Sabir Abdin

 

 Gedək

 

(Dostum Əbülfət Mədətoğlunun 59 yaşına)

 

 

Yağış olub yağıb gedək,

Çaya dönüb axıb gedək,

O dağlara baxıb gedək,

Gəl qoşulub Tuğa gedək.

 

Ürəyimiz əlimizdə,

Xatirələr dilimizdə,

Şələmiz belimizdə,

Gəl qoşulub Tuğa gedək.

 

Kağız götür, qələm götür,

Bayraq götür, ələm götür,

Ümidini bələ, götür

Gəl qoşulub Tuğa gedək.

 

Küləklərə gəl qoşulaq,

Uçaq, uçaq gəl quş olaq,

Yerə düşüb uşaq olaq,

Gəl qoşulub Tuğa gedək.

 

Gəl obaşdan çıxıb gedək,

Gözümüzü sıxıb gedək,

Nəyin varsa, yığıb gedək,

Gəl qoşulub Tuğa gedək.

 

 

Yanmış kəndin oyanacaq,

İşığına boyanacaq,

Səni görüb kül yanacaq,

Gəl qoşulub Tuğa gedək.

 

 

Süfrə açıb, çörək kəsək,

Qoy dil açsın o daş, kəsək

Gecikirik, biz tələsək

Gəl qoşulub Tuğa gedək.

 

 

Ədalət  2017.- 30 dekabr.- S.11.