Aqil ABBAS: ALLAHI QATİL EDƏNLƏR
Detektiv roman
Dədələrin
Dədəsi:
- Dediyimiz
odu ki, biz səni başa düşürük, haqlısan. Amma sən heç nəyi dəyişə bilməzsən.
Bu, dünyanın hər yerində belədi.
Dünyanın hər yerində zelyonu da var, salaqa da, starik də,
ded də! Amerikada da belədi, heç kinoya-zada
baxmamısan? Mən də, burda oturanlar da
salaqa olmuşuq. Tualet də yumuşuq,
kartof da təmizləmişik, həyət də
süpürmüşük.
Akademik:
- Ded, mən
hər şeyi başa düşürəm. Onu
da bilirəm ki, sizin mənə hörmətinizə görə,
mənim ən böyük cəzam qauptvaxtdı. Yoxsa komandirin çaqqalları məni çoxdan
didik-didik eləmişdilər. Buna görə
sizə borcluyam. Amma mən neyləyim, belə
doğulmuşam, belə tərbiyə almışam. Mən
nə salaqa olmaq istəyirəm, nə də ded! Əsgər olmaq istəyirəm. Vallah-billah!
Dədələr
Dədəsi:
- Görürük ola bilmirsən. Özün dedin ki, bizə
görə çaqqal-çuqqal sənə dəymir. Biz
iyirmi-iyirmi beş günə gedirik,
uzağı bir aya. Biz gedəndən sonra sənin
üçün çox çətin olacaq. Dərəni xəlvət görən tülkülər
bəylik edəcək. Səni cəzalandıracaqlar,
sındıracaqlar. Biz səni stariklərə
tapşırmışıq. Amma onlar biz
deyillər, onların da içində çaqqallar var.
Özünü gözlə, çalış tək gəzmə.
Bir şey bilməsək, danışmarıq.
İndi səni ölüm postuna salıblar.
Özün də bilirsən, o postdan neçə
əsgər geri dönməyib.
Akademik:
- Mən
belə şeylərdən qorxan deyiləm. Düşmən
gülləsindən ölmək alçalmaqdan şərəflidir.
Dədələr
Dədəsi ondan yaşca çox kiçik olsa da, elə
danışırdı, elə bil ata oğluna öyüd
verirdi:
- Akademik,
bir az ağıllı ol. Biz
istəmirik ki, sənin kimi bir oğlan nə səfeh
düşmən gülləsindən ölsün, nə də
gecələrin birində tualetdə özün assın.
Akademik
güldü:
-
Qardaşlar, Şopenhauer deyir ki, insan özünü ona
görə öldürmür ki, yaşamaqdan doyur,
özün ona görə öldürür ki, arzularından
doyur. Mən hələ arzularımdan
doymamışam.
Dədələr
Dədəsi:
- Şopenhauer kimdi tanımıram, nə deyib onu da bilmirəm. Mən də
sənə deyirəm, ya özünü dəyiş, ya da
valideynlərinə xəbər göndər, gör sənin
hissəni dəyişdirdə bilərlərmi.
Başqa
bir dədə:
- Akademik,
incimə, sən universitet bitirsən də, aspirant olsan da başın
qarışıb kitab-dəftərə, həyatdan uzaq
düşmüsən, bu dünyadan xəbərin yoxdu. Dörd-beş aydı burdasan, iki dəfə komissiya
gətirtmisən, nə dəyişib, on dəfə gətirtsən
nə dəyişəcək?!
- Niyə
borşda ət var ki!
- Bu da on
gün, sonra?
Akademik:
- Bilirəm,
mənə görə çox narahatsız, bir daha sizə təşəkkür
edirəm. Amma mən o qədər zəif adam
deyiləm ki, özümü asam. Assam, komandiri asacam! - dedi və
güldü.
Qonşu
stoldan kimsə dedi:
- Suka gəlir.
Gələn
Batalyon Komandiri idi, yaxınlaşdı dədələrin
stoluna, salam verdi və sonra dedi:
- Akademik,
sənə hələ tez deyil bu stolda oturmaq?
Dədələr
Dədəsi Akademiki dillənməyə qoymadı,
gözünün birini qıyıb aşağıdan
yuxarı Batalyon Komandirinə baxıb dedi:
- Komandir,
get işinlə məşğul ol,
qabağımızdakını zəhərə döndərmə.
Yoxsa, bu boşqabı başına keçirərəm.
Batalyon
Komandiri:
- Ded, sən
niyə hirslənirsən? Mən Akademiklə
danışıram.
- Dedim də
sənə! Eşit, biz gedəcəyik, bizdən sonra
eşitsək ki, şəxsən sən Akademikin xətrinə
dəymisən... Səni harda olsa tutub xoruz kimi
banladacağıq. Qandın?!
Batalyon
Komandiri özünü yığışdırdı:
-
Qandım!
***
Kriminalist
otağa girəndə Prokuror telefonla danışırdı və
çox pərt görünürdü:
- Dedim ki,
əlimizdən gələni edirik, üstündə işləyirik.
Rəhmətliyin oğlu, o boyda Amerika əlli
ildi Kennedinin ölümünün üstünü aça
bilmir, indi sən istəyirsən üç günün
içində bu boyda qətlin üstünü açaq?
Heç Şerlok Holms da üç-beş
günə cinayəti aça bilməyib. Özü də mənimlə belə
danışmayın, nə sizin tabeçiliyinizdəyəm, nə
də uşağınız, otuz ilin prokuroruyam. Mən prokuror olanda sən salaqa idin, tualet təmizləyirdin.
İndi general olmusan, gəl çıx
çiynimizə. Əgər qoysaydınız
vaxtında həmin hərbi hissədə baş verən
ölüm hadisələrinin üstünü açaq, vəziyyət
gəlib bu həddə çatmazdı. Bəs
əsgərlər öləndə niyə belə sinənizi
cırmırdız?! Onlar adam deyildi? Ağızlarından süd iyi gələn gül
kimi uşaqlardı. Onların qanı tutub
Polkovniki. Darıxmayın, o
uşaqların qanı bir gün bizi də tutacaq. Bizi
tutmasa da, balalarımızı tutacaq! - telefonun
dəstəyini atdı, elə həmin əsəblə də
Kriminalistə dedi: - Qolundan tutub oturdacam, otur də.
Sonra yenə
həmin əsəblə də düyməni basıb
çığırdı:
- Ay
qız, gəl bu zəhrimarı dəyiş. Allahın bir stəkan
çayını da rahat içməyə qoymurlar - dedi və
stolun üstəki stəkanı götürüb divara
çırpdı.
Kriminalist ilk dəfə idi ki, Prokuroru belə
özündən çıxmış görürdü.
Prokuror:
- Papirosun
var?
- Siz
çəkən deyilsiz axı?!
- Çəkənəm,
çəkən deyiləm, deyirəm papirosun var?
Kriminalist
Prokurora bir siqaret verdi, özü də
yandırdı. Amma iki qurtumdan sonra Prokuroru öskürək
tutdu, siqareti Kriminalistin qabağındakı külqabıda
söndürdü və xeyli öskürdü:
- Ə,
bu zibili necə çəkirsiz?!
Katibə
iki stəkan çay gətirdi, sonra istədi yerdən stəkanların
qırıqlarını yığsın, Prokuror qoymadı:
- Sonra
yığarsan. - dedi və gəlib
Kriminalistlə üzbəüz oturdu; - Hə, oğul,
özün eşitdin də, məruzə elə görək.
Prokurorun oğlu yox idi. İki qızı
vardı, ikisi də ərdəydi, işçilərinə də
"oğul" deyə müraciət edərdi.
Kriminalist
qovluğunu açdı:
- Cənab
Prokuror, bir neçə versiya var. Hamısının üzərində
işləyirik. Amma xeyli vaxt aparacaq.
-
Oğul, vaxtımız çox azdı. Eşitdin.
Bu üç-beş gündə bəlkə
otuz dəfə zəng ediblər. Bu
işi aça bilməsən ikimiz də yandıq. Mənim onsuz da yaşım keçib,
yükümü də təpəyə
yığmışam. Sənə heyfim gəlir.
İndi versiyaları de görüm.
-
Birincisi, namus məsələsidi. Üstündə
işləyirik. Amma mənə görə
bu qətlin namusa dəxli yoxdu.
Prokuror:
- Bəs
niyə... - sözü ağzından qaytardı, - nədi, hə,
orasından atıblar?
Kriminalist
güldü:
- Cənab
Prokuror, bura İtaliya deyil, ağzına gül də qoyalar.
Ya təsadüfdü, ya da öldürən adam
yandığından ordan atıb ki, kişi deyilsən. Mən onun bütün qadın əlaqələrini
öyrənmişəm. Elə bir ciddi
şey tapmadım. Telefon
kitabçasında heç qadın nömrəsi də yoxdu.
Sürücü də deyir ki, yalnız bazar
günündən başqa həmişə Komandirlə olub,
amma indiyədək Komandirin hansısa bir qadınla
görüşdüyünü, ya əlaqəsi olduğunu
hiss eləməyib.
- Bəs,
Mer deyir nə vaxt axtarırdın saunada tapırdın.
- Mer
öz ağlıyla ölçür, elə bilir saunaya elə
qadınlarla görüşmək üçün gedirlər.
Siz də hər həftə saunaya gedirsiz,
qadınla gedirsiz?
Prokuroru
gülmək tutdu:
- Bəlkə
gedirəm, nə bilirsən?
- Getsəydiniz,
camaat sizin haqqınızda da danışardı.
Prokuror
qalxdı, otaqda bir az var-gəl elədi, pəncərədən
xeyli bayıra - küçədə futbol oynayan uşaqlara
baxdı. Bu uşaqlar dəfələrlə
kabinetin pəncərələrini qırmışdılar,
amma o buna heç vaxt qızmamışdı. Hər dəfə
qaravulçu uşaqları qovmaq istəyəndə
qoymamışdı:
- Dəymə,
qoy oynasınlar, sən usta çağır gəlib
şüşə salsınlar.
İndi
uşaqlar pəncərədən onlara baxan Prokuroru görəndə
dayandılar və ona sevinclə əl eləyib
çığırdılar:
- Prokuror əmi!
Prokuror əmi!
O da
gülümsəyib uşaqlara əl elədi, sonra yenidən
qayıdıb oturdu kreslosunda:
- Düz
deyirsən, o keçmişdəydi, indi adamlar qadın üstə
bir-birini öldürmürlər, pul üstə
öldürürlər. Bəs biznes əlaqələrini
necə? Bəlkə şərikləri ilə
problemləri olub.
- Öyrənmişik.
Heç bir obyekti yoxdu.
Prokuror:
- Necə
yəni yoxdu? O boyda hərbi hissə obyekt deyil? Hər
əsgərin yeməyindən gündə bircə dollar kəssə
ayda otuz min dollar eləyir. Hələ
benzini-menzini, ayrı şeyləri demirəm. O Qərargah Rəisi ilə də həmişə
dava-dalaşları bunun üstündəymiş.
- Qərargah Rəisi əsl zabitdi. Komandirin əyri
işlərinə dözmürdü.
-
Yaxşı, davam elə.
- Son səkkiz
ayda hərbi hissədə üç ağır cinayət
hadisəsi baş verib. Bir əsgər
özünü asıb, biri özünü güllələyib.
Biri də batalyon komandiri ilə üç əsgəri
güllələyib, sonra da özünü
öldürüb. Bu cinayətlərin
hamısının da üstünü ört-basdır ediblər.
Komandirin ölümünü burda axtarmaq
lazımdı.
- Axtar də!
- Məsələ
ondadır ki, bu cinayət işlərini bizim prokurorluq
aparmayıb. İşlər bizdə deyil.
Gərək məktub yazasız həmin işləri
Bakıdan göndərələr bizə.
- Get məktubu
hazırla gətir, qol çəkim.
***
Oturmuşdular Qərargah Rəisinin kabinetində,
qarşılarında da bir stəkan çay.
- Rəis,
komandirlə niyə tez-tez mübahisəniz
düşürdü, hətta bir-birinizə silah da çəkmisiz?
Qərargah
Rəisi güldü:
- Deyəsən,
məndən şübhələnirsiz. Bu adi
söhbətdi, yoxsa istintaq?
Kriminalist:
- Qətiyyən,
sadəcə olaraq mən müəyyən həqiqətləri
bilməliyəm.
Qərargah
Rəisi qalxdı ayağa, pəncərəni açdı, həyətdə
təlim keçən əsgərlərə xeyli baxdı,
dağlara baxdı, bu dağların o üzündə
doğulduğu, indi isə həsrətində
qaldığı kəndlərini xatırladı, bir siqaret
yandırdı:
- Bilirsən,
dostum, biz bu Vətəni, o görünən dağları,
meşələri, o göy üzünü, bu dağların
bulaqlarını, quşlarını da əsgərlərə
etibar etmişik. Bu dövlət də, bu millət
də əsgərləri bizə etibar edib. Əgər biz bu əsgərləri qoruya bilmiriksə,
deməli, bu Vətəni də, o dağları, o meşələri,
o göy üzünü də qoruya bilmirik. Yəqin bilirsən son altı-yeddi, nə bilim səkkiz
ayda bu hərbi hissədə neçə ölüm hadisəsi
baş verib. Bunlara görə ən
azı Komandir vəzifədən götürülməliydi,
mən də cəzalanmalıydım. Nə
oldu? Kim cəzalandı? Taqım komandiri, batalyon komandiri, uşaq-muşaq.
Bu hadisələr elə-belə baş verməmişdi
ha. Hamıya ruhi xəstə diaqnozu qoyub
işləri bağlayıb atdılar arxivə. Çox cəsarətli bir müstəntiq vardı,
arada o yazıq yandı, orqandan xaric etdilər. Mən o uşaqların dəfnində iştirak eləmişəm.
Mən o valideynlərin gözlərinə baxa
bilməmişəm. Onlar
övladlarını mənə etibar etmişdilər. Mən
onların övladlarını qoruya bilmədim!
Qərargah
Rəisi soyuducunu açıb bir butulka araq
çıxartdı, qoydu stolun üstünə, stəkandakı
çayı götürüb pəncərədən
atdı çölə, araq süzdü:
- İçirsən?
- İçirəm.
Kriminalistin çayını da pəncərədən
çölə atdı və stəkana araq süzdü,
heç nə demədən arağı çəkdi
başına, bir siqaret də çıxarıb qoxuladı,
sonra yandırdı.
Kriminalist də arağı götürdü, amma Qərargah
Rəisi kimi başına çəkmədi, su kimi ehmalca
içdi və o da bir siqaret alışdırdı.
(Ardı var)
Ədalət.-2017.-7 fevral.-S.4.