"SƏHRADA AÇILAN TƏNHA GÜLƏM MƏN"

 

İltizam Rüstəmin kitabı haqqında qısa qeydlər

 

Bugünlərdə redaksiyamıza gəlmişdi. İlk qarşılaşmada onu tanımadım. Özü hiss etdi. Dərhal da sual verdi:

- Deyəsən tanımadın?

açığını deyim ki, səsi təqdim etdi özünü mənə, xatırladım dərhal. İllər onu çox dəyişmişdi, amma səsi olduğu kimi qalmışdı. Bu, həmkarım, xətrini çox istədiyim, əslən Beyləqandan olan uzun müddət mətbuatımızda külüng çalmış İltizam Rüstəm idi. onu oxucular daha çox "Sovet kəndi" qəzetində oxuyurdular, orda qarşılaşırdılar İltizam müəllimlə. Elə mən onunla öncə qəzet səhifəsində qarşılaşdım, sonra həyatda.

İllər ötdü, bir-birimizi daha yaxından tanıdıq, hətta ailələrimizdən xəbərdar olduq. bir gördük ki, illərin kürəyini yerə vurmuşuq. Sonra da həyatın burulğanı bizi müxtəlif səmtlərə atdı. Təbii ki, yaş da öz sözünü dedi. İndi isə "Ədalət"in redaksiyasında görüşürük İltizam müəllimlə, hal-əhval tuturuq, keçmişləri xatırlayırıq. Ayrılıb gedəndə mənə özünün kitabını bağışlayır. Bu gün o kitabdan danışmaq istəyirəm sizə - İltizam Rüstəmin kitabından...g

Kitab İltizam Rüstəmin şeirlərindən publisist düşüncələrindən ibarətdir. Özü bu şeirlərin sonundakı zamanı göstərən rəqəmlər yarım əsri arxada qoyublar. Hətta o şeirlərin arasında 55 yaşını tarixin arxivinə verənlər var. bu kitab müəllifi oxuculara özünü təqdimlə başlayır. Onun yazdığı isti səmimi fikirlərdən bəlli olur ki, İltizam Rüstəm doğluduğu torpaqla, aid olduğu ailəylə, yaşadığı ömürlə bir özünün ardınca gələnlərlə qürur duyur yazır: "Məni bu ilham, bu həvəslə Vətənə, xalqa bəxş edən bir dünya var" - təbii ki, o dünyanın da adı Beyləqanın Dünyamalılar kəndidi. Kitabın redaktoru Zülfüqar Şahsevənli kitaba yazdığı xeyir-duada vurğulayır ki, "İltizam Rüstəm ulduzlu göylərin altında, genişliyin qoynunda dünyaya göz açıb. Yaylaqlara üz tutan zınqırovlu dərələrin dırnağı ilə göy qaşıyan yel qanadlı atların ləngərli, möhrəm yerişini Vətəndən, Araz qırağından uzaqlara uçub gedən durnaların qərib, qəmgin səsini, avazını eşidib. Şeirlərindəki həzinlik, kövrəklik, qəzəb, hay-haray elə burdan - doğulduğu torpaqdan başlayır. Beyləqanın ucu-bucağı görünməyən bərəkətli çölləri onun şeir, nəğmə dəftəridir.

Zənnimcə, Zülfüqar müəllimin bu təqdimatı artıq oxucunu İltizam Rüstəmin söz dünyasına hazırlıqlı şəkildə üz tutmağa kökləyir. Elə ilk şeirdən həmin ovqatın içərisinə daxil olur:

 

Bu torpaqda qul olmayın,

Siz şah olun.

Nərə olun, "Segah" olun,

Alov saçan bir ah olun.

Agah olun, ey insanlar,

Agah olun!

Tariximiz qara yanvar

Bu gün qan var!

Şəhid qardaş, şəhid bacı

"Dost" əlindən aldıq zəhər,

Aldıq acı.

Kimə qaldı Qorbaçovun

Viran olmuş taxtı-tacı?

Agah olun, ey insanlar,

Agah olun!

Tariximiz Qara yanvar

Bu gün qan var.

 

Bəli, hər birimizin yadaşına qanla yazılmış qara yanvarla bağlı bu elegiyanı oxuduqca İltizam Rüstəmin səsinə səs vermək, onun şəhidlər qarşısındakı sonsuz ehtiramına qoşulmaq istəyi oxucunun qəlbinə hakim kəsilir. bir hiss edir ki, şair onu vətənin çağırışına kökləyir. Çünki səni Vətən çağırır.

 

Ayağa dür, səngəri qur,

Dostu tanı, düşməni vur.

Elə bil ki, dünya qopur

Vətən səni çağıranda.

 

Çəkiclə get, oraqla get,

Silah götür yaraqla get.

Odu, közü ayaqla get,

Vətən səni çağıranda.

 

Zənnimcə, çox səmimi bir duyğularla, həm mübarizlik hopmuş notlarla qələmə alınmış bu misralar şairin dünyasının ifadəsidir.

Mən maraqla oxuduğum bu kitabda İltizam Rüstəmin doğulduğu torpağa, dostlara, doğmalara ünvanladığı misraların da eyni ovqatla, eyni səmimiyyətlə yazıldığının şahidinə çevrildim. Yəni bu hisslər məni öz qoynuna aldı. Onun Beyləqan şeirində bir məqam xüsusilə məndə kövrək hisslər yaratdı. Çünki şair həqiqi övlad sevgisiylə, Beyləqan adıyla, Beyləqan sözüylə qürur duyduğunu misralaya bilibdi. bu misralar torpağını canı qədər sevən oğulun ürək pıçıltılarıdı. İltizam Rüstəm yazır:

 

Taleyimin, bəxtimin

Ayrı bir anası yox.

Torpaq ömür bəzəyir,

Özgə təmənnası yox.

Elim, obam Beyləqan,

Ulu babam Beyləqan.

 

bir elə həmin o sevgiylə üzünü Şuşaya tutur. Şuşa həsrətimizi, Şuşa dərdimizi misralayır:

 

"Ah" çəkib qara bağlama

Haqq, ədalət gələcəkdir.

Bizim tale günəşimiz

Qarabağdan güləcəkdir.

 

Bəli, sizə təqdim etdiyim "Səhrada açılan tənha güləm mən" kitabı oxucular üçün Vətənlə, torpaqla, sevgiylə, həsrətlə, Qarabağa çağırışla səs-səsə verən misraların çələngidi. Düşünürəm ki, İltizam Rüstəmin bu rəngarəng duyğularının çələngi olan kitabı hər kəsin qəlbinə yol tapacaqdı.

 

Ədalət  2017.- 19 dekabr.- S.6.