Sənətkarı eldən soruş...

 

"Aşıq sözü aşiq sözündən törəmədir"

 

Tarixlə qol-boyun addımlayan türk dünyasının mənəviyyat rəmzlərindən olan, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlı aşıq saz-söz sənəti haqda qələm işlətmək hər kəsin hünəri deyil. Elə biz qorxa-qorxa bu mövzuya yaxınlaşmışıq...Daha doğrusu sorağı eldən soruşulan bir ustad sənətkarın adı bizi bu mövzudan danışmağa, deməyə gətirib. Amma yenə ağızdolu söz demək, mətləbə gəlincə böyüklərdən söhbət açmaq yaşımıza tuş gəlmir. Bu yerdə həmyerlimiz, folklorşünas alim, filologiya elmləri doktoru Seyfəddin Rzasoyun bir müddət əvvəl haqqında söhbət açacağımız ustad sənətkarla bağlı qələmə aldığı maraqlı tarixi fikirlər əlimizdən tutur:

"Şirvan aşığına qulaq asanda ruhum yerindən oynayır... Balabanın səsi, qoşanağaranın axarlı ritmi, sazın cingiltili nəqarəti Şirvan aşığının dünyada heç bir səsə bənzəməyən avazı ilə birləşərək, ruhuma əbədi hakim kəsilib, yaddaşıma əbədi ahəng kimi yazılıb... Bu ahəngi harada eşidirəmsə eşidim, donub qalıram: ona olan sevgimi heç vaxt cilovlayıb, ağlın məcrasına yönəldə bilməmişəm... Şirvan aşığının avazı ruhumun gözü dünyaya açılandan mənim içərimdədir.

Biləsuvarda - Bəydili kəndində toy əsas axşam başlardı. Kəndimizin toylarının, demək olar ki, hamısını Aşıq Əlifağa Sayılov çalardı. Ara-sıra başqa aşıqları da görürdüm. Ağasadıq müəllimgildə toy olanda Salyandan Aşıq İmran da gələrdi.

Kəndin klubunda Biləsuvarın başqa aşıqlarının da ifalarını görmüşdüm. Ancaq aşıq kimi daha çox Əlifağa əmioğlunun ifaları yadımda qalıb...

Zurnaçılar çalar, qaranlıq düşəndə Aşıq Əlifağa meydana girərdi. Onun toyxananın bu başından o başına qızılquş kimi səkməsi, balanbançının aşıqdan bir addım belə geri qalmaması, bir palatkalarla örtülmüş toyxanının yarımqaranlığında sazın üstündə müxtəlif rəngələrə çalan şüşələrin parıltısı yaddaşıma əbədi həkk olub... ."

Bəli, bu günlərdə Biləsuvar rayon Ağsaqqallar Şurasına yolum düşmüşdü. Şura rəhbəri Əvəz müəllimin qonağı olan Aşıq Əlifağa Əmioğlu ilə görüşümüz burada olur. Onunla söhbətimizdə keçmiş xatırlanır, nisgilli xatirələr yada düşür. Bəzi şəxslərin laqeyidliyindən incik görünən aşıq hər zaman öz işindən zövq aldığını deyir. Söhbətimiz onunla tanışlıqdan başlayır:

 

-Əlifağa müəllim, aşıqlığa necə başladınız?..

- O vaxtlar uşaq idim, gözümü açandan aşıqları gördüm, onların ifaların dinlədim, daxilimdən bu sahəyə olan ilahi sevgim məni aşıq edəcəyinə əminiliyimi artırırdı. 9 yaşımdan el şənliklərində püxtələşdim, sənətin incəliklərini öyrəndim. 1959-cu ildən, 17 yaşım olandan sərbəst toylara gedirəm. Məni aşıq edən elin, xalqımın mənə olan məhəbbəti, sevgisidir.

- Ailənizdə bu sənətə yaxın olanlar olub?

- O zaman bizim ailə Qırmızıkənddə (Salyan) yaşayıb. Anam Gülüstan xanım kənddə qadınların öz aralarında təşkil etdiyi halay ansamblına başçılıq edirdi. Əslində o, mənə bu sahənin dalınca getməkdə stimulverici olub, sənətə marağımı daha da artırmışdır.

- El məclislərinə necə gedirdiniz?

- Ətraf qonşu rayonlarda elə bir toy olmurdu ki, orda iştirak etməyək, dəvət almayaq... Balabançılar: Salyandan- Manaf Məmmədov, Əliməmməd Əmrahov, Cəlilabaddan- Mikayıl, Əhməd digər tanınmışlarla birlikdə olurduq. Həmin illərdə sənətkara el məhəbbəti bizi ruhalndırıdı.

- Elə çıxır ki, indi yoxdur?

- Əslində, yaralı yerimə toxundunuz, bəlkə bu sahəyə olan əvvəlki, el məhəbbətinin olmaması, naşıların bu sahəyə ayaq açmasıdır...

- Yaxşı xatirimdədir, 1999-cu ilin martında, Ümummilli Lider Heydər Əliyevin Biləsuvara səfərində qarşısında çıxış etmişdiniz...

- Bəli, həmin tarixi günü heç unutmaq olarmı? Rayon ictimaiyyəti ilə görüşündə dahi şəxsiyyət ayaq saxlayıb mənlə görüşməsi, onun aşıq- el sənətinə verdiyi xüsusi diqqəti idi. Sözləri ifası özümə məxsus olan "Naxçıvadadı" mahnısını sazla ifa edirdim:

 

Milli ənənəli, milli adətli,

Nağıl rəvayətli, şirin söhbətli.

Heydər baba kimi dünya şöhrətli,

Yetirən insanlar Naxçıvandadır.

Əlifağa, sazınla düş soraq-soraq,

Heyran diyarında qalginən qonaq.

Yoluna gül-çiçək səpərlər ancaq,

Əziz, mehribanlar Naxçıvandadı.

Heydər baba kimi dünya şöhrətli,

Yetirən insanlar Naxçıvandadır.

Elə bu an O, gülər üzlü sima əlini uzadıb mənim əlimdən sazı aldı sazın gözəlliyini seyr etdi: "Sənin gözəl sazın var, özününküdü?" deyə təbəssümlə üzümə baxdı. Həyatımın ən xoşbəxt anları hesab edirəm o günü, indi ...

- Fəaliyyət dövrünüz ilə yadda qalıb?

- 1968- ci ildən Aşıqlar Birliyinin üzvüyəm. Dəfələrlə Azərbaycan qəzəllərinin festival laureatçısı olmuşam. Azərbaycan Dövlət Filormoniyasında, Azərbaycanın tanınmış aşıqları: Aşıq Şakir Hacıyev, Məmmədağa Babayev, Pənah Pənahov, Alxan Əsgərov, Bəylər Qədirov və Qurban Sadıqovla qastrol və konsertlərdə olmuşam. Az.Tv-də çıxş etməklə zəngin filmotekada 15-ə yaxın aşıq mahnılarım saxlanılır. 1973 və 1978-ci illərdə Respublika Aşıqlar Qururultayının iştirakçısı olmuşam.

- Övladlarınız arasında musiqiçi olanı varmı?

- 5 oğul övladımın hər biri musiqi sahəsində çalşır. Zahir müğənnidir, Əmizadə sintizator, Zamin, MüşfiqAnar zərb alətlərinin mahir bilicisi və ifaçılarrıdır, bir sözlə ailə ansanbılımız var.

- Məclislərin söz pəhləvanı Aşıq Əlifağa xeyli müddət olar meydanda görsənmir...

- Sənətkarı el yaşadır. Lakin aidiyyatı təşkilatın, bura rəhbərlik edənlərin laqeyd münasibətini görəndə əlin işdən bir qədər soyuyur. Aşıq sənəti, aşıq kəlməsi çox qiymətlidir. Yaxşı olar ki, hər kəs öz gücünü. Öz qiymətini bilsin. Aşıq sənətinin müqəddəsliyini dərk edib, onu cılızdırmasın, hörmətdə saxlamağı bacarsın. Açığı naşı insanların, bəzi yaramazların bu sənətə ayaq açması, sazın hörmətinə xələl gətirməklə məni küsdürmüşlər.

- Yəni, bu qədər bədbin olmuşsunuz?

- Xeyr, sualınıza elə öz yazdığım bir bənd şeirlə cavab verəcəm:

 

Ucaldım el qədrini biləndən sonra,

Ad aldım sənətə gələndən sonra,

Əlifağayam, hələ öləndən sonra,

İzim eldə qalasıdır, qalası,

Dostlar, mənəm Azərbaycan balası.

 

Allah verdiyi ömrü sonadək saza-sözə, şeirə həsr edəcəm. Çünki, ana dilimizin ən böyük söz sərraflarından ədəbi dil normalarının formalaşmasında müstəsna xidmətləri olan Şah İsmayıl Xətai söz haqqında belə demişdir:

 

Söz vardır - kəsdirər başı,

Söz vardır - kəsər savaşı.

Söz vardır - ağulu aşı,

Bal ilən edər yağ bir söz.

 

- Təşəkkür edirik, aşıq. Xeyir işlərdə, məclislərdə görüşək, inşallah.

 

Samir QURBANOV,

Biləsuvar

Ədalət 2017.- 19 dekabr.- S.8.