Molla Pənah Vaqif və Qarabağ ədəbi
mühiti
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
AzƏrbaycan
Respublikasının Prezidenti yanında kütlƏvi informasiya
vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi
fondunun maliyyƏ yardımı ilƏ
(əvvəli ötən saylarımızda)
M.P.Vaqifin
müasirlərindən biri də, şair Dəllək Murad
(XVIII əsr) olmuşdur ki, bizə gəlib çatan nümunələrdə
tamamilə M.P.Vaqif ruhunun təsiri aydın görsənir:
Qadir
Allah, budu səndən diləyim,
Sən mərdi namərdə möhtac eyləmə.
Qeybi xəzinəndən
yetir ruzisin,
Sən mərdi namərdə möhtac eyləmə.
Onlardan biri də, Mirzə Camal Qalabəyi idi. M.P.Vaqif Ağa Məhəmməd
şahın qətlinə yazdığı və öz
müasiri M.V.Vidadiyə göndərdiyi "Bax" rədifli
"Ey Vidadi, gərdişi-dövrani-gəcrəftarə bax,
Ruzigara qıl tmaşa, karə bax, kirdarə bax" məşhur
şeirinin məzmununa uyğun Mirzə Camal Qalabəyi də
şeir yazmışdı:
"Ari,
bu növ adət edibdir bu rüzigar,
Hərgiz cəlali şövkətinə yoxdur etibar.
Nakam, həsrət
ilə gələnlər gedib tamam,
Sultanü xan, mirü gəda, şahüşəhriyar".
Mövzu,
məzmun və hadisəyə münasibət, hətta bəzi
ifadələr də oxşardır...
M.P.Vaqifin müasirlərindən biri də Aşıq
Valeh idi. Aşıq Valehin yaradıcılığı elə
bir dövrə təsadüf edir ki, bu dövrdə
aşıq poeziyası, aşıq lirikası yazılı ədəbiyyata
təsir göstərirdi. Yazıb-yaradan
şairlərlə aşıqlar arasında da müəyyən
yaxınlıq, dostluq var idi. Onlar hətta
deyişir, bir-birilərinə nəzmlə məktub göndərirdilər.
Bu zaman Aşıq Valehin əlaqə
saxladığı, dostluq etdiyi, yaradıcılıq söhbətləri
apardığı, fəxr və iftixar hissi ilə
adını çəkdiyi sənətkarlardan biri də Molla
Pənah Vaqif olmuşdur. Bunu Aşıq
Valehin öz şeirlərindən, ayrı-ayrı bənd və
misralardakı müraciətlərindən, el söyləmələrindən
aydın görürük. Məsələn, o illərdə
aşığın yaratmış olduğu bir şeirində
deyilir:
Ustad Səməd
sənətdə bir dağ idi,
Kələntərli Alı fəndli bağ idi.
On il əvvəl Molla Pənah sağ idi,
Valeh kimi aşıqlar ustadı var.
Bu misralarda aşığın Molla Pənah Vaqifə
olan səmimi münasibəti, duyğuları, onu özünə
ustad bilməsi açıq şəkildə
görünür. Hətta bəzi şeirlərindən
görünür ki, Qarabağ vilayətində xalqı incidən
zülmkarlardan Aşıq Valeh vilayətin baş vəziri, həm
də yaxın dostu kimi Vaqifə müraciət edərək
ondan kömək diləmişdir. Məsələn,
şeirlərinin birində deyilir:
Molla Pənah,
ərzim sizə söyləyim,
Mahallıqca biz düşmüşük dara, bil.
Şadlığı
axtaran biçarə kəslər
Həmdəm olub yenə ahu-zarə, bil.
Əlbəttə, belə bəndlərin sayını
artırmaq da olar. Bu mərhələdə Qarabağ
aşıqları məşhur idilər. Bunların
sırasında Aşıq Valehin babası şair Məhəmməd,
Aşıq Güllü, Aşıq Cünun, Aşıq Qənbər,
Valehin ustadı olmuş Aşıq Səməd və digərləri
də olmuşdur. M.P.Vaqifin Qarabağ
aşıqları ilə sıx əlaqəsi olmuş və
bu əlaqələr onların yaradıcılığına
müsbət təsirini, şəksiz, göstərmişdir.
M.P.Vaqif ədəbi
məktəbi XIX əsr Azərbaycan poeziyasında, o cümlədən
də Qarabağ ədəbi mühitində yeni, coşqun bir
vüsət aldı, tamamilə təzə, orijinal axara
düşdü...
XIX əsr
Qarabağ ədəbi mühitinin Qasım bəy Zakir, Mir
Möhsün Nəvvab, Xurşud banu Nətavan, Abdulla bəy
Asi, Həsənəli xan Qaradaği, Məşədi Məhəmməd
Bülbül, Sədi Sani Qarabaği, İbrahim Tahir Musayev və
başqalarının yaradıcılığında M.P.Vaqif
poeziyasının təsiri aydın sezilməkdədir.
Ümumiyyətlə, Şuşada fəaliyyət göstərən
"Məclisi-üns", "Məclisi-fəramuşan"
ədəbi məclislərinin 40-dan çox
üzvünün yaradıcılığında, məktublaşmalarında,
müaşirələrində, xalq deyim tərzində
yazdıqları əsərlərində M.P.Vaqif irsinin mükəmməl
təsiri olmuşdur.
Ədəbiyyatşünas Nəsrəddin Qarayevin
"XIX əsr Azərbaycan ədəbi məclisləri" tədqiqatında
da göstərildiyi kimi, bu ədəbi məclislər
içərisində həm
iştirakçılarının sayına, həm də
başqa ədəbi məclislərlə əlaqələrinə
görə "Məclisi-üns" xüsusi yer tutur. Bu məclisin səsi-sədası
nəinki Azərbaycanın ətraf, yaxın əyalətlərinə,
həttaTiflis, İrəvan,Təbriz,
Tehran, Aşqabad və başqa şəhərlərə belə
yayılmışdı.
XIX əsrdə Şuşada və Qarabağın kəndlərində
onlarca şair yazıb yaradırdı. Bu zaman Xurşidbanu Natəvan,
Qasım Bəy Zakir, Məhəmməd bəy Aşiq, Cəfərqulu
xan Nəva (Arif), Mirzə Əsəd, Aşıq Pəri kimi
şairlər bir yerə toplaşar, qızğın
müşairələr, deyişmələr keçirərdilər.
Mirzə Əbdülqasım, Hacı Abbas Ağəh, Mirzə
Rəhim Fəna, Mirzə Hüseyn Salar, İbrahim bəy Azər,
Mirzə Ələsgər Növrəs, Məmo bəy Məmayi,
Natəvanın oğlu Mehdiqulu xan Vəfa, Abdulla bəy Asi, Məhəmməd
bəy Məxfi, Mirzə Sadıq Fəna, Mirzə Cəfər
Köhnəfüruş, Həsən Qarabaği və
başqaları...
"Məclisi-fəramuşan" isə Mir
Möhsün Nəvvab ağanın təşkilatçılığı
ilə qurulur.
Burada Xan Qaradaği, Məşədi Əyyub Baki, Mirzə Cəlal,
Səməd bəy, Bəhram bəy Vəzirovlar, Mirzə
Əbdül Şahin, Həsən Qara Hadi, Mirzə İbrahim
Tahir, Mirzə Fati xanım Kəminə fəaliyyət
göstərirlər...
Bu məclislərdə
bir sıra şairlər bilik və fəsaətlərini
nümayiş etdirmək üçün fars
dilində də şeirlər yazırdılar. Amma
əsas üstünlük Azərbaycan dilində yazılan qəzələ
və hecada yazılan şeirlərə üstünlük
verilirdi. Bu şairlərin, demək olar ki,
hamısının dil və üslubunda, mövzuya münasibətlərində
M.P.Vaqifin təsiri aydın görsənirdi. Xüsusən, bədii təsvir, seçilən
mövzuya realist münasibət, həyatilik, qəzəldə
dil sadəliyi və anlaşıqlığı, təfəkkür
və düşüncə tərzindəki aydınlıq,
yenilik bunu sübut edir. Xurşidbanu Natəvanın qəzəlindən
bir beyt:
Hicrin
edibdir könlümü bərbad, ağlaram,
Çoxlar
tutar bu halıma irad, ağlaram".
Burada dilin aydınlığı, şəffaflığı
ilə M.P.Vaqifin poetik dilinin şəffaflığı üst-üstə
düşür. M.P.Vaqifin M.V.Vidadiyə müraciətən dediyi qəzəlin
son beytlərinə diqqət edək:
Ey Vidadi,
qəmi-hicranə giriftar olmaq
Bir sənə, bir mənə, bir Yusifi-Kənanə
düşər.
Eşqə
düşmək sənə düşməz, qocalıbsan,
belə dur,
Belə işlər yenə Vaqif kimi oğlanə
düşər.
Budur, elə
bil, bu qəzəl XVIII, ya XIX əsrdə deyil, XX əsrdə,
Əlağa Vahid dövründə yazılıbdır... Hətta,
rədiflər də eynidir... Bunlar hamısı Molla Pənah
Vaqifin əbasının altından çıxıblar ki,
bunu heç cürə danmaq olmaz!!
Mir
Möhsün Nəvvabla Mirzə Ələsgər Növrəsin
məktublaşması Vaqiflə Vidadinin mənzum məktublaşması
ilə paralellik təşkil edir:
Növrəs,
nə yatıbsan qəflət içində,
Ağırlaşıb gözün, qanə
dönübdür.
misraları ilə başlanan şeirinə Növrəs də, eyni
vəzn və qafiyə ilə cavab vermişdir.
Burada bir cəhəti qeyd edək ki, Şuşada fəaliyyət
göstərən ədəbi məclislərdə klassik
poeziya ənənəsi, əsasən də qəzəl
janrı üstünlük təşkil etmişdir. Lakin burada
dilin sadəliyi, anlaşıqlığı, ərəb-fars
tərkiblərindən uzaqlaşmağa meyl M.P.Vaqif ənənəsindən
gəlirdi. Həmçinin, bu o demək
deyildi ki, bu şairlər heca vəznində yazmırdılar.
Belə deyildi, məsələn, gətirdiyimiz nümunə,
eləcə də, "Məclisi-fəramuşan"da fəaliyyət
göstərən, oxuculara az məlum olan
Qarabağın yetirməsi, ikidilli şairlərdən biri də
Məşədi Əyyub Baki olmuşdur.
M.Ə.Bakinin
"Riyazül-məhəbbət" adlı "Divan"ına daxil olan şeirlərini, eləcə də
ayrı-ayrı cüng və məcmuələrdə olan
bayatı, qoşma və şikəstələrini nəzərdən
keçirəndə realist poetik təfəkkürün
struktrunda M.P.Vaqif tərzinin aşkar izləri və təsiri
görsənməkdədir. "Məşədi
Əyyub Baki gənc olmasına baxmayaraq artıq 25
yaşında ikən Qarabağın sayılıb-seçilən
şairləri səviyyəsinə ucala bilmişdi. Onunla məclis üzvlərinin yaxın dostluq əlaqələri
olmuş, ayrı-ayrı şairlərlə, məclisin rəhbəri
Mir Möhsün Nəvvabla müşairələri, bədahətən
şeir deməsi onu hamının sevimlisi etmişdi. Baki son dərəcə hazırcavab və
istedadlı şair idi. Məclisdə bədahətən
deyilən beytlərə ilk cavabı da o verərmiş".
Qarabağ
ədəbi mühitinin istedadlı nümayəndələrindən
biri də, yenə də oxuculara az məlum
olan Məhəmmədəli bəy Məxfi idi. Şair bəzi tədqiqatçıların Molla Vəli
Vidadi ilə səhv saldıqları, Qarabağ xanı
İbrahim xanın dostu Mirzə Vəli Vidadinin nəvələrindən
olub. Onun atası Məşədi Əsədulla bəy
Vəlizadə də şeir yazarmış... Məxfinin
babasının, atasının və özünün poetik təfəkkürünün
formalşmasında M.P.Vaqif irsinin təsiri olmuşdur. Məhz
bunu Məxfinin tədqiqatçıları da (filologiya elmlər
doktoru Raqub Kərimov) aşkar edərək yazır: "Məhəmmədəli
bəy XIX əsrin bir çox şairləri kimi Füzuli ədəbi
məktəbinin nümayəndəsi olmuş, eyni zamanda, Molla
Pənah Vaqifin ədəbi irsindən də təsirlənmişdir.
Lakin o, sələflərindən fərqli olaraq
məhəbbətin ən uca pilləsi olan platonizmdə
dayanmır. Onu səmalardan endirib
reallaşdırmağa, həyatiləşdirməyə
çalıır" ki, burada o, M.P.Vaqif məktəbinin
sırasına keçmiş olur.
XIX əsr ədəbiyyatımızın nümayəndəsi, şair, pedaqoq, maarifçi Həsənəli ağa Xan Qaradağskinin lirik şeirlərinin ruhu, realist qanadı M.P.Vaqif ədəbi məktəbinin ruhuna uyğun idi. O, "Məclisi-fəramuşan" ədəbi məclisinin fəal üzvlərindən biri kimi tanınmışdı...
(ardı gələn
sayımızda)
Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas
Ədalət 2017.- 23 dekabr.- S.4.