PAPAQ

 

Fərəc FƏRƏCOV

 

(Hekayə)

 

Hidayəti bu vaxtacan papaqsız görən olmamışdı. Yayın yumurta bişirən cızlamasında belə başını açıq qoymazdı. Deyilənə görə, evinin içində başı papaqlı dolanardı. Onun bu şakəri təkcə beyin-başını qışın şaxtasından, yayın qızmarından qorumaq deyildi. Əsas səbəb papağa olan sonsuz istəyi ehtiramı idi. Səliqəli saxlardı papağını. Tez-tez silib təmizləyərdi. 45 sinnini arxada qoymuş Hidayət papağı geyimlərin ən yaxşısı, ən qiymətlisi hesab edirdi. El dili ilə desək, onu qeyrət, kişilik rəmzi adlandırırdı. Elə bu səbəbdən əynindəki geyimlərin hamısından çox papağına diqqət yetirər, necə deyərlər, onun nazı ilə oynayardı.

Amma son günlər nədənsə sahibi tərəfindən qonaq kimi əzizlənən bu papaq yolundan azmağa başlamış, başqa-başqa iddialara düşmüşdü. Bunu açıq-aşkar duyan Hidayət papağını qarşısına qoyub o ki var dilə tutar, öyüd-nəsihət verərdi. ən çox belə deyərdi:

-Ay mənim canım, ciyərim, başımın tacı. Yaxşı-yaxşı anla ki, sənin bundan da uca mərtəbən yoxdur. Ola da bilməz. Şükür et ki, bütün geyimlərimdən yüksəkdə dayanırsan. Həmişə başımda gəzirsən. Məgər bu, səni qane etmir?.. Ağlını başına yığ, keçmişinə nəzər yetir. Bir vaxtlar adi parça idin. Səndən ayaqlara geyilən corablar da hazırlaya bilərdilər, ayıb olmasın, alt geyimləri ... Hətta, hər cür zir-zibili təmizləyən əski kimi istifadə olunardın. Lakin bəxtin kəsib ki, səndən hamının başına qoyulan papaq hazırlayıblar. Bundan böyük, bundan şərəfli ola bilər? Görürəm, son zamanlar başımda duruş gətirə bilmirsən. Balaca meh səni yolundan çıxarmaq istəyir. Küləyin vıyıltısını eşidəndə sevincindən çırtma vurub oynamaq istəyirsən. var, var, o səni mənim başımdan da yuxarılara qaldırmaq fikrinə düşüb.

-Bəli, bəli, sahibim, düşüb, - deyə papaq dilləndi. (Hərçənd ki, bundan belə "sahibim" demək fikrindən daşınıram). Mən artıq səni , sənin başını da bəyənmirəm. Daha yüksəklərdə qərar tutub hər tərəfi görmək, kef çəkmək, dünyanın dadını çıxarmaq istəyirəm. Bezmişəm buralardan! Külək mənə söz verib ki, sahibinə zaman dönük çıxsan, ondan üz döndərsən, mən həmən yanındayam. Səni can-başla himayə edərəm. Tərkimə alıb görmədiyin ucalıqlara apararam, lap göylərə qaldıraram. Onda hər kəsdən, hər şeydən üstün olduğunu görəcəksən. Hamı sənə baş əyəcək. Hətta keçmiş sahibin Hidayət ... artıq bir sözün iki olmayacaq. Vaxtilə səni bəyənməyən paltarlardan, səni gözü götürməyən insanlardan qisas da ala biləcəksən. Təki razılığını ver. Elə o andaca özümü hüzuruna yetirim.

Papağını heyrət həyəcanla dinləyən Hidayət yenə özünəməxsus təmkinlə cavab verdi:

- Mənim ağıllı papağım, o güvəndiyin küləklər, bilim tufanlar sənə xeyir verə bilməz. Çünki onlar zatən yıxmaq, dağıtmaq, qan tökmək üçün fürsət axtarırlar. Onların üstü ütülü vədlərinə aldanma. Başına bəlalar açma.

Papaq dinmədi. Sahibinin sözlərinə cavab verməsə , ürəyində rişxəndlə güldü, dəyərli sözlərinin mənasını anlamadı, qəti olaraq öz fikrində qaldı.

Bir gün Hidayət yolla gedərkən papaq küləklə əlaqə saxlayıb, "gəl, tez gəl, mən hazıram!", dedi. Səmanın bir tərəfində gizlənib özünə ov axtaran külək bir göz qırpımında şığıyıb Hidayətin papağını başından aldı. Papaq ani olaraq yüksəklərə qaldırıldı. Küləyin "nəvazişli" qolları arasında qürrələnən papaq oradan səsləndi:

- Canım qurtardı sənin başından. İndi sən , o biri insanlar da gözümə qarışqadan kiçik görünürsünüz.

Hidayət başını qaldırıb həqarətlə danışan papağına yenə ürək ağrısı ilə nəsihət etdi:

- Yazıqsan, özünü bədbəxt etmə. Bədbəxt olmağını istəmirəm. Yad yerdə xoşbəxt ola bilməyəcəksən... Mən özümə ayrı papaq ala bilərəm. Amma sənə yazığım gəlir. Nə qədər gec deyil, düş gəl öz isti yuvana...

Ucalıqda kiçik qara nöqtə kimi görünən papağın son sözləri eşidildi:

- Aldada bilməzsən. Mən hamıdan ağıllıyam, hamıdan güclüyəm.

Papaq bu sözləri deyib tamamilə gözdən itdi. Hidayət əsəbi halda evə döndü. Bu əhvalatdan sonra özünə təzə bir papaq aldı. Amma köhnə papağını unuda bilmirdi. Papağının xəyanəti ona bərk yer eləmişdi. Niyə belə etdi? Niyə etibarımı ayaqları altına saldı? Niyə düşmənin fəndi-felinə uydu? Düşməndən nə xeyir görə bilərsən, ay mənim zavallı papağım...

Qəlbini parçalayan bu sual və düşüncələr içində yol gedən Hidayət iniltili bir səs eşitdi. Cəld çevrilib arxaya, sağa-sola diqqət kəsildi. İnilti təkrar-təkrar qulağına dəydi. Ətrafına yenidən göz gəzdirdi... Odur, özüdür, mənim papağımın səsidir! - dedi.

Paramparça olmuş papaq cındır, əcaib formada yerə sərilmişdi. Günlərlə tapdaq altında qaldığından ətrafa üfunət yayılırdı. İnsan da, mal-heyvan da, qurd-quş da laqeydcəsinə üstündən elədən belə, belədən elə keçirdilər. Hər parçası bir tərəfə dağılmışdı. Əzablı ağrı-acılarına daha dözə bilmirdi. Elə hey zarıyır, inildəyirdi.

Ölüm ayağında olsa da, sahibini görcək tanıdı, bütün gücünü toplayıb dərdini açdı:

- Heç bilirsən başıma nələr gəldi?.. Külək məni yuxarı qaldırıb bütün sirlərimi, sənin barəndəki bilgilərimi bircə-bircə soruşub öyrəndi. Sonra da o ağacdan bu ağaca, bu dağdan o dağa, şiş qayalara çırpdı. Sağ yerim qalmadı. Cəhənnəm əzabı yalan oldu başıma gətirilənlərin yanında. Sahibinə dönük çıxan məni dünəndən satar, deyib yenidən ağıla sığmayan zülmlər verdi. Nə yaxşı göy üzü buludlaşdı və gur bir yağış yağdı. Külək məni buraxıb aradan çıxdı. Qurtardım o zalımın, qaniçənin əlindən. Ancaqfayda, artıq çox gecdi. Son nəfəsimdi... Ürəyimdə sözüm çoxdur. Demək istə... istəyirəm ki... Elə bu vaxt iri bir ala dana ayağını papağın üzərinə qoydu. Sözünün ardını deyə bilmədi bədbəxt papaq. Sözü də, iniltisio anda kəsildi.

Hidayət nifrət dolu baxışları ilə onu son dəfə süzdüişinin dalınca yollandı.

 

 

Ədalət  2017.- 30 dekabr.- S.14.