Bahar Bərdəlinin bədii, tənqidi və
elmi fəaliyyəti
Şərifova Salidə
filologiya üzrə elmlər doktoru
Məmmədova Bahar Hüseynəli qızı (Bahar Bərdəli)
yazıçı və şair, tənqidçi və alim
kimi tanınmışdır. Azərbaycan Yazıçılar
Birliyinin üzvü və Nizami adına
Ədəbiyyat İnstitutunun aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru
Bahar Bərdəli bədii və elmi fəaliyyətlə
professional şəkildə məşğul olur.
Bahar Bərdəlinin
bədii
yaradıcılığı
Bahar Bərdəli oxuculara və ədəbiyyatşünas
dairələrdə nəsr əsərləri və şeirləri
ilə tanınır. B. Bərdəli ən iri nəsr janrı olan roman
janrına müraciət etməsə belə, onun nəsr yaradıcılığında
povest, novella və hekayə nümunələri maraq
doğurur. Bahar Bərdəli öz povestlərində
müxtəlif mövzulara toxunur (məhəbbət, Sovet
dövrün yenidən anılması, müasir dövrün
sosial problemləri, Azərbaycan xalqının vahidliyinin
qorunması və sair). Bununla belə, onun
novellaları sosial ziddiyyətləri əhatə edən
mövzulara həsr edilməsi ilə diqqəti cəlb edir.
Bahar Bərdəlinin qələmə
aldığı şeirlər səmimi hissləri ilə
oxucuların ürəyinə işıq salaraq ruhunu
oxşamağa, onların qəlbinə yol tapmağa nail
olmuşdur. Onun şeirlərində sevgi
mövzusu xüsusi yer tutur. Ümumiyyətlə,
Bahar Bərdəlinin şeirlərində insan ümidləri,
duyğuları, həyəcanları, iztirabları kimi fərdi,
insani duyğular tərənnüm edilir. Bahar
Bərdəli yaradıcılığını təhlil edərkən
aydın olur ki, istifadə edilən şeir nümunələri
bir daha təsdiq edir ki, şair bədii təsvir və ifadə
vasitələrindən yerində və bacarıqla istifadə
etməyə nail olmuşdur. Lakin
bütün bunlara baxmayaraq, Bahar Bərdəlinin şeirlərində
bədii emosionallığı artıran təkrirlərdən
və onun anafora və epifora növlərindən istifadə
edilməsinin kasadlığı diqqəti cəlb edir. Bahar Bərdəlinin bədii
yaradıcılığında uşaq ədəbiyyatı
mühüm yer tutur. O, uşaqların başa
düşəcəyi dildə tarixi məqamları, şifahi
xalq ədəbiyyatı növlərinə aid bədii əsərlərlə
diqqəti çəkir.
Onun "Məğlubiyyət" povesti bədii məktublar
şəklində yazılmışdır. Bu povest məktubat
(epistolyar) janrında qələmə
alınmışdır. Məktubat (epistolyar)
janrının elementlərinə müraciət edərək
Bahar Bərdəli qəhrəmanların daxili aləmini və
fəlsəfi görüşlərini açıqlamağa
nail olur. Müəllif Jalə və Tural
arasında olan sevgini, iki insanın keçirdiyi hissləri məktublar
vasitəsi ilə oxucuya çatdırır. Jaləyə ümid verib, sonda İsrailə
köçüb gedən Tural tərəfindən
aldanılan Azərbaycanlı qızının
ağrı-acıları müəllif tərəfindən təsvir
edilir.
"Bürkü"
povestində Sovet dövründə ən aktual problemə
çevrilmiş pambıqyığımını incəliklə
təsvir edən müəllif bunu həm də bir bəla
olmasını da açıqlamağa nail olur. Əsərdə
yuxarı siniflərdə təhsil alan
şagirdlərin təhsildən uzaqlaşdırılaraq zorən
pambıq tarlalarına göndərilmələri
qabardılır: "Axı yuxarı siniflərin dərsi
bağlanır, sizin yox. Siz ki, pambıq
yığan deyilsiniz".
Povestdə sovet dövründə baş alıb
getmiş pambıq "pripiska"sının həyata
keçirilməsi və mənfi nəticələri də
müəllifin əsas tənqid obyektinə
çevrilmişdir. Pambıq zavodunun direktoru Həşimovun kolxoz sədri və
briqadirlərə etdiyi təklifdə bu
aydınlığı ilə əksini tapır: "...onlar
pambığı satın almaqla doldururlar... Hər
kolxoz avans olaraq bizdən pambıq alacaq, hesabını da biləcək.
Planı yerinə yetirməsi haqqında raportu
imzalayacaq. Sonra da yavaş-yavaş
pambığını yığıb hesabını ödəyəcək....
Hər briqadir aldığı
pambığı öz kolxozçuları arasında bərabər
böləcək. Pulunu da bəri
başdan nağdı alıb gətirəcək bizə bu
olacaq bizim "bığ yağı"mız. Kolxozçu da o verdiyi pulu sonra dövlətdən
alacaq".
Povestdə pambıq yığımı prosesinin
ağır fəsadları dünyaya uşaq gətirməyə
hazırlaşan anaların simasında aydın şəkildə
əksini tapmışdır. Doğum evində hamilə
qadınları köməksiz buraxıb pambıq sahəsinə
gedən həkim və tibb bacılarının əməlləri
gülünc olsa da həqiqətdir, acı reallıqdır:
"Burda cəmi neçə xəstə var? - Baş həkim
səhər-səhər doğum otağına girən kimi xəstələri
saydı bir, iki, üç... on beş?
Axırıncı kim gəldi? Sən? - rəngi
ağarıb, dodaqları çat-çat olmuş
sarı-sulu gəlinə baxdı - İndidən uzanma, təzə
gəlmisən ki. Sən belə elə: bu gəlinlər
doğduqca adını, familini bu dəftərə yaz,
oğlan, qız olduğunu da burdan qeyd elə. Oldu?
- çönüb xəstələrə
baxdı, - darıxıb eləməyin, axşama burdayıq. Özü də qışqırıb bir-birinizi
qorxutmayın. Bir-bir doğun. Doğanlara ürək-dirək verin. Bildiniz? Sağlıqla qalın.
Biz getdik pambığa!" Hipokrat
andı içmiş həkimin məsuliyyətsizliyinin ironik
şəkildə təsvir edilməsi cəmiyyətdə
baş alıb gedən biganəliyin rəmzi kimi əksini
tapır. "Axşam məndən
pambıq istəyəcəklər, uşaq yox!" deyən
baş həkimin bu fikirlərində Sovet hakimiyyəti
üçün insan həyatının mənasız
olması qabardılır.
Bahar Bərdəlinin hekayələrində milli özəlliklər
əsas götürülməsi ilə yanaşı,
müasir mövzulara da üstünlük verilir. Bu baxımdan, "Sevgi fəsli"
hekayəsi müasir problemi əks etdirməsi ilə diqqəti
cəlb edir: "Deyirlər yağın qiyməti gələn
aydan beş yüz manat olacaq.
- Quru
çayın qiyməti indidən beş
yüz manat olub.
-
Heç qəndi demirsiniz. Bilirsiniz neçəyədi?
- Can,
müəllim, dolandır külfətini maaşla necə
dolandırırsan?"
Azərbaycan xalqının vahidliyinin perspektivlərini B.
Bərdəli "Güllü xalça" hekayəsində
qaldırır. Hekayənin süjet xətti Təbriz
xalçasının satılması ətrafında
qurulmuşdur. Mir Cəlalın "Bir gəncin
manifesti" romanında yoxsul, çörək puluna
ehtiyacı olan Sona xanımın dili ilə deyilən "itə
ataram, yada satmaram" deyiminin əksini Bahar Bərdəlinin qələmə
aldığı "Güllü xalça" hekayəsində
müşahidə edirik. Hekayədə nəsildən-nəslə
yadigar qalmış Təbriz xalısını Pəri xala
Bakıda bankdan götürülmüş üç yüz
dollar və ayda üç faiz vergi qarşısında xaricdən
gəlmiş bankirə verir.
Obyektiv realist təsvir üsulu hakim olan Bahar Bərdəlinin
"Bazar" (Sabiranə) novellasında konkret bir hadisə,
bir neçə adamla əlaqədar baş verən əhvalatın
yığcam təsvir edilməsi ilə diqqəti cəlb
edir. Novellada obrazların daxili, mənəvi aləmləri
aydın cizgilərlə verilmişdir. Kiçik
görünən, dramatik gərginlik, intizar və gözlənilməz
hadisə təsviri ilə səciyyələn əhvalatın
ictimai-siyasi hadisə fövqündə təsvir edilməsi
maraq doğurur. Yenidənqurma ərəfəsində
müəllimlərin düşdükləri ağır vəziyyət,
həyat həqiqətləri real şəkildə təsvir
edilir. Yeni açdığı köşkdə
"saqqız, "bakuş"... xırda-xırda alverdən-zaddan"
edən Qənbər müəllim, "Vasmoy"un
bazarında bir metrlik yer alıb "pomidor, soğan, kartof... nə
gəldi alıb" satan Ənbər müəllim, fizika
müəllimi Əliş müəllimin "Gənclik"
metrosunda Qulu müəllimin Dubaydan gətirdiyi uşaq
paltarları satması, dünya gözəli Səlimə
müəllimənin "İştah" firmasında qabyuyan
olması, təqaüdə çıxmış Gülgəz
müəllimənin mikrorayon bazarında tum satması, Gözəl
müəllimənin Dərnəgüldə dərzi işləməsi,
coğrafiya müəllimi Ənbər müəllimin
aeroportda gələn malları yerbəyer etməsi həyatın
özündən gələn problemlər təbii təsvir
edilmişdir. "Get tayını tap",
"Arayış" və s. novellalarda da həyatın
özündən gələn problemlər əksini
tapmışdır. "Get tayını tap"
novellasında Səlim kişinin aspiranturada təhsil alan, elmi tədqiqatının əhəmiyyətsizliyini
görüb beş il qızı ilə nişanlı olan
kürəkəninə dediyi sözlər elmdəki
nöqsanları qabardır: "Oğul, iyirmi il əlləşib-vuruşduğun,
oxuyub bitirdiyin budursa, tay sənə sözüm yoxdu. Ancaq
yadında da saxla ki, qızımı
çobana-çoluğa verərəm, sənin kimi alimə
yox! Get tayını tap!"
"Arayış" novellasında Gülbala müəllimin,
həmçinin məktəbin digər müəllimlərinin
sağlamlıq haqqında almalı olduqları arayış
zamanı üzləşdiyi problemlər təsvir edilir. Təsvir edilən
problemlərin kökünün cəmiyyətdən
doğması qabardılmışdır.
Gümüş müəllimlə rastlaşdığı
zamanı problemlərin daha asan yolla həll olunması ironik
dillə oxucuya çatdırılır: "Eləcə
hörmətini eləyib hazır arayışını
alardın. Ştamplı, möhürlü,
qollu. Bircə ad-familiyanı yazacaqdın,
vəssalam. Əziyyətin də
qalacaqdı özünə, pulunun yarısı da".
Bahar Bərdəli poeziyasında müxtəlif vəzn,
qafiyə, rədif, bədii təsvir və ifadə vasitələrindən
istifadə edir. O, poetik yaradıcılığında daha çox heca
vəzninə və bir qədər də sərbəst
şeir vəzninə müraciət edir. Maraqlıdır
ki, əruz vəzni B. Bərdəli
yaradıcılığına yaddır. O, əsasən,
heca vəznində şeirlər yazmışdır. Məsələn,
onun "Qurduğun dünya", "Heykəl analar",
"Durul, Arazım, durul", "Qocalıq", "Sən
dünyada olmayanda", "Aşıq qardaş..." və
s. şeirləri heca vəznindədir.
Bahar Bərdəlinin qələmə aldığı
"Görərsən" şeirində heca
bölgüsü yeddihecadan ibarətdir. Adətən,
yeddihecalı şeirlərdə bölgü əsasən,
3-4, 4-3, 5-2 şəklində özünü göstərir.
Müəllifin "Görərsən" şeirində
bölgü 4-3 şəklindədir:
Hər
oymağım uludur, - 7 heca
Keşməkeşnən
doludur, - 7 heca
Babəklərin
yoludur, - 7 heca
Mənim
yolum, görərsən! - 7 heca
Peşimançılıq
hissi ilə yanaşı sevgi duyğusunun azad bir şəkildə
inkişaf edə bilməsinə bir
çağırış olan "Bağışla..."
şeirində də heca bölgüsü yeddihecadır:
O illərə
dönəsən, - 7 heca
Qarşılaşaq yenidən. - 7 heca
Onda bu iki
ömrün - 7 heca
Nəğməsini yazam mən. - 7 heca
İtirdiyi
sevgisini axtarmağı əks etdirən "Əsiri
olmuşam" şeirində heca bölgüsü
onbirhecalı şeir bölgüsüdür:
Min məna
gəzərdim o şirin adda, - 11 heca
Sevgindən
almışdım qoşa qanad da, - 11 heca
Xəyala
dönmüsən indi həyatda, - 11 heca
Yenə əsiriyəm
bir qoşa izin... - 11 heca
Bahar Bərdəlinin
"Vaxt itirmişəm..." şeirində də heca
bölgüsü onbirhecalı şeir
bölgüsüdür:
Gözlədim
bir ömrü, gözlədim belə, - 11 heca
Hər
şey ötəridi, mən bilə-bilə, - 11 heca
Xəzinə
ömrümü bivəfa gülə - 11 heca
Demə qurban verib, vaxt itirmişəm. - 11 heca
B. Bərdəlinin
insanın daxili təlatümünü əks etdirən
"Sənə doğru" şeirinin vəzni isə sərbəstdir.
Öz qədərinə
üsyan edən insanın iztirablarını, keçirdiyi
sarsıntıları poetik dillə təsvir edən bu
şeirdə misraların ölçüsü, hecaların
sayı və düzülüşü baxımından sərbəstlik
özünü göstərir:
Görüş
üçün tələsmirsən,
Artıb
bəhanələr...
Artıb
soyuq baxış,
quru
söz...
Soyuq
münasibətlərin nəticəsi olaraq, irəli addım
atmağın, geriyə çəkilməyin eyni olması
qabardılan bu şeirdə şeirin ölçü,
bölgü, qafiyə sistemindən sərbəst şəkildə
istifadə edilir:
Bu
addımı atmaq -
müdhiş mənzərə...
Geriyə
qayıtmaq -
müşkül məsələ.
Burada sadəcə olaraq, qafiyə, ölçü,
bölgü, misraların həcmi, hecaların misralardakı
sayı, ahəngin formal səciyyə daşıması nəzərdən
qaçmır. Sərbəst şeirin, yəni səpkili
şeirin bu səciyyəvi xüsusiyyətləri Bahar Bərdəlinin
bu şeirində olduğu kimi digər şeirlərində də
rast gəlmək mümkündür. Məsələn,
onun məhəbbəti tərənnüm edən
"İnad" şeiri də sərbəst şeir nümunəsidir:
Mən
bir başqa gözlərdə
axtararkən məhəbbət,
Sən mənim
gözlərimdə,
aramısan səadət.
Bildiyimiz kimi, sərbəst şeirdə misraların,
hecaların sayı, qafiyə sistemi məhz konkret bir ideyaya,
bir məzmuna tabe tutulmalıdır. Məsələn, "İnad"
şeirində Bahar Bərdəlinin inadından dönməyin
aşiqin inadkar obrazını canlandırmağa nail olur:
Düşüb
eşqin inadına
sən
hələ də sevirsən,
Yoxsa mənə
tərs eşqin
inadını öyrədirsən?!
Sona qədər öz məhəbbətinə sadiq
qalmış qadın obrazını göz önündə
canlandıran "Çəkmədi..." şeiri də səpkili
şeirə aiddir. Bahar Bərdəlinin həyatda sevgi imtahanından kəsilmiş
və o cümlədən sevgisini "yad qızı"na əmanət edən qadın idealını
yarada bilmişdir:
Boylana-boylana
Aldın əlimdən
qismətimi,
yad
qızı!
Verdim
sakitcə sənə
öz məhəbbətimi
Düşməsin
mənim tək
möhnətə - deyə.
Bahar Bərdəlinin qələmə aldığı
poetik nümunələrin qafiyələrinə diqqət
yetirdikdə maraqlı məqam diqqəti cəlb edir. Belə ki,
onun şeirlərinin tələffüz baxımından
bir-birinə yaxın və yaxud oxşar səslənməsi
müxtəlifdir. Bu qafiyələr əsasən,
zəngin qafiyə və ya da yoxsul qafiyə (natamam qafiyə)
təşkil etməsi ilə diqqəti cəlb edir. Məsələn,
sevgilisinin artıq onun həyatında yeri
olmadığını əks etdirən "Xəbərin
yoxmu" şeirində zəngin qafiyədən istifadə
edilmişdir:
Sevda
yolçusuyam, yoldaş deyilsən,
Sirli
kainatam sirdaş deyilsən...
Bir yurd salmışam ki... yurddaş deyilsən.
Gözləməm bir daha, xəbərin yoxmu?
Sevgilisini
maddi vəziyyətə görə atıb, illər sonra onun
arxasınca gələnlərin peşimançılıq
hisslərinin poetik dillə əksini tapmış
"Qayıtmısan..." şeiri də özünün zəngin
qafiyəsi ilə diqqəti cəlb edir:
İndi
qayıtmısan... gecdi, sızlama,
Hicran
böyütmüşdün, vüsal gözləmə,
Ocağı
söndürüb, külü izləmə,
İlğımdı
ümidin... göylərə çatıb...
Həyatın
bir yerdə dayanmadığı, daim inkişafda
olmasını vurğulayan "Unutma" şeiri isə qafiyə
baxımından yoxsul qafiyə və ya natamam qafiyədən
istifadə olunması ilə diqqəti çəkir:
...Donmusan
yerində, yoxsa tələsdim?
İndi fəslin
qışı, ömür bahardır!
Yetər
bu ayrılıq əzizim, bəsdi,
Unutma
ömrün də boz qışı vardır!...
Bahar Bərdəlinin şeirlərində ahəngi
qüvvətləndirən, təsir gücünü
artıran və təkrar olunan sözlərin, yəni rədiflərin
işlənmə məqamları da diqqətdən
yayınmır. Məlumdur ki, rədif qafiyə təşkil
edən sözlərdən sonra işlənir, misranın
sonunda gəlir. Məsələn, qadın-kişi
münasibətlərinin ülvi məqamı olan sevgi
duyğusunun bir faktor kimi qabardılaraq tərənnüm etdirən
"Sevginlə" şeirində rədifin işlənmə
məqamına diqqət yetirək:
Səni
unutmaqçün nələr etdim mən,
O sənli dünyamı oda tutdum mən,
Elə
bildim ki, ta unutdum mən,
Sən
demə kül altda qorunan közmüş...
Şair "Şeirim" bədii nümunəsində
şeirlə bağlı düşüncələrini poetik
duyğularla ifadə edir. Bu şeirdə müəllif tərəfindən
rədifdən istifadə edilmə məqamı maraq
doğurur:
Sızıb
damla-damla o çay yaradıb,
Axıban
ümmana o tay yaradıb,
Hərdən
ləngərlənib lay-lay yaradıb,
Hərdən
də kükrəyib, sel olub şerim!
Bədii dilin çox mühüm tərkib hissəsi
olan bədii təsvir vasitələrindən yəni məcazlardan
istifadə edilmə məqamı Bahar Bərdəlinin
yaradıcılığında maraq doğurur. Belə ki,
onun şeirlərində sözlərin həqiqi və məcazi
mənalarından istifadə edilmə ustalıqla yerinə
yetirilir. Məsələn, "Əriyir" şeirində
əriyir sözünə nəzər salaq:
Baharın
nəfəsi duyulur hər dəm,
Əriyir
şaxta-qar duman içində,
Ağrıyır
ürəyim, təngiyir hərdən,
Əriyir
günlərim güman içində...
Əgər "əriyir şaxta-qar" deyilirsə, əriyir
sözü birinci, yəni əsl mənasındadır. Qarın əriməsini
biz həqiqətdə görür və ya təsəvvür
edə bilirik. "Əriyir günlərim"
ifadəsi məcazi mənada işlənilir. Burada günlərin əriməsi mücərrəddir
və məcazi mənada işlədilmişdir.
Ədalət 2017.- 29 dekabr.- S.7.