Molla Pənah Vaqif
və Qarabağ ədəbi mühiti
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
(əvvəli
ötən sayımızda)
Bu gövhər gözlərin,
ey alicənab,
Tamam aşiqlərin
şəminə gəlmiş.
Fəsaətdə, bəlağətdə sənin tək
İnanma ki, ruyi-zəminə gəlmiş.
Bu gəraylıda M.P.Vaqifin müasiri olan Əlağa Qaracadaği Kəlibəri M.P.Vaqifi ustad şair adlandırmış, dövrün
bütün şairlərini,
aşıqlarını obrazlı
şəkildə pərvanəyə
bənzədərək, onları
ustadın şamının
cazibəsinə gəlməsinə
işarət etmiş,
Vaqifi fəsaət və bəlağətdə
yeganə hesb etmişdir. Onu bu əsrdə
şairlərin başçısı,
xanı hesab edərək, müdərris
- müəllim adlanırmış
və cəmi şairlərin onun "sözünün dəminə"
gəldiyini bildirmişdir.
Özünün də,
bu sevdanın - təsirinə düşməsinə
and içmişdir: "Vallah,
billah, sən düşdüyün sövdayə,
Artıq mən fəqirin sərinə gəlmiş", - demişdir.
Tarixi faktlarla
məlumdur ki, M.P.Vaqif ilk vaxtlar Şuşada müəllimlik
etmiş, Şuşanın
nücəbalarının övlalarına
dərs vermişdir. Heç, şübhəsiz,
bunların sırasında
elmli, savadlı, hətta ilhamlı adamlar yetişmişdir.
M.P.Vaqif İbrahim xan Qarabağinin övladlarına
da dərs vermişdir. Bunlardan Ağabəyim
ağa (1780-1832) və
"Tuti" təxəllüslü
Əbülfət ağa
müəllimlərinin təsiri
ilə şeirlər yazmışlar. Ağabəyim ağanın bayatıları
məşhurdur. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir
qadın olmuşdur.
Azərbaycanca, farsca şeirlər
yazmışdır. Y.V.Cəmənzəmənlinin yazdığına görə Vaqifin şeirlərinin üzünü
öz bəyazına köçürərmiş və
onlara bənzər qoşmalar, bayatılar yazarmış. Bizə
gəlib çatan və dillər əzbəri olan bayatları da, bunlardır...
Qərib
bir diyarda ömür-gün sürən,
min nazın, nemətin
içində bəslənən
Ağabəyim vətən
həsrətini söylədiyi
bayatılarda dilə gətirir:
Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
Qəriblikdə Qarabağ fauna və
florasından apartdıraraq
orada saldırdığı
"Vətən bağı"
gülüstanı da
onun Vətən-Qarabağ
həsrətini ovutmur:
"Vətən bağı"
al-əlvandır,
Yox içində
Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı,
bülbül", -
deyə fəğan çəkir...
Əbülfət xan Tutinin (???- 1839) də,
yazdıqlarının çoxu
türk, bir qismi isə fars dilindədir.
Bir çox ünlü təzkirələrdə Əbülfət
xan Tutidən istedadlı şair kimi danışılır
və qoşqularından
örnəklər verilir.
Əbülfət xan Tutinin Məhəmməd ağa Müctəhidzadənin
"Riyazül-aşiqin" təzkirəsində əksini
tapan bir qəzəlindən iki beyt:
O gün kim
həsrət ilə ol büti-zibadan ayrıldım,
Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
...Fərağın şiddətindən
lal olur bu Tutiyi-təbim,
Məzacım təlxdir kim ləli-şəkərxadan
ayrıldım.
Əbdürrəzzaq bəy Dünbili öz əsərində Əbülfət
xan haqqında yazır: "Elə şirin kəlamları var idi ki,
Hindistan tutuquşuları
onun bəlağətini
şəkər süzülən
bu beytlə söyləyirdilər:
Tuti səndən gözəl söz deyə bilməz,
Sənin ağzından söz şəhdilə çıxar.
Nami-şərifi Əbülfət xandır. Qarabağ valisi
İbrahimxəlil xan Cavanşirin adlı-sanlı
və əziz xələfidir. Tərifə layiq zatı istənilən qədər
yaxşılıq etməkdə
məşhur, xoşagələn
sifətləri o qədərdir
ki, kəramət və şərafət arxı kimi vəsf olunur".
"Məcmueyi-divani Vaqif
və digər müasirləri" adı
altında çap olunmuş kitabda Vaqiflə yanaşı
M.V. Vidadinin, Aşıq
Pərinin, Acizin, Sabit Şəqaqinin və başqalarının
da əsərlərinin
çap edildiyi bildirilir.
Firidun bəy Köçərli
yazır: "...Qafqaziyada
hər bir əsr və zamanda sair möhtərəm
və danişmənd
şəxslər vücudə
gəlibdir ki, özlərindən sonra əsərləri qalıbdır.
...Şüəradan: Nişat,
Ağaməsih Şirvani,
Mirzə Əsgər,
Zülali Şirvani, Yusif Kosa, Asəf,
Molla Pənah Vaqif, Molla Vəli
Vidadi, Mirzə Məhərrəm Məriz
Qarabaği və Fətəli bəy Hali Ziyadoğlu Gəncəvi.
Dağıstanda məşhur üləmadan
bunların adları zikr olunur: Məhəmməd
Qədəqi, İbrahim
Ürəvi, Fazil İmaqi, Yusif Zərif Qumuqi, Davud Üsuli, Seyid Şünasi.
Yuxarıda adları zikr olunan şüaradan ki, cümləsi xan əsrlərinə mənsubdurlar, ən məşhuru Molla Pənah Vaqifdir ki, öz əsrinin
və ondan sonra vücuda gələn bir çox şüəranın
ustadı və pişrəvi olubdur. Sadə ana
dilimizin şivəsində
əvvəlcə şeir
yazan Molla Pənah Vaqif olubdur".
Firidun bəyin bu müşahidəsi
sübut edir ki, təkcə Qarabağ ədəbi mühitinə deyil, Azərbaycanda xanlıqlar dövrü və ondan sonra yazıb-yaratmış
bütün Azərbaycan
ədəbi mühitinə
Molla Pənah Vaqifin bir ustad
kimi böyük təsiri olmuşdur... Misal üşün, XIX əsrdə Xurşidbanu Natəvanın mənzum məktubuna Şamaxının
Udulu kəndindən Molla Musa Şirvaninin şeirlə cavabı bu təsirlənmənin hüdudlarını aşkar
göstərir:
Yetişdi xoş namən
bizə, xan qızı,
Sən ağlarsan,
mən gülmərəm,
sızdaram.
Dərddidən dərddiyə salam eylərəm,
Sən ağlarsan,
mən gülmərəm,
sızdaram.
Məlumdur ki, o dövrün mənzum məktublaşmasında
belə bir qayda var idi
ki, cavab da eyni qəlibdə,
eyni qafiyədə olmalı idi. 1870-ci ildə yazılmış
bu cavab belə bir güman
yaradır ki, Natəvanın mənzum məktubu qoşma janrında, Vaqifanə bir üslubda, tərzdə olmuşdur.
F.Köçərli daha sonra yazır: "...Müasirləri onun dərin elmini və mollalığını
müşahidə edib
haqqında demişdir:
"Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi
də, Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur.
Milli şairlərimizdən
onun kimi sadə və açıq lisanda və ana dilimizin
şivəsində şeir
və qəzəl yazan az
olubdur. Müasirləri ona nəzirə
yazmağa səy və təlaş ediblərsə də, onun kimi mühəssanatlı,
gözəl və açıq kəlam söyləməkda aciz qalıblar".
Təkcə Azərbycanlı şairlər
deyil, türkcə şeir yazan ermənilər belə (Mirzə Yusif Qarabaği (1794-1864) və
Mirzəcan Mədətov)
onun poeziyasının
cazibəsində olmuş,
hətta onların təşəbbüsü ilə
Molla Pənah Vaqifin şeirlərindən
ibarət "Məcmueyi-divani
Vaqif və digər müasirin" adlanan ilk kitab 1856-cı ildə Teymurxanşurada buraxılmışdır. Ümumiyyətlə, M.P.Vaqif yaradıcılığı
təkcə azərbaycanlılar
arasında deyil, həm də gürcü və erməni mühitində məşhur olmuşdur.
Məlumdur ki, uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası
ünsiyyət vasitəsi
olmuşdur və elə buna görə
də, Vaqifin şeirləri yalnız Azərbaycan əlifbası
ilə deyil, həm də gürcü və erməni əlifbaları ilə yazıya alınmışdır.
M.P.Vaqif Şərq poeziyasının
bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis,
müxəmməs, müstəzad,
müəşşərə, müşairə, məsnəvi
və mərsiyələr
yazıb. Ancaq onun yaradıcılığının
böyük bir qismi, aşıq poeziyasından götürülmüş
qoşma növündə
yazılmış şeirlər
təşkil edir.
Həmin
şeirlərin dili xalqın canlı danışığına çox
yaxındır.
M.P.Vaqifin
müasirlərindən onun
dostu Şirvan xanı, "Müştaq"
təxəllüsü ilə
şeirlər yazan Məhəmmədhəsən xan
Şirvani ilə də şeirləşmiş,
o da, M.P.Vaqifi yüksək qiymətləndirərək
ona bir tüfəng,
at və kürk hədiyyə edərək
yazmışdır:
Şeirinə təhsin ki, yetməz heç bir əşar ona,
Hər kimin var isə
həddi, söyləsin
göftar ona,
Kimsə
ləb tərpətməsin
kim, gəlməz
istisfar ona,
Eybdir Müştaqdan bu sözləri izhar ona,
Tutmasın nəzm rəkakət, var isə kəmtər
tüfəng.
M.P.Vaqifin müasirlərindən biri
də, şair Ağqız oğlu Piridir. Ağqızoğlu Piri M.P. Vaqif
və M.V. Vidadinin müasiri olmuş, onlarla yaxın əlaqə saxlamışdır.
Güman
olunur ki, Molla Pənah Vaqifin qardaşıdır.
Heca vəzni ilə yazılmış şeirləri vardır...
Ağqız oğlu Piri, sən məni əkmə,
Özgənin yurdunda o damı
tikmə,
Qeyri gözəllərdən heç
fikir çəkmə,
Sən elə o gözü çərəni saxla!
Ağqız Pirinin elə şeirləri var ki, hətta tədqiqatçılar onu M.P.Vaqifin şeiri kimi qəbul ediblər. Məsələn, Firudin bəy Köçərlinin kitabında "Eylərsən" rədifli, M.V.Vidadiyə müraciətlə yazılan şeir M.P.Vaqifin şeiri kimi qəbul edilmiş, sonradan məlum olmuşdur ki, bu Ağqız Pirinin şeiri imiş:
Ey Vidadi, yenə xan qulluğunda
Qaim olub, nə qiyamət eylərsən?!
Yaman gözdən Allah özü saxlasın,
İxlas ilə, kişi, xidmət eylərsən.
(ardı
gələn sayımızda)
Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət.-2017.-22 dekabr.-S.7.