AZƏRBAYCAN QƏZƏLİ

 

ƏDƏBİ HƏYAT

 

VI yazı

 

Qəzəldə müəyyən bir əhvalatı, aşiq-məşuq münasibətlərini nəql eləmək ("Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi" - Nizami) klassik qəzəllərimizdə ayrıca bir xətt təşkil edir. Buna süjetli qəzəl deyilir və Seyid Əzimin belə qəzəlləri sayca az deyil.

 

Dünən gecə mənə həmbəzm bir səmənbər idi,

Məhi-cəmalı ilə gözlərim münəvvər idi.

Başımda nəşeyi-mey, xatirimdə zövqü səfa,

Bir əldə türreyi-dilbər, bir əldə sağər idi.

Gecəm o hur cəmalilə ruz tək rövşən,

Yerim behişti-bərin, badəm abi-Kövsər idi.

Nə xahiş eyləsəm ol bəzm ara olub hasil,

Nə arizu eləsəm yardən müyəssər idi.

Xuda keçən gecəni ömrümə hesab eləsin,

Ki, hər dəqiqəsi yüz min günə bərabər idi.

Qədr axtarasan, ey şahi-diyari-vəfa

Ki, heyf öldü bu Seyyid, qəribə çakər idi.

 

Seyidin qəzəlləri həyatsevərlik, nikbinlik çalarları ilə oxucuda xoş hisslər oyadır, "axirət fikrini çəkmə, gözəllərdən və gözəllikdən zövq al" - bax, bu fikirləri təbliğ edirdi Seyid, xurafat zülmətinə bürünmüş Şamaxı mühitində bunları söyləmək hünər tələb edirdi. Şərabın, meyin "tərənnümü" isə Xəyyamdan, Füzulidən gəlirdi və ümumiyyətlə klassik poeziyada mey, meyxana, şərab daha çox simvolik məna daşıyır. Ancaq S.Əzimin yaşadığı Şamaxı mühitində meyi, meyxanəni məscidə qarşı qoymaq qabaqcadan əcəl kəndirini boynuna dolamaq idi. "Şərab almağa səndən ötrü təndə nəqdi-canım var, Güman etmə ki, bu biçarə Seyyid təngdəst olmuş". "Qəribə xanəviran, rindi-bipərvadı Seyyid kim, Əlindəın cam düşməz, bir çıxıb meyxanədən gəlməz", "O tari-zülfə Seyyid qılmaz iyman, məhz kafərdir, Çəkər təsbihdən əl, rişteyi-zünnardan keçməz" "Seyyida, lalələr aldı ələ mərcani qədəh, Ruhi-Cəmşidi edək şad, içək bir neçə cam", "Zahidü məscid təmənnasın çox etmə, ey könül, Zahidi bir cüğd bil, həm məscidi viranə tut" və s. Ancaq S.Əzim heç vaxt allahsız olmamışdır, qəzəllərində Qurandan, dini kitablardan gələn sözlər, ifadələr, "Xalıq", "Allah kərimdir" rədifli qəzəlləri diqqəti cəlb edir.

Seyid Əzimin Füzuli qəzəllərinə nəzirələri çoxdur. Ancaq bunları sadəcə nəzirə hesab etmək doğru olmazdı. Bu qəzəllərdə Seyid Əzimin özünəməxsus şair fərdiyyəti, üslubu diqqəti cəlb edir:

 

Can tazələnir ləli-dürəfşanını görcək,

Dil xürrəm olur sərvi-xuramanını görcək.

Dağlarə çıxıb saldı başın sünbül aşağə,

Ol lalərüxün zülfi-pərişanını görcək.

Yəqub neçin ölmədi, bilməm fərəhindən,

Can nəqdi olan Yusifi-Kənanını görcək?

Bu xaki-siyəhdən başımız çərxə ucaldı,

Ol mahirüxün gündə bir ehsanını görcək.

Seyyid, elə bildim ki, bəqa suyunu içdim,

Ol səbz-xətin qətlimə fərmanını görcək.

 

Çox maraqlıdır ki, XIX əsr şairlərinin bir çoxu ikili ədəbi həyat yaşayırdılar: bir tərəfdən divan ədəbiyyatına-klassik poeziyaya bağlı idilər, digər tərəfdən, maarifçiliyi təbliğ edirdilər. Elə Seyid Əzimin yaradıcılığı bunun əyani sübutudur.

Qəzəlin XIX əsr dövrü bu janrın obraz, bədii təsvir ustalığı, orijinal deyim tərzində də yeniliklərlə zəngin idi. Füzulidən qüvvət alan şairləri birmənalı şəkildə təqlidçi adlandırmaq olmaz. Əksinə, elə qəzəl nümunələri yaranırdı ki, onları Füzuli və Seyid Əzim qəzəlləri ilə bir sırada tay tutmaq olar.

 

Hər kim ki, hicri yar ilə düşsə dimağidən,

Heç açılırmı könlü onun seyri-bağidən.

Aldım sorağını dedilər qeyrə yar olub,

Ey kaş lal olaydı dilim bu sorağidən.

Ölməkdən özgə yox məınə eşqidən bir sud,

Pərvanə yanmağı ancaq sevir çırağidən.

Bir lalə üzlü yar çəkib dağ sinəmə,

Ya rəb, sən etmə sinəmi xali bu dağidən.

Yetdikcə gül dodağinə mey, bilməzəm alır,

Güldəın dodaq nəşəni ya mey dodağidən.

Sənsiz bahar açıla, istəməz Bahar,

Nə qönçə bağidən açılar, lalə dağidən.

 

Bu qəzəlin müəllifi Mirzə Nəsrullah Bahardır (1834-1883). Bitkin qəzəldir. Təfərrüata, ayrı-ayrı qəzəlləri misal gətirməyə ehtiyac varmı? Epizodik misallarla kifayətlənək:

"Təbiba, eşq dərdin dəf edəmməzsən məzacımdan, Məni bu dərd billəm, öldürər, əl çək əlacımdan. Əlaci-dərdimə canan ləbindən ehtiyacım var, Əlacım hasil eylə, ey müalic, ehtiyacımdan" (Ələkbər Aciz), "Ahım küləyi yıxmadı bünyadını hicrin, Ey seyli-sirişkim, sən özün bir hünər eylə" (Bixud), "Köksüm üstə çəkilən yar oxunun yarəsidir, Sinəmə bir də bir ox ursa, onun çarəsidir" (Məhəmmədəli bəy Məxfi), "Saqiya, bir şur ilən gəl, şuriləndir məclisi, Bu xumarı rəf edib məxmuriləndir məclisi. Hər "ənəlhəq" naləsi bir tari-zülfündən gəlir, Eylə bir dar aləmi, Mənsuriləndir məclisi." (Sədi Sani Qarabaği), "Rüxsari-yarə qondu ərəq zoqi-badədən, Gül bərginə qonan kibi gülşəndə jalələr" (Əbdülxaliq Yusif), "Firqətində tökərəm göz yaşı Ceyhun-Ceyhun, Yanar əhvalıma Fərhad ilə Məcnun, Məcnun. Bilməsən halımı hicran günü zalım, zalım, Vurar hər ləhzə mənə qəm oxu şəbxun, şəbxun" (Haşımbəy Saqib) və s. Misallardan da görsənir ki, XIX əsr qəzəl şairləri klassik ədəbi ənənələrə sadiq qalmışlar, təsvir vasitələri, qəzəldə işlənən tərkiblər dəyişilməyib, amma hər halda, "köhnə havalar"da təzə söz deməyə çalışmışlar.

XIX əsr Azərbaycan poeziyasında Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım, Məşədi xanım Leyli kimi qadın yazarların qəzəl yaradıcılığını da unutmaq olmaz. Mərhum yazıçı, professor Əzizə xanım Cəfərzadənin tərtib etdiyi "Azərbaycanın aşıq və şair qadınları" (Bakı, 1991) toplusunda bu şairlərin qəzəllərindən seçmə nümunələr təqdim olunur.

Onların qəzəllərini səciyyələndirən bir ümumi məqamı qeyd edək - bu da KÖNÜL AHIdır, taledən, yaşadıqları ictimai mühitdən, uğursuz sevgidən, qadına olan patriarxal münasibətdən yaranan bu könül ahı onların qəzəllərinin leytmotivinə çevrilir.

 

Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi.

 

İbrahimxəlil xanın qızı, Natəvanın bibisi Ağabəyim Ağa Ağabacının bu tutiyə beyti (təəssüf ki, onun şeir yaradıcılığından cəmi altı beyt məlumdur) XIX əsr şair qadınlarımızın əhval-ruhiyyəsini, qəm-kədər dünyasını bariz şəkildə ifadə edir.. Qəzəllərinin rədifi də o könül ahının ayrı-ayrı zərrələridir: "əfsus", "neçin gəlməz?"? "ağlar", "ölürəm", "ağlaram", "getmə" (Natəvan), "rəhm et" (Heyran xanım), "ölürəm"(Məşədi xanım Leyli), "görmədim" (Şahniyar xanım), "ölmə", "sənsiz" (Fatma xanım Kəminə) və s. Bu xanım yazarların içərisində heç şübhəsiz, Natəvanın qəzəlləri poetik baxımdan daha bitkindir. Natəvan Füzulidən ən çox təsirlənən, hətta ayrı-ayrı qəzəllərində Füzuli nəfəsi duyulan şairdir.

 

Dilbəra, dərdü dilimdən belə ünvan etdim

Ki, qəmi-hicridə dil mülkünü viran etdim.

Mümkün olmaz mənə vəslin bilirəm həşrə kimi,

Ol səbəb məskənimi kuhü biyaban etdim.

Eşq sultanı mənim qətlimə fərman gətirib,

Etmədim tərki-vəfa, taəti-fərman etdim.

Ya təbib adını tərk eylə, təbabət etmə,

Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?

Yoxdu bir kimsə məgər dərdimi bilsin, ya rəb

Ki, mən öz qanım ilə dərdimə dərman etdim.

Dərdi-hicrində gözüm yaşı tutub dünyanı,

Nuh tufanı kimi gör ki, nə tufan etdim.

Natəvan, etmədi ol səngidilə nələm əsər,

Gecə-gündüz nə qədər naləvü əfqan etdim.

XIX əsr Azərbaycan poeziyasının üç görkəmli nümayəndəsi - Əbülqasım Nəbati, Əbülhəsən Raci və Seyid Nigari yaradıcılığında da qəzəl janrı mühüm yer tutur.

Əlbəttə, qəzəl və ümumiyyətlə, şeir formalarının hər biri şairin hansı ədəbi cərəyana yaxud hansı məsləkə mənsub olmasıyla bədii dəyər qazanmır. Deyək ki, Nəbati yaradıcılığında sufizm dərin kök salıb, Seyid Nicari nəqşbəndlik təriqətinə mənsub idi, təbii ki, onların qəzəllərində bu, öz əksini tapmalıydı. Əsas odur ki, qəzəlin hansı məzmunda yazılmasından asılı olmayaraq o, bir şeir nümunəsi kimi dolğun, bitkin və mükəmməl olsun. Seyid Əbülqasim Nəbati bu baxımdan XIX əsr poeziyasında qəzəlin bir çox gözəl nümunələrini yaratmışdır. Onun qəzəlləri öz bədii-estetik təravətinə görə Seyid Əzim qəzəllərindən heç də geridə qalmır. Nəsimidən, Füzulidən gələn təsir dalğaları Nəbatidə təqlidçiliyə çevrilməmiş, əksinə, orijinal deyim tərzi ilə diqqəti cəlb edib. Folklordan gələn meh də bu qəzəllərin canına, qanına hopub. Tədqiqatçılar (Z.Əsgərli, Ə.Hüseyni, M.Osmanoğlu) Nəbatinin musiqi sənəti ilə yaxından bağlılığını, şairin xalq nəğmələrinə söz yazdığını, şeirlərində muğam və muğam şöbələrini tərənnüm etdiyini qeyd edirlər. Nəbati qəzəlləri qafiyə, rədif baxımından da yeniliyilə seçilir, "söz oyunu" onun qəzəllərində ritm yaratmağa, şeirin musiqi ahəngi ilə köklənməsinə imkan verir. Məti Osmanoğlu yazır ki: "Məzmun kamilliyi və struktur zənginliyi baxımından Nəbatinin qəzəlləri daha mükəmməl bədii örnəklər sayıla bilər".

 

Sənsiz ey gül, könlümün bir dəm qərarı yoxdu, yox!

Səndən özgə neyləsin, bir qəmküsarı yoxdu, yox!

Dərdi-hicrin çarəsin hərçənd bildim səbr imiş,

Neyləyim, billah, bu dəryanın kənarı yoxdu, yox!

Leyli! Leyli! - söyləyib çoxlar deyir kim, aşiqəm,

Leyk Məcnuntək onun bir dağdarı yoxdu, yox!

Hər xəzanın bir baharı onsuz olmaz, olmasın,

Bu çöl olmuş gülsitanın bir baharı yoxdu, yox!

Gülləri, bülğülləri, abü havası çox gözəl,

Heyf kim, bu gülşənin bir gülüzarı yoxdu, yox!

Sən nə bəslərsən bu tərlanı, Nəbati, ruzü şəb?

Mən bu dağı çox dolandım, bir şikarı yoxdu, yox!

 

Nəbatinin qəzəllərində kifayət qədər sufizm təsirlərindən və sufizmin özündən söz açmaq olar, Azərbaycan ədəbiyyatında sufizm məhz Nəbati poeziyasında sonuncu nöqtəni qoyur, tədqiqatçılardan birinin qeyd etdiyi kimi:

"Özünü dərk eləyən Allahını dərk etmiş olur, Allahını dərk eləyən bütün dünyanı" tezisi Nəbati yaradıcılığında bariz ifadəsini tapır.

Özünü dərk etmə Allaha doğru gedən yolun başlanğıcı idi və Nəbati Füzulinin məşhur qəzəlinə yazdığı nəzirədə dərin çırpıntılar içində o yolu seçdiyini elan edirdi:

"Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir! Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir! Od tutub canım sərasər yandı, amma bilmədim, Dil nədir, dilbər nədir, başımda bu sevda nədir!".

Məlum səbəblərə görə Seyid Nigarinin yaradıcılığı uzun müddət tədqiqatdan kənar idi. Halbuki, keçən əsrin əvvəllərində Firudin bəy Köçərli onun yaradıcılığını yüksək qiymətləndirmişdi: "Hacı Mirhəmzə əfəndinin yazdığı şeirlərin cümləsi eşqi-həqiqiyə, məhəbbəti-ilahiyə, hüsni-təbiiyə, mədhi-mövlaya, mərifəti-xudaya, eşq yolunda sədaqət və dəyanət və sair ovzafi-həmidələrin mədhinə şamil kəlamlardır". Seyid Nigarinin qəzəlləri bütünlüklə Eşqin və Tanrıya sevginin tərənnümü üzərində qurulub. Eşq-sevda Nigarinin təbirincə insanı ucaldan, onu mənən saflaşdıran bir qüvvədir, Haqq yoludur, dünyadakı bütün gözəlliklərin mənbəyi Eşqdir, sevdadır. Nəbatinin qəzəlləri ilə müqayisə etdikdə Seyid Nigarinin qəzəlləri bir qədər çətin anlaşılır - həm ayrı-ayrı söz və ifadələr (bunlar sırf nəqşbəndliklə bağlıdır), həm də dini-fəlsəfi rəng qatılan şeirlər müasir oxucu üçün qəliz və mürəkkəb, başa düşüləsi çətin mətndir. Hətta nisbətən sadə yazılan qəzəllərdə də məna, mətləb müəyyən hazırlıq, bilgi tələb edir ki, dərk edə biləsən:

 

Mütrib çəkər, ah, ah söylər,

Sərməst olur gah-gah söylər.

Dərd əhli bilir ki, bənd bəndi

Bərdari-dilavər əh söylər.

Eşq atəşinə yanar məşuq,

Suzi-dil ilə Allah söylər.

Gər kim, nə gözəldir eşq yari,

Dərvişi-qulam şah söylər.

Məsti-meyi mehrdir Nigari,

Sərməsti-Allah, Allah söylər.

 

O ki qaldı Raciyə, onun da taleyi Seyid Nigarininki kimi olub. Raci uzun müddət mərsiyə şairi kimi tanıdılıb və onun lirikası haqqında oxucuların təsəvvürü olmayıb. Nəhayət, 1992-ci ildə Hafiz Abiyevin tərtibi ilə Racinin seçilmiş əsərləri kitab halında nəşr edildi və onu orijinal lirik şair kimi də tanıdıq.

Racinin qəzəlləri həm məzmun, həm də formaca o dövrün poeziyasında yeniliyi ilə seçilirdi və indi etiraf olunmalıdır ki, bu qəzəllər vaxtında təhlil olunsaydı, biz qüdrətli bir şairin qəzəldə necə incəliklər yaratdığının şahidi olardıq.

 

Neçə müddətdi sənin vəslüvə həsrət çəkirəm,

Tikmişəm göz yola, gör nə müsibət çəkirəm.

Pərdeyi-çeşmimi gəl bir də edim payəndaz,

Qoy gözüm üstə qədəm, can ilə minnət çəkirəm.

Nalə ilə yuxumu xəlqə həram eyləmişəm,

Gecələr sübhə kimi naleyi-firqət çəkirəm.

 

Nə qədər sadə, anlaşıqlı, indi hamının başa düşəcəyi bir dillə qələmə alınıb bu qəzəl.

(ardı olacaq)

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

 

Ədalət  2017.- 30 dekabr.- S.15.