UNUDA BİLMƏDİYİM NƏBİ
XƏZRİ
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Ağlım
kəsəndən sözə və söz adamına yüksək
dəyər vermişəm. Şairə, yazıçıya əlçatmaz
insanlar kimi baxmışam. Onları Tanrının ən uca və
sevimli bəndələri bilmişəm. Və ürəyimdən
çox istəklər, arzular keçib. Orta məktəb illərindən
cızma-qaralar eləmişəm. Kimsəyə göstərməmişəm,
kimsədən də məsləhət almamışam. Həmin
cızma-qaraları mənsur şeir adıyla isti-isti
rayonumuzda çıxan "Ulduz" (indiki "Şəmkir")
qəzetinə göndərərdim. Təbii ki, dərc
etmirdilər. Buna baxmayaraq bir dəfə özümdə cəsarət
tapıb "Azərbaycan gəncləri" qəzetinə
bir neçə mənsur şeir (mənə görə)
göndərdim.
O
vaxtın yazarlarının yaxşı yadında olar, qəzetin
çox bacarıqlı, istedadlı və tanınmış əməkdaşları
var idi. Onlar hər yazının qəzet səhifələrinə
çıxmasına imkan vermirdilər. Elə buna görə
də "Azərbaycan gəncləri" yaşından
asılı olmayaraq bütün oxucuların sevimli qəzeti
idi. Mən də çox iddialıydım. Rayon qəzetində
bəyənilib çıxarılmayan yazılarımın
respublika qəzetində çıxmasını istəyirdim.
Atalar gözəl deyib: "Sən saydığını say,
gör fələk nə sayır". Fələyin nə
saydığı özünü çox gözlətmədi.
Qəzetin növbəti sayında elə fələyin əliylə
gözəl şair Sabir Almazov (dünyasını çoxdan
dəyişib. Allah ona rəhmət eləsin) redaksiyaya gələn
bədii yazılar haqqında yazdığı icmal məqaləsində
məni möhkəmcə (indiki dildə desək,
yıxıb sürümüşdü) tənqid eləmişdi.
Amma buna baxmayaraq mən haqlı tənqiddən incimədim,
sözdən küsmədim, bədbinləşmədim, ruhdan
düşmədim. Mənsur şeirin qaydan-qanununu öyrənmək
üçün G.Hüseynoğlunu, böyük R. Taqoru
dönə-dönə oxudum, onlardan öyrəndim.
Artıq
9-cu sinifdə oxuyurdum. Redaksiyalara göndərdiyim mənsur
şeirlər bəyənilir və rayon qəzetinin səhifələrində
dərc olunurdu. Artıq məndə yavaş-yavaş
özümə inam yaranır və mən özümdə cəsarət
tapıb mənsur şeirlərimi radionun
"Axşamınız xeyir" verilişinə göndərirəm.
Bəyənilir və səsləndirilir. Mən bundan
qürurlanır, sevinir və yerə- göyə
sığışmıram.
Orta
məktəbi bitirib, ali məktəbə yollanıram. Lakin
istənilən nəticəni qazana bilmirəm. Amma sözdən
ayrı düşmürəm. Yenə yazıram. Müxtəlif
qəzet və jurnallarda kiçik həcmili bədii
yazılarım çap olunur. 1981-ci ildə "Azərbaycan"
jurnalının redaksiyasına Nəbi Xəzriyə bir
neçə kəlməlik məktub yazıb bir neçə
mənsur şeir göndərirəm. Aradan xeyli vaxt
keçir. Məktubumun böyük şairə
çatıb, çatmadığından xəbərim
yoxdur. Elə bu ərəfədə bir neçə dostum məni
təbrik edir. Nəyə görə təbrik etdiklərini
sormuram. İlk ağlıma gələn bir neçə
gün qabaq "Kommunist" qəzetində Akademik Firudin
Köçərlinin adət-ənənəmiz haqqında
müzakirəyə verilmiş yazısı ilə
bağlı dərc olunmuş ki, kiçik yazım
düşdü. Və dostlara bildirdim ki, o yazını
oxumuşam. Dedilər yanılırsan, biz onu demirik. "Kommunist"in başqa bir sayında Nəbi Xəzri sənin haqqında gözəl bir yazı yazıb. Eşitdiyimə inanmadım. Bu qədər də yox də. Mən kim
idim ki, o boyda şair mənim haqqımda ölkənin bir nömrəli qəzetində
yazı yazır. Qəzeti tapdım və 4-cü səhifədə şairdən
gözləmədiyim, ağlıma
gətirmədiyim bir yazı oxudum. Onun mənə və yazılarıma olan isti, səmimi münasibəti sözün
yaxşı mənasında
məni heyrətləndirdi.
Sözün doğrusu mənim
mənsur şeirlər
yazmam da onu heyrətləndirmişdi.
Nəbi Xəzrinin oxucusu olmağıma baxmayaraq onu bir dəfə
də olsun (televiziya ekranlarından gördüyümü nəzərə
almasam) görməmişdim. Təbii ki,
o da məni görməmişdi. İmzamı da bəlkə birinci dəfə görürdü. Amma buna
baxmayaraq özüm və mənsur şeirlərim haqqında
elə ürəkdən,
elə səmimi, elə inamla yazmışdı ki, mənim qürurlanmaqdan, sevinməkdən başqa əlimdən bir şey gəlmirdi. Sözün açığı yazını
oxuyanda bir balaca qızarıb pörtmüşdüm də.
Bunu heç kim görməmişdi.
Doğrusu heç özüm
də görməmişdim.
Görmək üçün ən azından aynanın qabağına keçməliydim. Amma
yanağımın istiləşməyindən
hiss etmişdim.
Poetik təfəkkür sahiblərinə
hörmət edib, onları üzə çıxarmağa Nəbi
Xəzrini nə və kim
məcbur etmişdi ki. yazı-pozusuna,
özünə bir elə də bələd olmadan fərqli gənclərə
yaşıl işıq
yandırmışdı? Təbii
ki, heç kim. Bu şairin içindən gələn insanlıq, şairlik duyğusu, hissi idi. Mənim mənsur şeirlərimdəki
poetik işartılar onu sevindirmiş və mənim gələcək uğurlarıma
onda böyük inam yaratmışdı.
Üzümü belə görmədən
mənim yazılarım
haqqında ölkənin
bir nömrəli qəzetində - "Kommunist"də
"Şair fəhlə"
yazısı Nəbi Xəzri kimi bir şairin, yüksək vəzifə
adamının mənə
uğurlu yol arzusu olur. Bundan sonra
mən daha da ruhlandım, məsuliyyət hissim artdı, yıxılmadım,
büdrəmədim. Çünki böyük şairin sözləri dayağım,
söykənəcəyim idi.
Bu yazının qəzetdə
çıxmasından xeyli
vaxt keçmişdi. Mən hələ
də Nəbi Xəzriyə öz təşəkkürümü, minnətdarlığımı bildirməmişdim. Vaxtsızlıq, imkansızlıq içində
idim. Ona görə ki,
həmin ərəfədə
atam bərk xəstə idi. O üzdən də vaxt, imkan tapıb
şairin görüşünə
gedə bilmirdim. Bir gün dar
macalda şairin iş yerinə (o vax N. Xəzri Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin sədri
işləyirdi ) getdim. Yuxarı qalxıb
katibədən Nəbi
müəllimin burda olub, olmadığını
soruşdum. Katibə
xanım burda olduğunu dedi və məndən soruşdu:
- Siz kimsiniz?
Utana-utana
(hələ də bilmirəm adımı deməkdə nə utancaqlıq vardı?) dedim:
- Məhərrəm Şəmkirli.
Adımı eşidən
xanımın üzünə
xoş bir təbəssüm qondu:
- Nəbi müəllim sizi çoxdan gözləyir. Gedim xəbər verim,- dedi və
iri meşin qapıyı açıb
içəri keçdi.
Ürəyim döyünməyə başladı. Heç belə
həyəcanlanmamışdım. Öz-özümə: "Gör,
yazının üstündən
nə qədər vaxt keçib. Mən hələ indi təşəkkürə gəlmişəm.
Bəlkə bu diqqətsizliyimə,
laqeydliyimə görə
heç məni qəbul etmədi. Haqlıdır. Kim olsa mənim hərəkətimi
hörmətsizlik kimi
qəbul edər".
Beləcə gah özümü
qınayır, gah da böyük şairə haqq qazandırırdım. Yaxşı ki,
katibə xanım tez qayıtdı. Üzü gülürdü. Üzündəki
gülüşdən mənə
də pay verdi.
Gülə-gülə dedi:
- Nəbi müəllim sizi gözləyir. Buyurun, keçin.
Ürəkləndim. İri meşin
qapını açıb
içəri keçdim.
İlahi,
otaq nə boyda idi. Yaşımdan nə bu boyda otaq görmüşdüm,
nə də içərisində olmuşdum.
Məni görən Nəbi müəllim oturduğu yerdən durub gülə-gülə
mənə doğru gəldi, əl verib görüşdü,
xoş gəldin dedi. Oturmaq üçün yer göstərdi. Təşəkkür edib oturdum.
Söhbətə mənsur şeirin
az-az yazılmasından
və mənim mənsur şeirlərimi almasının nadir hadisə
olduğundan danışdı.
Böyük şair danışdıqca
mən qızarır,
bozarır, tər tökürdüm. Axı
bu başqa cür də ola bilməzdi.
Yaşımdan birinci dəfəydi
ki, şairlə bir otaqda, özü
də necə bir şairlə kəlmə kəsib ədəbiyyatdan, şeirdən
danışırdım. Mənim üçün bu İlahi bir sevinc, qürur idi. Şair onu da vurğuladı
ki, mən sənin mənsur şeirlərini "Ədəbiyyat
və İncəsənət"
(o vaxt "Ədəbiyyat
qəzeti" bu adla çıxırdı)
qəzetində, "Ulduz",
"Azərbaycan" jurnallarında
verə bilərdim. Amma mən "Kommunist" qəzetini üstün tutdum. Çünki bu qəzeti
bir milyon insan oxuyur. Tanrım, bu nə şirin və gözəl
görüş idi. Böyük şair mənim
özümə və sözümə belə yüksək dəyər
verirdi.
Bir neçə gün olardı ki, Nəbi müəllim Qərbi Almaniyadan qayıtmışdı. Orda rəssamlarımızın rəsm əsərlərinin uğurla nümayiş olunduğundan qürurla danışdı, sevincini bildirdi. Mən ona mənə və mənim yazılarıma verdiyi dəyərə görə böyük təşəkkürümü bildirdim. O, xoş bir təbəssümlə:
- Böyük Səməd Vurğun bizi belə öyrədib. İstedlara diqqət yetirib, qayğı göstərmək, onlara ədəbi yolda yaşıl işıq yandırmaq bizim borcumuzdur, - dedi.
Təkrar Nəbi müəllimə təşəkkür edib, o böyük insanın kabnetini tərk edirəm. O, məni qapıya kimi ötürür. Böyük sevinclə pilləkənləri düşüb binanı tərk edirəm.
Məhərrəm
Şəmkirli
AYB-nin üzvü
Ədalət 2017.- 27 dekabr.- S.7.