Kəlbəcərə gedən qatar

 

Uzaqda olmayan o gün gələcək. Yurd-yuvamız azad olacaq. Qarabağ yenidən ağ günlərə qovuşacaq. Şuşadan, Laçından belə gəzib-dolanacağıq. Və o günlərin birində dəmiryolu vağzalında bir elan səslənəcək:

- Bakıdan Kəlbəcərə gedən sərnişin qatarına birinci platformanın birinci yolunda minik başlanır...

 

Şair-publisist, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmillə yenə bir yerdəyik. Özünə xas olan yumorlu söhbətindən qalmır.

- Birinci şeirimi bilirsən nə vaxt, niyə yazmışam.

- Maraqlıdır.

- Heç məktəbə də getmirdim. Əslində unutmuşdum. Sonralar böyük bacım yadıma saldı. Sən demə əzbərləyibmiş. Kənddə Narın xala vardı, qonşumuzdu. Kasıb adam idi, yerləri olmadığından o da qış ehtiyatını bizim əl damında saxlardı. Bizim pendirdən fərqli olaraq onun pendiri çox yumşaq idi. Yazmışam ki...

 

Hamının şoru qurudu,

Narının şoru durudu.

Fitil gətir, atım şoru,

Ayran verin qatım şoru.

 

- Yəni lap rəhmətlik Sabirin ilk şeiri kimi orucu tutdum irəmazanda; qaldı iki gözüm qazanda.

- Əlbəttə, özümü böyük Sabirlə müqayisə etmək fikrində deyiləm. Amma qəribədir ki, ilk şeirlər məhz məişətlə bağlı olur. Və sonra otuza qədər şeir, elmi-publisistik, kitablarım, iyirmiyə qədər filmin tərcüməsi. Bax, gördüyün kimi özümü ədəbiyyatın, elmin bütün sahələrində sınamışam.

- Daha doğrusu ədəbiyyat, elm səni sınayıb, imtahan edib.

- Ay sağ ol! Təsəvvür elə ki, beş yaş yarımımda məktəbə getmişəm. Özü də təkidlə. Məcbur olub razılaşıblar. Məktəbdə də görüblər ki, oxuya bilərəm, etiraz etməyiblər. Və rəhmətlik Səfər müəllim əlimdən tutub, mənə əlifbanı öyrədib. Onunla bağlı bir əhvalat danışım. İlk dəfə konkursa düşmüşdüm. Şəhərdə Səfər müəllimlə qarşılaşdım. Dedim qağama, yəni atama bildirsin ki, konkursa düşmüşəm. O da kəndə çatanda atama muştuluq verib: - Gözün aydın olsun, Adil kursa düşüb.

- Yenə yumorundan qalmırsan.

- Yox, vallah, olanı deyirəm. Atam da erkək kəsib, qonaqlıq verib ki, oğlum ali məktəbə daxil olub. Bacım Sumqayıtda olurdu. Atam ona zəng edəndə deyib ki, kursa düşməyib, konkursa düşüb.

- Və nəhayət jurnalistika fakültəsi.

- Hə! Orta məktəbi Mingəçevirdə, Aslan əmimin yanında bitirdim. Kənddə onillik yox idi. Əmim oxumağım üçün əlindən gələni edirdi. İstədiyim kitabı tapıb gətirirdi. Hətta məni musiqi məktəbinə də yazdırmışdı. Elə indi də babat qarmon, piano çala bilirəm. Rəsm dərnəyinə aparardı. Bir sözlə, hərtərəfli dünyagörüşü yaratmağa çalışırdı.

- Universitet həyatı, Bakının ədəbi mühiti səni qoynuna aldı.

- Elə birinci kursda oxuyarkən rəhmətlik Məmməd Aslan mənim iki şeirimi "Bakı" qəzetində dərc etdirdi.

- Məzarı nurla dolsun. Elə mənim də ilk yazımı "Azərbaycan gəncləri" qəzetində Məmməd Aslan dərc etdirib. Daha sonra elə həmin qəzetdə işə düzəlməyimin də səbəbkarı odur. Yusif Kərimov redaktor idi. Yazılarım çap olunurdu, yaxşı da qarşılanırdı. Bir gün Məmməd müəllim məni çağırdı. "Təbiət" dərgisində işləyirdi. Dedi ki, sağ ol, üzümü elədin. Redaktor da, oxucular da səndən razıdır.

- Onun xeyirxahlığını unutmaq olmaz. Mərkəzi mətbuat dediyimiz aləmə bizi o gətirib. O zaman cəmi beş-altı qəzet çıxırdı.

- Onu da deyim ki, Sücaətin şeirlərini də bu mətbuatda Məmməd Aslan çap etdirib.

- Bax, bunu bilmirdim.

- Amma mən unutmaram. Məmməd müəllimin "Ürəyimdə" şeirinə də musiqi yazmışam. Elə həyatda ikən telefonuna köçürdüm. Çox bəyəndi, həm də sevindi ki, sən musiqi də yazarmışsan.

- Məmməd Aslan eldən, ədəbiyyatdan, publisistikadan, bütün Türk dünyasından çıxdı.

- Bax, indi burada, bu iş otağında böyük bir insanla, adı, yazıları bütün dünyada məşhur olan Çingiz Aytmatovla birlikdə şəkliniz var.

- Aytmatovla iki dəfə görüşmüşəm. Bişkekdəki evində də olmuşam. Azərbaycanı çox sevirdi. Az qala bütün qələm sahiblərini, ən çox da Bəxtiyar Vahabzadəni tanıyır və təqdir edirdi. O zaman mən "Manas eposu və türk dastançılıq ənənəsi" adlı elmi işimi yazırdım. Çingiz Aytmatov bunu eşidəndə çox məmnun oldu. Ortaq dəyərlərimizin tədqiqi və tanınması baxımından gərəkli olduğunu qeyd etdi. Hələ bəzi məsləhətlər də verdi. Bax, bu şəkilimi Issıkulda çəkdirmişəm.

- Yəni, İsti göldə.

- Bəli! Orada çəkdirmişəm. Manasla bağlı elmi konfrans orada keçirilirdi. Məclisi də mən aparırdım. Ümumiyyətlə, manasşünaslarla Bakıda, Bişkekdə, Moskvada çox görüşlərimiz olub. İndi isə bu kitabı sənə bağışlayıram - "Qırğız atalar sözləri". Həm qırğızca, həm də azərbaycanca qarşılığı verilib. Gör nə qədər eynilik, yaxınlıq var. Bu misalları ağsaqqallarımızdan, ağbirçəklərimizdən də eşitmişəm.

- Bu yerdə bir daha təbrik edirəm. Çingiz Aytmatov Akademiyasına üzv seçilmisən.

- Çox sağ ol! Kəlbəcər ədəbi məktəbindən oraya yüksəlmək düzünü deyim ki, çətin olmadı. Hələ uşaqlıqdan Dədə Şəmşirin, Bəhmənin, Sücaətin, Məmmədin, daha kimlərin, kimlərin şeirlərini bilirdim. Atamdan eşitmişdim. Bəyəndiyi şeirləri bir dəftərçəyə yazıb, özüylə gəzdirirdi.

- Adil, rəhmətlik atan Savalan kişinin adı Kəlbəcər üçün az, ya da heç rast gəlinməyən bir addır.

- Bir şeirim var: Ölüncə o taya boylanan nənəm, oğlunun adını Savalan qoyub. Sərhədsiz bir dünya vardı. Sən bir düşün, bizim yaylağın adı Qaradağlıdır. Deməli, Savalan adı da təsadüfi deyil.

- Sənə bir söz deyim. Bax, indi bir məsələ mənə aydın oldu. Türkiyədə Tamer Qaradağlını tanımayan yoxdur: "Cocuqlar duymasın" telefilminin baş rol ifaçısıdır. Az qala üç yüz seriala çəkilib. Yaraşıqlı, boy-buxunlu bir adamdır. Həmişə də "Mən Azəriyəm, özü də kəlbəcərliyəm" deyir.

- Hə, bir dəfə demisən.

- Həm də facebookda yazmışdım. Məlum oldu ki, atası elə sizin kənddəndir. O zaman Batumiyə, oradan da Karsa gedib. Burada bacıları var. Tanıyırlar. Bax, sən dediyin o Qaradağlı yaylağının adını oğluna verib. Tamer Qaradağlı.

- Maraqlıdır. Mən də belə eşitmişəm ki, müharibədən gec qayıdıb. Yoldaşı da çox gənc imiş. Məcbur eləyiblər ki, ərə getsin. Gələndə bu mənzərəni görüb və baş götürüb gedib. Nə yaxşı ki, ailə qurub və Tamer kimi oğlu var. Özü də Qaradağlı.

- Evdə-eşikdə nə var, nə yox?

- Ev dedin, yadıma bir əhvalat düşdü. Qardaş, bütün valideynlər övladlarına ev alar, düzdümü?

- Yumor başlandı?

- Yox, inan ki, həqiqəti deyirəm. Amma mənim evimi uşaqlarım alıb.

- Yox bir!

- İnanmırsan? "Yazıçı" nəşriyyatında işləyirdim. İşçilər üçün ev tikilirdi. Üçüncü adam idim və üç otaq növbəsinə durmuşdum. Mənzillər paylananda məlum oldu ki, ya ikiotaqlı, ya da dördotaqlı var. Dedilər ki, sənə düşmür. Məndən sonra növbəyə dayananlara mənzil vermək istədilər. Şikayət elədim. Bir həftə gecikdirdilər ki, ümumi iclasda baxılsın. Təsəvvür elə iclas günorta saat ikiyə təyin edilmişdi. Səhər tezdən ekiz övladlarım dünyaya gəldi. Allah bizim tərəfimizdəymiş. Ailə tərkibinə görə mənə üç yox, dörd otaqlı mənzil düşürdü və verdilər. İndi gördünmü, evi uşaqlar alıb?

- Gördüm. Sağlığına qismət. Bircə Kəlbəcərdəki evlərimizə də qayıtsaydıq. Professor Musa Kazımov maraqlı bir fakt söyləyir. Deyir ki, 1939-cu ildə rus və alman alimləri Kəlbəcərə gəliblər. Məqsədləri burada və Laçında uzunömürlü insanları öyrənmək olub. Bunun sirrini bilmək istəyiblər. Gəldikləri nəticəni açıqlamayıblar. Başımıza gələn faciələrin səbəbləri az deyil. Musa müəllim daha sonra bütün dünya alimlərinin bir sözünü təsdiq edir - üçüncü dünya müharibəsi su uğrunda olacaq. İndi Kəlbəcərin sularını yada sal. Saysız-hesabsız buz bulaqlar, narzan suları, maqneziumlu turş su, isti su. Su, su, su!!! Üstəgəl təmiz hava, əsrarəngiz təbiət, sıx meşələr, nadir ağac növləri, otlaq sahələri, gül-çiçək, ekzotik qayalar, kahalar... Turizmin öndə gələnləri. Bunlar Kəlbəcərin hər addımında, hər qarışında boldur, tükənməzdir. Hələ faydalı qazıntılar, qızıl, mərmər, civə... Bu yerdə yüzlərlə şeirindən bir bənd söylərmisən?

 

- Bir də gördüm ilahi, tayalarım taylanıb,

Gedən ömrüm sən demə gələnlərə paylanıb.

Doğulduğum torpağa yetim-yetim boylanıb,

Mən yaşamaq istədim, mən yaşaya bilmədim.

 

- Biz bir dünya itirmişik. Azərbaycanı Kəlbəcərsiz, Laçınsız, Şuşasız təsəvvür etmək mümkün deyil.

- Ora da qayıdarıq. Cavid Qurbanovun məşhur bir sözü və arzusu var: Murovun altından tunel qazıb, Kəlbəcərə dəmiryolu çəkmək. Elə hamımızın arzumuzdur.

- Əlbəttə! O uca dağları, o bulaqları, çayları, meşələri, qayaları, xatirələrlə dolu yaylaqları, gülləri-çiçəkləri... yenidən görmək.

- Görəcəyik! İnanıram ki, görəcəyik.

Hidayət Elvüsal

 

 

 

P.S. Çox söhbət etdik Aşıq Cahangirdən, Ədalətdən, Xəqanidən, Babəkdən... Və bir həqiqətə inandıq.

Günlərin birində ikimiz də vağzalda görüşəcəyik. Yenə şeirdən, dost-tanışdan danışacağıq. Nəhayət, vağzala bir səs yayılacaq:

- Bakıdan Kəlbəcərə gedən sərnişin qatarının yola düşməsinə...

Az qalıb, qardaşım, az qalıb!!!

 

Ədalət  2017.- 29 dekabr.- S.6.