Vətənin «Vətən»i
Bu heç kəsə sirr deyil ki, Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti – «Vətən» Cəmiyyəti yarandığı dövrdə Azərbaycan respublikası sovet ittifaqının tərkibində idi. Bax, o vaxtlar başqa müttəfiq respublikalara nisbətən Azərbaycanın xaricdəki soydaşlarımızla əlaqəsi müəyyən kiçik istinadlar nəzərə alınmasa, demək olar ki, yox dərəcəsində idi.
Böyük möcüzə baş verdi. Bu, Moskva üçün, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Azərbaycan Respublikasına göstərdiyi «qayğının» təzahürü idi. 27 may 1987-ci il Siyasi büronun qərarından sonra 1987-ci il dekabrın 28-də, M.Maqomayev adına Dövlət Filarmoniyasında xaricdə yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqədar Cəmiyyəti – «Vətən» Cəmiyyətinin təsis konfransı keçirildi. Konfransda böyük ziyalı dəstəsi, eləcə də sadə peşə adamları iştirak edirdilər.
Konfrans qətnamə qəbul etdi, «Vətən» Cəmiyyətinin Nizamnaməsi təsdiq edildi. 76 nəfər «Vətən» Cəmiyyətinin şurasının tərkibinə, 26 nəfər isə Rəyasət Heyətinin tərkibinə seçildilər.
«Vətən» Cəmiyyəti Rəyasət Heyətinin sədri, xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyev seçildi. Bu seçim çox düzgün seçim idi və cəmiyyətin gələcək işlərinin davamlı, düzgün qurulmasını özü-özlüyündə ehtiva edirdi.
O zaman ölkədə «yenidənqurma», «aşkarlıq» kimi şüarlar səslənirdi ki, bu da sonda sovetlərin dağılmasına gətirib çıxardı. Elə müstəqillik qazanan respublikaların çoxsaylı problemləri o şüarlar səslənən vaxtlardan başlandı. Azərbaycan Respublikası da 1980-ci illərin sonlarına yaxın ağlagəlməz problemlərlə üz-üzə qaldı. Qarabağ Bəxtiyar və Əli – ilk şəhidlərini verdi. Göz görə-görə insanların hüquqları pozulur, yandırılır və şərlənərək güllələnirdilər. Bakı və Sumqayıtda ixtişaşlar baş alıb gedirdi.
Ölkə ictimai-siyasi hadisələrin içində çalxalanır, çeşidli problemlər arasında vurnuxurdu. Bax, belə bir vaxtda «Vətən» Cəmiyyəti öz fəaliyyətinə, ənənəsi olmayan bir işə başladı. Tezliklə əməkdaşlar, təcrübə keçməkdən ötrü Moskva – «Rodina»ya, Daşkəndə – «Vaton», Miniskə – «Radzima» cəmiyyətlərinə ezam olundular. Paralel olaraq cəmiyyət bina ilə təmin olundu və maddi-texniki bazası çətinliklərlə qarşılansa da yaradıldı. «Vətən» Cəmiyyətinin orqanı olan «Odlar Yurdu» qəzeti başqa qəzetlərdən fərqli olaraq yeni format və yeni məzmunda nəşrinə başladı. Üç əlifba ilə nəşr olunan qəzetin tirajı 250 mindən çox idi. Qəzet əldən-ələ gəzirdi. Partiyanın qoyduğu qadağalar qəzetin səhifələrində əriyirdi. M.Ə.Rəsulzadə və onun məsləkdaşları, Azərbaycan Cümhuriyyəti barədə səhih məlumatları məhz oxucular Azərbaycan sovet mətbuatı tarixində ilk dəfə «Odlar Yurdu»nun səhifələrində oxudular. Qəzet həm də araşdırıcı subyekt idi. Rusiya Federasiyası və Ermənistana nisbətdə bizdə xarici ölkələrdə yaşayan soydaşlarımız haqqında təsəvvür belə yox dərəcəsində idi. Daha doğrusu bu əlaqələr obyektiv səbəbdən yaradılmamışdı.
P.S. 22-24 sentyabr 1999-cu il tarixində Yerevanda Ermənistan-Diaspor ümumerməni forumu keçirilmişdi. Bu forumda dünyanın 53 ölkəsindən gəlmiş 700 nümayəndə iştirak edirdi. Erməni Apostol kilsəsi, Böyük Kilikiya Evi Səltənəti, Erməni Katolik kilsəsi, Ermənistan Protestant kilsəsi, Ermənistana Kömək Fondu, Ümumerməni Xeyriyyə Birliyi, «Hayastan» Fondu, Daşnaksütyun, Pamkavar Azadakan, «Qnçakyan» Sosial-Demokrat Partiyası bu tədbirdə ayrıca nümayəndəlikdə təmsil olunublar…
Şəkildə soldan: "Vətən” Cəmiyyətinin sədri Elçin, Ankaradakı Azərbaycan Milli Mərkəzinin baş katibi Məhəmməd Kəngərli və Əkrəm Qaflanoğlu
…Yalnız son 10 il ərzində bu kanalın vasitəsilə Ermənistanın «haqq işinə» təqribən 1 milyard dollar vəsait daxil olub. Bu məbləğin 630 milyon dolları ən iri erməni xeyriyyə mərkəzlərinin payına düşür… («Bizim Əsr» qəzeti, 29 sentyabr 1999-cu il. Səh.7)
Ermənistanda 1964-cü ildə xaricdə yaşayan ermənilərlə əlaqələr üzrə Dövlət Komitəsi yaradılmışdır.
Cəmiyyət yarandığı
gündən qarşısına ciddi məqsədlər qoydu.
Əsas məsələ taleyin amansız hökmü ilə
müxtəlif səbəblər ucbatından ayrı-ayrı
ölkələrə gedib çıxmış həmvətənlərimizi
müəyyənləşdirmək, onlarla müntəzəm
əlaqələr yaratmaq, Azərbaycanı dünyaya
tanıtmaq, ölkəmizə qarşı yaranan informasiya
blokadasını aradan qaldırmaq idi. Haqqında
söhbət gedən soydaşlarımızın dünya
ölkələrinə səpələnməsi məhz XX əsrdə
baş vermişdir. 1920-1930,
1937-1938, 1948-1953, 1988-1993-cü illərin bir sıra hadisələri,
sosialist inqilabi, repressiyalar, deportasiyalar, müharibələr və
sair. Bütün bunların nəticəsində ölkəmizin
minlərlə vətəndaşları Azərbaycanı tərk
etməli olublar. Eyni zamanda Cənubi Azərbaycanda
yaşayan soydaşlarımız da ölkədə rejimlərin
dəyişməsi nəticəsində təqiblərindən
baş götürüb ölkələrindən qaçmaq
məcburiyyətində qalıblar. «Vətən» cəmiyyəti
dünyanın müxtəlif ölkələrinə səpələnmiş
soydaşlarımızın say və ünvanları barədə
təsnifat apardı.
25 oktyabr 1988-ci ildə M.F.Axundzadənin 175 illik yubileyinə
«Vətən» Cəmiyyəti yenicə işə
başladığı aylarda xarici ölkələrdə
yaşayan çox nüfuzlu, ziyalı həmvətənlərimizi
Azərbaycana dəvət etdi. İngiltərədən Turxan Gənceyi
və Səbri Təbrizi, Fransadan Rza Diqqəti, Əyyub və
Davud İmdadian qardaşları, Sərvər Tanıllı,
İren və Şirin Məlikovalar, Türkiyədən Yusif
Gədikli, Əli Yavuz və Fatma Akpinarlar, ABŞ-dan Şapur
Ənsari, İrandan Əhməd Azərlu, AFR-dan
İldırım Dağyeli və Yucel Feyzioğlu, İraqdan
Əbdüllətif Bəndəroğlu «Vətən» Cəmiyyətində
oldular. Onları cəmiyyətin Rəyasət
Heyətinin sədri Elçin qəbul etdi. Tədbirdə iştirak edən tanınmış
elm, mədəniyyət, incəsənət və ədəbiyyat
xadimləri qarşısında cəmiyyətin sədri
çox maraqlı və geniş nitq söylədi.
Nümayəndə heyətinin görüşündə
ziyalılarımızdan Bəxtiyar Vahabzadə, Anar, Vilayət
Quliyev, Lütfiyar İmanov, Polad Bülbüloğlu, Fərhad
Xəlilov və başqaları iştirak edirdilər. Bu görüş həmvətənlərlə gələcək
əməkdaşlıq və işbirliyi üçün
önəmli bir hadisə idi.
Proqrama əsasən yubileyə gələn nümayəndə
heyəti M.F.Axundzadənin abidəsini ziyarət edib,
önünə tər çiçəklər qoydular. EA-nın iclas salonunda və
Nizami adına Azərbaycan Ədəbiyyatı
Muzeyinin konfrans zalında elmi simpozium keçirildi. Oktyabrın 28-də yubiley
iştirakçıları M.F.Axundzadənin vətəni
Şəkidə oldular. S.Rəhman adına
Şəki Dövlət Dram Teatrında yubiley gecəsi
keçirildi.
Oktyabrın
29-da nümayəndə heyəti Bakının görməli
yerləri ilə tanış oldular və
bir sıra müəssisələri gəzdilər, məktəblərdə
görüş keçirildi. V.İ.Lenin adına
Sarayda – hazırda Heydər Əliyev Sarayı – M.F.Axundzadənin
yubileyinə həsr olunmuş təntənəli gecədə
iştirak etdilər.
Əvvəldə
qeyd etdiyim kimi «Vətən» Cəmiyyəti xaricdəki
soydaşlarımızın say və tərkiblərini,
ünvanlarını dəqiqləşdirib onlara – 20 ölkəyə
o cümlədən 787 ünvana «Odlar Yurdu» qəzeti ilə
yanaşı istəklərinə uyğun Azərbaycanda nəşr
olunan jurnallar, bədii ədəbiyyat nümunələri,
elmi nəşrlər, görkəmli bəstəkarlarımızın
nota köçürülmüş əsərləri və
s. göndərilirdi. Eyni zamanda «Vətən» Cəmiyyətinin
xəttilə görkəmli elm, mədəniyyət, ədəbiyyat,
incəsənət xadimləri həmvətənlərimizin
yaşadıqları ölkələrə ezam olunurdular.
Onlar soydaşlarımıza Azərbaycan
reallığı, Dağlıq Qarabağ problemi, ermənilərin
ölkəmizə təcavüzü və digər məsələlər
barədə obyektiv məlumatlar verirdilər ki, bu da onlarda
ölkəmiz haqqında ilkin fikri
formalaşdırırdı.
«Vətən» Cəmiyyəti ayrı-ayrı ölkələrdə
yaşayan soydaşlarımızla məktub və telefon əlaqələri
yaratdı. Qarşılıqlı gediş-gəlişlər təşkil
etdi. Xaricdəki həmvətənlərimizdən
ibarət çoxsaylı nümayəndə heyətlərini
vətənə dəvət etdi. Eyni
zamanda Azərbaycanın tanınmış ədəbiyyat və
incəsənət, elm və mədəniyyət xadimləri
öz qan qardaşları ilə görüşmək məqsədi
ilə xaricə ezamiyyətə göndərildi. Cəmiyyətin səyləri nəticəsində
azərbaycanlıların mühacirət tarixi və sosial tərkibi
öyrənildi. Onların təşkilatlanması,
Azərbaycanın xaricdə yardımçısı
olması, respublikamızın ətrafında yaranmış
informasiya blokadasının yarılmasına cəlb edilməsi
istiqamətində konkret addımlar atıldı. Doğma yurddan uzaq düşmüş azərbaycanlılarda
Vətən, millət, torpaq təəssübkeşliyi hissi
gücləndirildi. Onlara xalqımızın dilini, mədəniyyətini,
ədəbiyyatını, incəsənətini, tarixini,
ölkəmizin coğrafiyasını öyrətmək,
onların gücü ilə əcnəbilər arasında Azərbaycanı
təbliğ etmək, xaricdə nüfuzlu Azərbaycan
diasporunu və lobbisinin yaradılmasına nail olmaq
üçün çox mühüm işlər
görüldü.
Gənc həmvətənlərimiz Azərbaycanda təhsil
almaq arzularını «Vətən» Cəmiyyətinə
bildirdilər.
İlk müraciət edənlərdən biri də
Həkimi Şivə İbrahim qızı və Busə Zəhra
Musa qızının sənədləri SSRİ Təhsil
Nazirliyindən – Moskvadan alınaraq «Vətən» Cəmiyyətinə
çatdırıldı.
Sənədlərin əldə edilməsinə görə
cəmiyyətin sədri Elçin Moskvayla ciddi və uzun
söhbətlər apardı. Yeddi nəfərin
adı yazılmış siyahıdan iki nəfərin icazəsi
güclə alındı.
Təhsil Nazirliyində sənədləri almaqdan
ötrü «Vətən» Cəmiyyətinin əməkdaşını
(bu sətirlərin müəllifini) otaqdan-otağa
ötürüb boş bəhanələrlə
süründürməçiliyə yol verən nazirlik
işçiləri nəhayət dörd gündən sonra
iki nəfərin razılıq sənədini verdilər.
Cəmiyyətin sədrinin köməyi sayəsində
qızlar Tibb İnstitutuna daxil oldular, «Vətən» Cəmiyyəti
onların təhsilinə, eləcə də sosial
durumlarına hamilik etdi. Sonradan cəmiyyət bu yöndə
uğurlu işlər gördü.
«Vətən» Cəmiyyəti həmvətənlərimiz
ilə birlikdə ölkəmizə qarşı düşmən
və barışmaz rəqib mövqeyində dayanan erməni əkstəbliğatı
ilə mübarizəni xeyli gücləndirmiş, Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünün
mahiyyətini dünyaya çatdırmaq, onun nəticələrini
aradan qaldırılması üçün dünya azərbaycanlılarının
səylərini birləşdirmək yönümündə
çalışırdı. 1988-ci ildə 200 min azərbaycanlını
– əslində 250 min. Moskvanın şəxsən
M.S.Qorbaçovun göstərişi ilə bu rəqəm
azaldılaraq 200 min göstərildi – Ermənistandan
qovulması, 20 Yanvar faciəsi haqqında dünya ictimaiyyətini
ilk məlumatlandıran mənbələrdən biri «Vətən»
Cəmiyyəti oldu.
Sözsüz ki, «Vətən» cəmiyyətinin fəaliyyəti,
onun gördüyü işlər Moskvanın eynini
açmırdı. İş o yerə çatdı ki, cəmiyyətin
fəaliyyəti Sov.İKP MK-nın Politbüro iclasında
müzakirə edildi və SSRİ Ali Soveti Rəyasət Heyətinin
sədri Andrey Qromıko «Vətən» Cəmiyyətinin əleyhinə
çox kəskin çıxış etdi. Bu azmış kimi cəmiyyətin fəaliyyətinə
xaricdə və daxildə böhtan, yalan, şayiələr
yayanlar tapıldı. Bunlar hər vəchlə
«Vətən» Cəmiyyətinin haqq işinə kölgə
salmaqdan ötrü bütün vasitələrə əl
atırdılar.
1988-ci ildə
«Vətən» Cəmiyyətinin işində daha bir önəmli
hadisə baş verdi. Ankaradakı Azərbaycan
Milli Mərkəzinin və Ankaradakı Azərbaycan
Kültür Dərnəyinin baş katibi, vaxtı ilə
M.Ə.Rəsulzadə ilə çiyin-çiyinə işləmiş,
onun məsləkdaşı Məhəmməd Kəngərli
«Vətən» Cəmiyyətinin dəvətilə ilk
mühacir lider kimi Azərbaycanda oldu. Bu dəyərli
Vətən oğlunun respublikamıza gəlişi əsl
sensasiya yaratdı və şübhəsiz ki, onun gəlişi
rəsmi dairələri narahat etməyə bilməzdi. Axı M.Kəngərli o mühacirətlərdən
idi ki, işi-gücü, gecə-gündüz əks Sovet təbliğatı
ilə məşğuldu.
Aradan
çox keçmədi ki, Elçini «KQB» sorğu-suala
çəkdi:
- Necə
olur ki, «Vətən» Cəmiyyətinin sədri SSRİ-nin
düşmənini ölkəyə dəvət edir, üstəlik
onunla ziyalıların görüşünü keçirir və
doğulduğu rayona səfər etdirir?!
- Mən
onu həkim kimi tanıyıram və Sovetin düşməni
kimi deyil, həkim bilib dəvət etmişəm.
Elçin
müəllimin cavabı qarşısında «KQB»-nin yüksək məmuru söz tapmayıb
susur.
Sonradan cəmiyyətin sədri M.Kəngərlini
Türkiyəyə yola salanda təhlükəsizliyini nəzərə
alaraq ona əməkdaşlarından birini (bu sətirlərin
müəllifini) təhkim etdi. Tapşırıq belə oldu ki,
Moskvada M.Kəngərlinin şəhərdə gəzintisinə
yol verməmək, yeməyini otaqda vermək və onunla bir
otaqda gecələməli, Şeremetovo (o zaman Türkiyəyə
uçmaq Moskva üzərindən idi) hava limanından
keçənə qədər onunla bir yerdə olmaq.
Bu
dialoqdan bir il ötmüş məlum
meydan hadisələri pik həddinə çatdı.
Ölkənin düşdüyü vəziyyət həmvətənlərimizi
narahat edir hər zaman Azərbaycanın yanında olmaq, dərdlərinə
şərik çıxmaq istəklərini «Vətən» Cəmiyyətinə
bildirirdilər. Belçikadan Bülənd Gürcam, İspaniyadan Cəlal
Erkin, Türkiyədən Nihad Çətinqaya, Məhəmməd
Kəngərli (2-ci dəfə), Əhməd Qaraca, Cəmil
Ünal, Yəhya Qaşdələn, İsveçdən
Əlirza Ərdəbilli, Əjdər Tağızadə və
bir çox ürəyi Azərbaycanla döyünən
soydaşlarımız «Vətən» Cəmiyyətində
oldular. «Amerikanın səsi» radiosunun rəhbəri
Həsən Cavadi və radionun əməkdaşı Bulud
Mehmandarlı da hadisələrdən kənarda qalmayıb efir
vasitəsilə Azərbaycan ziyalılarından,
qaçqın və köçkünlərdən
aldıqları müsahibələri dünya ictimaiyyətinin
diqqətinə çatdırırdılar. Rəyasət
heyətinin sədri Elçin müəllim gündəlik
olaraq cəmiyyətin əməkdaşları Heydər Məmmədəliyev,
Elxan Ələsgərov, Tofiq Kərimov - sədr müavinləri,
şöbə müdirləri Faiq Bağırov, Hüseyn
Heydərov, Əkrəm Məmmədov - sonradan sədrin
müavini, Sabir İslamov, məsul katib Çingiz Əzimov,
«Odlar yurdu» qəzetinin redaktoru Ramiz Əskər, redaktor
müavini Abid Tahirlini (sonradan Amerika – Avropa ölkələri
şöbəsinin müdiri) və digər məsulları təlimatlandırıb,
hər günün sonunda işlərinin nəticəsi olaraq
hesabatlarını dinləyirdi. Bu işlərdə
hər bir əməkdaşdan ciddiyyət tələb olunurdu.
Böyük fəxarət hissi ilə deyə bilərəm
ki, o illərdə Azərbaycan Mərkəzi Komitəsinin
funksiyasını sanki «Vətən» Cəmiyyəti
daşıyırdı. Problemlərinin həlli üçün
MK-ya deyil, «Vətən» cəmiyyətinə üz
tutanların sayı-hesabı bitmək bilmirdi. Aydınlıq üçün deyim ki, evinin suyu kəsilən
vətəndaşdan tutmuş, malı-mülkü əlindən
alınıb doğma ocağından qovulan insanlara qədər
hər kəs «Vətən» Cəmiyyətinə müraciət
edirdi. Cəmiyyət gücü daxilində
bu insanlara pasibanlıq edir, problemlərinin çözülməsi
və həllinə görə kömək əlini
uzadırdı.
1989-cu il noyabrın 3-6-da ilk dəfə olaraq
İstanbulda Azərbaycan Mədəniyyət Mərkəzlərinin
I Beynəlxalq qurultayı keçirildi. Qurultayı
İstanbuldakı Azərbaycan türkləri kültür və
dayanışma dərnəyi təşkil etmişdi. Qurultayda «Vətən» Cəmiyyətinin sədr
müavini Heydər Məmmədəliyev və «Odlar yurdu» qəzetinin
məsulu Abid Tahirli, eləcə də respublikamızı təmsil
edən ziyalı dəstəsi iştirak edirdilər.
Qurultaydan bir neçə il
ötmüş Heydər Məmmədəliyev
xatırlayacaqdı: - İstanbuldan dönəndən sonra məni
MK-ya çağırdılar. Oranın rəsmisi
qeyzlənmiş bir şəkildə məndən soruşdu
ki, siz kimdən icazə alıb İstanbuldakı qurultayda
iştirak etmisiniz?! Müxtəlif ölkələrdən
gələn azərbaycanlılar Sovet dövlətini və Azərbaycan
rəhbərliyini tənqid atəşinə tutanda
ağzınıza su alıb susmusunuz. Mən
ona cavab verdim ki, «Vətən» cəmiyyəti ictimai təşkilatdır
və orada deyilən fikirlərə görə biz məsuliyyət
daşıya bilmərik. MK-nın rəsmisi
söz ağzımda bitməmiş «KQB»yə zəng vurdu.
Sədrdən soruşdu ki, niyə qurultay barədə
bizi məlumatlandırmamısınız. Onun da
cavabı bu oldu ki, bir neçə dəfə sizə həm
yazılı, həm də şifahi məlumat vermişik… MK-dan çıxanda fikirləşirdim ki, yəqin məni
tezliklə həbs edəcəklər. Sonradan
Elçin müəllimin yuxarıdakılarla
apardığı danışıqlar nəticəsində təhlükə
sovuşdu.
1990-cı
il yanvarın 19-u 20-nə keçən gecə
başı daima qovğa və fəlakətlər
görmüş Azərbaycanın tarixinə qanlı səhifə
yazıldı. Muzdurlardan təşkil edilmiş
rus qoşunları nəinki Bakıda, həmçinin bir
neçə bölgəmizdə günahsız insanları
qana bələdilər.
Azadlıq
Meydanında, şəhərin küçələrində
və ətrafında tankları kütlənin üstünə
sürdülər. Güllələr dolu kimi
yağaraq hər yeri qana boyadı. Evində
oturan, çöldə paltar asan, ictimai nəqliyyatda,
küçədə gedən neçə-neçə
günahsız insan bu güllələrə tuş gəldi.
Xalqa qarşı qəddarlıq baş alıb
gedirdi. Gecə törətdikləri vəhşilik
azmış kimi, yanvarın 20-si və sonrakı bir-iki
gündə də şəhərdə bir neçə adam güllələndi, Bakıdan Sumqayıta
gedən alimlərimizi zirehli maşının altına salaraq
məhv etdilər… Televiziyanın enerji bloku
partladıldı. Ölkə xarici aləmdən
təcrid olundu. Bütün təşkilatlarda
rabitə sistemləri qabaqcadan sındırılaraq məhv
edilmişdi.
Belə bir vaxtda cəmiyyət əyninə qanlı
paltar geyib çox riskli bir işə əl atdı. Azərbaycandan
xarici ölkələrə, nüfuzlu dairələrə və
mətbuat orqanlarına bu qanlı olay barədə ilk xəbəri
çatdıran məhz «Vətən» Cəmiyyəti oldu.
«Vətən» cəmiyyətində yenicə
qurulan taleks qeydiyyatdan keçmədiyindən diqqətdən
kənarda qalmışdı. Ötürülən
hər bir xəbərin altında cəmiyyətin sədri
Elçinin imzası qoyulurdu. Allahşükür
Paşazadənin bəyanatı da Pakistanda və digər
İslam ölkələrində SSRİ-yə qarşı
etirazlara səbəb oldu. Xarici ölkələrdəki
Azərbaycan mərkəzləri, dərnəkləri sovet səfirlikləri
qarşısında plakatlarla mitinqlərə
çıxdılar. «Vətən» cəmiyyətinin
Belçikadan gəlmiş qonağı Bülənd
Gürcama hadisələri əks etdirən video-kaset təqdim
olunaraq çox mürəkkəb şəraitdə tezliklə
Moskvaya yola salındı. B.Gürcam
Moskvada törədilən qanlı hadisələr barədə
məlumatlar yaydı və Fransa televiziyası faciəni
nümayiş etdirdi. O ağır günlərdə
Moskvada hər bir addımı izlənilən Heydər
Əliyev Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək
SSRİ-yə, onun rəhbəri M.Qorbaçova qarşı sərt
ittihamlarla bəyanat yaydı. Bu, Heydər
Əliyevin böyük cəsarəti və xalqına, ölkəsinə
qarşı olan insani borcun ifadəsi idi.
«Vətən» Cəmiyyəti İstiqlaliyyət (o
zamankı «Kommunist») küçəsindəki əsas
giriş qapısını bağlayaraq, arxa qapıdan əməkdaşların
giriş-çıxışını təmin etmişdi. Binanın
damında hələ də əli avtomatlılar gəzişirdilər.
Birdən heç kimin ağlına gəlməyən hadisə
baş verdi. Şəhərin komendantı
Dubinyak avtomatlıların əhatəsində «Vətən» Cəmiyyətinə
soxulub düz Elçinin kabinetinə gələrək, onun
döşündəki deputat nişanını görəndə
düşündüklərinin puç olduğunu bilib
idbarlıq yağan sifəti bir az da
qaraldı. O, yalnız bunları deyə bildi: «Deputat
olmasaydın səni məmnuniyyətlə Sibirə göndərərdim».
Sonra o teleks olan otağa gedib aparatı görəndə
son dəfə qorxunc bir şey görürmüş kimi ona
baxıb, tez otaqdan çıxmışdı.
Dubinyak gecikmişdi. «Şanlı Sovet
Ordusu» və rəhbərliyinin mənfur əməllərini
«Vətən» cəmiyyəti bütün dünyaya faş
etmişdi.
Rəhbərliyin tapşırığına əsasən
əməkdaşlar 20 yanvar gecəsi yaralananların yerləşdikləri
xəstəxanalarda oldu, gətirdikləri sovqatları onlara
payladılar.
1990-cı
il noyabrın sonlarına yaxın ABŞ konqresinin üzvü,
Demokratlar Partiyasının aparıcılarından biri,
tanınmış siyasi xadim Cim Mudi özünün nümayəndə
heyəti ilə «Vətən» Cəmiyyətinin dəvətinə
əsasən respublikamızda oldular. C.Mudi cəmiyyətin
sədr müavini H.Məmmədəliyevin müşayiəti
ilə Xankəndinə yola salındı. Qarabağda
olanda o bölgə üzrə rəsmi nümayəndə
Polyaniçko ilə görüşüb Dağlıq
Qarabağ və onun ətrafında baş verən hadisələrlə
məlumatlandırıldı.
O, dekabr
ayında Şəhidlər Xiyabanını ilk rəsmi şəxs
kimi ziyarət etdi.
Moskvanın Azərbaycana qarşı
yürütdüyü məkrli siyasət və xəyanəti
nəticəsində Dağlıq Qarabağda və onun ətrafındakı
bölgələrdə törədilən vəhşiliklər
insanlarla xaos yaratmış, Ermənistanda yaşayan
soydaşlarımız isə yurd-yuvasından didərgin
düşmüşdülər. Sovet
qoşunlarının köməyi sayəsində Xocalı
soyqırımı bütün dünyada hiddətə səbəb
oldu. Sonradan elə bu qoşunların
köməyi və silah-sursatı ilə torpaqlarımızın
20 faizi işğala məruz qaldı. «Vətən»
Cəmiyyəti ölkənin düşdüyü çətin
şəraitdə fəaliyyətini gün-gündən
artırırdı. Həmvətənlərimizin
köməyi sayəsində yaşadıqları ölkələrdən
qaçqınlara, əsgərlərimizə tibbi, ərzaq və
paltar yardımları gətirilirdi.
Hollandiyadan
İbrahim Göləli, Kanadadan doktor Səid Kazımı,
Almaniyadan Əhməd Yazdani, İsveçdən Əlirza
Ərdəbilli, Türkiyədən «Kızıl ay»,
Almaniyadan «ASB» humanitar cəmiyyəti və digərlərinin
gətirdikləri humanitar yardımlar «Vətən» cəmiyyətinin
xətti ilə xəstəxanalara, silahlı qüvvələrə,
qaçqınlara, valideyn himayəsində olmayan uşaq evlərinə,
şəhid ailələrinə paylanırdı.
«Vətən» cəmiyyəti xalqının hər bir fərdinə
qarşı doğma münasibət bəsləyirdi.
1991-ci il
fevral ayının ilk günlərində Elçinin
tapşırığına əsasən cəmiyyətin əməkdaşı
(bu sətirlərin müəllifini) İsveçdəki «Azərbaycan
səsi» radiosunun rəhbəri Əlirza Qəzvinzadə ilə
Naxçıvana gedib hər yerdən təcrid olunub
ağır şəraitdə yaşayan Heydər Əliyevlə
görüşdülər. Vilayət Partiya
Komitəsinin rəhbəri Afiyəddin Cəlilovun PK-nın məsulu
Bəhruz Əliyevə verdiyi tapşırıq əsasında
Muxtar Vilayətin Mədəniyyət naziri Fəttah Heydərov
«Vətən» Cəmiyyətinin əməkdaşını və
jurnalist Ə.Qəzvinzadənin Heydər Əliyevlə
görüşdürdü.
O günləri
belə xatırlayıram. Naxçıvan
olduqca ağır günlərini yaşayırdı. Muxtar Vilayətə gediş-gəliş İran ərazisindən
keçməklə, ya da təyyarə ilə həyata
keçirdi. Qış ayı olduğundan
soyuq adamı qılınc kimi kəsir, iliyinə işləyirdi.
Şəhərdəki ağaclar kəsilmiş,
binaların divarları deşilib tüstü boruları
çıxarılmışdı. Qaz olmadığından mənzillər
odunla qızdırılırdı…
Gecə «Təbriz» mehmanxanasında qaldıq. Otaqlar
qızdırılmadığından oturmaq mümkün
deyildi. Otaqda var-gəl edir və adiyallara
bürünərək kresloda oturmuş vəziyyətdə səhəri
dirigözlü açdıq.
Ertəsi günü Fəttah müəllim idarə
etdiyi «Qaz-24» «Volqa» maşınında bizi şəhərdən
uzaq olmayan yeməkxanaya gətirdi. Yemək və isti çay
gözümüzə işıq verdi.
Sonra bizi Heydər Əliyevin yaşadığı M.Ə.Rəsulzadə
küçəsi, ev 75, mənzil 38-ə
ötürdü. Vasif Talıbov (hazırda
Naxçıvan Ali Məclisinin sədri) bizi çox səmimi
qarşılayıb otağa dəvət etdi. İllər boyu ekranlarda, tədbirlərdə, qəzet
və jurnallarda gördüyümüz ümummilli lider Heydər
Əliyevlə üz-üzə oturmuşduq. Otaq elə də isti deyildi. Enerji
azlığından çilçıraqdakı lampalar
çox zəif yanırdı. Televizorun
ekranında kadrlar kölgə kimi görünürdü.
«Vətən» Cəmiyyətindən gəldiyimi
bilib Elçin müəllimi və İlyas Əfəndiyevi
soruşdu. İlyas müəllimlə
tez-tez görüşdüyümü, keyfinin yaxşı
olduğunu və Elçin müəllimin şəxsi
tapşırığına əsasən görüşünə
gəldiyimizi diqqətə çatdırdım. Çöhrəsinə təbəssüm qondu.
Söhbətimiz dörd saata qədər çəkdi. Görüşün
axırında Əlirzaya dönə-dönə
tapşırdı ki, Azərbaycan naminə fəal
olmalısınız, onun haqq səsini dünyaya
çatdırmaq üçün sizdən çox şey
asılıdır. Onunla xatirə şəkli
çəkdirdik.
Azərbaycanda
və Moskvada işlədiyi vaxtlarda daşıdığı
vəzifələrin mürəkkəbliyi, siyasi büronun
şəxsən M.Qorbaçovun ona qarşı
apardığı kompaniya, saxta ittihamlar barədə
H.Əliyev ətraflı məlumatlar verdi.
«Vətən» cəmiyyətinin fəaliyyətini, az vaxtda gördüyü qlobal işlərin təqdirəlayiq
olduğunu vurğuladı.
Gündəlik mətbuatdan, informasiyadan təcrid
olunduğunu dilə gətirən H.Əliyevə Bakıya
dönəndən sonra gündəlik mətbu nümunələrini
Naxçıvan Muxtar Vilayətin Ali sovetin – sonradan Ali Məclis
sədri seçilənədək «Vətən» cəmiyyətinin
poçtu vasitəsilə göndərdim.
Çox
təəssüflər olsun ki, «Azərbaycan» hazırda
«Hilton» mehmanxanasında qalan Əlirza bir gün gəldi ki, deməzsən,
Naxçıvanda çəkdirdiyimiz lenti fotoaparatdan
çıxarıb aparıblar…
Elçin müəllim Əlirzanı və məni
kabinetinə dəvət etdi. Naxçıvandakı
görüşlərimiz barədə məlumatı diqqətlə
dinləyəndən sonra mənə bildirdi ki, «Vətən»
Cəmiyyətinin İsveçdə keçiriləcək tədbirinə
ezam olunursan və gedəcək nümayəndə heyətinə
rəhbərliyi sənə tapşırıram. Bu
böyük məsuliyyət idi, digər tərəfdən o
zaman, sovet dövründə Skandnaviyada olmaq hər adama qismət
olan iş deyildi…
«Vətən» Cəmiyyəti xaricdəki həmvətənlərimizin
istək və arzularını nəzərə alaraq
tanınmış incəsənət, elm, ədəbiyyat
qruplarını onların görüşünə göndərirdi.
O
dövrdə Bəxtiyar Vahabzadə, Cabir Novruz, Vilayət
Quliyev, Nurəddin Rzayev, Urxan Ələkbərov, Gülarə
Əliyeva, Zeynəb Xanlarova, Yaqub Məmmədov, Ağaxan
Abdullayev, Mələkxanım Eyyubova, Səxavət Məmmədov,
Gülyanaq Məmmədova, Flora Kərimova, Yalçın
Rzazadə, Baba Mahmudoğlu, Yaşar Səfərov, Brilyant
Dadaşova, Əli Nur, aşıq Ulduz, Sədaqət Quliyeva…
siyahını istənilən qədər uzatmaq olar… həmvətənlərimizin
əhatəsində oldular.
Milli
dirçəlişin oyanması nəticəsində
İsveçdə Əjdər Tağızadənin rəhbərliyi
altında «Azərbaycan televiziyası» Malmö-Lund şəhərində,
Stokholmda «Azərbaycan» və «Araz» radioları, Amerikada Los-
Ancelsdə Yaqub Zurufçunun rəhbərlik etdiyi Azərbaycan
televiziyası fəaliyyətə başladı. Bu kanallarda Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti,
görkəmli tarixi şəxsiyyətləri və problemləri
nümayiş etdirilirdi.
İspaniyada
yaşayan həmvətənimiz Cəlal Erkin «Dədə
Qorqud dastanı»nı ispan dilinə,
İsveçdə Siva Fərəhmənd Üzeyir bəy
Hacıbəylinin «Koroğlu» operasını fars dilinə
çevirdilər. Amerikadan «Harvert» universitetinin
professoru Melehə Türe, Şahyar Daneşvər (Bloomington,
İndiana ştatı) «Vətən» Cəmiyyətindəki
görüşlərdən sonra
çalışdıqları universitetlərdə Azərbaycan
həqiqətləri barədə məruzələr etdilər.
Təkcə
Kanadada yaşayan həmvətənimiz, Azərbaycan-Kanada ticarət
palatasının yaradıcısı, Azərbaycan
Federasiyasının rəhbəri doktor Səid Kazımi
qaçqın, xəstəxana, uşaq evləri və əsgərlərimizə
gətirdiyi dava-dərmandan əlavə Azərbaycana
sonrakı səfərində Bakıda Onkoloji Mərkəzin
açılması üçün 500 min ABŞ dolları gətirdi.
Həmvətənimizlə «Vətən» cəmiyyətində
mətbuat konfransı keçirildi. «Vətən»
cəmiyyətinin vasitəçiliyilə onun prezident Heydər
Əliyevlə görüşü təşkil edildi.
Cəmiyyət həmvətənlərimizin arzu-istəklərini
nəzərə alaraq onlara musiqi alətləri, milli rəqs
geyimləri, dərsliklər də göndərirdi. İncəsənət
institutunun (hazırda Mədəniyyət və İncəsənət
universiteti) professoru Hüseynağa Hüseynov Almaniyaya ezam
edilmiş Berlindəki həmvətənlərimizə milli və
dünya xalqlarının rəqslərindən məşğələlər
keçmiş, Ü.Hacıbəylinin «O olmasın, bu olsun»
operettasından bir hissəni həmvətənlərimizin
iştirakı ilə tamaşaya qoymuşdu.
Həmvətənlərdən sənət
adamlarını da ölkəmizə dəvəti ictimaiyyət
tərəfindən maraqla qarşılanmışdı. Almaniyada səfərdə
olan cəmiyyətin sədri Elçinin ölkəmizlə
bağlı o ölkədə çap olunan qəzet, jurnal səhifələrindəki
materialları ilə yanaşı müğənni Yaqub
Zurufçunun videokasetini də gətirmişdi. Müğənnini ilk dəfə
tamaşaçılar Az.TV-də yayımlanan «Vətən»
verilişində görüb tanıdılar. Qarmonçalan Rəhman Əsədullahi də «Vətən»
cəmiyyətinin xəttilə ölkəmizdə oldu. Hər iki sənətkar ayrı-ayrılıqda
bölgələrimizdə oldular, düşmənlə
üz-üzə duran əsgərlərimiz
qarşısında çıxışlar etdilər.
Təəssüflər olsun ki, qonşu dövlətin
notasından sonra televiziyadakı «Vətən» verilişi
bağlandı.
Az zaman
çərçivəsində «Vətən» Cəmiyyəti
çox işlər gördü. Xarici ölkələrdə
200-ə qədər Azərbaycan mərkəzlərinin
qurulması, sonradan bəzilərinin birliklər ətrafında
birləşmələri, o cümlədən İsveçdə
Malmö, Göteborq, Linköpinq, Lyustal, Stokholm şəhərlərindəki
dərnəklər birləşərək Azərbaycan
Türk Dərnəkləri Birliyi – ATDB-ni yaratdılar.
Qeyd etmək
yerinə düzər ki, 2000-ci il fevral ayının 20-24 tarixlərində
Belçikada yaşayan soydaşımız Bülənt
Gürcam və onun rəhbərlik etdiyi Zafər Aydas, Vakkur
Kaya, Məmməd Yıldız, İbrahim Alagöz və
Volkan Ağırkayadan ibarət nümayəndə heyəti
ölkəmizə 10 t 400 kq humanitar yardım gətirdilər.
«Vətən» Cəmiyyətindəki
görüşdən sonra hava limanındakı yük
birbaşa rayonlara daşınaraq, bilavasitə onların
iştirakıyla qaçqın və köçkünlərə
paylandı.
Humanitar yardımın paylanmasında Qaçqınlar
Komitəsinin sədr müavini Sahib Rəhimov da yaxından
iştirak etdi.
Sonradan Bülənd Gürcamın rəhbərlik
etdiyi nümayəndə heyəti Şəhidlər
Xiyabanını ziyarət etdilər, İncəsənət
muzeyində oldular, Gömrük komitəsində
görüşdə və televiziya kanallarında
çıxışları oldu.
2001-ci il
iyun ayının 6-da Yaponiya-Azərbaycan Dostluq Cəmiyyətinin
Baş katibi Kanci İşimoto və rəhbərlik etdiyi 25 nəfərlik
qrup «Vətən» Cəmiyyətinin təşkilatçılığı
və köməyi sayəsində ölkəmizdə Yaponiya
mədəniyyəti və mətbəxi günləri
keçirdilər.
Sonralar Türk-Amerika Assosiasiyaları
Assambleyasının nümayəndə heyəti Azərbaycana
səfər etdi. «Vətən» Cəmiyyətinin
proqramı əsasında onlar Hava limanında
qarşılandı.
Türk
Amerika Assosiasiyaları Assambleyasının Prezidenti, doktor Tamer
Açkalin və onun rəhbərlik etdiyi nümayəndə
heyəti Xarici işlər nazirliyində, Baş nazir Artur
Rasi-zadənin, Milli Məclisin spikeri Murtuz Ələsgərovla
görüşlərdə oldular.
Sonra onları ölkə başçısı Heydər
Əliyev qəbul etdi.
Nümayəndə heyəti Hacıqabul rayonunda məskunlaşmış
qaçqın və köçkünlərin düşərgəsində
oldular. Şəhidlər Xiyabanını ziyarətdən
sonra Xarici İşlər Nazirliyində Kütləvi
İnformasiya Vasitələrinin onlarla görüşü
keçirildi. Baş nazirin müavini «Vətən»
Cəmiyyəti rəyasət heyətinin sədri Elçinlə
görüş qonaqlarda nikbin əhval-ruhiyyə yaratdı.
«Vətən» Cəmiyyətinə təkcə xarici
ölkələrdən deyil, eyni zamanda ölkə daxilindən
də saysız məktublar gəlirdi. Bu məktubların
heç biri cavabsız qalmırdı. Müraciətlərdəki
problemlərin həlli cəmiyyətin sədri Elçinin nəzarətində
idi. Cəmiyyətin məsulları
görülən işlərə görə şəxsən
ona məlumat verirdilər. Məktubla «Vətən»
Cəmiyyətinə müraciət edən bir ananın
körpəsini cəmiyyət öz hesabına İngiltərəyə
– Londona göndərdi. Körpə qız
ürək əməliyyatından sonra vətənə
sağlam döndü.
«Vətən» cəmiyyəti 20 yanvar, Dağlıq
Qarabağ və onun ətrafında yaralanan mülki və hərbçilərdən
bir neçə nəfəri Türkiyədə müalicə
alınmasına müvəffəq oldu.
Əsirlikdə
olan uşaqlar və onların xilası üçün «Vətən»
Cəmiyyəti İsveçdən gələn «Həyatın
sözü» qrupunun vasitəsilə 94 uşağın adı
keçən siyahını o ölkədəki Uşaq Komitəsinin
rəhbərinə göndərərək bu müqəddəs
işdə köməklərini xahiş etdi.
Xaricdə yaşayan Həmvətənlərlə Azərbaycan
Mədəni Əlaqələr Cəmiyyəti – «Vətən»
Cəmiyyətinin gördüyü çeşidli işlərin
tam mündəricatı hələ ki, yazılmayıb.
Hazırda
Millət vəkili olan Aqil Abbas bir vaxtlar yazırdı: «Vətən»
Cəmiyyəti bu gün lazımdır. Özü
də çox lazımdır. Yeni yaranan
lobbiləri bir-birilə əlaqələndirmək
üçün. Yenilərinin
yaranması, köhnələrinin inkişafı
üçün. Erməni diasporunun, erməni
lobbisinin qabağına qoz çıxarmaq üçün
lazımdır «Vətən» Cəmiyyəti. Xaricdə
yaşayan bütün azərbaycanlıları birləşdirmək
üçün lazımdır «Vətən» cəmiyyəti…»
P.S.
Ölkəmizin müstəqilliyinin 20 illiyi münasibəti ilə
medallar təsis olundu. «Vətən» Cəmiyyətinin
bir əməkdaşı da yada düşmədi. Yaxşı olardı ki, o medalların
siyahısını hazırlayanlar 1988-ci ilin yanvar ayından və
sonrakı illərdə çap olunan «Vətən» Cəmiyyətinin
orqanı olan «Odlar Yurdu» qəzetini tapıb oxusunlar.
Maariflənmək heç vaxt gec deyil…
«Vətən»
cəmiyyətinin yaranma tarixi 1987-ci il,
dekabrın 28-dir.
Ölkəmizin düşdüyü olduqca ağır vəziyyəti
barədə «Vətən» Cəmiyyəti Rəyasət Heyətinin
Həmvətənlərə elə o illərdəki müraciətini
hörmətli oxucular üçün yazının sonuna
saxladım. Mənə
belə gəlir ki, «Vətən» Cəmiyyətinin bu
Müraciəti bu gün üçün də aktualdır…
«İstəkli soydaşlarımız, əziz həmvətənlər!
Keçmiş imperiya daxilindəki və kənardakı
irticaçı qüvvələr tərəfindən
qızışdırılan, silahlandırılan və
müdafiə olunan Ermənistan hökuməti və onun
Dağlıq Qarabağda yuva salmış quldur dəstələri
heç bir insanlıq ölçüsünə
sığmayan təcavüzlərini bu gün də doğma
yurdumuza qarşı durmadan yeridirlər.
Bu gün Azərbaycan xalqı yeni tarixinin çox gərgin, bəlkə də sınaq mərhələsini yaşayır. Bir tərəfdən ölkəmizdə yeniləşmə prosesi gedir, demokratiya ənənələri bərqərar olur, xalqımızın öz maddi sərvətlərinə tam sahib olması və həmin sərvətlərdən hamının rifahı naminə istifadə etməsi üçün gərgin iş aparılır, digər tərəfdən isə bütün vətəndaşlarımız təcavüzə məruz qalaraq Azərbaycan respublikasının ərazi bütövlüyünü bərpa etmək məcburiyyətində qalmışdır.
Dünyanın bir çox ölkələrinə taleyin hökmü ilə səpələnmiş soydaşlarımız da belə gərgin şəraitdə xalqımızın bu günü və gələcəyi naminə əllərindən gələni əsirgəməməlidirlər. Çox qədim tarixə, böyük bəşəri əhəmiyyətli mənəvi sərvətə, dövlətçilik ənənələrinə malik olan dünya mədəniyyətini və elminin Nizami, Nəsimi, Nəsrəddin Tusi, Şah İsmayıl Xətai, Füzuli, Fətəli xan kimi dahi simalarla zənginləşdirmiş Azərbaycan xalqı haqqında uzun illərdən bəri qərəzkar erməni millətçiləri və havadarlarının bəd əməlləri dünya ictimaiyyətində yalnız Dağlıq Qarabağ hadisələri ilə əlaqədar yox, ümumiyyətlə xalqımızın tarixi, mədəniyyəti, coğrafi ərazisi, milli mənliyi ilə bağlı təhrif olunmuş, hətta eybəcərləşdirilmiş təsəvvür yaradılır.
Əziz həmvətənlərimiz!
Hər hansı bir məmləkətin tam müstəqilliyi, həqiqi azadlığa və demokratiyaya qovuşması, bir sözlə, üstündə yaşadığı torpağın ixtiyarlı sahibi olması böyük olduğu qədər də mürəkkəb məsələdir. Xüsusilə uzun illər boyunca hökm sürən, bu və ya digər xalqın mənəvi özülünü, özgünlüyünü darmadağın etməyə yönəldilmiş siyasət yeridən imperiyanın qaynaqlarından qoparaq böyük azadlıq yoluna çıxmaq millətin dönməz oğullarından ardıcıl mübarizə, əzablı sınaqlara dözmək mərdanəliyi tələb edir. Bu gün Azərbaycan xalqı məhz azadlığın çətin yolunu seçmiş, gələcək nəsillərə azad bir məmləkət qoyub getmək qərarını vermişdir.
İstəkli soydaşlarımız! Xalqımızın özünüdərk, özünütəsdiq yolunda qazandığı bu qələbənin sevincini sizinlə bölüşərkən üzərimizə düşən məsuliyyət yükünün ağırlığını da hiss edirik. Atalarımız demişkən, halva-halva deməklə ağız şirin olmur. Xalqın böyük azadlıq tam müstəqillik arzusu onun sıx birliyi ilə addım-addım reallaşmalı, iş və əməllə təsdiq olunmalıdır. İnanırıq ki, müstəqil Azərbaycanın irili-xırdalı bütün problemlərinin aradan qaldırılması yolunda əlinizdən gələni əsirgəməyəcək, azad respublikamızın pərvəriş tapması yolunda var qüvvənizi bu müqəddəs işə, amala sərf edəcəksiniz.
Ədalət.-2017.-30 dekabr.-S.4;6.