"Hər günümdə bir damla yaş kirpikdə üzərlik..."

 

Əbülfət MƏDƏTOĞLU

 

Hər günümdə bir damla

Yaş kirpikdə üzərlik...

Gözlərimdə qorunur -

Yar, səndəki gözəllik!..

 

Qarşımda dayanmağın

Xoşbəxtliyi ölçüsüz...

Könlümdəki arzunu -

Qoy mən deyim elçisiz!..

 

Sarıl mənə, sən elə

Sarıl ki, biz tam olaq...

İkimiz bir doğulmuş -

Bütöv bir adam olaq!..

 

lll

 

Bəxtim gətirmədi

bilirsən niyə?

Öncə

səsini eşitməyə,

sonra

üzünü görməyə,

gözünü öpməyə

gecikdim...

amma

bil ki,

səsini,

üzünü,

gözünü -

bütövlükdə özünü

öncə görə bilsəydim

vardı indi

sevə-sevə ölməyə?!

 

lll

 

Pərvanə tək dolandım,

Görmədin amma məni...

Varlığımı qəbul et -

Sən Allah, danma məni!

 

Titrəyir ruhun simi

Üst-üstədi dərd çimi!

Axan bir ulduz kimi -

Heç zaman anma məni!..

 

Kərpic düşmüş sarayam

Səsəm, ünəm, harayam..

Yarımçığam, parayam -

İnsaf et, tamla məni!

 

lll

 

Tanrıdan istədiyim

Dinclikdi ürəyinə!

Bu dinclik sevgi qatsın -

Duzuna, çörəyinə...

 

Tanrıdan istədiyim

Təbəssümdü gözünə...

Bizim olan dünyanı -

Sən cənnət bil, özünə!

 

Tanrıdan istədiyim

Xəyalında olandı...

Bu istəklə sən məni -

Yar, başına dolandır!

 

lll

 

Səni görməyəndə səbrim daralır

Səni görəndə havalanıram...

Səni görməyəndə ömrüm qaralır-

Mən səni özümə hava sanıram!..

 

İşıqsan, atəşsən, bir az da mehsən

İşıqda, atəşdə, mehdə yanıram...

Dan üzü ruhumu oxşayan şehsən -

Sənə İlahi tək mən inanıram!..

Sevincsən, kədərsən, vüsalsan, qəmsən

Yağışsan, dolusan, boransan, qarsan...

Sən mənim kimi kirpiyi nəmsən -

Şükür ki, tək mənə həyatsan, yarsan!

 

Dünyam varlığında, sənsə dünyada

Pərvanə doğuldun sevginə sənin!

Bir fikri salıram mən hər gün yada -

Ürəyim tapıbdı səndə Vətənin!

 

lll

 

Mən danışım, sən mürgülə

Qollarımın üstü yerin...

Ürəyim kövrək sevginə -

Kaş olsun ən isti yerin!

 

Bil, məndəki bir umuddu

Gözlərim dolu buluddu...

Gözün gözümü unutdu-

Öz-özündən küsdü yerin...

 

Xəyal qurdum - baxam səndə

Şimşək kimi çaxam səndə...

Ürəyim, həm yaxam səndə -

Deməli, ən pisdi yerin!

 

lll

 

Mən bitmiş, tükənmiş adam

Göyə , yerə yadam...

Sənə çatmayan sədam -

Qoy ölsün, içimdə mənim!

 

Tapındım sənə son din tək

Qapını döydüm, səs-ün tək...

Dolandım başına gün tək -

Əridi gücüm mənim...

 

Uzaq yox, yaxın olacaq

Mənsiz gün "ah"ın olacaq...

Bir az günahın olacaq -

Bu vaxtsız köçümdə mənim!

 

lll

 

Daha kimsə arzu etmir

Yordum mən, hamını yordum...

Dərd boğazımdan getmir -

Sordum mən, tamını sordum...

 

varsa bəxtin özündə

İstədim yanam közümdə...

Sevdiyim qızın gözündə -

Mən sönən şamımı gördüm...

 

Bu ömrü axşam, ya səhər

Sona çatdırın bir təhər...

Sinəmdəki düyün, qəhər -

Vermədi, yamını gördüm!..

 

lll

 

Yorub salmışam əldən

Halı yoxdu səslənə...

Sevdiyi qucaq açmır

Girib orda bəslənə -

Ürəyim...

 

Qaranlıqda ulayan

Küləyin səsi kimi...

Özünə ağı deyir

Özünün kəsi kimi -

Ürəyim...

 

O halsız halımda da

Yenə yönü sənədi...

Sevənlərin olmadı -

Sevdiyim bir dənədi -

Ürəyim!

 

lll

 

Mənim günəşim olubdu yəqin

Mənim ulduzum hardasa qalıb...

Bəxtimin açarın gətirən mələk -

Ulduzu itirib hardasa salıb...

 

Üzümdən-gözümdən tökülən kədər

Heç kimə xoş deyil bir damla qədər...

Demək, mən çəkirəm bu yükü hədər -

Ürək borcu kimi boynuma alıb...

 

Anlamaq çətindi, amma gərəkdi

Dizim yer şumladı, əlim vər əkdi...

Gözünün önündə bir vərəqdi -

Yazarsan sən məni xəyala dalıb...

 

lll

 

Yenə qaçıb gəlmişəm

Xatirələr bağına...

Şehli bir sükut çöküb -

Çiçəklərin tağına...

 

Hər ləçəkdə göz yeri

Pıçıltılı söz yeri...

Ürəyimdə köz yeri -

Toxunmuram dağıla...

 

Dərvişəm mən həyatda...

Dərd üstdədi mən altda!

Aman Allah, mən adda -

Qar yağıbdı dağına...

 

Demirəm sən dön, gəl,

yol dəyiş, döndər...

İki qərənfil göndər -

Ömrümün bu çağına...

 

lll

 

Düşünürdüm şəklini

Sözlə çəkməyim daha...

Çəkdiyim hər şəkillə -

Batdığımçün günaha!..

 

Ruhumu oda salıb

Ağlımı başdan alıb...

Göz qırpımı yol qalıb -

Gülüm, artıq sabaha!..

 

Yumruq tək sıxılıram

İçimdən yıxılıram...

Bir sənə sığınıram -

İnan, bir Allaha!..

 

lll

 

Ümid külündən özgə

Heç yoxdur içimdə...

O külü sovurmağa -

Daha çatmır gücüm !

 

Biganəlik zirvəsi

Çəkib səni özünə...

Önündə dayansam da -

Dəymirəm ki gözünə!

 

Sanki yoxam, mən hətta

Əlinə bulaşmıram...

Şeh kimi kipriynə,

Telinə dolaşmıram...

 

Bu qədər buzlaşmanın

Zərəri var sənə ...

O soyuqluq damacaq -

Məzarımda mənə !..

 

lll

 

Elə anım yoxdu ki,

O anda olmayasan...

İşıq kimi, nur kimi -

Ruhuma dolmayasan!..

 

Ürək axşam səhər

Gözləyir hər gün xəbər...

Bəlkə ömrə bərabər -

Bir ümid yollayasan?!

 

Unut özgə fitnəsin

Vaxt ortada itməsin...

Mənim ömrüm bitməsin -

Sən isə solmayasan!..

 

lll

 

Hər bir ada yazılıb

Əl boyda - para kağız...

O da həm son məktubdu -

Həm ki, Qara kağız!..

 

Orda vida notları

Orda ayrılıq yatır...

Qəribədir, son məktub -

Qara kağız tez çatır?!

Təlaşlanma, deyəsən

Qapı döyür poçtalyon...

İstəmirəm döyəsən -

Dizlərinə... bu da son...

 

lll

 

Tumurcuğu çırtlamış

Təzə dərdim, tər dərdim...

Mən səni şehli-şehli -

Təzə dərdim, tər dərdim!..

 

Sarıldın sən mənə

Eşq vardı səndə mənə...

Titrəmə, səndələmə -

Sən məni dər, dərdim!..

 

Qarışaq sirdaş olaq

Bir divar, bir daş olaq!..

Dərdlərə bir qaş olaq -

Sən üstündə zər, dərdim!..

 

lll

 

Bir təklifim var, ömrüm,

Gəl səssizcə dayanaq...

Ruhumuz nəfəs alsın -

Biz nəfəsə boyanaq...

 

Gözlərimiz dincəlsin

Kirpiklərimiz dinsin...

Bu qəribə söhbətdən -

Ürəyimiz isinsin...

 

Bir bizdən xəbərsiz

Toxunsun bir-birinə...

Əlimiz ülfət qatsın -

Söhbətin bu yerinə...

 

Təklif könlüncədisə

Kirpikləri öpüşdür...

Ürəyində varsa -

Ürəyimlə bölüşdür...

 

lll

 

Heç yoxdu həyatda

Heç kim olmayıbdı...

Mən adlı həyatında -

Köçkün olmayıbdı!..

 

Yüyürən yıxılacaq

Yıxılıb sıxılacaq...

Mənim sığınacaq -

Köşküm olmayıbdı...

 

Düşün, ki, yad et

Məni yuxu hesab et...

Bir ovuc torpaq at, get -

Eşqin olmayıbdı...

 

lll

 

Üz-gözümdən qəriblik

Yuxu kimi tökülür...

Dan yeri gözümün-

Lap dibindən sökülür...

 

Pəncərədən dənizə

Düşən işığa baxıb...

Qarışıram dənizə -

İşıqla birgə axıb...

 

İçimdəki dünyanı

Dalğalara çırpıram...

Qərq olan mən - Sahildə

bəs o kimdi çırpınan?!

 

lll

 

Saxlayanım beş əlli

Qədərdi, qədər mənim...

Ürəyimə təsəlli-

Kədərdi, kədər mənim...

 

Bulud tək çökməyin

Göz yumub tökməyin də...

Dərdimi çəkməyin də-

Hədərdi, hədər mənim...

 

Hər gün artır göynəyim

Soruşmuram neyləyim?!

Haqqım yoxdu söyləyim-

Nə dərmə, nə dər! - mənim...

 

525-ci qəzet  2017.- 23 dekabr.- S.31.