Bəşəri ideyalar carçısı

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi fikir tarixində, dövlətçilik sisteminin formalaşmasında, mədəni həyatında böyük rol oynayan Səmədağa Ağamalıoğlunun (1867-1930) anadan olmasından 150 il ötür. Sosial-demokrat ideologiyasının mükəmməl daşıyıcısı olan bu tarixi şəxsiyyətin fəaliyyəti çoxşaxəli və əhatəlidir.

S.Ağamalıoğlu təkcə Azərbaycanda deyil, bütövlükdə Qafqazda sosialist ideyasının təməl prinsiplərini müəyyənləşdirən və həyata keçirən ideoloq, təşkilatçı deyil, həm də fəal publisist, naşir, ədəbi tənqidçi, ən mühümü isə türk xalqlarının həyatında müstəsna xidmətləri olan əlifba islahatçısı, türkoloqdur. 1926-cı ilin fevralın 25-dən martın 6-na kimi davam edən I Bakı Türkoloji qurultayını xatırlamaq kifayətdir ki, S.Ağamalıoğlunun mədəni, elmi-fəlsəfi düşüncə sistemində oynadığı böyük rol göz önünə gəlsin. Rusiya, Avropabir çox Qərb alimlərinin I Bakı Türkoloji qurultayı barədə tədqiqatlarında S.Ağamalıoğlu bu mədəni inqilabın təşkilatçısı deyil, ideoloqu kimi də xatırlanır, yad edilir. Mirzə Fətəli Axundovun başladığı, amma dövrün, tarixi şərtlərin imkan vermədiyi bu böyük missiyanı S.Ağamalıoğlu ömrünün sonunadək şərəflə, uğurla apara bildi.

Bununla da xurafatın, geriliyin qurbanı olan Rusiya türkləri ilə yanaşı, Osmanlı imperatorluğunun qalıqları üzərində M.Kamalın qurduğu yeni Türkiyənin həyatında da müstəsna rol oynadı. Türk dilinə tətbiqində ərəb əlifbasının çoxsaylı, həm də qəbul olunmaz dərəcədə uyğunsuzluq yaratdığını M.F.Axundov da, M.Şaxtaxtinski də, Mirzə Cəlil də dəfələrlə söyləyir, əlifbanın dəyişilməsinin yollarını arayırdılar. XX əsrin əvvəllərində Azərbaycan maarifçiləri, Türkiyə ziyalıları əlifba islahatını dönə-dönə təkrarlamasına baxmayaraq problem hələ də qalırdı. Böyük mütəfəkkir, filosof Əhməd bəy Ağaoğlu ərəb qrafikasının dəyişdirilməsini dövrün zərurətinə çevrildiyini M.K.Atatürkə təqdir edir, onu inandırmağa çalışırdı. Azərbaycanda isə bu işə başlamağı ağsaqqal Ağamalıoğlu lazım bilir, hətta dünya sosialistlərinin, bolşeviklərin "atası" Leninə məruzə edir və razılığını almağa səy göstərirdi. Şərqin mədəni geriliyinin əsas səbəbini ərəb əlifbasının çətinliyində görən S.Ağamalıoğlu gətirdiyi dəlillər, faktlarla nəhayət ki, Lenini inandırdı. Bununla da əsrlərlə xalqın müasir elmitexniki biliklərdən kənarda saxlanılmasına əsas olan ərəb əlifbasının islahına başlanıldı, latın qrafikalı əlifbaya keçidin əsası qoyuldu. Cəhalətə, savadsızlığa, xurafata zərbə vuran bu böyük mədəni inqilabın başında S.Ağamalıoğlu və onun komandası dayanırdı. Kim idi bu komandanın üzvləri? Azərbaycanın mədəni təsisatlarını, milli teatrını və səhnə quruluşunu, anadilli mətbuatını yaradan, ilk dərslikləri yazan şəxsiyyətlər bu işıqlı yolun davamçıları, dəstəkçiləri və təbliğatçıları oldular. Milli ictimai fikir tariximizdə "Molla Nəsrəddin"çilər məktəbi yaradan Mirzə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Azərbaycan Xalq Cümhuriyyətinin fəal publisistləri Xəlil İbrahim, Fərhad Ağazadə, özbək türkcəsini mükəmməl bilən, ədəbiyyat müəllimi Xalid Səid, türkoloji elmdə bu gün də yaratmış olduğu məktəbdən bəhrələndiyimiz Bəkir Çobanzadə kimi böyük düşüncə, elm və əməl sahiblərinin bir araya gətirilməsi Azərbaycanın sovetləşməsinin ilk illərində mühüm hadisə idi.

I Bakı Türkoloji qurultayının təşkili və keçirilməsində S.Ağamalıoğlu ilə birgə çalışan, 1925-ci ilin sentyabrın 5-dən noyabrın 5-dək onunla birgə Orta Asiyada səfərdə olan Xalid Səid yazır: "Ərəb dilinin qayda qanunları onu əsəbiləşdirirdi.

S.Ağamalıoğlu deyirdi ki, yazıq türk balalarını bu fəlakətdən qurtarmaq lazımdır. Ərəb əlifbasını çıxarıb atmalı və onun yerinə yeni əlifbanı həyata keçirməliyik". X.Səid onu da yazır ki, türk ədəbiyyatı S.Ağamalıoğlunun ixtisası olmasa da o, bu ədəbiyyatın tədqiqi ilə müntəzəm məşğul olur, müqayisələr, təhlillər aparırdı. Türk ədəbiyyatı tarixini tədqiq etməyin səbəbi həm də onda idi ki, "o ərəb əlifbasını yeni əlifba ilə əvəz etsək, əski ədəbiyyatda ayrılacağıq" deyənlərə əsaslı cavablar axtarırdı. Ərəb əlifbasının islahı deyil, latın qrafikasına keçidin birmənalı tərəfdarı və əsas ideoloqu olan S.Ağamalıoğlu təkcə Azərbaycanda deyil, türk dünyasında əlifba dəyişikliyinə fərqli münasibətləri öyrənir və dövri mətbuat səhifələrində silsilə məqalələr, araşdırmalarla çıxış edirdi.

Tatarıstan, Krım, özbək, kazax maarifçilərinin düşüncələrinə yaxından bələd olan islahatçı dövlət xadimi bir ay yarım çəkən Orta Asiya səfərində savadsızlığın, cahillikgeriliyin ərəb əlifbasının çətinliyində görür və yəqin edirdi ki, türkləri mədəni dünyadan ayrı salan ən əsas səbəb budur. Bir o qədər də xoş olmayan səfərdən sonra S.Ağamalıoğlu əlifba dəyişikliyini sürətləndirmək üçün bütün metodlardan, hətta inzibati rıçarqlardan yararlanaraq ətrafına xeyli sayda ziyalı tərəfdar toplaya bildi. Beləliklə də 1926-cı ilin fevralın 25-də Bakıda I türkoloji qurultayın keçirilməsinə və əlifba dəyişikliyində vahid mövqeyin formalaşmasına əsaslar yaratdı.

S.Ağamalıoğlu təkcə silsilə məqalələr qələmə almır, türk dünyasının Avropa mədəniyyətinə yaxınlaşması problemləri barəsində kitablar yazır, çap edirdi.

Bu böyük şəxsiyyətin 1924-1929-cu illər ərzində əlifba islahatı, savadsızlığın ləğvi, qadın azadlığı, dini xurafata qarşı mübarizə, müasir ədəbiyyatın təhlili və səhnə mədəniyyətinin formalaşması barədə məzmunca zəngin 8 kitabı işıq üzü görüb. "Bizim yolumuz hayanadır" (1924), "Türk aləmində mədəni məsələlər" (1924), "Türk xalqlarının təxirəsalınmaz mədəni ehtiyacları" (1925), "Elmdən və tarixdən" (1927), "Oktyabr inqilabı və yeni əlifba" (1927), "İki mədəniyyət" (1929), "Namus" (1929) adlı kitabları dövrün ən aktual problemlərini əhatə edir.

Bu kitablar əlifba islahatının səbəbləri, türk dünyasının birliyinə əngəl törədən tarixə qayıdış nəzəriyyəsinin çürüklüyü, məshəb ayrı-seçkiliyinin yaratdığı problemlər və müasir dünyaya inteqrasiyanın metodlarına həsr olunub. Bu gün müasir tarixçilərin, türkoloqların və teoloqların düşüncələrinə, fikir məhsullarına diqqət yönəltdikdə aydın olur ki, S.Ağamalıoğlunun baxış sistemi heç də köhnə deyil, yenə də aktualdı. Təəssüf ki, ideoloji ehkamlardan xilas olmayan elmi-nəzəri sisteminiz vaxtilə nəşr olunub, bütöv bir dövrü təhlil edən bu sayaq kitablara həssas yanaşmır.

S.Ağamalıoğlunun siyasi fəaliyyətinin tədqiqi də yetərincə araşdırılmayıb, bəzi kitablarda onun "Hümmət" firqəsinə mənsubluğu və Azərbaycanın II Respublika dövründəki fəaliyyəti qısa tezislər şəklində ictimaiyyətə çatdırılıb. M.S.İsgəndərovun, Zülfəli İbrahimovun, Xəlil Nəcəfovun tədqiqatlarında S.Ağamalıoğlunun 1920-ci ildən sonrakı siyasi mübarizəsinə həyat və fəaliyyətinə daha çox yer verilib. Amma arxiv sənədləri, 1905-1920-ci illərə aid dövri mətbuat səhifələri bu tarixi şəxsiyyətin siyasi həyatının, ictimai düşüncəsinin, publisistik yaradıcılığının müxtəlif spektirlərini ortaya çıxarır.

 

(ardı gələn sayımızda)

 

SALATIN ƏHMƏDOVA,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Ədalət $g 2017.- 19 dekabr.- S.7.