikinci kitab idi.
Kitabçanın qüsurlu cəhəti orada yer alan 67 şeirin hamısının əvvəlki
nəşrdən götürülməsi, yeni nümunələrə
yer ayrılmaması idi.
Vaqif yaradıcılığını tutarlı şəkildə
tədqiq edənlər arasında Firidun bəy Köçərlinin
adı xüsusi vurğulanmalıdır. Onun qələmindən
çıxan "Azərbaycan ədəbiyyatı tarixi
materialları"nda müəllif Vaqif yaradıcılığından
bəhs edərkən təəssüflə yazır: "Hərgah
Vaqif və Vidadi kimi məşhur şairlər özgə
millətlərin arasında zühur etmiş olsaydılar,
bişübhə indiyə kimi onların asar və əşarı
dəfəatla çapdan çıxıb, əbnayi-millət
içində yayılmışdı. Onların
qəbirlərinin üstündə nişangah qoyulmuşdu və
vəfatlarının 50 və 100 sənəlik yubiləsi
artıq cəlal və təntənə ilə yad
olunmuşdu". Sətirlərdən
Köçərlinin Vaqif və Vidadi
yaradıcılığına verdiyi yüksək dəyər
aydın görülür. Köçərli
adı çəkilən əsərinin "Vaqif" bəhsində
şairin yaradıcılığından 20-yə yaxın
nümunə gətirmiş, "Durnalar"
qoşmasını ilk dəfə üzə çıxararaq
Vidadi və Zakirin eyniadlı şeirləri ilə birlikdə
kitaba salmışdır.
Lakin sözsüz ki, Vaqif əsərlərinin nəşri
və tədqiqi sahəsində ən böyük xidmət həm
bir çox klassik ədəbiyyat nümunələrimizin, həm
də folklorumuzun üzə çıxarılması və nəşri
sahəsində əvəzsiz xidmətləri olan Salman
Mümtazın adı ilə bağlıdır. Qədirşünas
ədib 1925-ci ildə Vaqifin 60-a yaxın o zamanadək geniş
ictimaiyyətə məlum olmayan şeirini aşkarlayaraq çapına
nail olmuşdur. 1937-ci ildə Salman Mümtaz Vaqifin 200-ədək
müxtəlif janrlı şeirinin yer aldığı
"Əsərləri"ni çapa
hazırlayır. Bu kitabın əsas məziyyətlərindən
biri burada Vaqifin Vidadi, Ağqız oğlu Piri, Alim və
başqaları ilə deyişmələrinin yer alması, həmçinin
tərtibçi tərəfindən geniş izahat və
ön sözün yazılması idi. Eyni zamanda
S.Mümtaz əvvəlki nəşrlər, o cümlədən
cüng və əlyazmalarda yer alan Vaqif
şeirlərinin variantları arasındakı nüsxə fərqlərini
də izah etməyə cəhd etmiş, geniş izahat
yazmışdı. Zamanın diktəsindən kənara
çıxmağın imkansız olduğu illərin tələbi
ilə S.Mümtaz tərəfindən hazırlanmış 331
səhifəlik bu dəyərli kitab işıq üzü
görə bilsə də satışa buraxılmasına icazə
verilmir. Bunun əvəzinə elə
1937-ci ildə ilk kitabdakı şeirlərin yalnız bir
qisminin (cəmi 16 şeir) yer aldığı, izahat və
şərhlərin ixtisar olunduğu bir kitab oxucuların
ixtiyarına verilir. Lakin bu nəşrin
özü də kifayət qədər dəyərli mənbə
hesab olunur.
Vaqif əsərlərinin artıq yetkin elmi-tənqidi nəşri
akademik Həmid Araslının adı ilə
bağlıdır. Həmid Araslı bir-birinin ardınca Vaqif əsərlərini
4 dəfə nəşr edilməsinə nail olur ki,
bunların içərisində 1957-ci il nəşri
oraya salınmış yeni nümunələrə görə
daha qiymətlidir. Görkəmli alim
özünün "XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı
tarixi" adlı əsərində də Vaqif
yaradıcılığına geniş yer ayırmış,
şairin əsərlərinin yer aldığı 30-adək təzkirənin
adını çəkmişdir. XX əsrdə
Azərbaycan ədəbiyyatşünaslığında
ardıcıl işlər görülmüşdür. 1968-ci ildə şairin 250 illik yubiley tədbirləri
çərçivəsində Vaqifin şəxsiyyəti və
bədii irsinin öyrənilməsi ilə bağlı silsilə
tədbirlər həyata keçirilib, əsərləri
yüksək titajlarla çap olunub.
1982-ci il yanvarın 14-də Heydər Əliyevin
bilavasitə təşəbbüsü və iştirakı
ilə ŞuşadaVaqifin məqbərəsinin
açılışı olmuşdur. 1992-ci ildə
Şuşa işğal olunarkən məhv edilmiş 600-ə
yaxın tarixi-memarlıq abidəsi arasında Xurşidbanu Natəvanın,
Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri
ilə yanaşı, təəssüf ki, Molla Pənah Vaqifin
məqbərəsi də var idi.
Keçən əsrdə Vaqif yaradıcılığının
geniş planlı öyrənilməsi ilə
araşdırmalar içərisində dəyərli ədəbiyyatşünas
Araz Dadaşzadənin Vaqif yaradıcılığının
tədqiqi sahəsində gördüyü silsilə işlər
diqqətdən qaçırılmamalıdır. Araz
Dadaşzadənin elmi fəaliyyəti XVIII əsr Azərbaycan
poeziyası və xüsusi olaraq M.P.Vaqifin həyat və
yaradıcılığı ilə bağlıdır.
O,
1964-cü ildə "M.P.Vaqifin
yaradıcılığı" mövzusunda namizədlik,
1977-ci ildə isə "XVIII əsr Azərbaycan lirikası
(ideya-tematik və sənətkarlıq xüsusiyyətləri)"
mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. A.Dadaşzadənin XVIII əsr Azərbaycan ədəbiyyatının
tədqiqində böyük xidmətləri vardır.
Alim "Molla Pənah Vaqif (həyat və
yaradıcılığı)" (1966), "Peveü
jizni" (Vaqif haqqında düşüncələr)"
(1968), "XVIII əsr Azərbaycan lirikası" (1980),
"Pogziə dobra i krasotı" (1986) kitablarının
müəllifidir. Onun 1968-ci ildə M.P.Vaqifin anadan olmasının 250
illiyi ilə əlaqədar yazdığı "Molla Pənah
Vaqif (həyat və yaradıcılığı haqqında
oçerk)" kitabçası Azərbaycan, ingilis,
fransız, türk, ərəb, fars, rus
dillərində çap edilmişdir.
Ümumiyyətlə, ədəbiyyatşünaslığımızda
M.F.Axundov tərəfindən əsası qoyulan Vaqif
yaradıcılığının geniş təhlili, demək
olar ki, XX əsrdə bütün ədəbiyyatşünasların
diqqət mərkəzində olmuşdur.
2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Molla Pənah Vaqifin 300 illik yubileyi beynəlxalq səviyyədə qeyd edilir, Şəkidə TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü toplantısında isə 2017-ci ilin "Molla Pənah Vaqif ili" elan olunması barədə qərar qəbul olunmuşdur. Bu qərarın ardınca ölkə rəhbərliyinin imzaladığı sərəncamla bütün ölkə ərazisində Vaqifin 300 illik yubileyi ilə bağlı kütləvi tədbirlərin keçirilməsinə start verildi və hazırda bu qəbildən olan tədbirlər davam edir.
Pakizə
Zakirova
Azərbaycan
Respublikası Təhsil Nazirliyi
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Şəki filialının
baş müəllimi
Ədalət.-2017.-16 dekabr.-S.4.