Bahar Bərdəlinin bədii, tənqidi və
elmi fəaliyyəti
Şərifova
Salidə,
filologiya üzrə elmlər doktoru
(əvvəli qəzetin
29 dekabr sayında)
Bahar Bərdəlinin
"Sənsiz dağlarda" şeirində də "bənövşə
tək yolda bitdim" ifadəsi isə artıq sevgilisini
gözləyən əzabkeşin yollarda qalmasına bir
işarədir:
Zirvədəki
qara bənddim,
Dumanında
azdım, itdim,
Bənövşə
tək yolda bitdim,
Səni
arzuladım səni...
"Payızım" şeirində müqayisə və
bənzətmə yolu ilə yaradılmış metaforadan yəni
istiarədən istifadə edilərkən
qarşılaşdırılan tərəfin birinin iştirak
etməməsi, onun bir əlamətinin başqasının
üzərinə köçürülməsi
özünü göstərir. Şeirdə
"eşqin payızı" deyən müəllif onu
sevginin qürub etməsi ilə əlaqələndirir. Bəllidir
ki, eşqin fəsilləri olmur, yalnız onun keçdiyi yolu
bahar, payız, qış fəsilləri ilə əlaqələndirirlər:
Gəlmisən
yenə gəlmisən
payızım...
Səndən
əvvəl gəlib
eşqin
payızı...
Bahar Bərdəlinin yaradıcılığında bədii
təsvir vasitələri ilə bərabər tərənnüm
olunan hadisənin oxucuya daha qabarıq
çatdırılması üçün istifadə edilməsinə
xidmət edən poetik sintaksis və ya da sintaktik fiqurlar öz
rəngarəngliyi ilə seçilir.
Onun şeirlərində bədii sualdan, yəni ritorik
sualdan istifadə diqqətdən yayınmır. "Acgöz" şeirində
cavabsız qalan suallara diqqət yetirək:
Beş əlli
yapışıb dünyadan baxma,
Qurdla qiyamətə qalırsan yoxsa?
Quyruğun
üstünə ilantək qalxma,
Kimi nişanladın, çalırsan yoxsa?
Burada bədii sualdan istifadə olunmuşdur və
şeir boyu sualların cavabı yoxdur. Şair burada
qüvvətli sual intonasiyası vasitəsi ilə fikrini daha təsirli
ifadə edir.
Bahar Bərdəlinin "Nə deyim" şeirinin
adı da bədii sual kimi səslənir. Belə ki, sevgilərin birləşə
bilməyəcəkləri məqamını oxucuya lirik dillə
çatdırmağa nail olan bu şeirdə payızın
toy-büsat fəsli olması bir daha vurğulanır, sevgilisi
ilə toy həsrətində olan insanın sualı şeirdə
cavabsız qalır:
Payız
gəlir biləsən...
Baxma
yağış, selə sən,
Hamı toyu
gözləyir,
Bəs nə
deyim elə mən?..
Toy həsrətində olan sevgilinin elə nə cavab verəcəyi
artıq oxucunun ixtiyarına buraxılır. Bu suala
artıq oxucu şeiri duyduğu kimi də cavablandırır.
B. Bərdəlinin
şeirlərində bədii təzad və ya antitezadan fikrin
şeirdə məzmunca bir-birinə zidd olan və ya təsvir
edilən vəziyyətin qarşılıqlı şəkildə
tərənnüm edilməsi ilə diqqəti cəlb edir.
"Yaşamalı dünyadır" şeirində bədii
təzaddan maraqla istifadə edilmişdir:
Bəzən
olur dünya dar,
Qışa
dönür yaz-bahar,
Eh
dumansız dağmı var!
Yaşamalı
dünyadır!..
Bu bənddə bəzən dünyanın dar olması,
sonra isə qışdan bahara dönməsi təzadlıq
yaradır.
"Tələsdi
ömür" şeirində ürəklə ağıl
arasında qalan insanın seçim etməsi məqamı bənzərsizliklə
dilə gətirilir:
Ürək
səslədi səni,
Ağıl
dedi, ta bəsdir.
Bu
vüsala güman yox,
Xəyalların əbəsdir.
"Qanan
kimi..." şeirində mübaliğənin yəni
hiperbolanın istifadə edilməsi ilə şeirdə nəzərə
çatdırılacaq hiss-həyəcanın əslində
olduğundan da qabarıq verilməsinin şahidi oluruq:
Eşqimdən
od alıb alışdı göylər,
Dedim:
"dostuma" da çatar bu xəbər,
Vallah,
qara daş da, inan göyərər,
Naşı
söz anlayıb qanana kimi!...
"Eşqimdən od alıb alışdı göylər"
misrasında lirik qəhrəmanın eşqindən göylərin
alışıb yanması mübaliğədir. Bahar Bərdəli
fikrini daha əhatəli və canlı çatdırmaq
üçün bu üsula müraciət etmişdir.
Onun qələmə aldığı "Qəlbimdə
də payızdı" şeirində şirin və acı,
qısa və uzun olmasından asılı olmayan qısa insan
ömrün yersiz sınaqlara çəkilməsinə etiraz əksini
tapmışdır. İnsanın sevgisiz qala biləcəyi qorxusu belə
ifadə edilir:
Sis-duman həsrət
tək qəlbimə axır...
Soyuq
imtahanı mənə qıyma gəl!
Payızın
sonunda qış durub axı,
Məni o
boranda tənha qoyma gəl...
Bu şeirdə "sis-duman həsrət tək qəlbimə
axır..." misrasındakı sis-duman qəlbə axa bilməz,
bu mübaliğədir, həyat həqiqətindən,
reallığından uzaqdır.
Bahar Bərdəlinin şeirlərində ifadənin bədii
təsirini artırmaq məqsədi ilə sözlərin
qrammatik ardıcıllığının pozulması ilə
diqqəti çəkir. Onun bu baxımdan inversiya yaratması
prosesinə nəzər salaq. Onun "Bahardı..."
şeirində sözlərin qrammatik
ardıcıllığının pozulduğunu müşahidə
edirik:
Gətirib
qəlbini sənə əmanət,
Gətirib
ömrünə bir şirin ülfət,
Gətirib
günəştək odlu məhəbbət,
Bir
bülbül haraylı dindarın gəlib...
"Bahardı..." şeirinin bu bəndində gətirib
sözünün əvvəldə işlənmə məqamının
bədii-emosional cəhətdən qüvvətləndirməyə
xidmət etdiyini müşahidə edirik. Qrammatik normaya
görə "qəlbimi sənə əmanət gətirib,
ömrünə bir şirin ülfət gətirib, günəştək
odlu məhəbbət gətirib" ardıcıllıqla
sıralanmalı idi. Şairin poetik ifadəsi
normalara sığmadığından o, normalardan kənar
çıxmağa məcbur qalır. Təbii
ki, bu kənara çıxmağa şeirə əlvanlıq
gətirir, şeirin bədii təsirini qüvvətləndirir.
Bahar Bərdəlinin yaradıcılığında
zarafatyana yazdığı şeirlər öz işlənmə
məqamına görə diqqəti cəlb edir. Bu şeirlərdə
həyatda hər şeyi öz məqamında görməyə
çağırış var. B. Bərdəlinin "Gecdi"
(zarafatyana) şeirində isə sevgi duyğusuna yanaşmada
bir anlaşılmazlığın son nəticəsi ilə
yanaşı başqalarının sənin işinə
qarışmağının bir növ acı sonluğu
oxucuya çatdırılır. Əvvəl sevməyin
tez olması vurğulanır:
Ömrün
yaz çağı sevmək istədim,
Dedilər:
tələsmə, uşaqsan hələ.
Arzuma yol
açdım, dilək istədim,
Dedilər:
nə olub, tələsmə belə?
Daha sonra isə sevgiyə gecikmənin vurğulanması
qabardılır. Təbii ki, müəllif sevməyə başlamaq istəyən
hər bir insanı "tələsmə, onsuz da gecdi"
fikrindən uzaq durmağa çağırış edir:
Axır
ki, yığıldı yüküm təpəyə,
İş yeri, vəzifə... həyata keçdi.
İstədim
başlayım indi sevməyə,
Dedilər:
tələsmə, onsuz da gecdi.
B. Bərdəli
"Məni" (zarafatyana ) şeirində
ülvi duyğu olan sevginin danmağa çalışanlara
ibrət dərsi verməyə cəhd edir. Şairin həyat
və həqiqət arasında bir körpü rolunu icra edən
bu şeirində məktub yaza-yaza uzaqlaşan sevgililərin
acı aqibətini oxucunun gözündə canlandırmağa
nail olur:
Uzaqdan
"sevirəm" çox söylədin çox,
Məktub yaza-yaza ovutdun məni.
"Sevirəm"
sözünün nəhayəti yox,
Elə
yaza-yaza unutdun məni....
***
Bahar Bərdəli körpə fidanları yaddan
çıxarmamış, onlara da silsilə hekayələr həsr
etmişdir.
Müəllifin "Bülbülə", "Əsgər
papağı", "Bahar necə gəldi", "Hər
kəsin öz yuvası", "Ağ kəpənək",
"Bacılar", "Qardaşlar", "Tapmaca
oyunları" silsiləsi "Hansı meyvədir",
"Hansı güldür", "Dörd əməl")
və s. hekayələri uşaqlara həsr edilmiş örnəklərdir.
"Tapmaca oyunları" silsiləsindən
olan hekayələrdə epik növün yığcam
janrlarından biri olan tapmacaya (bilməcə) müraciət
maraq doğurur. "Tapmaca oyunları"
silsiləsindən olan hekayələrdə qələmə
alınmış tapmacalar müəyyən bir əşya və
ya hadisə haqqında üstüörtülü məlumat
verir, bununla yanaşı oxucudan həmin
üstüörtülü məlumatı tapmasını tələb
edir. B. Bərdəli "Tapmaca oyunları" silsiləsindən
olan hekayələrdəki tapmacalarla uşaqların zehni
qabiliyyətinin güclənməsinə təkan verir:
Bülbül
gül üstə qonub,
Özü gül olub "donub".
Hansı
güldür, ləçəyi
Bülbülə qanad olub?
Burada maraqlı məqam odur ki, müəllif
tapmacanın cavabını da uşaqlara bədii dillə
çatdırmağa nail olur. Bununla yanaşı, müəllif
xarıbülbül gülünün Şuşadan başqa
bir yerdə bitməməsi amilini də uşaqların nəzərinə
çatdırmağa nail olur: "Uşaqlar çox fikirləşdilər,
lakin ləçəyi bülbülə qanad olan gülü
tapa bilmədilər. Axırda tapmacanı Süsən
özü açdı:
-
Uşaqlar, bu gül xarıbülbül gülüdür. Ən çox Şuşada bitir. Biz həmişə Şuşaya gəzməyə
gedəndə mən bu güldən xeyli dərirəm. Bir dəfə mən onu kökündən
çıxardıb, öz bağçamıza gətirib əkmək
istədim. Atam razı olmadı. Dedi
ki, bu gül Şuşa yaylağından başqa heç yerdə
bitmir".
Bahar Bərdəlinin
bədii tənqidi
Bahar Bərdəli (Bahar Məmmədova) həm də bir
tədqiqatçı kini müxtəlif şair və
yazıçıların bədii
yaradıcılıqlarını tənqid obyektinə
çevirmiş, bu istiqamətdə müxtəlif əsərlər
yaratmışdır. B. Bərdəlinin bir sıra tənqidi əsərlərinə
diqqət yetirək.
B. Bərdəli
"Nurəngiz Günün poetik ağrısı" məqaləsində
Nurəngiz Gün poeziyasını daima yaşarı bir poeziya
kimi dəyərləndirmişdir. O, Nurəngiz Günün
yaradıcılığını "hay-küydən,
pafosdan uzaq, həyat hadisələrini reallıqla əks etdirən
bu poeziya həm də səmimi hisslərin
tüğyanıdır, fırtınasıdır! Xəyal
qırıqlığına uğramış bir
könlün mənəvi ağrısıdır, əzablarıdır"
deyə qiymətləndirir:
Nuru
yorğun gözlərimin
Ürəyimin,
beynimin
Hesabına
yaşayıram,
Əl
çək məndən qarı dünya,
Yükümü
tək daşıyıram
Minnətini
çək üstümdən,
Cəncəl
dünya, cəncəl dünya!
Bahar Bərdəlinin "Mustafa Çəmənli
yaradıcılığının janr xüsusiyyətləri"
məqaləsində isə XX əsrin 70-ci illər ədəbi
nəslinə mənsub Mustafa Çəmənli
yaradıcılığı təhlil obyektinə
çevrilir.
Müəllifin yazarın yaradıcılığını
janr baxımından bölgüsü mübahisə doğurur:
"M.Çəmənlinin
yaradıcılığını janr baxımından iki yerə
bölmək olar: Birinci, nəsri - hekayə,
povest-romanları. İkinci, bədii
publisistikası. Yazıçı hər
iki janrda istənilən səviyyədə lazımı
mövzuları seçməklə, onu real, həyati boyalarla
təsvir və tərənnüm etməklə diqqətəlayiq
əsərlər yarada bilmişdir". B. Bərdəli
Mustafa Çəmənli yaradıcılığını
dövr baxımından iki yerə ayırması yazarın
yaradıcılığına verilən real qiymətdir:
"M.Çəmənlinin
yaradıcılığını dövr baxımından da
iki yerə bölmək olar: Birinci, Sovet dövrü, 70-80-ci
illər yaradıcılığı. İkinci,
Müstəqillik dövrü
yaradıcılığı".
Bahar Bərdəli "Ovqat şairi" məqaləsində
gənc şair Xəyal Rzanın təbiət və ovqat, həm
də məhəbbət şairi kimi dəyərləndirməsi
diqqəti cəlb edir. Müəllif ictimai-siyasi hadisələrə poetik
münasibətini bildirən Xəyal Rzanı "ictimai-siyasi
lirik" şair kimi təqdim edir:
Yollar tərsinə...
Ümidlər,
arzular tərsinə...
Dərd
qalaq-qalaq,
Batman-batman....
Yığılıb
bir-birinin üstünə...
Aşıb
keçməyə oğul istəyir!
B. Bərdəli ayrı-ayrı sənətkarların yaradıcılıqlarının fərdi poetik keyfiyyətlərini araşdıraraq, əsərlərdə insan, cəmiyyət və onun problemlərini tədqiq edir.
Bahar Bərdəlinin elmi fəaliyyəti
Bahar Bərdəli elmi yaradıcılığı Cənubi və Şimali Azərbaycanın bədii mühitlərinin qarışmasını özündə əks etdirən mövzuları ilə diqqəti cəlb edir. O, 2010-cu ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Balaş Azəroğlunun yaradıcılıq yolu" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ədəbi-bədii ictimaiyyətə məlumdur ki, Bakıda anadan olmuş, lakin İranda böyümuş və təhsil almış Balaş Azəroğlu Cənubi Azərbaycan ədəbiyyatında mühüm yer tutmuş, ötən əsrin 60-cı illərindən başlayaraq Şimali Azərbaycanda elmi və bədii fəaliyyətini davam etdirmiş ədiblərimizdəndir.
Bununla yanaşı, "Cənubi Azərbaycan mühacir poeziyası (1947-1990)" adlı monoqrafiyasında Bahar Bərdəli 1947-ci ildə Şimali Azərbaycanda mühacirət etmiş Cənublu şairlərdən bir qrupunun həyat və yaradıcılığını tədqiq etmişdir. O, mühacir şairlərin təxminən 43 illik dövr ərzindəki yaradıcılıqlarını mövzular üzrə qruplaşdıraraq ictimaiyyətə təqdim etmişdir.
Bahar Bərdəli "Müstəqillik dövrü Azərbaycan poeziyası" monoqrafiyasında Müstəqillik illərində Qabil poeziyasında milli azadlıq mübarizəsi və Qarabağ problemini, Cənublu şairlərin poeziyasını tədqiq obyektinə çevrilmişdir. Monoqrafiyada Xalq şairlərindən Qabil, Balaş Azəroğlu, Söhrab Tahir, Həkimə Billuri və Əli Tudə poeziyası müstəqillik dövrü prizmasından tədqiq edilməsinə cəhd diqqətdən yayınmır. Müstəqillik illərində həyat həqiqətlərini əks etdirən poetik sənət nümunələrində onların yaradıcılıqları iztirab poeziyası kimi təqdim edilir.
Sonda qeyd etmək istərdim ki, Bahar Bərdəlinin (Bahar Məmmədov) həm elmi yaradıcılığı - monoqrafiya və elmi məqalələri, həmçinin bədii yaradıcılığı - nəzm və nəsr nümunələri (şeir, povest, hekayə, novella) öz rəngarəngliyi ilə uzun müddət ictimaiyyətin maraq dairəsində olacaqdır.
Ədalət 2017.- 5 yanvar.- S.6.