Bəşəri ideyalar
carçısı
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən sayımızda)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə sərəncamı müxtəlif ideologiya daşıyıcısı olan cümhuriyyət qurucularının həyat və fəaliyyətinin araşdırılması üçün geniş imkanlar yaradır. S.Ağamalıoğlu Azərbaycan Xalq Cümhuriyyətinə gedən çətin, şərəfli yolda fəaliyyət göstərən, rüşvətə, korrupsiyaya, yoxsulluğa qarşı mübarizə aparan və ömür boyu sosial demokrat ideologiyasına sadiq qalan tarixi şəxsiyyətdir. XIX əsrin sonu, XX əsrin əvvəli təkcə Qafqazda deyil, Rusiyada və bir sıra Avropa ölkələrində sosial-demokrat ideyasının cəlbediciliyini nəzərə alsaq, S.Ağamalıoğlunun Rusiyada təhsil alıb ilk ixtisaslı topoqraf kimi Vətənə geri dönməsinə diqqət yönəltsək, onun siyasi amal və məqsədi aydın olar. Fakt odur ki, M.Ə.Rəsulzadə, N.Nərimanov, T.Ş.Simurq, M.B.Məhəmmədzadə və digər görkəmli şəxsiyyətlər siyasətə sosial-demokratlar olaraq qatılıb.
I Dünya savaşından sonra Azərbaycan siyasətçilərinin bir qismi fəaliyyətlərində milliyyətçiliyə üstünlük versə də, amma N.Nərimanov, S.Ağamalıoğlu, Ə.Pepinov, Ələkbər ağa Şeyxülislamov kimi şəxsiyyətlər sosial-demokrat platformasını tərk etməyiblər. Tarixi faktlar onu göstərir ki, N.Nərimanovun liderlik etdiyi Bakı "Hümmət"çilərdən fərqli olaraq S.Ağamalıoğlunun rəhbərliyindəki Tiflis "Hümmət"çiləri 1917-ci ilin noyabrında Rusiya Müəssisələr Məclisinə keçirilən seçkilərdə iştirak edərək 84 min 748 səslə parlamentdə 4 nəfərlə təmsilçilik hüququ qazanıb. 1918-ci ilin yanvarın 5-də Müəssislər Məclisinə Zaqafqaziyadan seçilən millət vəkilləri bolşevik çevrilişindən sonra Rusiyaya gedə bilməməsi səbəbindən Zaqafqaziya Seymində birləşməli oldular. Beləliklə, sosial-demokrat "Hümmət" firqəsindən S.Ağamalıoğlu Seymin müsəlman fraksiyasına üzv olur.
Parlament üzvü kimi Seymdə fəal iştirak edən S.Ağamalıoğlu Zaqafqaziyanın müstəqilliyinin tərəfdarı kimi çıxış edir, həllini gözləyən vacib problemlərə mütəmadi münasibət bildirirdi. Seymin 1918-ci ilin aprelin 6-dakı iclasında "Hümmət" partiyasının siyasi mövqeyi barədə müzakirələr keçirilir və S.Ağamalıoğlu müstəqillik məsələsində əqidədaşları arasında fikir ayrılığı olmadığını bildirir:
"Demokratiyanın mənafeyi üçün biz Zaqafqaziyanın müstəqilliyinin tərəfində dururuq. Bizim başlıca məqsədimiz müstəqillikdir".
Zaqafqaziya Seyminin dağılmasından sonra 1918-ci ilin mayın 28-də Azərbaycanın istiqlalını elan edən Milli Şuranın bu qərarı S.Ağamalıoğlunun da üzv olduğu "Hümmət"çilər tərəfindən alqışlanır. Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoyski, X.Xasməmmədovdan sonra çıxış edən S.Ağamalıoğlunun əqidədaşı Ə.Şeyxülislamov müstəqilliyin elan olunmasının vacibliyini və təxirəsalınmazlığını əsaslandırır.
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin millət vəkili kimi S.Ağamalıoğlu fəal parlamentarizm siyasəti yürüdür, aktual və vacib məsələləri müzakirəyə çıxarırdı. Dövlət büdcəsinin təsdiqi, yerli məmurların özbaşınalığı, polis, kömrük, jandarma sistemindəki əliəyrilik faktlarının tənqidi onun mübariz millət vəkili obrazını formalaşdırırdı. S.Ağamalıoğlu Cümhuriyyət parlamentində aqrar komissiyaya rəhbərlik edir, vaxtaşırı torpağın kəndlər arasında bölüşdürülməsini gündəmə gətirirdi. Çoxsaylı çıxışlarında o tənqidi fikirlər səsləndirir, məmurları ciddi tənqid atəşinə tuturdu. Bakı Dövlət Universitetinin açılması barədə parlamentin 1919-cu il 21 aprel iclasında müzakirələrdə fəallıq göstərən S.Ağamalıoğlu bu ali təhsil müəssisəsini təsis etməyə mane olanlara tutarlı cavab verərək deyirdi: "Burada söyləyirlər ki, universitet 18 milyon pul aparır, ona görə, onu hələlik açmaq olmaz. Mən isə deyirəm ki, universiteti açmaqla biz gələcəkdə 18 milyard manat mənfəət götürəcəyik. Bu universitet bir palıd ağacına bənzəyir, basdırsan 20 ildən sonra nəhəng palıd ağacına çevrilir. Bir halda ki, fürsət, məqam özü gəlib, professorlar var, özləri gəlib işləmək istəyirlər, onları əldən buraxmaq olmaz".
S.Ağamalıoğlu dövrünün ən fəal siyasi xadimi, parlament üzvü olmaqla bərabər publisisti və naşiri idi. I Dünya Müharibəsi illərində, hətta bu tarixdən bir az əvvəl də onun "Musulmanskaya qazeta", "Zakafkazskaya reç", "Zarya" qəzetlərində ədəbiyyat, din, torpaq məsələləri barədə siyasi publisistik yazıları, təhlilləri çap olunurdu.
1918-ci ilin iyununda onun rəhbərliyi ilə Azərbaycan dilində Tiflisdə "Gələcək" adlı qəzet nəşr olunur. Əsas məqsəd Qafqazda sosail-demokrat ideyasının yayılması və "Hümmət"in sosial bazasını formalaşdırmaq olan "Gələcək" qəzetinin əldə olunan sayları onu deməyə əsas verir ki, bu mətbu orqan Azərbaycan Xalq Cümhuriyyətinə müxalif mövqedə dayanmayıb. Azərbaycan milli hökumətinin gördüyü tədbirlər, islahatlar, Qafqaz İslam Ordusundan sonra ingilislərin Bakıya gəlməsi, M.Ə.Rəsulzadənin Bakını Azərbaycandan ayırmaq cəhdlərinə qarşı Türkiyə mətbuatına verdiyi nota və müsahibələr "Gələcək" qəzetinin səhifələrində əks olunub. Bu qəzet ilə yanaşı elə həmin ilin oktyabr ayında rusca nəşr olunan sosial-demokrat menşevik "Probujdeniya" qəzetində də S.Ağamalıoğlu fəallıq göstərir, əsas diqqəti fəhlə və kəndlilərin hüquqlarının qorunmasına yönəldir və torpaqların kəndlilərə verilməsini təbliğ edirdi.
Çox təəssüf ki, sovetlər dönəmində olduğu kimi, Azərbaycanın müstəqilliyinin bərpasından sonra bir sıra tarixi şəxsiyyətlər kimi S.Ağamalıoğlunun irsi də tam şəkildə araşdırılmayıb.
Azərbaycan Xalq Cümhuriyyətindən sonra II Respublika dövründə S.Ağamalıoğlu təcrübəli dövlət xadimi, xalqın marağını müdafiə edən ziyalı, bəşəri ideyalarla zəngin siyasətçi kimi tanınır, sevilir, sözü ümumittifaq miqyasında eşidilirdi. O, 1920-ci ilin aprelindən sonra Kommunist Partiyası sıralarına qatılır və yenicə formalaşan Azərbaycan Sovet Cümhuriyyəti hökumətində Xalq Torpaq komitəsinin sədri olur. Torpağın milliləşdirilməsi, fəhlə və kəndlilərə paylanılması barədə dekret imzalayır. Həmin günləri xatırlayan S.Ağamalıoğlu yazırdı: "Həmişə demişdim ki, torpaq mülkədarların, bəylərin və ağaların deyil, torpaq onu becərən zəhmətkeşlərin malı olmalıdır. Tarix elə gətirdi ki, indi 1920-ci ildə mən bu dekreti imzalamalı oldum. Əlbəttə, mənim üçün bundan böyük mükafat ola bilməzdi". S.Ağamalıoğlu 1921-ci ildə Azərbaycan SSRİ Mərkəzi İcraiyyə Komitəsi sədrinin müavini, Sov.İKP MK-nın üzvü, Azərbaycan SSRİ MK sədri və Zaqafqaziya MİK-nin sədrlərindən biri (1922-1929-cu illər) olaraq ölkənin iqtisadi və mədəni inkişafına öz əvəzsiz töhfələrini verib, yorulmadan çalışıb.
Azərbaycanın dövlətçilik tarixində məxsusi yeri olan S.Ağamalıoğlunun bu il 150 yaşı tamam olur. İnanırıq ki, bu unudulmaz şəxsiyyətin həyatı, fəaliyyəti onun yubiley ilində geniş tədqiq ediləcək, ictimaiyyətə çatdırılacaqdır.
SALATIN
ƏHMƏDOVA,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Ədalət 2017.-
20 dekabr.- S.7.