Uşaqların vəzifəsi dərs oxumaqla bitmir
Uşaq ailənin güzgüsüdür. Ailəsinin ona verdiyi tərbiyə və davranışlarının əksini nümayiş etdirir. Azərbaycanda böyüyən hər bir uşağın qanunla müəyyən edilmiş hüquq və vəzifələri vardır. Cəmiyyətdə təəssüf ki, uşaqların hüququ və müdafiəsi, o cümlədən onların vəzifə borcları barədə nəinki azyaşlılarımız, heç böyüklər də kifayət qədər məlumatlı deyillər. Nəticə etibarilə ailələrdə uşaq tərbiyəsi və uşaqlara olan münasibət tendensiyası standart qaydada olmur. Fərqli ailə mühiti uşaqları müxtəlif tərbiyə və düşüncələrlə böyüdür. Hətta bəzi ailələrdə uşaqlar 18 yaşına çatdığı halda bu cür qadağalarla həmin yaş dövründən sonra da rastlaşırlar. Paytaxtda və regionlarda yerləşən təhsil ocaqlarında müəllim heyəti və şagirdlər arasında uşaq hüququ və vəzifələrinin bilib bilmədikləri barədə sorğu keçirdik. Təəssüf ki, sorğuda iştirak edənlərin yüzdə doxsanı məlumatsızdırlar. Bu məlumatsızlıq hansı fəsadlar törədir?
Əvvəlcə onu qeyd edək ki, reallıqda uşaqların hüquqlarını valideynlər müəyyən etsə də, qanunvericilikdə uşaqların özünü ifadəetmə ilə bağlı en sayda hüquqları var. Hətta uşaq özünümüdafiə məqsədilə məhkəməyə belə müraciət edə bilər. Əksər ailələrdə uşaqların fikirləri ciddi qarşılanmasa da, qanunvericilikdə uşaqlara öz fikirlərini bildirmək hüququ verilib. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında qanununda uşaqların yaşamaq və inkişaf etmək, sağlamlıq, təhsil, ad və vətəndaşlıq almaq, vicdan, fikir və söz azadlığı, mənzil və digər hüquqları var.
Təbiidir ki, bunları bilməyən valideynlər arasında bəzən uşaqlarına şiddət göstərənlər, onları təhqir edənlər də az deyil. Belə olan halda uşaq hüquq və müdafiəsi mexanizmi işə düşür. Hər bir uşağın dərsdən sonra özünün istirahətini və asudə vaxtlarını müəyyən etmək hüququ vardır. Qanun heç bir vəchlə yol vermir ki, uşaqların şərəf və ləyaqəti pozulsun. Ailədaxili problemlər evdə yaşayan azyaşlılardan gizlədilməlidir. Əks halda bu uşağa mənəvi-psixoloji zərbə vurur. "Uşaq hüquqları haqqında" Qanunun 27-ci maddəsinə əsasən, uşaqların təhqir edilməsi, şəxsiyyətlərinin alçaldılması yolverilməzdir".
Qanunvericilikdə uşağın öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə və ya digər aidiyyəti orqanlara müraciət etmək hüququ da verilib. "Ailə Məcəlləsinin 51-ci maddəsinə əsasən, uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Uşağın valideynləri və ya onları əvəz edən şəxslər tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ da var. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri və ya onlardan biri uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün qəyyumluq və himayə orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.
Uşağın xüsusi müdafiə olunması zəruriliyi uşaq hüquqlarına dair 1924-cü il tarixli Cenevrə Bəyannaməsində və 1959-cu il noyabrın 20-də Baş Məclis tərəfindən qəbul edilmiş uşaq hüquqları bəyannaməsində nəzərdə tutulduğunu və insan hüquqları haqqında bəyannamədə, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq paktda (xüsusən 23 və 24-cü maddələrdə), iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq paktda (xüsusən 10-cu maddədə), habelə uşaqların rifahi məsələləri ilə məşğul olan ixtisaslaşdırılmış idarələrin və beynəlxalq təşkilatların nizamnamələrində və müvafiq sənədlərində təsdiq edilib.
Onu da qeyd edək ki, uşağın hüquqları pozulduğu halda bundan xəbərdar olan şəxs aidiyyəti orqanlara məlumat verməyə borcludur.
Aliment
Yuxarıda qeyd etdiyimiz kimi hər bir ailədə mübahisə və anlaşılmazlıqlar baş verir. Bu uşaqlara mənəvi-psixoloji təsir göstərməklə bərabər daha ağır mübahisələr bəzən boşanmalarla nəticələnir. Bu isə evdə olan azyaşlı övlad üçün daha ağır bir imtahan deməkdir. Boşanan valideynlər övladları ilə bağlı öhdəliklərini bölüşməli olurlar. Ailə məcəlləsinin 22-ci maddəsində bildirilir ki, aralarında boşanma gedən cütlüklər yetkinlik yaşına çatmayan övladlarının kimdə qalması ilə bağlı, uşağın saxlanması üşün aliment öhdəliyi və bu alimentin miqdarı, o cümlədən mükiyyətin bölünməsini təyin edən saziş təqdim edirlər. Məhkəmə qaydasında uşaqlar üçün onların valideynlərindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və başqa gəlirlərin dörddəbir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdəbir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən valideynlərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İstisna hal deyil ki, sözügedən problemlər ehtiva edən saziş əldə olunmadıqda həmin məsələləri birbaşa məhkəmə özü həll edir.
Övladlığa götürərkən...
Hal-hazırda cəmiyyətdə övladlığa götürmə prosesi ən aktual mövzulardan biridir. Sosial həyatımızda və mətbu orqanlarda bununla bağlı tez-tez mövzular öyrənmək olar. İstər yerli övladlığa götürmə, istərsə də ölkələrarası övladlığa götürmə sahəsində mövcud qanunvericilik, prosedurlar, praktiki tətbiq həm bu sahədə çalışan, həm də uşaq övladlığa götürməyi arzu edən ailələr və ya şəxslər üçün maraqlıdır. Çünki Azərbaycanın milli-mənəvi dəyərlər sistemində ailə institutu ən başlıca yerdə durur. Bunun bariz nümunəsi kimi övladlığa götürmə institutu ailə modelinin tərkib hissəsi kimi çıxış edə bilər. Övladlığa götürənlər uşağa sahib çıxmaqla ailə modelinin yaranmasını səciyyələndirir ki, bu da kimsəsiz uşaqların internatlardan ailə mühitinə inteqrasiyasını şərtləndirir. Bu nöqteyi-nəzərdən övladlığa götürmə institutunun inkişaf etdirilməsi bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədəmüvafiq addım kimi qiymətləndirilə bilər. Övladlığa götürən valideynlər uşağın tərbiyəsinin üsullarını və vasitələrini özləri müəyyən edirlər. Lakin bu üsulları və vasitələri müəyyən edərkən onlar ailə qanunvericiliyinin tələblərinə riayət etməlidirlər. Belə ki, Ailə Məcəlləsinin 60.1 və 60.2-ci maddələrinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz.
Həbsxanada yatan uşaq
Yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması asburd hal deyil. Onların əqli inkişafı ərəfəsində oğurluq, qətl və başqa ağır cinayətləri həbslə yekunlaşa bilər. Lakin cinayət məcəllsəində onlar üçün maskimum həbs müddəti 10 il təyin olunub. Əvvəllər il ərzində 300-500 azyaşlı cinayət məsuliyyətinə cəlb olunurdu və onların 15-20 faizi azadlıqdan məhrum edilirdisə, son illər bu göstərici də aşağı düşüb.
Alimlər yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı iki fərqli üfüq yaradıblar. Onların bir qismi bunun gərəkli olduğunu və uşaqların cinayətdən yayınması üçün tərbiyəvi bir hal olduğunu düşünür. Digər qismi isə əksinə, uşaqların cinayət məsuliyyətinə cəlb olunmasının mənfi tərəflərinin olduğunu hesab edirlər. Onlara görə bu, uşaqları soyuq işlərə daha çox meyilləndirə bilər. Əslində hər iki yanaşmanın məntiqli olduğunu düşünmək olar. Normal ailə tərbiyəsi görməyən uşaq etdiyi yalnış addımla həbs olunursa, bu onda cəmiyyətə qarşı soyuq münasibəti formalaşdıra bilər və soyuq işlərə əl atmağa sövq edə bilər. Ekspertlərin əksəriyyəti hesab edir ki, cinayət işləmiş uşaqlarla davranış böyüklərdən fərqli olmalıdır. Uşaqlara verilən cəzalar daha yumşaq, daha liberal olmalıdır. Azərbaycanda isə bu məsələdə uşaqlarla böyüklər arasında elə də ciddi bir fərq yoxdur. Elə Azərbaycan Respublikası qanunvericiliyində bu hallar nəzər alınıb. Azərbaycan respublikası daxili işlər orqanları yetkinlik yaşına çatmamış uşaqlar üçün yüngülləşmiş cəza tədbirləri seçiblər. Yəni, bu təkcə həbslə başa çatmır. Böyüklərə aid edilməyən cəza tədbirləri də demək olar. Cinayət Məcəlləsinin 85-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlara tətbiq olunan əsas cəza növləri Cərimə, İctimai işlər, İslah işləri və qeyd olunduğu kimi azadlıqdan məhrum etmədən ibarətdir.
YUNİSEF uşaqların cəmiyyətdən təcrid olunmadan cəmiyyətə yenidən inteqrasiyasının tərəfdarıdır.
YUNİSEF-in MDB və Şərqi Avropa ölkələri üzrə regional ofisinin uşaqların müdafiəsi üzrə məsləhətçisi Ann Grandjan dediyi kimi, regionun bir çox ölkələrində mövcud ədliyyə sistemi daha çox cəzalandırma metodundan istifadə edir və sosial problemlərin cəzalandırma yolu ilə həllinə çalışırlar. Beynəlxaq təşkilat tərəfindən əksər hallarda bu uşaqlar törətdikləri cinayətə görə cəmiyyət üçün təhlükəli olmadığı ifadə edilir. Çünki onların azadlıqdan məhrum edilməsinə də ehtiyac yoxdur. Həm də onlar uzun müddətə azadlıqdan məhrum edilirlər. Cəza çəkən dövrdə ailələrindən, yaşadıqları mühitdən kənarlaşdırılır, təhsildən geri qalırlar və hətta bu müəssisələrdə zorakılığa məruz qala bilirlər. Bu müəssisələri tərk etdikdən sonra onlar öz ailələrinə qayıtdıqda həmin sosial problemlərin həll olunmadığını gördükdə, cəzaçəkmə həyatı sürmüş şəxslər kimi özlərini ikiqat təcrid olunmuş hesab edirlər.
Valideynlər azyaşlı övladına hər nə qədər sevgi göstərsə də ona qarşı qeyri-şərtsiz addımlar nümayiş etdirmələri maariflənmə səviyyəsinin aşağı olması və qanundan xəbərdar olmaması ilə əlaqədardır. Bunu apardığımız sosial sorğular da isbat edir. Üumumi dəyərlərdə uşağa qarşı şiddət və haqsız davranışlar təkzib edilsə də real həyatda normal tərbiyənin çox az hallarda şahidi oluruq. Uşaqlar bizim gələcəyimizdir, ona görə də gələcəyimizi qorumalıyıq, gələcəyimizə sahib çıxmalıyıq.
Rüfət Soltan
Ədalət.-2017.-8 fevral.-S.3.