MULTİKULTURALİZMİN DÜNYAYA
AZƏRBAYCAN ÖRNƏYİ
Multikulturalizm bir ölkədə mədəniyyətlərin qarşılıqlı təsirində müəyyən keyfiyyətə nail olmasına yönəlmiş demokratik dövlət strategiyasıdır və eyni zamanda hamı tərəfindən müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerantlıq münasibət azərbaycanlıların mentalitetinə xasdır və gündəlik həyat tərzinə çevrilib.
"Multikulturalizm" termin kimi siyasi leksikona ilk dəfə 1970-ci ildə Avstraliyada İrriqasiya naziri vəzifəsində çalışan Al Kresbi tərəfindən daxil edilmişdir. Başlıca məqsədi sirayət etdiyi ərazidə etnik-mədəni dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə yönələn bir siyasətdir. Multikulturalizmə yönəlik dövlət siyasətinin əsas məqsədi ölkədə yaşayan bütün xalqların etnik-mədəni dəyərlərinin qorunmasına, inkişafına və cəmiyyət daxilində bu xalqların inteqrasiyasına nail olmaqdır. Azərbaycanın ərazisində yaşayan bütün xalqların, o cümlədən milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması və inkişafı məsələsinə Azərbaycan Respublikası özünün dövlət siyasətinin həm məqsədi, həm də vasitəsi kimi yanaşır.
Multikulturalizm siyasəti ölkənin demokratik inkişafının, insanların hüquq və azadlıqlarının müdafiə olunmasının tərkib hissəsidir. Bir neçə qərb ölkəsinin dövlət başçıları multikulturalizmin iflasa uğradığını qeyd etdiyi bir dövrdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti olduğunu bəyan etmişdir. Azərbaycan Respublikası bu məsələyə ölkənin ümumi inkişafının mühüm məqsədlərindən biri olan demokratik inkişafın, insanların hüquq və azadlıqlarının müdafiə olunmasının tərkib hissəsi kimi yanaşır və bu mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır.
İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq..." ("Hucurat" surəsi 13). İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir. İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir.
Xalqımızın ta qədimdən həyatında multikulturalizm ənənələrinin olması şifahi və yazılı ədəbiyyatımızdan da məlumdur.
"Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq!" deyən ulu öndər Heydər Əliyev bu ənələrin müasir dövrümüzdə hüquqi, siyasi müstəvidə banisi oldu və ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi.
XX əsrin əvvəllərində görkəmli etnoqraf Məmmədhəsən bəy Vəliyev göstərmişdi ki, "Azərbaycan etnoqrafik muzeydir". Hal-hazırda Azərbaycan Respublikası məkanında 80-dən çox azsaylı xalq yaşayır və ölkənin 10 faizə yaxın əhalisini təşkil edir. Bu azsaylı xalqlar qafqazdili, irandilli, türkdilli qruplara aid olub, ölkə əhalisinin etno-konfessional tərkibinə daxildirlər. Onların sırasında udiləri, ingiloyları, xınalıqları, qırızları, buduqları, tatları, talışları, rusları, ləzgiləri, yəhudiləri və digərlərini göstərmək olar. Bu azsaylı xalqların bir hissəsi Azərbaycanın köklü əhalisi olub, başqa bir hissəsi isə tarixin müxtəlif mərhələlərində baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq ölkə torpaqlarında məskunlaşmışlar.
Roma katolik kilsəsinin başçısı II İohan Pavel 2002-ci ilin may ayında Bakıda səfərdə olarkən Azərbaycandakı mövcud dini dözümlülüyü yüksək qiymətləndirərək demişdir: "Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər".
Hazırda Azərbaycanda 2246 məscid, 748 pir və ziyarətgah, 14 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyət
göstərir. Eyni zamanda
2009-cu ildə "Dini etiqad
azadlığı haqqında" Azərbaycan
Respublikasının qanununa edilən müvafiq dəyişiklikdən sonra Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsində
783 dini icma qeydiyyatdan keçmişdir.
Dini icmaların
755-i islam, 17-i xristian, 8-i yəhudi, 1-i krişna, 2-i bəhai icması olmaqla qeyri-islam qurumlarıdır.
Bunlarla yanaşı Respublikada 10 dini təhsil müəssisəsi qeydə
alınıb.
Multikulturalizm siyasətinin həyata
keçirilməsində ən
əhəmiyyətli addımlardan
biri Prezident İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması ilə
bağlı 15 may 2014-cü il tarixdə
imzaladığı Fərman
oldu. Mərkəzin yaradılmasının əsas
məqsədi ölkəmizdə
tarix boyu meydana gəlmiş tolerantlığın, etnik-mədəni,
dinin müxtəlifliyinin
qorunmasını və
daha da inkişaf
etməsini təmin etmək, həmçinin Azərbaycanı dünyada
multikulturalizm mərkəzi
kimi tanıtmaq və mövcud multikulturalizm modellərini
tədqiq və təşviq etməkdir.
Multikulturalizmin və tolerantlığın
həyat tərzinə
çevirildiyi Azərbaycan
gerçəkliyinin mədəni,
sosial, siyasi mahiyyətini öyrənmək
və təbliğ mexanizmini hazırlamaq, ölkədə mədəni
etnoqrafik müxtəlifliyin
azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını
müəyyənləşdirib gerçəkləşdirməklə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
vəzifələri bitmir. Həmçinin respublikamızda mədəni,
dini müxtəlifliyin
tolerant əsaslarının elmi təhlilini aparır və qorunub saxlanılması yollarını müəyyənləşdirir.
Mərkəz müxtəlif bölgələrə
aid mədəni irsi öyrənir, onların müasir dövrdə ahəngdar inkişafını
təmin edir, vətəndaş cəmiyyətinin
qorunub saxlanılması
prosesinə dəstək
verir. Təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərərək,
şəxsiyyətin mənəvi
bütövlüyünün həmahəng inkişafına
mane olan müəyyən
çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması
istiqamətində layihələr
gerçəkləşdirir. Mərkəzin ən nəzərəçarpan
və mühüm vəzifələrindən biri
də Azərbaycan Respublikası Multikultural nailiyyətlərinin beynəlxalq
mütəxəssislər tərəfindən
öyrənilərək xarici
ölkələrdə təbliğini
həyata keçirmək
və durmadan davam etdirməkdir.
Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi məsələləri dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.
Tural EMİNOV
Azərbaycan
Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının I kurs tələbəsi
Ədalət.-2017.-26 dekabr.-S.6.