XALQIMIZIN QƏDİM VƏ ÖLMƏZ
SƏNƏTİ - SAZBƏNDLİK
Mədəniyyətimiz
"Bizim ədəbiyyatımız, musiqimiz, teatrımız, bütövlükdə
mədəniyyətimiz çox böyük və qədim köklərə malikdir. Azərbaycan xalqı böyük
bir mədəniyyətin
daşıyıcısıdır”.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Türk mənəviyyatının rəmzlərindən biri olan saz və sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti Azərbaycan milli mədəniyyətinin ən qədim qatları ilə bağlıdır. Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti əsrlər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır.
Qopuz ən qədim simli çalğı alətlərindən biridir və yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Qopuzun iki növü daha geniş yayılmışdır. İkisimli qopuz Orta Asiya xalqları arasında, xüsusilə Qazaxıstanda geniş yayılmış və hazırda istifadə edilməkdədir. Üçsimli qolça qopuz isə çağdaş sazın sələfi sayılır. Tarixi faktlar göstərir ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun (Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılan XIX əsrə aid çoğur musiqi aləti üç qoşa simdən və 22 pərdədən ibarətdir) sazla əvəzlənməsi mərhələləri olmuşdur.
Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini almışdı. Şah İsmayıl Xətainin könül oxşayan qoşmalarının birində saz belə tərənnüm edilir:
Bir gün ələ almaz olsam mən sazım,
Ərşə dirək-dirək çıxar mənim avazım.
Dörd iş vardır hər qarındaşa lazım:
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.
Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar
alətlərdən çalğı
texnikası, səsyayımı
(akustikası) baxımından
danılmaz üstünlükləri
ilə seçilir. Ölçülərinə,
pərdələrin və
simlərin sayına görə üç cür saz var:
Cürə saz (ölçülərinə görə
ən kiçik sazdır, 4-6 simi olur); Orta saz
(6-7 simi olur, ölçülərinə görə
orta sazdır) və Tavar saz
(adətən 8-9 simi olur, ölçülərinə
görə ən iri sazdır). XX əsrin ortalarında
ilk dəfə olaraq ustad aşıq Əmrah Gülməmmədov
tavar sazı təkmilləşdirərək 11 simli edib.
Sazın çanağı tut ağacının
seçmə növlərindən,
qolu isə qoz ağacından hazırlanır. Sazın hazırlanmasında hər şeydən əvvəl ağac materialının keyfiyyətinə
diqqət yetirilməlidir.
Usta gərək hər şeydən əvvəl işlədəcəyi ağac
materialını seçə
bilsin, yəni sənətkar əvvəlcə
materialı seçməyi
bacarmalı, sonra işə başlamalıdır.
Bu da ustadan
böyük qabiliyyət
tələb edir.
Usta bilməlidir ki, bu ağac
güneydə (dəmyə
yerdə) bitib, yoxsa quzeydə (sulu yerdə).
Günüydə bitən ağacla
quzeydə bitən ağacın çəkisində
fərq olur. Əlbəttə, dəmyə yerdə
(günüydə) bitən
ağac daha yaxşıdır və sazın çanağında
istifadə ediləcək
taxtada bunlar mütləq nəzərə
alınmalıdır.
Saz düzəltmək
üçün seçilən
ağacın yaşına
da mütləq diqqət yetirilməlidir. Ağacın yaşından çox şey asılıdır.
Məşhur sazbəndlər hər
ağacdan saz düzəltməyib, keyfiyyətli
ağac materialı üçün el-el, oba-oba
gəzib, daha çox 80-100 yaşlı
ağaclara üstünlük
veriblər. Çanağın düzəldilməsində istifadə
olunan tut ağacı kimi, sazın qolu düzəldilən qoz ağacının da quzeydə, yaxud güneydə bitməsi nəzərə
alınmalıdır. Tut ağacı ilə qoz ağacının uzlaşması, bir-birinə
uyğun gəlməsi
də vacib şərtdir. Yəni müxtəlif şəraitdə
yetişmiş ağaclardan
taxtanı eyni qalınlıqda yonmaq olmaz. Ağacın məsamələrinə əsasən taxtanın (qabırğaların) çəkilmə
istiqaməti xüsusi
rol oynayır. Qabırğalarda məsamələr ya perpendikulyar, ya da maili
olmalıdır. Quzeydə bitən
ağacdan alınan taxta güneydə bitən ağacınkına
nisbətən nazik olmalıdır. Güneydə bitən ağac yaxşı qaralır, qurutduqdan sonra onu istənilən formaya salmaq olur. Quzeydə bitən ağaclar isə sulu
olduğundan yaxşı
qaralmır, əyilməyə
meyilli olur. Adicə barmağın tərindən
canına su çəkir.
Saz düzəltmək
üçün seçilmiş
ağacın kəsilmə
vaxtı mütləq
nəzərə alınmalıdır. Kəsilən
ağac qabığı
soyulmadan kölgədə,
gün dəymədən
ən azı 8-10 il qurudulmalıdır.
Gərək ağac yazda
torpaqdan canına su çəkməmiş
kəsilsin. Ümumiyyətlə, ağacların şirəvermə
dərəcəsi ən
çox yanvar, fevral aylarında azalır. Çanağın hazırlanması üçün nəzərdə
tutulmuş ağacı
da bu aylarda
kəsmək lazımdır.
Bu onunla əlaqədardır
ki, şirəsi çox olan ağacdan hazırlanmış
çanaq bir qədər quruduqdan sonra çatlayır və yaxud deformasiyaya
uğrayır. Çanaq
yonulduqdan sonra uzun müddət xüsusi temperaturda, qaranlıq yerdə ən azı 2-3 il qurudulmalıdır.
İstənilən çalğı alətinin, o cümlədən sazın çanağını hazırlamaq üçün kəsilmiş ağac gövdəsini ikiyə bölüb, özəyi çıxarmaq lazımdır. Təcrübə göstərir ki, yaşı çox və özəyi boş olan ağacdan istifadə etmək məqsədəuyğundur.
Tut ağacından 50 sm-lik kötük kəsdikdən sonra onu 4 hissəyə bölmək lazımdır ki, tərsini, avandını biləsən. Ağacın gün döyən tərəfindən sazın sinəsi üçün istifadə daha məqsədəuyğundur. Geridə qalanlardan isə qabırğa üçün istifadə etmək olar. Yeri gəlmişkən, bəzən qabırğa düzəltmək üçün qaraağac, çinar və gilasdan da istifadə edənlər olsa da, bu ağacların heç birindən alınan taxtanın əyilmə effekti tut ağacındakı kimi olmur. Qol üçün istifadə edilən qoz ağacını isə 1 m uzunluqda kəsmək lazımdır ki, qurudarkən uclarda əmələ gələn çatları kəsib götürdükdən sonra normal uzunluq qalsın. Sazı düzəldərkən hər bir hissənin ölçülərinə diqqət etmək də vacib şərtdir, yəni bunların da öz standartları var.
(ardı gələn
sayımızda)
Musa NƏBİOĞLU
Əməkdar Mədəniyyət
İşçisi,
Azərbaycan
Aşıqlar Birliyinin
Katibi
Ədalət.-2017.-8 fevral.-S.3.