Bir həftənin payız ritmləri
(Vahid Əzizin şeirləri
haqqında)
Allahverdi
Eminov
Qəribə görünməsin başlıq.
Məgər şeir həftəlik olur? Yoxsa poeziya da payızı -
ilin son ayları kimi "qocalır?" Belə düşünməzdim:
şeir məhz bir saatın, bir günün və bir həftənin
içində yazılır. Yaradıcılıq
psixologiyasının təsdiqidir bu qənaət. Necə ki, mən böyük şairimiz Vahid
Əzizi şəxsiyyət kimi poeziyasına da yaxından bələdəm.
Desəm onun yaradıcılığını
həmişə izləmişəm və xeyli silsilə məqalələr
yazmışam. Günlərimiz olub, soyuq
qış gecəsində soyuq otaqda isti söhbətlər
etmiş, hətta bir şeirin yaranmasının şahidi
olmuşam. Bəli, bir gecənin
intizarında "Bahar" şeiri hasilə gəlib. Təzad deyilmi? Məhz poeziyanın da qəribəliklərindən
biri də bu ovqata şairi kökləməkdir!
Vahid
Əziz haqqında uzaqan başlamağı bir kənara
qoyuram; onun poetik yaradıcılıq psixologiyasında
maraqlı cəhətlər az deyil: O, olub aylarla, hətta ilcə
bir şeir belə qələmə almamışdır, olub
gecə yarıdan keçmiş mənə telefon
açmış, bir neçə şeirini "mürəkkəbi
qurumamış" oxumuş, ürəyini sadiq oxucusuna
açmışdır. Mən səhəri
diri gözlə açmışam, təəssüratımı
bir yazımla yumşaltmışam. Poeziya
təbii ki, şairin sirridir yazılana qədər - onu qoruyur
müəllifi - sonra daha onun deyil, minlərin, milyonların
ünvanıdır. Poeziyanın sirlərinə
hələ də varid olunmur nədənsə, səbəbi nə?
Şairdən ummağa nə var, yazır və
oxuyuruq. Məsələ şeirin yaranma
möcüzələrini araşdırıb az-maz
tapmaqdır. Dəfələrlə demişəm: -
Şeir (poeziya) kəşfdir, şeir oyundur, misralar əvvəlcə
şairilə "gizlənpaç" oynayır, bəzən
tapılmır da. Sonra özü üzə
çıxır və məhrəmanə misralar bir-birinə
sığınır, bir-birinə qısqanmır. Bir
şərtlə: şairin ovqatı, sevgi həsrəti,
olmuş duyğuların oyanışı səslənsin təxəyyülündə,
qəlbindəg
Vahid Əzizin son şeirlərində ("Ədəbiyyat"
qəzeti, 09.12.17) mən bu əlamətləri sezdim. Bir istəyin
- sevginin mütəhərrik səslənməsi. Bir istəyin - sevginin həzin həsrəti.
Bir ümidin - sevginin ölməzlik himni:
Gülüm,
axı məni hamı tanıyır,
Bilmədiyin nə öyrənib getmisən?
İndiyədək
çəmən məni qınayır,
Çiçəklərə gileylənib getmisən.
Yar olmaya,
canım sənə qəfəsmiş,
Aramızdan nə çatlayıb, nə əsmiş?
Bəlkə sevgi sənin üçün həvəsmiş?
Ətrafında veyillənib getmisən.
...Sevənlərdir
xatirələr qoruyan,
Torpaqları göz yaşıyla qoruyan.
Yollar
çoxdur insanları ayıran,
Hara baxsan
şaxələnib getmisən...
Sevginin
sirri də bundadır: vaxtında tutdun - səninlə birgə
qocalar, yaşlaşar və daşlaşar; buraxdın - əlindən
çıxdı - sədaqət umma ondan. Sevgi axı məhəbbət
deyil ki, hər bir əşyada: canlı da, cansız da
insanı gözləyir. Sevgi böyük dərd-hicran
qoyub uzaqlardan boylanar, ta payızacan. Vahid
Əzizin poeziyasına bu payız qəfil, gözlənilmədən
gəlib və neçə-neçə şeir
yazdırıb. Əlbəttə,
şabaşı ilə. Payızın
varı da ağaclardan yığdığı yarpaqlardır
ki, bir gün ömür "oynayanda" şabaş verir.
Bulud
üç bir, iki bir,
Yavaş-yavaş yağdırır.
Yollar boyu
toy gedir -
Payız şabaş yağdırır.
Daşınmaqda
ot-ələf,
Qoymarıq olsun tələf.
Su
içində bu tərəf,
Ya da o baş, yağdırır.
...Bir
eşq sinəmin altda,
Od-alov çataçatda.
Qız-gəlin
zarafatda -
Təndir lavaş yandırır.
Əsl payız ritmi. Mənə rus şairi Nekrasovun məşhur
"Biçilməmiş ot" şeirini xatırlatdı...
Payız küləklərlə gəlir və şairin
sümüyünü sızladır, ilahidən gələcək
şeir payının intizarını gözləyir, qəribə
deyilmi? Təsadüfi
qənaətə gəlinməyib: şairlər Allaha daha
yaxın insanlardır, inanıram. Payız Vahid
Əzizdə həm də yaradıcılıq potensialına
stimul gətirir. Onun şəhadətinə
görə, ən məhsuldar işləməsi payız fəslinə
düşür.
Bu da
yaradıcılıq psixologiyasının bir əlamətidir
və "Küləklər Bakıya qarlar gətirir",
"Əsl Bakı havasıdır bu hava" şeirlərini
"diqtə" etmişdir. Birinci şeir zəngin poetik
atributları ilə diqqəti cəlb edir, şairin gerçək
təxəyyülünün inikasıdır, yoxsa şeirin
ahəngi - harmoniyası pozula bilərdi:
Küləklər
Bakıya qarlar gətirir,
Yasamal bəyazlıq geyir əyninə.
Bakı
elə bil ki, duzun itirir,
dənizi
səpirlər küçələrinə.
Küləklər
dağlardan qarlar gətirir,
baxdıqca görkəmi göz oxşayacaq.
"Dağlı
təndirini" alov isidir,
Çörək bişirdikcə köz oxuyacaq.
Sulu qar
küləklə qapını açdı,
dağlarda o qədər qartopu atdım.
bir topa
ovcumdan yollara qaçdı,
onu gəzə-gəzə
Bakıya çatdım.
Poeziyanın öz şeiriyyəti var və şairin
ilhamı fəslin bakirəliyindən qida almalıdır,
misralar detallarla obrazlaşmalıdır. Vahid Əziz payızı
oxucuya yalnız təbiətinə görə
çatdırmır - buna nə ehtiyac - payızın
doğurduğu ovqat, oyatdığı düşüncələr,
hisslərin təmizliyi - bu "üçlük" estetik
zövqün gücünü büruzə verir.
Oxucu bir növ - yox, həqiqi mənada zənginləşir. Qar gətirən, küləyi,
yedəyində daşıyan payız Bakının, elə
bütöv məkanın həmişəlik qonağı ola bilməz, bu, yeknəsəklik olardı.
Qışın
bu şəhərdə həyatı qısa,
Qar yerdə uzağı, iki gün qalar.
Küləklər
ya könlün açar bir qıza,
Ya da örpəyini başınnan alar.
Xırda detaldır, ictimai mətləbə ehtiyac da
yoxdur, amma qar çirki içinə çəkib əridib
bu kiri-pasağı özüylə aparması - ehtiyac var.
Qardan sonra bəyazlıq, "təşvişə"
düşmür, gilavara ehtiyac var ki, dənizə tələssin,
xəzrini qabaqlasın. Məncə, ölməz şairimiz Sabirin "Uşaq
və buz" şeirinin ab-havasını duyan cocuğun hisslərini
xatırlatdı!
İkinci şeirində Vahid Əzizin öncə,
duyğu azadlığı qabarıqdır. Vətənin
sosial və mənəvi ponoramı. Hər bir
dürlü iş görünür və müəllifin dərindən
yaşantısı. Mənəvi mərdliyin təzahürü
və poetik məftunluq. Və bir qədər
keçmişə qayıdım:
Bir arada səngimişdi
rüzgarlar,
Elə bil ki, qoyulmuşdu girova.
Bir az isti, bir az soyuq, bir az qar -
Əsl Bakı havasıdır bu hava.
Və
şair əhval-ruhiyyəsinin poetik işığı,
coşğunluq yüksəlişinin görüntüsü:
sevgidən başlanan insan ruhi ehtiyacının ödənişi.
Bu, gənclərin "elçi
daşı"ndan başlayıb haqq və həqiqətdə
toxdayır. Şair "elçi daşından" təsadüfi
başlamır:
Nələr
çəkər qəlblər elçi daşında,
Oğlanları
sevər on beş yaşında.
Şimşək
çaxar gözəllərin başında -
Əsl Bakı sevdasıdır bu sevda.
Və
xüsusi şairlik zövqü ilə məmləkətimizin
Abşeron məkanının təbii nemətlərini tərənnüm
edir:
Bağlarında
qızıl güllər al yanaq,
Ləzzət verər şor qoğalla qayğanaq.
Ətri
gözəl, qənd, zəfəran, xeyli yağ
-
Əsl Bakı halvasıdır bu halva.
Gözəl
Bakı Abşeronun maralı,
Qala bilməz
Xəzərindən aralı,
Duyulmaqda
dəyişdikcə əhvalı -
Əsl
Bakı qovğasıdır bu qovğa...
Vahid Əzizin payız ritmləri ovqatında estetik
idealın (poeziyaya məxsus təyinat) bədii şərhidir,
insanın içində və şüur fəhmində
canlanan nüansların təsiridir. Oxucu bu poetik aktı
qeydsiz-şərtsiz qəbul edir.
Yenə şeirin baş qəhrəman şair mənidir. O, oxucu sevincinə və kədərinə
şərik çıxır, baxmayaraq poeziyada
"görünmür", amma oxuyan kəs dünyanı
unudur, emosionallıqdan düşüncəyə gəlir,
fikir sözə çevrilir, maddiləşir.
Şairin "Savayı" şeirində haradasa real Mən
var ki, uzaq illərə qayıtmaq istəyir; alınacaqmı?
Körpə
idim - yerim isti, özüm tox,
Nə istəsəm yetişərdi havayı.
Öyünməyə
daha gözəl günüm yox,
El-obamda o günlərdən savayı.
Xəyalımda
ömrün hər bir yaşında,
Gözlədiyim soyuq elçi daşında.
Nə diləyim
beşiyimin başında,
Nə deyən dodaqlardan savayı.
Həzinlik, ana nəvazişi, beşik fenomeni; bunlar necə
də xoşdur, bir şair varlığının
keçmiş daş abidəsidir. Lakin heç də belə getmir
ömrün axarı: münasibətlər haqqında təsəvvürlər,
xeyir və şərin izləri, əməllərin və
hadisələrin dolaşmış düyünləri və
nəhayət:
Mərd
olanı zindan belə sındırmır,
Zirvələrdə qarlar belə dondurmur.
Bu
dünyada heç nə məni yandırmır -
Odu
sönmüş ocaqlardan savayı...
Ocaq sönməsin, sönərsə özüylə səadət
və şöhrət nurunu da aparır, əvəzində təşvişli
və həyəcanlı payızı gətirir. Şairin - müəllifin mənəviyyat
və əxlaqca təmiz Məni!
Şairin
mövcudata poetik baxışı - bədii arxelogiyaya sövq
etməsi! Şairin psixoloji və həyat qütblərinə
güclü meyli! Bu "triada"nın
doğurduğu assosiativ çalarlar - mən poeziyaya bu
zövq pəncərəsindən baxıram.
Pəncərələri tam açmaq hər tənqidçiyə
nəsib olmayan ümiddir. Və narahatçılıq da
keçirirsən: nə vaxtsa peşəkar tənqid
poeziyanın, hətta bir şeirin poetikasının
anatomiyasını açmalı olacaqdır.
Subyektiv hisslərindən uzaqlaşacaqdır, əsl poetik nümunələrin dəyərini çəkəcəkdir. - Sualsız! Mərhum professor Cəfər Cəfərov yazmışdır:
"Tənqidçinin də xoşuna gələn və ya gəlməyən cərəyanlar, üslublar, məktəblər vardır, lakin tənqidçinin başlıca silahı bu özünəməxsusluq deyildir, onun gücü obyektivliyindədir ki, bunun xatirinə o, çox zaman subyektiv hisslərindən əl çəkməlidir".
Vahid Əziz poeziyasına, hələlik qiyməti verilməyən bu dolu yaradıcılığa da şamil etməkdən çəkinmirəm. Belə zəngin şairlərimizin yaradıcılığı nəzərdən qaçırılmamalıdır.
Unutmayaq hər bir ömrün, xüsusilə, söz, fikir adamının illəri nə vaxtsa payıza dirənir, yalnız bu zaman kəsiyində tərəflər kəsilmir. Gec deyilmi? Onu unutmayaq ki, əsl şairlər və poetik ürəklilər nə yaxşı öz kökündən düşmür, gözəlləri unutmur, hətta bir gecənin həzinliyinin həsrətini arzulayırlar.
Həsrətin, intizarın enerjisi sönmür. Vahid Əziz "Yaman yada saldı bu gecə səni" şeirində nəydi pıçıldadığı.
Qəlbimi çəkdiyim həsrət üşüdür,
Köksüm isindikcə şəkillərini
Yoxluğun yandıran olmazdı bu cür -
Yaman yada saldı bu gecə səni.
Səni xəyalımda
tutub gedirəm,
Özgə kimim var ki, pənah gətirəm?
Qorxuram
özümü elə itirəm -
Boynuna sarmanam görüncə səni.
...Yuxuda
lal-dinməz keçdin yanımdan,
Həyatda dözməzdim havalanmadan.
İnan
ki, canını barmaqlarımnan
Didərəm,
yanımdan gedincə sənin...
Bu da
şairin içində boğduğu ehtirasın həsrəti!
Onu söndürməyə dəyərmi? Şairin iztirab aləminin məsud və səadət
səltənətinin nikbin şöhrət nuru.
Haçansa yanacağı alovun son yeri, son közərtisi...
Vahid Əziz poeziyasının payız ritmləri beləcə
yarandı, ilahiləşmiş həsrətin məsud
günlərində, poeziyanın təbii diqtəsində. Nə
yaxşı belə olur, nə yaxşı payız
duyğulandırır.
Yaşın
çoxaldıqca fəsilbəfəsil,
Tanı düşməninlə, dostlarını bil.
Payızı
qayğıkeş, yaşı şirindi,
Vətənin qışları, yayları
gözəl...
Ədalət 2017.- 28dekabr .- S.6.