Musa Xanbabazadə
Şairlərə
daş atmayın
Müstəbidlər başa düşmür şairləri,
O zaman ki, başa düşür
Fərman verir ölümünə.
A.Voznesenski
Uzaq-uzaq əsrlərin arxasından
Hərdən çatır qulağıma
Öldürülən, yandırılan,
Asdırılan, basdırılan,
Soydurulan, güllələnən şairlərin
Fəryad səsi, imdad səsi:
Ey XXI əsrin insanları!
Şairlərə gəlin güllə atmayın siz,
Nahaq yerə
günahlara batmayın
siz.
Öldürməyin şairləri -
Allah qədər təmizləri,
Milyonlara doğmaları, əzizləri.
Şairlər ki xalqa - elə
dayaqdırlar.
Zil qaranlıq
gecələrdə çıraqdırlar.
Hökmdarlar yatsalar da,
Onlar daim oyaqdırlar.
Məmləkətin keşiyində
Paslanmayan, korşalmayan yaraqdırlar.
Azadlığa təşnədirlər, ədalətə
sadiqdirlər.
Həqiqətə aşiqdirlər, başdan-ayağa
eşqdilər.
Şairlərə güllə atan
Azadlığı güllələyir, ədaləti
şillələyir.
Güllə atmaq gərəkdirsə,
Güllələyin rüşvətxoru,
Güllələyin şəri, zoru.
Saxtakarı, fikri-hissi axtaları güllələyin.
Gözlərinə kül ələyin.
Haqqa qəbir qazanları,
Düz yolundan azanları,
Böhtan-danos yazanları güllələyin.
Güllələyin yalançını, talançını.
Güllələyin özgələrin
halalına göz dikəni,
Gücsüzlərin komasını qamarlayan,
Yerindəcə balasına ev tikəni.
Güllələyin çölü mələk,
içi kələk iblisləri.
Güllələyin paxılları, dargözləri,
xəbisləri.
El malına xor baxanı,
Haqsızlığa kor olanı,
Ah-vaylara kar olanı güllələyin.
Güllələyin pambıqla baş kəsənləri,
Zorluların qabağında əsənləri.
Güllələyin ağızları pusanları.
Haqsız dara çəkilərkən
susanları.
Yaltaqları, məddahları güllələyin.
Qaraüzlü gündüzləri,
Min hiyləli sabahları güllələyin!
Gözüdoymaz timsahları,
Saxta-suxtə imamları,
Böyük-kiçik allahları güllələyin!
Prezidentə, Baş nazirə,
imperator və krala
"Günəşimsən, atəşimsən"
deyənləri,
Tərəzinin pərsəngini əyənləri,
Qaçqınların-köçkünlərin
Ruzusunu yeyənləri güllələyin!
Güllələyin torpağın sinəsində
Dəvə donqarları tək
göylərə dirəklənən
Qara-qura
heykəlləri -
Arabaya qoşulası
o kəlləri.
Güllələyin əldən, dildən oğruları,
Yalanbaşdan doğruları.
Güllələyin namərdləri, nakəsləri.
Güllələyin yad səsləri, nəfəsləri.
Güllələyin
Yurd eşqindən,
sevgisindən məhrumları.
Güllələyin
Ruhən-mənən çökmüşləri, mərhumları.
Güllələyin şairləri ev-eşiksiz
qoyanları.
Güllələyin bircə kəlmə haqq söz üstdə
Şairləri soğan kimi soyanları,
Gözlərini oyanları.
Kimi, kimi istəyirsiz güllələyin,
Başlarına kül ələyin.
Təkcə, təkcə şairlərə
toxunmayın!
Tüfənglərin lüləsini şairlərə
tuşlatmayın.
Hirsinizi,
kininizi şairlərə
boşaltmayın!
Şairləri daşlatmayın,
Güllələri şairlərə boşaltmayın!
18.02.1992
Xəlil Rza Ulutürklə
görüş
Bir aydınlıq gecədə
mənim yuxuma gəldi Xəlil Rza Ulutürk -
Boz Qurdun döşlərindən
süd deyil, alov əmən
cəngavər türk,
şanlı türk,
dəli-dolu, qanlı
türk.
Oturduq yan-yanaşı. Əlləri
çiynimdəydi,
Əyilməz məğrur başı dağlar ucalığında.
Sevinc-qəzəb yanırdı, ildırımlar
çaxırdı nurlu
qaş-qabağında.
Birdən qalxdı ayağa. Baxdı bir
sola-sağa.
Elə bil dönmüşdü o, addımlayan
bir dağa.
Şəst ilə, qürur ilə, min bir iftixar ilə baxdı bir mənə sarı.
Gecə
səssizliyində axırdı
ürəyimə büllur,
pak misraları:
Gəzdim yurdu başdan-başa, gördüm hər yan bir tamaşa,
bir cıraqban.
Sayrışırdı yerdə-göydə kəhkəşanlar,
Azərbaycan bir gülüstan.
Gəzdim
cənub ellərini - Lənkəranı, Astaranı,
Masallını,
Öpüb qoydum gözüm üstə dönə-dönə
həm Leriki, Yardımlını.
Yolum düşdü
Qəbələyə-cənnətməkan
o diyara gecəyarı.
Köksümə sığmırdı ürək
hey gəzdikcə Quba,
Xaçmaz, Qax, Qusarı.
Gəncə şeir səltənəti,
Mingəçevir-nur dənizi
aşır-daşır.
Şamaxıda bir dəbdəbə,
bir təmtəraq! İnsan burda yolun çaşır.
Salyanıma göz qoyuram, gör necə də cavanlaşıb-gəncləşibdi!
Cəlilabad, Biləsuvar, Göyçay,
Qazax zülmətin gözün deşibdi.
Tərəqqidə-yüksəlişdə Odlar yurdum Avropanı mat qoyubdu,
Geriliyi-tənəzzülü lüğətindən birdəfəlik
o qovubdu.
Canım-gözüm, qürurlandım
məmləkətin ürəkaçan
bu çağından,
Hansı könül vəcdə gəlib pərvazlanmaz Azərbaycan torpağından?!
Fəqət hələ çox
dərdlər var bu torpaqdan sürülməli
ilim-ilim,
O dərdləri deyim sənə bir-bir bu gün, eşit
məni, arxam, elim!
Savaşlar ac məmləkəti xımır-xımır sökənlərə,
Cihadlar et yadellinin zoru
altda öz boynunu bükənlərə.
Al silahı əllərinə,
köçkünləri qaytar
doğma ellərinə,
Qurğuşun tök, damğalar
bas erməninin "mən,
mən" deyən dillərinə!
Külə dönsün nəfəsindən
qaçqınların tikəsinə
göz dikənlər,
Yetim-yesir yavruların göz yaşından villa, qəsrlər
tikənlər.
Çəkib qopar zər-zibalı
kabinetdən heykəlləşən
əngəlləri,
Oğurluqda-əyrilikdə mahirləri, doğruluqda əfəlləri!
Dur köksünü qalxan elə sürü-sürü
talançıdan yurdu
qoru,
Su tökübən söndürmə
gəl kül altında korun-korun yanan qoru.
Ağacı içdən gəmirən
qurdları kəs tulla odun kürəsinə,
Nifrətini zəhərli bir
ox eləyib tuşla namərd sinəsinə!
Bel bağlama bərk ayaqda qurbağadək ağzına su alanlara,
Laqeydliyin buzlarında ömrü-günü
arsız-arsız yananlara.
Bur qolunu, kəs yolunu vəzifədə at
oynadan nadanların,
Özgələrin qoruğunda yeyib-şişən,
harınlaşan danaların.
Təslim
olma öz fikrini min kələklə
beyinlərə yeridənə,
Özü yolsuz ola-ola yol-ərkanlı kişilərə
yol getməyi öyrədənə.
Qasırğa ol təfəkkürü qoturları məmləkətdən
süpür, apar.
Zəlzələ ol illər ilə
kif bağlamış
beyinlərdə tufan qopar.
Amansız ol yad ocağın boz külünü gözlərinə
təpənlərə,
Öz elinə
dal çevirib gəlmələrin yanbızını
öpənlərə.
Qalx silkələ yatmışları,
batmışları, yurdu
yada satmışları,
Mənliyini heçə-puça sata-sata rütbələrə
çatmışları!
Kəsib
doğra ağ
günümü qucaqlayan
qaranlığın qollarını,
Tez təmizlə
"binamusoviç" gədələrdən
məmləkətin yollarını.
Lənət yağdır Qıratları
namərdliklə oğurlayan
Həmzələrə,
Məmləkətin hər daşına, kərpicinə zəhər
sıxan gürzələrə.
Aman vermə
ağlı seyrək,
cibi dolu boşboğazlar dəstəsinə.
Tar-kamana, telli saza dodaq büzən
beyni cazlar dəstəsinə.
Hücuma keç əyni qalın, beyni yalın müəllimlər
sürüsünə.
Xəstələrdən para uman ac həkimlər,
bic həkimlər sürüsünə.
Qələmə et yalan əkən, yalan biçən yalançının
dillərini,
Cibimizi talamaqdan
usanmayan rüşvətxorun
əllərini.
Yırt,
parçala maskasını
qapılarda ayaq döyən düşüklərin,
Yağlı-yağlı kişilərin süfrəsində
miyoldayan pişiklərin.
Ac qurdların ağzına
at bir ömürdə
milyon səmtə əsənləri,
Özgələrin baltasıyla başımızı
amansızca kəsənləri.
At söndürülməmiş əhənglərin
içinə bütün
şəhvətbazları,
Mərdliyi-kişiliyi, ar-namusu yoxları, qeyrət qanı azları.
Qamçıla yurd oğlunu qapılarda süründürən
bürokratları,
Mənim, sənin hesabına yeyib-şişən harın-harın
atları.
Dur boğazla dilimizin saitinə, samitinə ögey gözlə baxanları,
Dilimizin hecasını, ahəngini
nizələrə taxanları.
Dolanmasın dövrənə yağlı
sümükdən ötrü
gündə zingildəyənlər.
Uyub milyonlarına
hey aramsız-aramsız gic-gic
dingildəyənlər.
Üsyan
püskür, kin sovur
ədalətin ağzına
qara daş basanlara,
Hər zülmə-işgəncəyə
boyun büküb nəhayətsiz susanlara.
Arxa ol azadlığı Allah ucalığına qaldıran
kişilərə,
Zülmü və əsarəti fironların taxtından saldıran kişilərə.
Qoyma ki, qayçılansın haqq bağıran ağızlar, doğru danışan dillər,
Qoyma ki, zəncirlənsin mələk
əlləri qədər
pak əllər, təmiz əllər.
Bax, sən əgər bu dərdləri, ağrıları gündüz-gecə
bircə-bircə
Azərbaycan torpağından qoparaq
ata bilsən,
Yurd uğrunda savaşlara öz ömrünü qata bilsən,
İnan
mənə daha artıq ağgünləşər,
ağbəxtləşər,
Gülzarlaşar, baharlaşar Azərbaycan!
Zaman-zaman
qüdrətləşər, vüqarlaşar, gücü
artar,
Karvanını uğur ilə, qürur ilə Aya dartar, Günə
dartar.
Sən ey mənim varis
balam,
Sən ey mənim qeyrət
qalam, əmanətin olsun bu yurd!
Savaşlarda-çarpışlarda tək köməyin olsun sənin uca Tanrı,
Bir də, bir də
dəli-dolu ruhundakı
o bozca Qurd!
İldırımlar çaxdı bu an şaraq-şaraq,
Göy atları sağa-sola hey çaparaq
Xəlili
tez götürdülər
yedəyinə,
Qaldırdılar ölməz ruhlar aləminə.
Kal oyandım şirin-şəkər
bal yuxudan
Gördüm yoxdur ömrü
boyu tufanlarda əyilməyən,
Bir an belə dincəlməyən,
Nadanlığa-cəhalətə,
Kəmfürsətə, biqeyrətə
Ölüm hökmü yaza-yaza,
Qara qəbir qaza-qaza
Həyatını başa vuran Ulutürkün Xəlil Rza.
Getdi. Fəqət getməyir xəyalımdan
Xəlil Rza Ulutürkün
məğrur kişi
surəti,
peyğəmbər qiyafəti,
qaynar, büllur gözləri.
Getdi. Fəqət hələ də qulağımda səslənir
Məni
yurd savaşına haraylayan Xəlil Rza Ulutürkün
od çaxışlı,
nur axışlı,
mərd duruşlu, sərt baxışlı,
təlatümlü-fırtınalı sözləri.
4 dekabr 2017
Ədalət 2017.- 30 dekabr.- S.16.