XALİQ RƏHİMLİ

 

Ağlayaq demədim, gülək demişəm

Bir fikrə, qərara gələk demişəm,

Səni tanıyannan mələk demişəm,

İndi mələk kimi uçub gedirsən

Dünyanın gecəsi, gündüzü günah

Bir üzü savabdı, bir üzü günah,

Bir kəlmə demərəm bilsəm ki, - vallah

Mənnən yaxşısını seçib gedirsən

Məhəbbəti kim anlayıb, kim duyub,

Vüsalından kim yarıyıb, kim doyub,

O təzə açdığın yolları qoyub -,

Yenə ürəyimnən keçib gedirsən,...

 

***

O dağlarda, qayalarda yatmağım,

Zirvələrdə qartallara çatmağım,

Getdi daha mənim at oynatmağım

Bəxtin yalmanına yatıb gedərəm

Sevgi oyundu, yarışdı

Odlu ürəklərdə sülhdü, barışdı

Elə getdin toz-dumana qarışdı,

Çətin bir sənə çatıb gedərəm

Bu belə taledi, bu belə baxtdı,

İllər ömrümüzdən su kimi axdı,

Sözlərimnən boylanırsan, vaxtdı

Bu şeir olmasa, batıb gedərəm...

 

***

"Xatirə dəftəri "ndə

Sevgi dolu ürəyimə

Ox çəkirdin

Oxlayırdın ürəyimi,

kağız üzərində

Yoxlayırdın ürəyimi

Sonra, sildim - dedin...

Düşünürəm səhərdən

Oxları necə silmisən ki,

Ürəyim sancır hərdən...

 

***

Odumda, istimdə qalıb,

Bacamda, tüstümdə qalıb,

Qəm kədər üstümdə qalıb,

Bölə bilsəm, dərdim var

Məni bu dərd tanıtdırır,

Dözümlü, mərd tanıtdırır,

Bir az da sərt tanıtdırır,

Gülə bilsəm, dərdim var

Bu tale mənə nəsibdi,

Üstünnən yellər əsibdi,

İllər yolumu kəsibdi,

Gələ bilsəm, dərdim var...g

 

***

İlahi, gedirəm hələ,

Yoluma, izimə şükür

Üzümü elin yanında,

Ağardan sözümə şükür

Mərdiməzardan qaçıram,

Özümə bir yol açıram,

Ağı qaradan seçirəm,

Hələ ki, gözümə şükür

O qız qapımı döyərdi,

Gedək dağlara deyərdi,

Xatirələrim göyərdi,

Açılan yazıma şükür

O sevdanın son səsi qəm,

Hələ çox göynəyəsiyəm,

Dözməyib neynəyəsiyəm,

Verdiyin dözümə şükür...

 

***

Yorğun ömür karvanımı,

Demirəm boş gətirmişəm,

Bir az bahar, bir az payız

Bir az da, qış gətirmişəm

Ruhum göylər həvəsində,

Mələklərin nəfəsində,

İllər verib, əvəzində,

Ömrümə yaş gətirmişəm

Əhdi pozanım olmayıb,

Tərif yazanım olmayıb,

Müftə qazanım olmayıb,

, daş-qaş gətirmişəm

Bölündük doğmaya, yada

Bizdən bezibdi dünya da,

Bu qalmaqallı dünyada,

Salamat baş gətirmişəm...

 

***

Bu başı bəlalı sevda ömrümün

Gündüzləri bağlı, gecəsi bağlı

Sən mənim könlümə necə düşmüsən

Könlümün qapısı-bacası bağlı...g

 

***

Dağı arana

Aranı dağa

Bir-bir daşıyıram

Mən fikir fəhləsiyəm

Mən fikir daşıyıram

 

***

İllər ötüb gedir ömür payından,

Bu dünyanın suyundandı suyundan,

Çox öyünmə dostlarının sayından,

Sədaqəti olan adam ayrıdı

Bir az da dərindən düşünsən əyər,

Çarəsiz fikirlər qəddini əyər,

Çoxları gözünə ədəbli dəyər,

Mərifəti olan adam ayrıdı

Gizlinim yox, nəyim varsa üzdədi,

Ömür hələ yollardadı, izdədi

Çox insanlar əməldə yox, sözdədi,

Çəsarəti olan adam ayrıdı

Hər gələnə, gedənə söz verməyin,

Hər "aşiq"in əlinə saz verməyin

Sevgi yoxsa, heç kimə üz verməyin,

Məhəbbəti olan adam ayrıdı...

 

***

sənin sevginə çata bilərəm,

dizlərində yata bilərəm,

Yalannan deyim , - bata bilərəm,

Sən eşq dəryasısan, üzə bilənə

bilir eşq nədi, uşaqdı çoxu,

Şimal küləyidi, sazaqdı çoxu,

Sənnən xəbərsizdi, uzaqdı çoxu,

Bir şirin yuxusan, yoza bilənə

Quruyubdu gözlərində yağışlar,

Ürəyində məhəbbətdən naxışlar,

Kimin qismətidi, nazlı baxışlar,

Yaxşı xatirəsən, dözə bilənə

Dedim, gücüm çatar vəsfi halına,

O şux qamətinə dürr kamalına,

Söz tapa bilmədim gül camalına,

Ən gözəl şeirsən, yaza bilənə...

 

***

Həyatı öyrənmək istəyirsənsə

Səndən böyüklərin sözlərinə bax

Sevginin sirrini bilmək istəsən

Halal süd əmmişin gözlərinə bax...

 

***

Əzəl günnən qismətə bel bağladım

Mənim günlərim qaradan çıxıb

Son vaxtlar görünmür, dadıma çatmır

Deyəsən qismət aradan çıxıb...

 

***

Getdi o sevdalar, getdi o günlər

Elə bilmə yenə gül daşıyıram

Soyuyub ürəyim, sönüb ocaqlar

Mən indi içimdə kül daşıyıram...

 

***

Mən ömrün içində quru bir ada,

Can atmadım şöhrətə, ada

Əl tuta bilmədim yaxına, yada

Kimsə məni yada sala, salmaya

Köhnə xatirələr sızlar içimdə,

Hələ əriməyib buzlar içimdə,

Ömür keçdi vəfasızlar içində,

Birinin gözləri dola, dolmaya

Qızınmışam öz istimə, oduma,

Çavabdehəm hər atdığım addıma,

Haram sərvət yaraşarmı adıma,

Bir-iki bənd şeirim qala, qalmaya..

 

Ədalət 2017.- 21 dekabr.- S.7.