Aqil ABBAS: ALLAHI QATİL EDƏNLƏR
Detektiv roman
- Dostum, o
qədər haqsızlıq görürsən ki, bu araq olmasa
çoxdan mən də o uşaq kimi özümü
atmışdım. Bilirsən, mənim də
oğlum var, o da cəbhə bölgəsində əsgərdi.
Ölən uşaqlardan biri də o ola bilərdi.
Məndən ötdü, qardaşıma dəydi.
Hamımız elə bilirik, bizim övladımızdan
ötsün kimə dəyir-dəysin. Xeyr,
elə deyil, sonda özünə qayıdır. Buyur, Komandirin özünə dəydi. Kim zəmanət
verə bilər ki, sabah o güllənin
biri sənə, mənə dəyməyəcək? Axı buna biz hamımız günahkarıq. O
cavanların qanını batıran müstəntiqlər də,
prokurorlar da, nə bilim, daha hansı şərəfsizlər.
Elə bilirlər elə belə gedəcək,
onlara heç nə olmayacaq?!
Qərargah
Rəisinin gözləri dolmuşdu, hiss olunurdu ki, ürəyi
doludu və çoxdandı ürəyini boşaltmağa adam tapmır, ona görə də Kriminalist
mane olmaq istəmədi, dedi, qoy ürəyini boşaldıb
sakitləşsin.
- Bu necə
ola bilər, iki ay bundan əvvəl bura
sağ-sağlam gələn uşaq dəli olur,
özünü asır, ya yoldaşların güllələyir?!
Əgər bu dəli idisə niyə əsgərliyə
yararlı sayıblar. Yox, burda dəli
olubsa, niyə dəli olub? Onları kim
dəli eləyib, adam durduğu yerdə dəli ola bilməz
ki!
Kriminalist:
-
Yaxşı, bütün bunları bildiyiniz halda siz niyə
susurduz?
- Mən
susmuşam?! Bəs bayaq sən deyildin soruşan
niyə Komandirlə yola getmirdin? O şərəfsiz
Batalyon Komandirini kefimdən döymüşdüm? Dəfələrlə yuxarı yazmışam, həmişə
də altın çəkmişəm. Mənim
taylarım korpus komandiridi. O gördüyün general mənim
zabitim olub. Mən isə hansısa bir hərbi
hissədə heç bir səlahiyyəti olmayan qərargah rəisi,
belə danışdıqlarıma görə. Günlərimi sayıram ki, nə vaxt təqaüdə
çıxacam.
- Dedin
Batalyon Komandirini döymüşdün. Sirr
deyilsə nə məsələydi?
- Belə
şeylərin üstə. O batalyon komandirliyindən daha
çox komandirin qanunsuz tapşırıqları ilə məşğul
idi. Elə bil bu millətin oğlu deyildi. Əsgərlərə əsgər kimi deyil, pul kimi
baxırdı. Bir cəza dəstəsi
vardı, xoşu gəlməyən, Akademik kimi
oğlanları cəzalandırırdı,
sındırırdı. İntiharlar onun
günahından idi, badına da getdi, Akademik onu
bağışlamadı. Bilirsən,
dostum, əgər bu cinayəti açmaq istəyirsənsə,
onda gərək bütün düyünləri açasan.
Sən Akademikin Batalyon Komandirini, əsgərləri
öldürdüyü həmin cinayət hadisəsini
araşdıran o müstəntiqi tap. Bayaq dedim,
orqandan xaric ediblər. Çox savadlı, həm
də çox cəsarətli müstəntiq idi. Polkovnik bir-iki dəfə xəlvətə çəkdirib
döydürmək istəmişdi, mən qorudum, yoxsa Allah
bilir nə olardı. İndi səninlə
elədiyim söhbətləri onunla da çox eləmişdim.
Düyünləri təmiz açıb hər
şeyi ortalığa qoymuşdu ki, cinayət işini ondan
alıb başqasına verdilər, özünü də Hələ
də onun əvəzinə mən yanıb tökülürəm.
Heyf elə müstəntiqdən. Yeni gələn müstəntiq də cinayətlərin
üstünü ütülədi, Akademikə də ruhi xəstə
diaqnozu qoyub işi atdı arxivə.
***
Atı bağladığı səmtə gedirdi. Gələndə
ona quş kimi yüngül görünən tüfəng indi
elə bil bir pud daş idi və çiynindən
sallanmışdı. Və bu
ağırlığın altında əzilirdi. Bir az əvvəl indi bir pud daşa
dönmüş bu tüfənglə insan
öldürmüşdü. Tanrıya
yalvarır, onu bağışlamasını xahiş edir, dua
oxuyurdu. Bu tüfənglə kəndi qorumuşdular,
neçə düşmən vurmuşdular, indi o həmin
tüfənglə özününkünü
öldürmüşdü, düşmənə
atılası gülləni özününkünə
atmışdı, əllərini qana batırmışdı,
Tanrının yaratdığı, ömür verdiyi insanı
öldürməkdən dəhşətli bir günah yox idi
və indi o bu dəhşətli günahı işləmişdi.
Tanrıdan onu bağışlamasını
xahiş edirdi, amma Tanrı onu
bağışlayacaqdı-bağışlamayacaqdı, bunu o
dünyada biləcəkdi. O dünyaya çox uzun bir
yolu qalmasa da, ölənədək bu günahı
daşımaq da çətin idi.
Bu ağırlığın altda gəlib çatdı
atı bağladığı yerə, atın sinəsini
bir-iki dəfə sığallayıb qalxdı belinə.
***
Dayanmışdı qəbrin önündə, sonra diz
çökdü və məzarın hələ
qurumamış torpağını oxşamağa
başladı.
Xeyli beləcə oxşayandan sonra qəbri
bağrına basıb üzünü qoydu sinəsinə,
meşədə çəkdiyi ağrı-acı
hamısı getdi. Bədəninə
xoş bir duyğu yayıldı. Və bu duyğudan qəribə
bir ləzzət aldı və bu ləzzətlə də dedi:
"Oxxaay!"
Və nəhayət, bu ləzzətdən doyandan sonra
qalxdı ayağa, məzarı bir də əzizlədi və
yendi qəbristanlığın yanından axan çaya, əllərini
yudu, üzünü yudu. Sonra gəldiyi yolla da
qayıdıb qəbristanlıqdan çıxdı.
Çıxanda çevrilib geri boylandı və ona elə gəldi
ki, bu toran qovuşan vaxtda başdaşı işıq
saçır...
***
Müstəntiq oturmuşdu və başını da
almışdı əllərinin içinə. Qarşısında iki yol
vardı, lap nağıllarda olduğu kimi: biri it hürən
tərəfə, biri də işıq gələn tərəfə.
Bütün nağıllarda məsləhət
görülürdü ki, heç vaxt işıq gələn
tərəfə getməyin, it hürən tərəfə
gedin. Həmişə fikirləşirdi
ki, niyə babalar bircə dəfə də olsun işıq gələn
tərəfə deyil, həmişə it hürən tərəfə
gediblər? Niyə özlərində bir
kişilik, bir cəsarət tapıb gedib o
işığı divin əlindən almayıblar. İndi o, divlərdən qorxan qorxaq babalar kimi it
hürən tərəfə getmək fikrində deyildi,
işıq gələn tərəfə gedəcəkdi.
Ordakı divlər onu parçalasalar da gedəcəkdi,
ya divlərə verən Allah, ya ona, gedəcəkdi və
işıq gələn tərəfə gedən ilk
nağıl qəhrəmanı olacaqdı.
İş ona tapşırılanda da yuxarıdan
demişdilər ki, yubatma, burda elə bir şey yoxdur,
açıq işdi. Əslində də elə bir ağır iş deyildi:
Postdan qayıdan bir əsgər üç
yoldaşını və bir zabiti güllələmiş və
sonra da özünü öldürmüşdü. Ona qalırdı şahid ifadələrini almaq və
cinayət törədən intihar etdiyinə görə
işə xitam vermək və geri - şəhərə
qayıtmaq. Bu boyda cinayət baş verib, beş
ailənin işığı sönüb, orduya bu boyda bir ləkə
düşüb - amma cəzalandırılacaq kimsə yoxdu.
Axı bu
necə ola bilər ki, bu boyda cinayətin
qarşılığında kim isə cəzalandırılmasın,
kim isə məsuliyyətə cəlb edilməsin?! Özü də bu son yeddi-səkkiz ayda eyni hərbi
hissədə ölümlə nəticələnən
üçüncü ağır hadisə idi.
Özünü asan əsgərə ruhi xəstə
diaqnozu qoyulub, bununla da məsələ bitib. Və
heç kəs işıq gələn tərəfə gedib
aydınlaşdırmaq istəməyib ki, iki ay əvvəl
tibbi müayinədən keçib orduya sap-sağlam gələn
bu uşaq niyə birdən-birə dəli olub? Çox axmaq bir səbəb göstərilib - sevdiyi
qız başqasına nişanlanıb və bu cavan da bundan
sarsılıb və özünü asıb. Bu yaşda gənclərdə belə hallara rast gəlindiyindən,
bu dəlil inandırıcı görünüb.
Silahla ehtiyatsız davrandığına görə həlak
olan əsgərin də ölümü müəmmalı
idi. Belə
bir söhbət dolaşırdı ki, həmin əsgər
tez-tez döyülürmüş,təhqir
olunurmuş. Sonda da bu təhqirlərə
dözməyərək intihar edib.
Burda ən maraqlı və ciddi bir məsələ də
hadisə baş verəndən sonra Qərargah Rəisinin
Batalyon Komandirini hamının gözü qabağında
möhkəm döyməsi və döyülən zabitin xəstəxanaya
düşməsi idi. Həmin hadisə ört-basdır
edilmişdi.
Qərargah Rəisi əsgərin ölümündə
Batalyon Komandirini təqsirli sayırmış və tələb
edirmiş ki, onun haqqında cinayət işi
qaldırılsın.
Və ən qəribəsi bu idi ki, Qərargah Rəisi
ilə hərbi hissə komandirinin münasibətləri kəskin
olsa da, Polkovnik dava məsələsinin böyüməsinə
imkan verməmiş, heç sənədləşdirməyə
də qoymamışdı.
Təbii ki, Akademikin öldürdüklərinin
içində döyülən Batalyon Komandirini
çıxmaq şərti ilə hərbi hissədə əvvəllər
baş vermiş hadisələrin onun apardığı işə
heç bir dəxli yox idi. Onun payına daha
ağır bir cinayət hadisəsini araşdırmaq
düşmüşdü. Amma açıq-aydın hiss
edirdi və başa düşürdü ki, onu bura cinayət
işini araşdırmağa yox, yola verməyə göndəriblər.
O isə
bir müstəntiq kimi görürdü ki, Akademikin öz
yoldaşlarını güllələməsi heç də
təsadüfi deyil, hərbi hissədə əvvəllər
baş vermiş ölüm hallarının məntiqi nəticəsidi.
Bu cinayət işinin açılması əvvəlki
hadisələrin araşdırılmasından sonra
mümkündü.
Bu isə babaların həmişə üz tutduğu
yoldan imtina edib it hürən tərəfə deyil,
işıq gələn tərəfə getmək demək
idi. Və indiyədək babalardan heç biri
işıq gələn tərəfə üz
tutmadığından hələ də orda nə olduğu nəvələr
üçün sirr idi. İndi onun nəinki
nəvələr, elə babaların özləri
üçün olan bu sirri açmaq və işıq gələn
tərəfdə nə olduğunu görmək və bilmək
şansı vardı.
O uşaq
deyildi və bu yolda onu nələr gözlədiyini,
qarşısına kimlərin çıxa biləcəyini və
qarşısına çıxacaq olanların heç də
nağıllardakı divlərdən zəif
olmadıqlarını da yaxşı başa
düşürdü. Onu da başa düşürdü ki, iş ona verilənədək yuxarılar məsələni
artıq həll edib. Elə həmin gün cəsədlər
ekspertizadan keçirilmiş, rəylər alınmış,
ölənlər hərbin tələblərinə uyğun dəmir
tabutla ailələrinə göndərilmiş və hərbçilər
tərəfindən də dəfn edilmişdi. Ona işin yalnız formal tərəfləri
qalmışdı. Amma ortada beş nəfərin
kimlərinsə günahı, daha dəqiq desək, cinayətləri
hesabına nöqtə qoyulmuş taleyi vardı. Bunun
üstündən necə sükutla keçmək, bir əsgərin
ruhu sarsıntısına bağlamaq və sonra vicdan əzabı
çəkmədən yaşamaq, övladlarıyın boyunu
sevmək, xanımıyın yanında özünü kişi saymaq və ya bir qoyun oğrusunu beş
il həbsə göndərmək olardı?!
Başı
əllərinin arasında, qarşısında da iki yol: biri
it hürən tərəfə, biri də işıq gələn.
Nəhayət,
qərarını verdi, qovluğu
bağlayıb qoydu seyfə, otaqdan çıxdı və
düşdü həyətə.
Axşam yeməyinin vaxtı idi, əsgərlər
mahnı oxuya-oxuya düzənlə yeməkxanaya gedirdilər. Yanından
keçərkən tağım onu salamladı, o da farağat
vəziyyəti alıb nümayiş qəbul edirmiş kimi
tağımı salamladı.
Əsgər çəkmələrinin eyni anda yerə dəyməsindən
xoşu gəlirdi, sanki yer silkələnirdi və o bu yer silkələnməsini
hiss edirdi və bundan bir ləzzət alırdı.
Və
indi ayağının altındakı yerin silkələndiyini
hiss etdikcə bayaqkı gərginliyi və yorğunluğu bədənindən
çıxmağa başladı və bir xeyli yüngülləşdi.
O da acmışdı, əsgərlərin arxasınca getdi yeməkxanaya.
Amma zabitlər üçün
ayrılmış bölməyə girmədi, keçdi əsgərlərin
yanına.
İçəri zabitin girdiyini görən əsgərlər
ayağa qalxmaq istəsələr də, əli ilə
işarə elədi ki, yemək zamanı qalxmağa ehtiyac
yoxdu.
Çavuşdan
soruşdu:
- O əsgər
hansı stolda otururdu?
Çavuş söhbətin kimdən getdiyini bildiyindən
suala-sualla cavab vermədi, əli ilə həmin stolu göstərdi.
Stola
yaxınlaşdı:
- Nuş
olsun!
- Sağ
olun!- deyə əsgərlər xorla cavab
verdilər və onlardan biri qalxıb yerini Müstəntiqə
vermək istəsə də, əlini onun çiyninə qoydu
ki, otur.
Stullardan biri boş idi, o dəqiqə başa
düşdü ki, bu Akademikin stuludu, yoldaşları hörmət
əlaməti olaraq hələ ki, stulu boş saxlayırlar,
keçib həmin stulda oturdu.
Bu vaxt əsgərlərdən
biri:
-
Yoldaş mayor, o stulda...
- Bilirəm,
narahat olmayın. Mənə də yemək
çəkin. - dedi və Akademikin boşqabını
qazanın yanında oturmuş əsgərə uzatdı.
Stoldakılar
tərəddüdlə bir-birlərinə baxdılar:
- Yoldaş mayor, bəlkə ayrı boşqabda...
- Yox, elə bu boşqabda.
Ona da yemək çəkdilər, şorbaydı, bir-iki qaşıq ağzına qoyandan sonra soruşdu:
- Hə, əsgərlik necə gedir?
- Vətənə qulluq edirik.
- Çətin deyil ki?
- Əlbəttə çətindi. Amma bizi bura sanatoriyaya
göndərməyiblər ki!
(Ardı
var)
Detekiv
romanın əvvəlini BURADAN oxuya bilərsiniz
Ədalət.-2017.-8
fevral.-S.4.