XATİRƏMDƏ YAŞAYAN
ZƏLİMXAN YAQUB
Ötən əsrin yetmiş beşinci ilin yazı idi. Mən Lənkəran radio verilişləri redaksiyasında işləyirdim. Nə üçünsə mərhum jurnalist dostum Kamal Rəhmanovla görüşməyə getdim. Yanında iki nəfər tanımadığım adam gördüm. Çox şən və gümrah görünürdülər, söz sahibinə oxşayırdılar. O vaxtlar Kamal Respublika Kitabsevərlər Cəmiyyəti Lənkəran şəhər şöbəsinin məsul katibi idi. Əvvəllər isə "Leninçi" indiki "Lənkəran"qəzetində məktub şöbəsinin müdiri işləyirdi. Kamal Rəhmanov dünyasını dəyişənə kimi Milli Məclisdə mətbuat xidmətinin əməkdaşı idi.
O, qonaqları mənə təqdim etdi.
- Tanış ol! Respublika Kitabsevərlər Cəmiyyətinin sədri, şair Zəlimxan Yaqub və şair Ağa Laçınlı. İndi gedərik limonlu çay içməyə. Həm də şəhərin tarixi yerləri, təbiət guşələri ilə qonaqları tanış edərik.
Kamal müəllim
sonra əlavə etdi.
- Həmkarlarım Azad Zülaloğlu Lənkəran
radio verilişləri redaksiyasının
əməkdaşıdır. Məhsuldar jurnalistdir.
Həm də bir neçə ildir "Baləminin sərgüzəştləri" adlı müasir lətifələrini yığıb
çap etdirir, şən zarafatlarından
qalmır, dost qədri
biləndir, ona görə də xətrini çox istəyirik.
Sonra Zəlimxan Yaqub dedi:
- Gedək mənzərəli
bir yerdə xatirə şəkili çəkdirək.
Bu təklif hamının
ürəyincə oldu. İndiki zabitlər
evinin yanındakı bağa keçdik. Həm münasib yer idi, həm də
yaşıllıq göz
oxşayırdı. Fotoqraf mərhum
Əliskəndər Zeynalov
idi. Beləliklə də həyatımızın
bir anı, o günü xatırladan şəkili xoş bir xatirə kimi şəxsi arxivimdə qalır.
Onun qırx iki il keçdikdən sonra
(1975-ci ildə çəkilib)
oxuculara təqdim etmək, dostları xatırlamaq bizim borcumuzdur.
Həmin
vaxt Ağa Laçınlı dərsi
olduğu gecə qatarı ilə
Bakıya getdi. Zəlimxan Yaqubu ata yurdum
Boladiyə qonaq aparmağa dəvət etdim. Biləndə ki, həm də şair Şəkər Aslanın
doğulduğu kənddir.
Zəlimxan müəllim buna
sevindi.
Şairin
Boladi kəndində atam Zülal kişi ilə
görüşünü indi
də yaxşı xatırlayıram. Atam Zəlimxan
mehribanlıqla, ehtiramla
qarşıladı. Ona
müraciətlə - Borçalı
eli sazlı-söhbətli
adamların məkanıdır.
Elə bilirəm ki, sən də saz və söz
adamısan. Bizdə istədiyin
qədər qala bilərsən, gözümüzün
üstündə yerin
var. Qonaq da Allahındır, rüzi-bərəkət
də.
Evimiz kəndin
mərkəzində yerləşir. Zəlimxan Yaqub
bir gün atamgildə qonaq qaldı. O vaxt atam kənd klubunun müdiri işləyirdi. Zəlimxan müəllim kəndin
ziyalıları, ağsaqqalları
ilə görüşürdü.
Şair Lənkəranın, Boladinin
təbiətinə, əsrarəngiz,
təkrarsız gözəlliklərinə
vurulmuşdu. Saf hava,
bol günəş, sərin su, uca dağlar ona sanki Borçalını
xatırladırdı. Onunla birlikdə Lənkəranın
tarixi yerləri-qala, Mirəhmədxanin evi, mayak və XIX əsr dairəvi qalası xüsusilə şairin marağına səbəb oldu, şəhərin səliqə-sahmanı
xoşuna gəldi.
Zəlimxan müəllim
bir neçə gündən sonra Bakıdan mənə zəng edib dedi:
- Təzə kitabın çıxıb. Bakıda satışda
qurtarıb, Lənkəranda
kitab mağazalarında
olar, mümkünsə
ondan 10-15 nüsxə
tap, mənə göndər.
Mən şairə söz verdim ki, kitabı
tapan kimi sizə göndərərəm.
O vaxt "Leninçi", indiki "Lənkəran"
qəzet redaksiyasına
yaxın kitab mağazası var idi. Mağazanın müdiri mərhum
Qüdrət Əsədullayevdən
kitabın mağazda olub-olmadığını soruşdum.
O dedi ki, kitabdan qalıb. Amma oxucular onu tez
alırlar. Mən həmin
kitabdan 15 nüsxə
aldım.
Elə oldu ki, mən bir
neçə gün sonra Bakıya getməli oldum. Kitabı səliqə
ilə büküb axşam qatarla yola düşdüm.
Səhər qatar
Bakıya çatan kimi Kitabsevərlər Cəmiyyətinə getdim.
Orada mənə bildirdilər ki, Zəlimxan Yaqub indi "Azərbaycan" jurnalında
işləyir. Redaksiyanın yerini bildiyim üçün həmin ünvana getdim. Zəlimxan müəllim məni mehribanlıqla qarşıladı.
Dost-tanışları soruşdu. Mən dedim ki, kitabları
gətirmişəm. bu limonları da dəmlədiyiniz Lənkəran çayı
ilə içərsiniz.
- Böyük zəhmət çəkmisən, sağ
ol, - dedi.
Zəlimxan müəllim dedi:
- Lənkəran çayının
dadı çox yaxşı və ətirlidir. Çünki təbiidir. Sonra Zəlimxan Yaqub oturduğu masanın siyirməsini çəkib 5 avqust
1975-ci il tarixli "Azərbaycan gəncləri" qəzetindən
bir nüsxə mənə verib dedi:
-Təzə şeirim çıxıb, oxuyursan.
Qəzetinin ədəbiyyat səhifəsində
onun "düşübdür"
şeiri dərc olunmuşdu. Qəzet bu gün də mənim şəxsi arxivimdə qalır. Ayrılarkən şeiri dərc
olunmuşdu. Zəlimxan
Yaqub mənə dedi:
- Bakıda qalmağa yerin yoxdursa bizə gedərik.
-Sağ olun, axşam qatarla gedəcəyəm, sabah işdə olmalıyam, - dedim.
Mehribancasına görüşüb ayrıldıq. Xalq şairi
Zəlimxan Yaqubla çəkilən foto şəkilini ona məhəbbətin və
ehtiramın ifadəsi
kimi saxlayıram.
Amansız ölüm səmimi insan, Xalq şairi
Zəlimxan Yaqubu bu həyatdan vaxtsız apardı. Şair 2016 ömrünün
66-cı ilində dünyasını
dəyişdi. İndi şair
əbədiyyətə qovuşaraq
xatirələrdə yaşayır.
Azad ZÜLALOĞLU,
jurnalist, "Qızıl Qələm"
media mükafatı laureatı
Ədalət.-2017.-26 dekabr.-S.6