İSLAM SADIĞIN YARADICILIĞI VƏ
FOLKLOR
Çağdaş
poeziyamızda öz dəst-xətti ilə seçilən
şairlərimizdən biri də İslam Sadıqdır. O,
öz üslubuna və mövzuya yanaşma fərdiliyinə,
şeirlərindəki ahəngliliyə, həzinliyə
görə seçilən şairlərimizdəndir. 16 oktyabr
1953-cü ildə Tovuz rayonunun Samanlıq kəndində
ziyalı ailəsində gələcəyin şairi
dünyaya göz açır. Doğulub boya-başa
çatdığı bölgə saza-sözə və
şeirə yüksək qiymət verən bölgələrimizdən
biridir. İslam Sadıq sazın və sözün yurd
saldığı bir bölgədə boya-başa çatdığı
üçün onun qanında, canında sazın və
sözün təsiri olduqca böyükdür. İslam
Sadıq lirik şairdir. Əlinə qələm
aldığı ilk günlərdən şeirlərinə həzin,
kövrək duyğular hakim kəsilib. Onun lirik məni
yaşadığı mühitə, cəmiyyətdə
baş verən mənfi hallara, ikiüzlülüyə,
yaltaqlığa qarşı da susmur, sözünü deyir,
üstəlik də cəsarətlə, qorxu-hürkü bilmədən
deyir. İçini göynədən bu duyğular qəlbindən
süzülüb şeirlərinə hopur. Şairin
yaltaqlığa qarşı yazdığı "Yaltaq
oğlanları sevməyin, qızlar" şeirindən bir bəndə
fikir verin:
Gözündə
mələk var - gözünə baxın,
Üzündə
ələk var - üzünə baxın,
Sözündə
kələk var - sözünə baxın,
Yaltaq
oğlanları sevməyin, qızlar!
İslam
Sadıq ədəbiyyata xalq şeirinin, aşıq
poeziyasının içindən çıxıb gəlib. Hələ
şeir yazmadığı vaxtlardan öncə onun ruhu saz
havalarıyla qidalanıb. Onun istisinə
qızındığı ocağın közü, suyundan
içdiyi bulağın gözü saz üstündə
köklənmişdi. Özünün beşiyi
başından saz asılmışdı. Saz havası
üstündə böyümək özü bir aləmdi.
Çünki o sazda Dədə Qorqudun, Koroğlunun nəfəsi
vardır. Şairin "Tökülübdü" rədifli
gəraylısının ərişi-arğacı
büsbütün aşıq şeirini yada salır. Adam istər-istəməz
onu bir şairin yazdığını yox, ustad bir
aşığın düzüb-qoşduğunu
düşünür. Sözlər zərgər dəqiqliyi
ilə seçilib, inci kimi ipə-sapa düzülüb. Dil
gözəl, axıcılıq yerində, misraların da
hamısı arı şanı kimi doludu:
Dağlar
başı hələ qardı,
Ətəyinə
yaz tökülüb.
Simlərini
sındırmışam.
Pərdə
- pərdə saz tökülüb.
Üzü
məndən elə dönüb,
Bir
qayıtmaz yelə dönüb,
Göz
yaşlarım gölə dönüb,
Yenə
deyir az tökülüb.
İslam
Sadıq, dur keçibdi,
Yeli
yolda yor, keçibdi.
Vallah
burdan yar keçibdi
Yola,
izə naz tökülüb.
İslam
Sadığın "Ocağı közündən
tanıyıram" kitabına ön söz yazmış Vaqif
Yusifli bu gəraylı haqqında deyir: "Vallah, burdan yar
keçibdi, Yola, izə naz tökülüb" - elə bil
Aşıq Ələsgərin, Dədə Şəmşirin
qələmindən süzülüb bu misralar. Amma yox! Bunlar
ustad dədələrə "mən sizin varisinizəm"
deyə bilən çağdaş aşıq-ozan təfəkkürlü
şairimizindir-İslam Sadığındır". Vaqif
Yusifli doğru deyir. İslam Sadığın
"Tökülübdü" gəraylısını
Aşıq Ələsgərin, Dədə Şəmşirin
gəraylıları ilə qarışıq salmaq olar. Bu,
İslam Sadığın şair kimi
böyüklüyünün təsdiqidir. İslam Sadıq
dövrümüzün gözəl şairlərindən
biridi. O öz duyğularını, hisslərini qələmə
alır. Gördüklərini və ürəyindən keçənləri
yazır. Şairin yaradıcılığında
türkçülüyə aid şeirlərə tez-tez rast
gəlinir. "Dünyanı gülə bələyən əsgər"
adlı şeirini şair Quzey Kıbrısda səfərdə
olarkən yazmışdır. Bu şeirində şair
türk gücünün yenilməz bir qüvvə
olduğunu vurğulayır. Şeirin bircə bəndini misal gətirmək
bəs eləyir:
Yatıb
yasdan toya, toydan yasatan,
Mənim
qılıncımdı qında pas atan.
Buğasan
- Buğacam, divsən- Basatam,
Mən
bir türk oğluyam,
Türk
əsgəriyəm!
Şair
bu bənddə maraqlı bir məsələyə
toxunmuşdur. "Buğasan-Buğacam, divsən-Basatam"
misrasının fəlsəfi tutumu və buradakı tarixiliklə
yanaşı, qarşılaşdırmanın özü təzədir
və İslam Sadığa məxsusdur. Bu misra Azərbaycanın
şah əsəri sayılan və mən belə deyərdim
ki, "ədəbi bir məktəb" rolunu oynayan
"Kitabi-Dədə Qorqud" dastanından
süzülüb gəlir. "Dədə Qorqud"
dastanından bilirik ki, türklər hər igidə ad vermirdilər.
Həmin igid mütləq qəhrəmanlıq göstərməliydi
və yalnız ondan sonra Dədə Qorqud ona ad verirdi. İstər
Basat olsun, istərsə də Buğac, hər ikisi igidlik
göstərdiyinə görə ad qazanmışdır. Dədə
Qorqud Buğac buğanı öldürdürdüyünə
görə ona Buğac, Oğuz elinə düşmən kəsilən
Təpəgözü öldürüb Oğuz elini bu bəladan
qurtardığına görə, Basata Basat adı
qoymuşdur. Şair burada demək istəyir ki, düşmən
buğa da olsa, onun qabağında Buğac kimi türk əsgəri
var. Düşmən Təpəgöz də olsa, Oğuzun
adlı-sanlı igidlərinə qan da qusdursa, bir gün
qabağında Basat kimi türk əsgərini görəcək.
Burada şair türk əsgərinin kim olduğunu çox
gözəl ifadə etmişdir. Düşmən-Buğa-Təpəgöz
və Türk əsgəri-Buğac-Basat paralelləri
şairin uğurlu tapıntılarıdır. Bunlar onu deməyə
əsas verir ki, İslam Sadıq şifahi xalq ədəbiyyatına
yaxşı bələddir. İstər şair olsun, istərsə
də yazıçı hər biri şifahi xalq ədəbiyyatını
yaxşı bilməlidir. Çünki şifahi xalq ədəbiyyatı
xalqımızın düşüncəsinin məhsuludu,
onlarda ulu babalarımızın nəsihətləri, nəfəsləri
yaşamaqdadır. İslam Sadıq şeirlərində
çoxlu folklor motivlərindən istifadə etmişdir. Məsələn,
onun "Üzün məndən, niyə döndü"
şeiri "Koroğlu" dastanının motivləri əsasında
düzülüb-qoşulmuşdur. Koroğlunun dəliləri
ondan inciyirlər, bu zaman Nigar da Koroğludan üz döndərir.
Bu, Koroğlunu coşdurur, sazı bağrına basıb deyir:
Ala
gözlü Nigar xanım,
Üzün
məndən niyə döndü?
Sənə
qurban şirin canım,
Üzün
məndən niyə döndü?
İslam
Sadığın "Üzün məndən, niyə
döndü" şeiri Koroğlunun eyni adlı gəraylısının
notları üstündə köklənmişdir:
Ay
könlümün yarı nigar
Üzün
məndən niyə döndü?
Belə
sevməz yarını yar,
Üzün
məndən niyə döndü?
Bizi
qoşa görən oldu,
Sirrimizi
bilən oldu.
Aramıza
girən oldu,
Üzün
məndən niyə döndü?
Niyə
susub deynən dilin,
İslam Sadıq deyən dilin.
Daşa
dönüb eynən dilin,
Üzün məndən niyə döndü?
Elə şeylər
var ki, yada
düşəndə onlar
insanı keçmişə
aparır. Keçmiş də iki cür
olur: birincisi xoş günlərlə dolu keçmiş, ikincisi də hər ili,
hər ayı, hər günü, hər saatı, hər dəqiqəsi, hər saniyyəsi əzab və iztirablarla dolu keçmiş. İslam Sadığın "Xarı bulbul" adlı şeiri həmin acı keçmişi xatırladır. "Xarı bulbul" yalnız
Qarabağda-Şuşada bitən
bir güldü.
Düşmən tapdağında olan
Qarabağın bağrı
qara olduğu kimi "Xarı bulbul"ün də bağrı qanla dolmuşdur. Bu şeirdə
şairin həm poetik duyumunun gücünü, həm də sözü demək bacarığını,
ustalığını aydın
görürük:
Min sığal vururdu orda özünə,
Gecələr gülürdü ay da üzünə.
Mehrini salmışdı Cıdır
düzünə,
Eşqini qayaya, daşa yazmışdı.
Həsrətdən köksü də
sarı bülbülün,
Bilmədim kimiymiş yarı bülbülün?
Tanrı
taleyini Xarı bülbülün
Şuşada Şuşayla qoşa yazmışdı.
Soyuqdan qorudum, yeldən qorudum,
Yağışdan qorudum, seldən qorudum.
Tikandan qorudum, güldən qorudum,
Yenə də əlimdən haşa yazmışdı.
İlk eşqi Şuşada qalan yarpaqlar,
Burda yalan oldu, yalan yarpaqlar.
Qovrula -
qovrula solan yarpaqlar
Yan- yana düzülüb
Şuşa yazmışdı.
Şair bu şeirdə Şuşanın taleyini Xarı bülbülün
yarpaqlarının Bakıda
qovrula-qovrula solmasına
bənzətmişdir. Şuşanı görən də ağlayır, görməyən
də. Görən ona görə
ağlayır ki, gözündən nur, torpağından torpaq əskildi.
Görməyən də gözəlliyi ilə göz oxşayan o yerləri görmədiyi üçün
ağlayır.
İslam Sadıq həm şair, həm folklorşunas, həm də müəllimdi. Ömrünün müdriklik çağlarını
yaşayır. Ona
görə şeirləri
aforizmlərlə çox
zəngindir:
Hər insan köçündə
bir qorxu da var,
Hər qapı
keçəndə bir
sorğu da var.
***
Biri şərə qaçır,
biri də şərdən,
Şərin də içində xeyir var hərdən.
***
Ovçununku ovu göz alıncadı,
Ocağınkı odun köz alınmcadı.
Aforizm yaratmaq hər kəsə və ya hər
şairə nəsib olmur. Burada zəka və
şairin lüğət
fondunun zənginliyi şərtdir.
İslam
Sadığın Azərbaycan
bayrağına yazdığı
şeirdə neçə-neçə
igidlərimizin öz qanları ilə üç rəngli bayrağımıza boya çəkərək onu
daha da ucaltdıqlarını
görürük:
Çoxu
soya, kökə çəkdi,
Qılıncını suya çəkdi.
Al qanından boya çəkdi
Azərbaycan bayrağına.
Neçə illərdi ki, düşmən əsarəti
altında qalan torpaqlarımız Şuşa, Laçın,
Qarabağ, Kəlbəcər
üç rəngli bayrağımıza həsrətlə
baxır:
Qollarımı açın, açın,
Yollarımdan qaçın, qaçın.
Həsrət çəkir Şuşa, Laçın
Azərbaycan bayrağına.
Şuşa, Laçın Azərbaycan
bayrağına həsrətlə
baxdığı kimi,
bütün Azərbaycan
da Şuşaya, Laçına, Kəlbəcərə,
Qarabağa ana öz övladına həsrətlə baxdığı
kimi baxır.
İslam Sadıq öz şeirlərində dastan
qəhrəmanlarını, onların mərdliyini, igidliyini, namusunu dönə-dönə xatırlayır. Buna görə də yalançı, hiyləgər
adamları "Həmzələşən
dünya" adlı şeirində kəskin tənqid hədəfinə
tutmuşdur.
Soruşma bu əməl, bu iş kimindi,
Həmzədən törəyən yüz- yüz, min- mindi.
Hər gün yüz on uşaq doğulur indi,
Yüzü həmzələşir, yüzü, Koroğlu!
Həmzə kimi hiyləgər adamlar Koroğlu kimi mərd adamları aldatmaqla dünyanı gözdən
salırlar. Həmzə kimilərdən törəyənlər
elə həmzələr
olur.
Dünən "Cəngi", "Misri" çalan dünyanın,
Nəfəsi yalandı, yalan dünyanın.
Keçəl həmzələrə qalan dünyanın
Özü həmzələşir, özü, Koroğlu!
Elə bir zaman varıydi ki, biləyin gücü basılmaz bir güc idi . "Koroğlu" və "Kitabi-Dədə Qorqud" dastanlarında biz qol gücünün nə qədər əhəmiyyətli olduğunu görürük. "Cəngi", "Misri" çalan dünya bu gün namərdlər qarşısında böynu bükük qalıb. Bu dünya nə qədər keçəl həmzələrlə doludu, çətin haqq öz yerini tapsın.
"Koroğlu" havası üstündə yazılmış "Qalmışıq" şeirində İslam Sadıq qeyd edir ki, dünən bizim qarşımızda ikiqat olan düşmənlərimizin qarşısında bu gün biz boynubükük qalmışıq.
Sazla qoşa Misri qılınc dinəndə...
Elə bilmə hər şey qaldı dünəndə.
Bizə boyun əyənlərin önündə
Boynumuzu bura- bura qalmışıq.
"Sazla qoşa Misri qılınc dinəndə" deyərkən şair Koroğluya işarə edir. Koroğlu döyüşdə qılıncla yanaşı, sazla da döyüşürdü. Qılınc bədəni doğrayırdısa, söz də düşməni mənən parçalayırdı. Çox təəssüf hissi ilə qeyd edirik ki, bu gün nə sözün dəyəri var, nə də ki qol gücünün. Bu dünya zalımlar dünyasıdı.
İslam Sadığın yaradıcılığını bir məqaləyə sığışdırmaq imkansızdır. Buradakı şeirləri bir neçə kitab əsasında işlənmişdir. Halbuki onlarca kitabları var. İslam Sadıq təkcə Azərbaycan folkloru yox, türk və Şümer xalqlarının tarixi və folkloru haqqında çoxlu məqalə və kitabların müəllifidir. Şümerlərin mədəniyyətini, ədəbiyyatını, folklorunu, həmçinin şümer və Azərbaycan folklorunun ortaq motivlərini araşdırmışdır. "Koroğlu" eposunda Şumer motivləri", "Şumer və türk folklorunda su motivi", "Azərbaycan nağıllarında şümer motivləri", "Şümer və türk folklorunda əbədi həyat ideyası.
Şumerin Həyat ağacı və Dədə Qorqudun Qaba ağacı, türk folklorunda ağac obrazı" və s. bu kimi yüzlərlə məqalələrin adlarını sadalamaq olar. "Koroğlu" eposunda Şumer motivləri" adlı məqaləsində şair maraqlı paralellər aparmış, çoxlu oxşarlıqlar üzə çıxarmışdır.
Bu yazını akademik Nizamı Cəfərovun İslam Sadıq haqqında dediyi bir sözlə bitirmək istəyirəm: İslam Sadıq Şumer dövrünün adamıdı.
İLKİN
ELSEVƏR
Bakı Avrasiya Universitetinin
filologiya fakültəsinin tələbəsi
Ədalət 2017.- 21 dekabr.- S.6.