Molla Pənah Vaqif və Qarabağ ədəbi
mühiti
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən saylarımızda)
M.P.Vaqif ədəbi
məktəbinə rəğbət bəsləyən
şairlərdən biri də, 1858-ci ildə Şuşada
dünyaya gəlmiş, XIX əsr Qarabağ ədəbi
mühitində özünəməxsus yeri olan, müasirləri
tərəfindən ehtiramla yad edilən Məşədi Məhəmməd
Qaryağdı oğlu Bülbül görkəmli müğənni
və musiqiçimiz Cabbar Qaryağdı oğlunun
böyük qardaşıdır. Müğənni
olmasına baxmayaraq, şeir yaradıcılığı ilə
də məşğul olmuş, Qarabağ ədəbi məclislərinin
fəaliyyətində iştirak etmiş Vaqifanə qəzəllər,
gəraylılar və bayatılar söyləmişdir.
Qarabağ
ədəbi mühitinin ən istedadlı nümayəndələrindən
biri Abdulla bəy Asi (1841-1874) olmuşdur
ki, onun üçün heç bir müşkül şeir
forması mövcud deyildir. O, şifahi xalq ədəbiyyatından
gələn janrlara yaxından bələd olduğu kimi, rəngarəng
klassik şeir şəkillərindən də məharətlə
istifadə edə bilmiş, Vaqif poetik irsindən bəhrələnmişdir.
Qarabağ ədəbi mühitinin istedadlı nümayəndələrindən
olan Sədi Sani Qarabağı Türkiyənin Amasiya şəhərində
yaşayan həmyerlisi, nəqşbəndi təriqəti
mürşidi Mir Həmzə Seyid Nigarinin yanına gedərək
onun müridi olmuşdur. Təriqət nümayəndəsi
olduğuna baxmayaraq şairin yaradıcılığında həyatın
realist təsvirinin, real gözəlin vəsfinin, ictimai
nöqsanların tənqidinin üstünlük təşkil
etdiyini görürük ki, bunlar da M.P.Vaqif ədəbi məktəbindən
süzülüb gələn cəhətlər kimi, diqqəti
cəlb edir.
Qarabağ ədəbi mühitinin yetirdiyi Mir Mehdi Xəzani
XIX əsr mədəniyyətimizə tarixçi-alim, həm
də istedadlı şair kimi daxil olmuşdur. Son dövrlərə
qədər onun ədəbi irsinin yalnız bir hissəsi
oxuculara məlumdur. Mir Mehdi Xəzani poeziyası
təkcə məhəbbət mövzulu şeirlərlə məhdudlaşmır.
Zəngin həyat tərcübəsi, geniş
dünyagörüşü olan şairin
yaradıcılığında yaşadığı
mühitin çatışmazlıqları, məhdud cəhətləri,
cəmiyyətdəki neqativ hallar bu və ya digər dərəcədə
əksini tapır. Təbii ki, şair bu
çatışmazlıqları üsyankarcasına deyil,
müdrik el ağsaqqalı, təcrübəli din xadimi və
sadiq Allah bəndəsi kimi M.P.Vaqifin "Görmədim" rədifli
şeirinin ruhuna uyğun bir poetik yanaşma üsulunda qələmə
almışdır.
Qarabağ
ədəbi mühitinin istedadlı şairlərindən biri
də, Azərbaycan və fars dillərində
yazan Məmo bəy Məmaidir (1842-1918). Bütün
Qarabağ şairləri kimi, o da Vaqif
yaradıcılığını yaxşı bilmiş, onun
pərəstişkarı olmuşdur. Məmo bəyin
M.P.Vaqifin "Bax" rədifli müxəmməsinə
yazdığı bir nəzirə bu günümüzə gəlib
çatmışdır:
Alim əfsad
eyləsə aləm fəsad ilə dolar,
Düzdü rəhzənlər geyinmiş cameyi-əlayə
bax.
Şairin
23 bənddən ibarət olan "Bizi məyus edən dəhrdə
məyus olsun" müxəmməsi də onun poetik təxəyyülünün
Vaqifanə realist istiqamətindən xəbər verir və elə
bil, bu günün hadisələrinə yazılıbdır:
...Tarümar
oldu vətən gülşəni, pamal oldu,
Bulbulani-vətən
avarə qalıb, lal oldu,
Bir deyən olmadı, "yarəb, niyə bu hal
oldu?"
Düşdü
yadıma kecən günlərim, əfsus olsun,
Bizi məyus edən, dəhrdə məyus olsun.
M.P.Vaqif şeirinə nəzirə yazanlardan biri də
"Şaki" təxəllüsü ilə şeirlər
yazan Şəkili Rəşid Əfəndiyevdir (1863-1942). Rəşid Əfəndiyev
Şaki Peyğəmbərimizin mədhinə
yazdığı şeirində M.P.Vaqifin "Bəh, bəh,
nə əcəb, şükür xudanın kərəminə,
Olmaz belə qamət, belə gərdən, belə sinə"
misraları ilə bəndlənən müxəmməsindən
istifadə etmişdir: "Qurban belə elmə, belə fənnə,
belə dinə, Bəh, bəh nə deyim, şükür
xudanın kərəminə".
XIX əsrdə M.P.Vaqif ənənələrinin ən
kamil davamçılarından biri də Aşıq Pəri
olmuşdur.
Aşıq Pərininin yaradıcılığı, öz
dövrünün ən məşhur şairləri ilə
qoşma və gəraylılardan ibarət mənzum məktubları,
deyişmələri məlum olduğundan xatırlatmaqla kifayətlənirik...
Molla Pənah Vaqifin yaradıcılığının
bilavasitə təsiri altında XIX əsr Qarabağ ədəbi
mühitində tənqidi-realist məktəbin əsasını
qoymuş Qasım bəy Zakir kimi nəhəng nümayəndəsi
yetişərək poetik inkişafın istiqamətini tamamilə
yeniləmiş, Vaqif zirvəsinə yüksəlmişdir ki,
bu barədə də, qədərincə tədqiqatlar və
məlumatlar mövcuddur...
M.P.Vaqifin öz dövründə və sonrakı mərhələdə
sevdirən, ustad səviyyəsinə qaldıran və ədəbi
məktəb, poetik mühit yaratmaq qüdrətinə malik
olması nə ilə bağlı idi? Qısa bir
şəkildə ümumiləşdirəsi olsaq, qeyd edərdik
ki, sənətkarın istifadə etdiyi janrlar o qədər də
çox deyildir. Bunlar konkret olaraq
aşağıdakılardır: qoşma, təcnis, qəzəl,
müxəmməs, müstəzad və müəşşər.
Göstərilən janrlardan qoşma və təcnis xalq
ədəbiyyatının, qalanları isə klassik
poeziyanın poetik şəkilləridir. İş
burasındadır ki, müəllif öz novatorluğunu, əsasən,
qoşmalarında - xalq ədəbiyyatına məxsus janrda təsdiq
edə bilmişdir. Yazılı ədəbiyyata
aid janrlarda isə onun poeziyası məzmun, ifadə tərzi,
ideya-bədii keyfiyyəti ilə sələflərindən
xeyli fərqlənsə də, orijinallıq keyfiyyətini tam
şəkildə bərqərar edə bilmir. Bu yolda şair bir ənənəçi olaraq
qalır. Ədəbiyyatımız tarixində Vaqifin
söz xəzinəsinə ayrıca mərhələ
hüququ qazandıran, onu ədəbi məktəbə
çevirən, ilk növbədə, qoşmalarıdır...
Vaqif lirikasının əsas xüsusiyyətləri
millilik, xəlqilik, realizm, sadəlik və nikbinlikdir. Millilik, xəlqilik,
realizm və sadəlik sənətkarın
yaradıcılığının ən mühüm əlamətlərindəndir.
Həm də, onu sələflərindən fərqləndirən,
ona ədəbi məktəb yaratmaq imkanı verən əsas
keyfiyyət göstəriciləridir. Vaqif
poeziyasının isnad etdiyi, seçdiyi aparıcı
mövzular ənənəvi məhəbbətin, gözəlin
və insan gözəlliyinin tərənnümüdür.
Vaqifin bədii təfəkkürünün və qələminin
qüdrəti ənənəvi mövzunun istər forma-şəkil
əlamətlərini, istərsə də mahiyyət-məzmun
tərəfini köklü şəkildə dəyişə
bilməsindədir. Yəni şair həm klassik poeziyanın ənənəvi
janrlarını qoşma ilə əvəzlədi, həm
deyim tərzini və ifadə üsulunu təzələdi, həm
bədii metodu dəyişdi, həm də mahiyyəti mücərrədlikdən
xilas etdi, ona yeni, real məzmun aşıladı. Bununla da estetik idealın köhnə, ənənəvi
məzmununa da yeni təravət gətirmiş oldu.
Əlbəttə, bunlar deyildiyi kimi, millilik, xəlqilik, realizm
və sadəlik elementlərinin vəhdəti və təzahürü
hesabına baş verdi.
Ümumiyyətlə, M.P.Vaqif xalq, xüsusilə
aşıq poeziyasının yaradıcılıq texnologiyalarını,
demək olar ki, zədələmədən bir küll
halında yazılı ədəbiyyata gətirmiş, onu bir
mahalın estetik zövqü miqyasından çıxarıb
bütövlükdə Azərbaycan türklərinin klassik bədii
təfəkkürü səviyyəsinə yüksəltmişdir. Vaqifin milli ruhu təzələmiş
şeirindəki yenilik və millilik ondan sonra yranan ədəbi
mühitin estetik kredosuna çevrilmişdir...
İndi
biz 300 il bundan əvvəl
yaşamış müasirimizin yubileyini qürur və təntənə
ilə keçiririk. Akademik Nizami Cəfərov "Xalqın
böyük şairi" məqaləsində haqlı olaraq
göstərir: "Azərbaycan xalqının böyük
şairi, mütəfəkkiri və dövlət xadimi Molla Pənah
Vaqifin üç yüz illiyinin bütün dünyada,
xüsusilə vətəni müstəqil Azərbaycanda təntənə
ilə qeyd olunması humanist, mütərəqqi tarixi şəxsiyyətə,
onun ideyalarına, poeziyasının heç zaman öz təravətini
itirməyəcək estetik təsir gücünə,
sözün geniş mənasında "şirin dili"nə
tükənməyən ehtiramdan, sevgidən, vurğunluqdan irəli
gəlir".
Məqaləmizi
Azərbaycan ədəbiyyat tarixçiliyinin babası,
Şuşalı, erməni vandalizminin qurbanı, Azərbaycanda,
eləcə də Gəncə-Qazax bölgəsində
marifçiliyin inkişafında əvəzsiz xidməti olan
Firudin bəy Köcərlinin sözləri ilə bitirirəm:
"Molla Pənah Vaqifin Qafqaziyada vücuda gələn
şairlərin babası və ustadı adlanmağa haqqı
vardır!!"
Ulu Səməd
Vurğun 1935-ci ildə M.P.Vaqifə həsr etdiyi şerində
yazmışdı və böyük şairin bu diləyi,
arzusu 1982-ci ildə reallaşsa da, 1992-ci ildə,
Şuşanın işğalından sonra erməni
vandalları vaxtilə özlərinin beyət etdikləri
böyük şairin bu abidəsini də, digər abidələr
kimi dağıtmışlar:
Dolansan
dünyanı sən qarış-qarış,
Tarix bir meydandır, ömür bir yarış.
Ölkəmiz
yarışın ön səflərində,
Bir yeni
dünya var hər əsərindəg
Qalxacaq,
şairim, bir gün heykəlin,
Bizim
Qarabağın Cıdır düzündə
Vaqif
canlanacaq onun üzündə...
M.P.Vaqif Qarabağ ədəbi mühitinin yetirməsi olsa da, o milli təfəkkürün və dilin hələ XVIII əsrdə meydana çıxmış möhtəşəm hadisəsi kimi özündən sonrakı dövrlərin (elə bu günümüzün də...) poetik mühitinin yaranmasında, inkişafında olduqca mühüm əhəmiyyətə malikdir ki, bunu XXI əsrdə M.P.Vaqifin 300 illik yubileyinin müstəqil Azərbaycan respublikasında təntənə ilə keçirilməsi əyani sübutdur...
Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas
AzƏrbaycan
Respublikasının Prezidenti yanında kütlƏvi informasiya
vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi
fondunun maliyyƏ yardımı ilƏ
Ədalət.-2017.-26 dekabr.-S.7