QƏZƏNFƏR MÜƏLLİMİN
ŞUŞAYA YÜRÜŞÜ NİYƏ BAŞ TUTMADI?
Bir şair
kimi təqdir etdiyimz Əjdər Olun "525-ci qəzet"in
səhifələrində hekayələri
ilə də rastlaşırıq. Şeirdən nəsrə "keçidi" təbii qəbul etmək lazımdır, burada istedadın rolu mühüm rol oynayır. Əlbəttə, nəsrin öz
ciddi qayda-qanunları var və Əjdər
Olu bu hekayələrdə
bir nasir kimi görürük.
"Hərbi səhra
komandirinin meymunu",
"Qədir", "Fa",
"Usta Yusifin kamançası", "Cehiz"
hekayələri Ə.Olun
müasir həyat hadisələrinə şeirdən
tamam fərqli tərzdə yanaşdığının
şahidi oluruq. Ə.Ol bu hekayələri,
həmçinin çox-çox
əvvəl qələmə
aldığı "Yazıçı
Namiq Abdullayevin axırı", "Rafiq
Tağı ki, Rafiq Tağı",
"Kür Əlisəmid",
"Qrafoman" və
s. portret yazılarını
"Qəzənfər müəllimin
Şuşaya yürüşü"
hekayələr kitabına
daxil edib.
Biz bu hekayələrdən
ancaq biri haqqında- "Qəzənfər
müəllimin Şuşaya
yürüşü"ndən söz açmaq istəyirik.
Ə.Olun bu hekayəsi onun digər hekayələrinə nisbətən daha həyatidir - desək, yanılmarıq. Bu hekayədə yaşadığımız cəmiyyətin, içərisində dolaşdığımız mühitin, az qala hər saatda, hər gündə rastlaşdığımız hadisələrin izinə düşürük. Bu gün hər bir azərbaycanlının bir Qarabağ dərdi var. Dəxli yoxdur, bu dərdi kim içərisində daha çox yaşadır, kimisi isə az, hər halda dərdin çəkisini ölçmək fikrimiz yoxdur. Ə.Ol bu dərdi ürəyində yaşadan və günlərin bir günündə daha dözə bilməyib özünə, məsləkinə yaxın adamlarla birgə Şuşaya yürüş etmək istəyən Qəzənfər müəllimin hekayətini bizə nəql edir. Əlbəttə, təkcə Qəzənfər müəllimin deyil, onun mənsub olduğu "Qeyrət" təşkilatının da... "Yarandığı gündən "Qeyrət"in hirsi-hikkəsi soyumurdu, "qan-qan" deyirdi, coşub-kükrəyirdi, ağzından od-alov püskürürdü. Təşkilatın üzvləri Qarabağ məsələsində BMT-nin, ATƏT-in dediyini nəinki hərləmirdirlər, hətta efirdə, mətbuatda gündəmdən düşməyən "sülh-mülh" söhbətlərini yerli-yersiz lağa qoyub döşlərinə döyə-döyə Qarabağı silah gücünə basmarlayıb geri qaytarmaqdan dəm vururdular". Tanış mənzərədir, eləmi? Məmləkətimizdə bu cür düşünən insanlar az deyil və əlbəttə, məsələni heç ictimailəşdirmədən deyə bilərik ki, bu insanları qınamaq da olmaz. İyirmi ildən artıq doğma yurd həsrətinin içəridə korun-korun tüstüləndiyi, fərdlərin psixologiyasında dəhşətli bir səbirsizlik, dözümsüzlük yaratdığı bir zamanın hadisəsidi bu. Əjdər Ol bu hədisəni maraqlı bir "oyun" süjetinə yerləşdirir. Qəzənfər müəllim Şuhaya at üstündə getməyi qərara alıb. "Qəzənfər müəllimin imkanı olsaydı, zamanı çox yox, yüz əlli, iki yüz il geri fırladardı və olardı, məsələn, Qəzənfər xan, onda bilərdi neyləyərdi. Canından gizilti keçdi, başıaçıq olsa da, başında xanlara layiq naxışlı dəmir dəbilqə, əynində döyüş kaftanı, qollarında qolçaq, belində qızıl kəmər, bir əlində qalxan, bir əlində qılınc hiss elədi. Bir anlıq o, atın belindən seyrə daldığı boş çölləri döyüş meydanına oxşatdı. Ax, indi atı nə şahə qaldırıb kişnədərdi və başının dəstəsinə əmr edərdi ki..." Ancaq bu xəyallar çox keçmədən puç olur: "Dəstə elə bir qədər irəliləmişdi ki, "qıy" düşdü. Rayonun polis maşınları ulaya-ulaya qaranəfəs özlərini çatdırdılar hadisə yerinə". Hekayədə dramatizm, gərginlik artır, "oyun" içində yeni bir "oyun" yaranır. Polis rəisi ilə Qəzənfər müəllim arasında "danışıqlar" başlanır. Beşcə dəqiqəlik söhbətdən sonra polis rəisinin "oyunu" baş tutur, yalançı bir qarşıdurma planlaşdırılır, Qəzənfər müəllim buna könülsüz razı olsa da, dəstə üzvləri "həbs olunur" (sonradan heç birinin burnu qanamadan azad olunurlar) və beləliklə, Şuşaya yürüş baş tutmur. Hekayənin ironik, bir az da komik "oyun" manerası dəyişir, sırf nisgilli, kövrəldici məqamlar gəlir. Məlum olur ki, polis rəisi Şuşadandır: "Şuşaya getmək mümkün olsa, elə birinci özüm gedərdim də. Bir vaxt babalarıngilin Şuşanın Xoca Mərcanlı, Qurdlar məhəllələrindəki evlərinə getdiyin kimi". Məlum olur ki, polis rəisi də Qəzənfər müəllim kimi Qarabağ müharibəsindən keçib. Onların "Cıdır düzü" restoranındakı söhbətində isə hər ikisinin xarakteri bir nöqtədə "birləşir", Şuşaya yürüş etmək istəyən Qəzənfər müəllimlə bu yürüşün qarşısını alan polis rəisi Yengibarın düşüncələri arasında bir doğmalıq yaranır: "Bu vaxt yenə Qəzənfər müəllimin cib telefonu Üzeyir bəyin "Üvertüra"sını çalmağa başladı... Yengibar müəllim ya Üzeyir bəyin musiqisinin təsirindən, ya Şuşanın adının ayrı cür çəkildiyindən, ya da nədənsə özünü saxlaya bilməyib bərk tutuldu və doldu. Qəzənfər müəllim də kövrəldi. Elə mağmın-mağmın dayanmışdılar ki, bu vəziyyətdə onları yezid də görsəydi, dözməyib yumaşalardı. Hələ, bəlkə, hönkürtü vurub gözlərindən gildir-gildir yaş da tökərdi".
Bizcə, hekayənin finalındakı bu təsirli səhnə hər şeyi deyir. Qəzənfər müəllimin Şuşaya, at üstündə yürüşü baş tutmasa da, biz gec-tez Qabilin məşhur şeirindəki "Ümid sənədir ancaq Azərbaycan əsgəri" çağırışını eşidəcək, Qəzənfər müəllimlərin elə o polis rəisinin müşayiəti ilə Şuşaya yürüş edəcəklərinin şahidi olacayıq.
Ə.Olun hekayəsi bitkin bir struktura, kompozisiyaya malikdir. Klassik hekayələrimizə
xas olan bir sıra məziyyətlər
burada qabarıq nəzərə çarpır.
Sanki müəllif özü görünmür,
amma bir təhkiyəçi kimi hadisələrin reallığına
heç bir xələl gətirmədən
onları inandıcı
lövhələrlə təqdim
edir, obraza süni cizgilər artırmır və ən maraqlısı budur ki, Ə.Olun
hekayələrində yumoristik
çalarla sırf lirik və dramatik
lövhələr bir-birini
əvəz edir.
Ə.Olun oxunaqlı hekayələrindən biri-"Qəzənfər müəllmin
Şuşaya yürüşü"ndən
aldığımız təəssüratımız
bu idi...
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Ədalət 2017.- 20 dekabr.- S.7.