Heydər Əliyev Mərkəzində
Ömər Eldarovun sərgisi
açıldı
Dekabrın 21-də Heydər Əliyev
Mərkəzində xalq
rəssamı, Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi
üzvü, Azərbaycan
Dövlət Rəssamlıq
Akademiyasının rektoru
Ömər Eldarovun 90
illik yubileyi ilə bağlı “Gözəllik və monumentallıq” adlı fərdi sərgisi açılıb.
Fonddan
APA-ya bildirilib ki, sərgiyə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət nümayəndələri,
Milli Məclisin deputatları, tanınmış
elm, mədəniyyət və
incəsənət xadimləri
də qatılıblar.
Sərginin açılışında Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi,
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov birinci vitse-prezident Mehriban Əliyevanın Ömər Eldarova 90 illik yubileyi münasibətilə ünvanladığı
təbrik məktubunu oxuyub.
Məktubda Ömər Eldarovun Azərbaycan heykəltəraşlıq
sənətinin inkişafında
misilsiz xidmətləri
vurğulanıb, görkəmli
incəsənət xadiminin
xalqımızın mənəvi
təkamülünə, gənclərimizin
estetik tərbiyəsinə
mühüm töhfələr
verdiyi, Azərbaycanın
dahi şəxsiyyətlərinin
unudulmaz obrazlarını
gözəl abidələrə
çevirərək milli
heykəltəraşlıq məktəbini zənginləşdirdiyi
qeyd edilib. Bildirilib
ki, Ömər Eldarov uzun illər
ərzində milli mədəniyyətimizin təbliği
ilə bağlı böyük səylər göstərib, Azərbaycan
heykəltəraşlıq sənətini bütün
dünyada layiqincə
təmsil edib, ölkəmizdə yeni sənətkarlar nəslinin
yetişdirilməsi, gənc
rəssamlarımızın böyük sənətə
cəlb olunması və onlarda bədii-estetik zövqün
formalaşdırılması işinə xidmət edən pedaqoji fəaliyyət göstərib.
Tədbirdə çıxış edən
yubilyar əməyinə
verilən yüksək
qiymətə görə
prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Xalq rəssamı deyib
ki, bu günlər
onun üçün xüsusilə əlamətdardır.
Bir çox mükafatlara layiq görüldüyünü
xatırladan Ömər
Eldarov vurğulayıb
ki, Azərbaycanın ən yüksək mükafatı – “Heydər
Əliyev” ordeninə layiq görülməsindən
şərəf hissi duyur. Görkəmli heykəltəraş ulu öndər Heydər Əliyevin mədəniyyət və
incəsənət xadimlərinə
göstərdiyi diqqətdən
də söz açıb. Altı
yaşından təsviri
incəsənət sahəsinə
maraq göstərdiyini
deyən Ömər Eldarov sərgidə nümayiş olunan əsərlərin onun iç dünyasını,
baxışlarını tərənnüm
etdiyini söyləyib.
Sonra görkəmli
heykəltəraşın ailəsi
adından onun oğlunun yaratdığı
rəsm əsasında
tərtib edilmiş və yubiley münasibətilə hazırlanmış
xatirə hədiyyələri
xalq rəssamına təqdim olunub.
Əməkdar memar Rasim Əliyev
Ömər Eldarovun zəngin yaradıcılığından
söz açaraq söyləyib ki, onun bütün əsərləri orijinallığı
ilə seçilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da görkəmli heykəltəraşı
təbrik edib, ona yaradıcılığında
yeni-yeni uğurlar arzulayıb.
Ömər Eldarov ona göstərilən
diqqət və qayğıya görə dövlətimizin başçısı
İlham Əliyevə,
birinci xanım Mehriban Əliyevaya, eləcə də Leyla Əliyevaya minnətdarlığını bildirib.
Sonra qonaqlar sərgi ilə tanış
olublar.
Ekspozisiyada Xalq Rəssamının bürünc, ağac, daş və digər materiallardan hazırladığı 30-dan çox
heykəltəraşlıq nümunəsi sərgilənir.
Ömər Eldarov Azərbaycanın bir çox görkəmli şəxsiyyətlərinin
xatirəsini əbədiləşdirən
heykəllərin, abidələrin
müəllifidir. O, hər bir əsərində təsvir etdiyi şəxsin fərdi xüsusiyyətlərini üzə
çıxarır, portret
oxşarlığı yaratmaqla
yanaşı, öz qəhrəmanının mənəvi
və insani keyfiyyətlərini ifadə
edir. Görkəmli rəssam insanın
daxili dünyasının
özəlliklərini təxmin
etməyə imkan verən xarakterik duruşu, jesti, həmin şəxsin davranışındakı xüsusiyyətləri
əsərlərinə həkk
edir.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin abidəsi, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın
məzarüstü abidəsi
və onun xatirəsinə həsr olunan “Elegiya” Ömər Eldarovun məşhur əsərləridir.
Ömər Eldarov dövlət tərəfindən bir sıra mükafat və fəxri adlarla təltif olunan görkəmli monumentalistdir. O, 1960-cı ildə
Azərbaycan SSR-in əməkdar
incəsənət xadimi
fəxri adına
layiq görülüb,
1967-ci ildə isə
SSRİ Rəssamlıq Akademiyasının
müxbir üzvü seçilib. 1980-ci ildə tacik yazıçısı və
maarifçisi Sədrəddin
Ayninin Düşənbə
şəhərində ucaldılmış
abidə-ansamblını yaratdığına
görə SSRİ Dövlət
Mükafatı ilə
təltif olunub.
1982-ci ildə Azərbaycanın
Dövlət Mükafatı,
1997-ci ildə “İstiqlal”
ordeni, 2009-cu ildə Heydər Əliyev Mükafatı, 2017-ci ildə
isə “Heydər Əliyev” ordeninə layiq görülüb.
Onun yaradıcılığının coğrafiyası Azərbaycanla məhdudlaşmır. Sevastopolda II Dünya müharibəsi zamanı Sapun dağından başlamış hücumun iştirakçısı olmuş 77-ci Azərbaycan diviziyasına həsr edilən abidənin müəllifi Ömər Eldarovdur. Heykəltəraşın müəllifi olduğu əsərlər bir neçə ölkədə ucaldılıb.
Ömər Eldarov yalnız monumental abidələrin müəllifi deyil. O, həm də bir sıra dəzgah heykəltəraşlığı nümunələri yaradıb.
525-ci qəzet 2017.- 23 dekabr.- S.32.