"SUNAMİ"DƏN...
SUNAMİYƏ...
Kitabdan yazılan kitab haqqında söz
İlin sonuna barmaqsayı günlər qalıb. Və demək
olar ki, hər kəs bu barmaqsayı günlərdə daha çox ilə yekun vurmaqla, yeni ilin ilk gününü
qarşılamaq niyyəti,
xəyalı ilə yaşayır. Hər kəs
öz imkanına, öz zövqünə və nəhayət öz xəyalına görə nələrsə
qurur və o nələrinsə işığında
2017 ilə vidalaşır.
Təbii ki, mən də
özümə görə
belə xəyalların
qurucularından biri kimi yazı stolumun üstündəki
qalaqlanmış kitablara,
müəllif məktublarına,
məqalələrə, şeirlərə
daha çox diqqət ayırıram. Çalışıram
ki, bu il redaksiyamıza təqdim olunmuş oxucu üçün faydalı ola biləcək materiallar qəzet səhifəsində
öz yerini tutsun, növbəti ilə arxivdə adlamasın. Bax, həmin o kitab qalaqlarını gözdən
keçirdiyim məqamdan
imzası oxuculara məlum olan Vaqif İsaqoğlu, yəni yazıçı-publisist,
şair və son vaxtlar da daha
çox ədəbi tənqidə meyl edən tələbə yoldaşım qapını
döymədən içəri
keçdi, əlindəki
kitabı da qoydu masamın üstünə. Anladım ki,
bu onun ilə
yekunun, mənim də yeni ilimə
hədiyyəsidir. Adətən mən Vaqifdən ancaq kitab, yazı
hədiyyələri və
bir də şirin vədlər almışam. Bu da onlardan biri! - deyib kitabı
götürürəm... müəllimi
Vaqifin olduğu kitabı... Vərəqləyirəm...
Vaqif də atüstü söhbət
edib sağollaşıb
gedir...
Bu yazını yazmağa
başlayanda artıq Vaqifin yeni kitabını
gözdən keçirmişdim. İşin
belə sürətlə
gerçəkləşməsinin iki səbəbi var. Birinci Vaqifin yazı üslubuna, onun dilinə bələd olmağım,
ikincisi də Vaqifin barəsində yazdığı, yəni
təhqiqat apardığı
Müzahim İsmayılzadənin
də yaradıcılığına
bələdçiliyim idi.
Neçə illərdi
ki, tanıdığım,
demək olar ki, kitablarının əksəriyyətini oxuduğum,
şeir, hekayə,
roman müəllifləri olan
Müzahim İsmayılzadənin
indiki ədəbi mühitimizdə özünəməxsus
yeri də mənə məlum olduğundan Vaqif İsaqoğlunun bu araşdırma kitabı, yəni daha çox elmi monoqrafiya sayıla biləcək əsəri
mənim üçün
oxunaqlı oldu. Oxudum və gördüm ki, Vaqif İsaqoğlu
bu monoqrafiyasında bir söz adamı
kimi, bir ədəbiyyatçı kimi
dizini yerə qoyub əməlli-başlı
təhqiqat işi aparır. Lap obrazlı desəm, Müzahim İsmayılzadənin
söz dünyasını
söz-söz vərəqləyib.
Onun nəsri ilə yanaşı, poeziyasını
da öz baxış bucağı altına salıbdı.
8 bölümdən, ön
söz və son sözdən olan bu monoqrafiya Müzahim İsmayılzadənin
qələm məhsullarının
hər biri barəsində öz səhifəsində yer ayırıb. Yəni Vaqif İsaqoğlu
fikrini konkret şeirlərlə, nəsr
əsərlərindən gətirdiyi
nümunələrlə təsdiqləyib,
möhürləyibdi. Elə ona görə də Müzahim İsmayılzadənin 60 yaşına
hədiyyə edilən
bu monoqrafiyanın ön sözündə Vaqif İsaqoğul yazır ki, "dünyadan öncə də söz vardı, dünyadan sonra da söz
olacaq" və bu fikrinin ardınca
Vaqif İsaqoğlu vurğulayıb ki, sözün olduğu hər yerdə Müzahim İsmayılzadənin
və digər dəyərli söz adamlarının özü
görünəcəkdir, imzası
boy göstərəcəkdir. Elə mən də Vaqifin bu fikirləri
ilə yüzdə yüz razıyam. Onu da xatırladım ki, Vaqif İsaqoğlu
Müzahim İsmayılzadənin
yaradıcılığını araşdırarkən sözə
qənaət etməyib,
xəsislik göstərməyib.
Bu da ona
imkan verir ki, boynu götürdüyü
yükü sanballı
bir şəkildə araşdırsın, mənzilbaşına
gətirib çatdırsın.
Doğrudur, müəyyən məqamlarda şəxsən
mənə bir oxucu kimi Vaqif
İsaqoğlunun yanaşması
qəribə gəlsə
də, amma onun fikirlərinin sonuna gedib çıxandan
bu qəribəlik pafosdan uzaqlaşır, gerçəyə çevrilir.
Bax, bütün bu halları ilə yanaşı, bir həqiqət var ki, o da Azərbaycan
ədəbi tənqidinin
mətbəxinə Vaqif
İsaqoğlunun təqdim
etdiyi kitabdır.
Yəni Müzahim İsmayılzadənin söz
dünyası haqqında
"Sunamidən... Sunamiyə"dir.
Yəni gələcəkdə Müzahim
İsmayılzadə yaradıcılığı
ilə maraqlanan hər kəs Vaqif İsaqoğlunun atdığı ilk addımdan
kifayət qədər
yararlana biləcək. Təbii ki,
bunun özü də böyük bir işin elə
böyük bir hissəsidir. İlin sonunda
görülən bu işin əhəmiyyəti
də hər halda, hər iki yazarımız üçün önəmli
olmaqla yanaşı, həm də yaddaqalandı. Axı,
onlar ili
kitabla başa vurublar. Xeyirli, uğurlu olsun!
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2017.-27
dekabr.-S.6.