"Mənim müharibəm" mübarizəyə səsləyir...

 

 

Bu günə qədər Qarabağ müharibəsi haqqında çox kitablar yazılıb. Ümid edirəm ki, indən sonra da bu mövzuya müracitə edənlərin sırası seyrəlməyəcək. Təbiidir ki, bu, belə də olmalıdır, çünki Qarabağ bizim hələlik çarəsi tapılmayan ağrı-acımızdır. Tanınmış yazıçı və publisist Nemət Veysəllinin "Mənim müharibəm" adlı kitabı müharibə haqqında deyil, müharibədəndir, birbaş odlu-alovlu səngərlərdən və cəbhə bölgələrindəndir. Müharibənin ağrı-acıları Nemət Veysəllinin ürəyindən, qəlbindən keçib. Erməni qəsbkarları onun qoynunda doğulub boya-başa çatdığı Yuxarı Veysəlli kəndini işğal ediblər. Bir günün içində ata-baba yurdunu itirib, dərdlərinin üstünə ağır bir dərd də gəlib. Nemət müəllim bu ağrı-acıların sözlə şəklini çəkərək bütün dünyaya göstərmək istəyib. O şahidi və iştirakçısı olduğu bir çox hadisələri olduğu kimi qələmə alaraq sənədləşdirib ki, gələcək nəsillərə çatdırsın.

Tarixdə həmişə belə olub. Xalq dara düşəndə yaşından asılı olmayaraq hamı Vətənin müdafiəsi naminə silaha sarılıb yurdun xilasına atılıb. Qarabağ hadisələri başlanandan böyük narahatlıqlar içində yaşayan, hələ "Ulduz" jurnalında işləyərkən tez-tez cəbhə bölgələrinə gedən Nemət müəllim yaşı əllini keçsə də 1993-cü ilin mayında könüllü olaraq ordu sıralarına gəlib - "Azərbaycan Ordusu" qəzetində zona müxbiri kimi xidmətə başlayıb. Bakıdakı rahat evini yerini qoyaraq cəbhə bölgələrində, səngərlərdə olub, döyüşlərdə iştirak edib. Hətta bir-iki dəfə mühasirəyə düşüb, gərgin dəqiqələr, anlar yaşayıb. Komandirlərin bacarığı sayəsində təhlükədən qurtulublar. Uzun müddət ön xətdə xidmət edən Nemət Veysəlli yüzlərlə, minlərlə döyüşün iştirakçısı və şahidi olub. Bu illər ərzində neçə-neçə zabitlə, əsgərlə söhbət edərək bütün zamanlar üçün dəyərli faktlar toplayıb. Daim çantasında gəzdirdiyi dəftərçəsində qeydlər aparıb, isti-isti qısa xülasələr yazıb. Sonradan bu kiçik qeydlər böyük əsərlərə, kitablara mövzu verib. "Haran ağrıyır, Vətən", "Yaş həddinə görə...", "Mənim müharibəm" kitabları və onlarla, yüzlərlə oçerk və məqalələri bir vaxtlar qeydlər apardığı, indi üst-üstə qalaqlanan dəftərçələrindən boylanıb. İnanıram ki, bu qeydlər tükənməyib Nemət Veysəllini hələ qarşıda neçə-neçə yazılmamış əsərlər gözləyir. Yəqin ki, illər üst-üstə gəldikcə o, bir yazıçı kimi öz missiyasını yenə də uğurla davam etdirəcək...

Nemət müəllimin yenicə işıq üzü görmüş "Mənim müharibəm" adlı kitabını çox qısa bir zaman kəsiyində oxuyub bitirdim. Kitab maraqlı olduğundan vaxtın necə və nə zaman keçdiyini hiss etmədim. Buradakı hər söz, hər cümlə mənə tanış və doğmadır. Nemət müəllim təsvir etdiyi o səngərləri mən də addım-addım gəzərək o qanlı hadisələrin şahidi olmuşam. Amma Nemət Veysəllinin hadisələrə baxış bucağı, yanaşması, deyim tərzi bir az fərqli və maraqlıdır. Elə bilirəm ki, kitabın adı da çox uğurlu seçilib. Adətən "mənim evim", "mənim maşınım" və sair deyərlər. Heç kəs müharibəyə yaxın durub "mənim" deməz. Amma Nemət Veysəlli "Mənim müharibəm" sözünü dilinə gətirərək, onu kitabına ad seçməklə sanki müharibəni özünə bir az doğmalaşdırıb. Bu da ürəkdən gələn bir hissdir. Müəllif Qarabağ müharibəsini öz müharibəsi hesab edir, çoxları kimi yaxasını ondan kənara çəkmir. Bəri başdan deyim ki, kitab çox dəyərlidir. Ümid edirəm ki, yazıçının çəkdiyi əziyyət layiqincə qiymətləndiriləcək. Tam səmimi deyirəm, əgər bu işə səlahiyyitim çatsaydı, kitaba dünyanın ən yüksək mükafatını verərdim.

"Mənim müharibəm"in həcmi böyük olmasa da, onun dəyəri, mövzu yükü, məzmun çəkisi çox ağırdır. Mövzu yükü ağır olsa da yazıların dili çox sadə, anlaşıqlı, aydın və rəvandır. Mətnlərdə başa düşülməyən, ifadəsi çətin olan sözlər yoxdur. Kitabı oxuduqca adam özünü hadisələrin içində hiss edir. Müəllif təsvir etdiyi dövrü oxuculara geniş və təfərrüatı ilə çatdırmağa çalışır. Yazıçı hadisələrin birindən digərinə keçidi çox asanlıqla edir, abzasları bir-birinə çətinlik çəkmədən bağlayır. Mətnlərin dili çevikdir, ləngərli və ağır deyil. Kitab boyu oxucunun dodağı qaçmır. Hər söz, hər cümlə adamı düşündürür. Yazdığı əsərləri oxuduqca sətirlərin arasından Nemət müəllimin kədərdən yoğrulmuş səsini də eşidir, qayğılı çöhrəsini də görürük. Baçımıza gətirilən faciələrin nədən və niyə belə nəticələndiyinisanki müəlliflə qabaq-qənşər oturub dərdləşirik. Mövzuların geniş və əhatəli işıqlandırması yazıçı-publisist Nemət Veysəllinin peşəkarlığından, işinə məsuliyyət və diqqətlə yanaşmasından xəbər verir. Oxuculara təqdim olunan kitabda Nemət müəllimin başımıza gələn faciələrlə bağlı çoxlu haçalanan cavabsız sualları da var. O suallar bu gün də aktualdır, o suallar bu gün də cavabını gözləyir.

Hələ hadisələr başlamazdan bir müddət əvvəl Nemət müəllim doğma kəndlərində ev tikmək istəyir. Amma baş verən qanlı hadisələr onun istəyinin qarşısını Berlin divarları kimi kəsir. Bir müddət sonra isə ermənilər onun doğma kəndini işğal edib evləri yandırır, sakinlərini isə yurd-yuvalarından qovurlar. Neçə-neçə kənd sakini düşmən gülləsinə tuş gəlir. Bütün bu kədərli hadisələr kitabda ço təsirli əks olunub. Kitabı həmin dövrün güzgüsü adlandırsaq yəqin ki, səhv etmərik. O dövr çox qarışıqlıq idi. Müəllif həmin zamana belə güzgü tutur: "Gərgin və dolaşıq zamandı. Bəlkə də təpər, qeyrət bu cavanları evlərindən, ocaqlarından, uzaq salmışdı. Bəlkə də bu adamların sırasında əsl cəngavər, igidlər vardı. Bəlkə də tərsinə: cəsusdu, təxribatçıydı, başkəsəndi. Nə isə... yaman qarışıq zaman idi."

Nemət müəllim məqalələrini ürək ağrısı və vətəndaş narahatçılığı ilə qələmə alır. Onun yazdıqlarını oxuduqca sanki zaman bir anlıq geri dönərək bizi 1992-1993-cü illərə qaytarır. O qanlı hadisələr, o gərgin günlər gözlərimiz qarşısında yenidən canlanır. Müəllif yalnız qanlı döyüşlərdən deyil, doğma ocaqlarından didərgin düşmüş qaçqınların da dözülməz və çətin həyatlarından, yollarda çəkdikləri əzab-əziyyətdən, erməni vandalizmindən də yazır. Nemət müəllim o gərgin hadisələrin canlı iştirakçısı olub. O insanların əzablarını, qəm-kədər və nifrət yüklənmiş üzlərini çox görüb. Bu ağrı-acılı səhnələri kədərli hisslərlə qələmə alıb:

"Meğridən, Dərələyəzdən üzü bəri, üstəgəl Zəngilan, Qubadlı və Cəbrayıl camaatı yollardaydı. Ölümdən canlarını qurtarmaq istəyənlər at arabalarına, yedəkli traktorlara, üstüaçıq maşınlara doluşub üz qoymuşdular Daşburuna tərəf. Yedəkli traktorların qızıb təndirə dönmüş yan bortları hər tərəfdən səliqəsiz şəkildə setkalanmışdı. Məftillərin arxasından gözləri qızarmış, donmuş körpələrə baxmaq dünyanın ən əzablı işi idi. Ağlı başında, əsəbi yerində olan adam ermənilərin xalqımızın başına gətirdikləri belə səhnələri görəndə dəhşətə gəlirdi. Yuxarılarda - Horadizdəmi, Araz Yağlıvənddəmi güllə ilə vurulub, öldürülən atların, inək və camışların, qoyun və keçilərin şar kimi şişmiş cəsədləri gölməçələrə, kanallara tökülmüşdür..."

Gördüyü bütün bu dəhşətli hadisələrədən həyəcanlanan Nemət müəllim daha sonra bu sətirləri qələmə alır: "88-ci ildən üzü bəri mən Laçın və Şuşa, Qubadlı və Cəbrayıl, Beyləqan, Agcəbədi və Bərdə yollarında kifayət qədər faciə və müsibət görmüşdüm. Amma indiyə qədər gördüklərim 23 avqust 1993-cü ildə Əhmədbəyli dairəsində dördüklərimlə müqayisəyə gəlməzdi. Bu böyük bir məmləkətin, millətin faciəsiydi."

Müəllif bəşəri hisslərə sadiq qalaraq müharibəyə, qırğına və zorakarlığa heç vəchlə haqq qazandırmır. Qanlı döyüşlərdə faciəli şəkildə ölən isanların ölümünə acıyıb təəssüflənir. Müharibəni qeyri-insani bir addım kimi qiymətləndirən Nemət Veysəlli kitabının səhifələrində yazır ki, 18-20 yaşlı cavanlar ölümün, faciənin içinə atılırdılar. Hər iki tərəfdən insanlar ölür, fiziki cəhətdən məhv edilir. Məsələyə bəşəri, sülh günlərinin meyarları ilə yanaşsaq, sözsüz , ölüm-itim başa düşülən, anlaşılan məhfum deyil. Omür insana bir dəfə verilir. Tanrının yaratdığı ömür bir dəqiqənin içindəcə, tətiyin çəkilməyiylə də məhv edilir. Məsələyə ali mətləblər prizmasından, bəşəri duyğular tərəfdən yanaşsaq bunların hamısı qeyri-humanist, zalım əməllərdi.

Nemət müəllim "Mənim müharibəm" kitabında ermənilərin xəyanətindən də ətraflı söz açır. Erməni faşizminin uzun illər pərdə arxasında qalmış üzünü açaraq onları oxuculara olduqları kimi göstərir: "Ermənilər azərbaycanlıların bir süfrə arxasında otura-otura, "axber", "qonşu"deyə-deyə bizə arxadan nizə sancdılar. Havadarlarına, neçə illərdən bəri gizlin-gizlin yığdıqları silahlara söykənə-söykənə dedilər ki, çıxın bu torpaqlardan, daha bu yerlər bizimdi. Tarixən özlərinə aid, məxsus olmayan ərazilərə iddia qaldırdılar. Diplomatik görüşlərdə, beynəlxalq məclislərdə, Avropada, Asiyada elə hey qışqırırlar ki, biz haqlıyıq. Üstəlik də ana və bacılarımızı girov götürürlər, ocaqlarımızı, evlərimizi yandırırlar. Əsrlərin süzgəcindən keçən, ağlı və acılarımızı, fərəhli və kədərli günlərimizi divarlarında, tağ və ornamentlərində yaşadan abidələrimizi vəhşicəsinə dağıdırlar, bizi keçmişimizdən mərhum etmək istəyirlər."

Müharibədə övladlarını itirmiş valideynlərin iztirabı və faciəsi çox kədərli və iztirablı notlarla kitabda öz əksini tapıb. Əlövsət müəllimin, Savalan kişinin başına gələnlər adamı kədərləndirib üzür. Bütün bunlar qanlı müharibənin doğurduğu dəhşətli və dözülməz səhnələrdir. Belə səhnələri cəbhə bölgəsində mən də çox görmüşəm. Üzücü və ağrılı səhnələr Nemət müəllimin kitabına bu cümlələrlə hopub: "Cəbhə zolağında qulluq edənlərin çoxu - hərbi qulluqçular, yüksək rütbəli zabitlər, hərbi tribunal, qarnizon hərbi-ərazi proklurorluğu Füzuli rayonunun Qarakollu kəndindən olan bu zavallını, dərddən-sərdən beli bükülmüş, gözləri kor olmuş valideynlərini - Savalan kişinionun həyat yoldaşını yaxşı tanıyırdılar. Onun oğlunun adı, soyadı döyüş xəttindən çıxarılan siyahıda olduğu halda, nədənsə sonralar gəlib hospitala çatmamışdı. Cəbhə xəttində, avtomatın, topların haray qopardığı belə şəraitdə bu cür hallar tez-tez baş verirdi. Bilinmirdi, zavallı Savalanın qaraqaş, qaragöz övladı qarmaqarışıqlıqda itkin düşmüşmü, şəhid olmuşdumu? Məgər o boy-buxunda döyüşçü göylərəmi çəkilmişdi, yerəmi girmişdi, bilinmirdi? Hadisənin lap əvvəlində Savalan kişionun həyat yoldaşı sağlamgümrah idi. Tədricən, aylar-illər keçdikcə, oğlanlarından xəbər-ətər olmadığından, gördüm deyən olmadığından kişinin qəddi əyilmişdi, ananın gözləri tutulmuşdu. Övladının gül sifəti, gülər üzü, qəhqəhəsi yadına düşdükcə kişi havalanırdı, havalı adamlar kimi gəzirdi."

Nemət Veysəlli baş verən hadisələrin fonunda özününbir vətəndaş kimi mövqeyini ortalığa qoyur, oxucularını erməni qəsbkarlarının başımıza gətirdikləri qanlı hadisələri unutmamağa çağırır. "Bəşəri və millətlərarası dostluq haqda nə qədər fikir və mülahizələr yürütsək də, bir həqiqət məlumdur: erməni millətçilərinin, Ermənistan Respublikasının siyasi dairələrinin, son iyirmi ildə xalqımızın başına gətirdiklərini unutmayacağıq. Heç bir azərbaycanlı, Azərbaycan vətəndaşı işğal faktı ilə də razılaşmayacaq. Biz, sözsüz, ermənilərlə qonşuluq edəcəyik, bu taleyin, baxtın işidir, bundan qaçmaq olmaz. Amma biz bundan sonra ermənilərlə dostluq edəcəyikmi? Bunu, əlbəttə, gələcək göstərəcək."

Cəbhə bölgələrində şahidi olduğu hadisələr bir insan, bir yazıçı kimi Nemət müəllimi kədərləndirir. Ermənilərin dağıtdığı və yandırdığı evləri gördükcə o göz yaşlarını saxlaya bilmir. Gördüyü dəhşətli mənzərələri ürək ağrısı ilə yazır. Onun qələmə aldığı bu dəhşətli səhnələri həyəcansız oxumaq olmur: "Ağır döyüşlərdən sonra xaraba qalmış, divarları, qapı pəncərisi yandırılmış, alovun təsirindən qaralmış evlərə, həyətlərə baxmaq, şəhid olmuş əsgərə baxmaq kimi ağırdı, əzablıdı. Qapısındakı təndiri, tut ağacından asılmış beşiyi güllələnmiş, top atəşinə tuş gəlmiş həyətlərə baxmaq ondan da əzablı idi. Bəs mıxda güllələnmış ev iti, top, atəş səsindən sonra havalanmış ev heyvanları, at ilxısını- belə səhnələri görmüsünüzmü? Müharibə vaxtı gördüyüm, onlarla belə epizodlar, səhnələr qeydiyyata alınmır, hərbi məlumatlarda öz ifadəsini tapmır. Həyacandan, qorxudan gözləri alma kimi böyümüş uşaqlar, əllərini üzünə aparan, üz-gözünü cırmaqlayıb qana boyayan Azərbaycan qadınlarının faciəsini hansı kitaba yazaq, hansı informasya blokuna aid edək?"

Əbədi-əzəli düşmənimiz olan ermənilərin xalqımızın başına gətirdikləri faciələri Nemət müəllim faşistlərin yəhudilərə qarşı törətdiyi cinayətlərlə müqayisə edir. çox haqlı olaraq yazır ki, ermənilərin Azərbaycana, Azərbaycan vətəndaşlarına qarşı törətdikləri ağlasığmaz cinayətlər, işgəncə və vandallıq faşist Almaniyasının yəhudilərə qarşı törətdiyindən də qat-qat dərin və artıqdır. Ermənilərin Azərbaycana qarşı Qaradağlıda, Xocalıda, Göyçədə törətdikləri cinayətlər faşistlərin Xatın kəndində, Babu-Yarda törətdiklərindən amansız və geniş miqyaslıdır. Çox dəqiq müşahidələrdir.

Kitabdakı əsərlər Qarabağ müharibəsinin bu günə qədər yazılmamış, deyilməmiş çox dəyərli bir parçasıdır. Əgər vaxt edə bilsəydim ölkəmizin bölgələrini dolaşıb Nemət Veysəllinin kitabını sətir-sətir, cümlə-cümlə insanlara oxuyardım. Çünki belə vacib bir sahədən - Qarabağdan, Qarabağın keçmişindən və bu günündən, Qarabağ müharibəsindən bəhs edən bu kitabda həyat həqiqətləri, reallıqlar olduğu kimi - bəzək-düzəksiz işiqlandırılıb. Burada yazılan tarixi faktları, tarixi gerçəklikləri hamımızın bilməsi, öyrənməsi vacibdən vacibdir.

Nemət Veysəllinin publisistik yazılarını hələ 30-40 il bundan əvvəl oxumuşdum. Müəllifin publisistikası çevikdir, hədəfi vurmaq üçün çox sərrasdır. Hiss olunur ki, Nemət müəllim yazılarına həssas və məsuliyyətlə yanaşır. Onun publisistikası ilə bədiilik qovuşub doğmalaşanda isə yazılar daha da oxunaqlı olur. Bədiilik sanki ifadə olunan fikirlərə bir şirinlik, bir əlvanlıq və bir mübarizlik ruhu qatır.

Müəllif xatirələrini çözələyərək yaşanıb arxada qalmış illərə səyahət edir. Ömrünün uşaqlıq çağlarına qayıdır. Biz də Nemət müəllimin kədər dolu xatirələrinin əlindən tutub onunla birgə kəndlərinə - Yuxarı Veysəlliyə yollanırıq. Müəllif xatirələrini vərəqləyərək keçmiş həyatı ilə bizi tanış edir. Bir anlıq bizdağlara, dərələrə çıxır, yolumuzu ucsuz-bucaqsız bərəkətli bağ-bağçalardan salıb meyvə dəririk, kəhrizlərə baş çəkib buz kimi sudan içib ürəyimizi sərinlədirik. Kənd bütün gözəlliyi ilə qarşımızda vərəq-vərəq açılır. Kədərli xatirələr sona yetirbiz belə gözəl yerlərin uzun illərdən bəri ermənilərin işğalı altında qalmasına təəssüflənirik.

Nemət Veysəllinin kitabında bütün oxucularını erməni işğalçıları ilə mübarizəyə səsləyərək yazır: "Pafosdan, coxmərtəbəli sözlər söyləmək fikrindən uzağam. Bu torpaqlar uğrunda gərək hər şeyə hazır olasan. Daha sənin azərbaycanlının, Azərbaycan vətəndaşının XIX əsrdən üzü bəri itirdiklərinə nöqtə qoyulmalıdır." İnanırıq ki, bir gün bütün bu işğalların sonu gələcək. Bunun üçün isə daim mübarizədə olmalıyıq, həm də mübariz və dönməz olmalıyıq. Torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün bizim bundan başqa yolumuz yoxdur. Yalnız mübarizə! İşğaldan qurtuluş yolu düşmənlə mübarizədədir.

 

Ədalət  2017.- 20 dekabr.- S.5.