"ÖMRÜM SÖZÜM QƏDƏRDİ"

 

 (ŞAİRLİK İDDİASI OLMAYAN, AMMA ŞAİR KİMİ SEVİLƏN ƏLİ NƏCƏFXANLININ 60 YAŞINA)

 

Bütün ömrünü öz sevimli peşəsinə-jurnalistikaya həsr edən Əli Nəcəfxanlının 60 yaşı tamam oldu. Ata tərəfi Yardımlıdan, ana tərəfi Laçın-Kəlbəcər bölgəsindən olan, amma Sumqayıtda doğulub bütün ömrü boyu oranın havasını udan, gözəl insanları ilə ünsiyyət quran, şeirə meyl edəndən Sumqayıt ədəbi mühiti ilə qaynayıb-qarışan, BDU-nun jurnalistika fakültəsini bitirəndən sonra TeleviziyaRadio Şirkətində çalışan, indi isə "Xalq qəzeti"nin xüsusi müxbiri kimi jurnalistika fəaliyyətini davam etdirən Əli Nəcəfxanlı artıq dörd şeir kitabının müəllifidir. Amma özü haçansa etiraf edib ki, onun şairlik iddiası yoxdu, çünki bugünkü şeir meydanında hünər göstərmək zor işdir, sadəcə ürəyimi boşaldıram, ruhumu sakitləşdirirəm. Amma Əli Nəcəfxanlının şeirlərini oxuyandan, bu şeirlərdəki təmiz poeziya havasını duyandan sonra onun doğrudan da ŞAİR olduğunu hiss etdim. Nə olsun ki, Əli qaynar ədəbi mühitdə görünmür, onun şeirləri barədə həmkarlarım da ciddi yazılar yazmayıblar. Elə əsl ŞAİRİN də, ŞEİRİN də buna o qədər ehtiyacı yoxdu. Əli Nəcəfxanlının "Ürəyimi döyən nəfəs" adlı ilk şeirlər kitabına ön söz yazan mərhum şairimiz Məmməd Aslan hələ 2003-cü ildə deyirdi ki: "Şeirləri ilə qəfləti tanışlıqdan çox duyğulandım. Şeirin bu gün leysan kimi yağan, göbələk kimi bitən urvatsız bir vaxtında belə üzüsulu şeir yazmaq, uca mətləbləri poeziyaya gətirmək, amma dövri mətbuatdan, ədəbi məclislərdən bir kənara qaçmaq hər oğulun işi deyil. Əli Nəcəfxanlı, doğrudan, poetik təmaslardan kənar dolaşır. Bəlkə də özününşeirinin təmkini, toxtaqlığı bu sərbəstlik ovqatından doğur; qafiyə seçimindən tutmuş sözünün orqanik şəkildə tamlığına qədər sənətə ciddi baxdığını ortaya qoyur".

Əli Nəcəfxanlının şeirlərində müasir poeziyamızın ən önəmli meyarları ilə səsləşən məqamlarla, onun özünə məxsus deyimduyum tərzi ilə qarşılaşırsan. Şeiri oxuyub başa çatdırandan sonra deyə bilirsən ki, bax, bunları ancan Əli Nəcəfxanlı yaza bilərdi.

 

Yerdən göyə, göydən yerə

Çıxan da su, düşən də su!

Çəmənlərdə şehə dönən,

Qayaları deşən də su!

 

Əlinin "Su" şeiri ibelə başlayır və SU mövzusunda yüzlərlə şeir oxuduğunu bilirsən, fikirləşirsən ki, Əli su haqqında daha nə deyə bilər?

 

Durub dünya məhvərində,

Sirri yatır ən dərində.

Yandıran da, söndürən də,

Bişirən də, bişən də su!

 

Hey axsa da ora-bura,

Gah sucaqdır, gah da quraq.

Dağ başında dönər qara,

Sırğa olar gülşəndə su!

 

Yağar, dənizlərə dollar,

Həsrəti düzlərə qalar.

Səhralarda ilğım olar,

Bu cilvəli, rəxşəndə su.

Yarımı çəkdim sınağa,

Batdım bir dərya günaha.

Ala gözdən al yanağa

Damla-damla düşəndə su.

 

Su haqqında bu şeirdən lazımsız sular axmır, tərtəmiz, duru sular ötüşür, şeirin informatik gücü , obrazlı yönümü SU təsəvvürünü poeziyada reallaşdırır. "Sırğa olar gülşəndə su", "Bu cilvəli, rəxşəndə su" deyimləri ancaq şair qələmindən süzülə bilər. Sonuncu bənddə isə Suyun sevgi çaları ilə qarşılaşırıq.

Torpağa can deyib son nəfəsdə ,

Əyilib öpdünüz torpağı, qardaşg

Babəkin qolları yaşıl ağacdı,

Siz onun qırmızı yarpağı, qardaş.

 

Bu misralar Əlinin "Şəhidlər" şeirindəndir. Şəhidlik mövzusunda yüzlərlə şeirlər yazılıb, təbii ki, onların müəyyən qismi poeziklikdən, obrazlılıqdan məhrumdur, çünki ürək ağrısını, şəhidlərə böyük ehtiramı poeziyanın ağrısına çevirən şeirlərin sayı o qədər çox deyil. "Babəkin qolları yaşıl ağacdı, Siz onun qırmızı yarpağı, qardaş" - bu nadir təşbehləri Əli şeiriə gətirib. Qeyd edim ki, Əli Nəcəfxanlının şeirlərində təşbihlər bəzən silsilə təşkil edir. Şeirin yaraşığı olan bu bədii təsvir vasitəsi onun şeirlərində boldur. Əlinin "Yardımlını deyirəm" şeiri, məncə, bu gözəl diyar haqqında indiyə qədər yazılan şeirlərin ən yaxşılarındandır. Baxın:

 

Sıra dağlar bir-birinə söykəli-

Babaların əyilməzlik heykəli.

Qayaları, çiçəkləri bəy-gəlin,

Yardımlını deyirəm.

 

Qız qalası əfsanədi, bilgidi,

Şəlaləsi gözəlliyə ülgüdü,

Həsədimin, heyrətimin ilkidi,

Yardımlını deyirəm.

 

Zirvəsindən aya, günə əl çatır,

Özü boyda bir qədimi xalçadı,

Ləhcəsinin şirinliyi balcadı,

Yardımlını deyirəm.

 

Əli Nəcəfxanlı dərddən yazır, ağrıdan da, sevincdən , həyatın təbiətin gözəlliklərindən yazır, yaşadığı aləmin acılıqlarından da. Şeirlərində publisistik notlar da var, şairanə deyilən ifadələr (bəzən bir şeirin içində, bəzən bütöv şeirdə). Amma bütün bunlar ilhamlı, sözlü bir ürəyin içindən gəlir. "Şuşanı görmədim gözümdolusu" şeirində mətləb aydındır. O, gözüdolusu görməyibsə, mən heç görməmişəm.

Şuşanı görmədim gözüm dolusu,

Gideyə dağların maralı gəldi.

Mənə yaylıq verin, başıma örtüm -

Natəvan Bakıya yaralı gəldi.

 

Şuşanı görmədim gözüm dolusu,

Mənəm innən belə boynubükülü.

Ölüncə yaramın qanı dayanmaz,

Üstünə qoymasan xarı bülbülü.

 

"Laçınsız" şeirində eyni həsrət, eyni nisgil səslənir:

 

Dağlara qonmuşdu, dağlarda qaldı...

Ürəyim çırpınan quşdu Laçınsız.

Bu necə qovğadı, bu necə qaldı? -

Ruhum havalandı, uçdu Laçınsız.

 

Çapam səməndimi, çatam dağlara,

İlham kəməndini atam dağlara.

Sinə dağlarımı qatam dağlara,

Günüm-güzəranım puçdu Laçınsız.

 

Əli Nəcəfxanlıda təbiəti sevmək bu sevgini şeirlərində ifadə etmək elə ilk şeirlərində bariz nəzərə çarpır. O, bir kitabının adını "Payız prospekti" qoyub. Payızı çox sevir bir neçə şeiri payızdandır.

 

Elə sürükləndi diklər, yoxuşlar,

Viranə könlümü döyür yağışlar.

Hələ harasıdı, qabaqda qış var,

Yaman ağlamalı payızdı fəsil.

 

Payıza bir qədər qeyri-adi baxışdı. "məni yerə vurdu həsrət şələsi - bu payız özünə oxşamadı heç". Eyni ovqat.

"Mən səni sevəndə" - sevgi şeirlərini bu adda toplayıb. Sevgi şeirlərində də payız havası duyulur, ömrün payız fəslinin duyğularıdır bu sevgi şeirləri. "Baxdım gözlərinə həsrət öncəsi, gül açdı könlümün kədər qönçəsi. Sənli xatirələr - qəm düyünçəsi, Götürüb gedirəm ayrılıqlara" və ya: "Səndən əsən küləkdi qəm, Gözlərimə gül əkdi qəm. Elə bil ki, mələkdi qəm, Dirildir ölü könlümü".

Bu şeirlərdə DƏRDİN OBRAZI görünür. Digər şeirlərində bu obrazın ayrı-ayrı çalarları ilə rastlaşırıq: "Axşamdan-axşama görərdim onu. Atam evimizin ay işığıydı" - ata itkisi necə obrazlı ifadə edilib. "Ömür qəlyan, can-tənbəki, çəkdikcə eşdim, yaşadım" - ömrün yaşantıları uğurlu təşbehlə ifadə olunub. Əlinin ən yaxşı şeirləri sırasında "Bu qızın əlləri" ön sıradadır. Bu şeirdə bədii təzadlar düzümü, təşbeh və metafora silsiləsi göz oxşayır.

 

Qəlbində bahardı, əllərindəı qar,

Qolların qoynunda çarpaz saxlayar.

Dərdimə dərmanı tapmaz, ağlayar,

Bu qızın əlləri buz parçasıdı.

 

Üşüyən əllərin təpəri olmaz,

İstinin soyuqdan sipəri olmaz,

Barmağı kəsilsə, xəbəri olmaz,

Bu qızın əlləri buz parçasıdı.

Gəlsin, əllərini bizdə isitsin,

Amandır, durmasın qəsdə, isitsin,

Qoysun ürəyimin üstə, isitsin,

Bu qızın əlləri buz parçasıdı.

 

Və mən Əli Nəcəfxanlının 60 yaşına mübarək deyirəm, sözümü mərhum deməyə dilim gəlmədiyi Məmməd Aslanın 2003-cü ildə Əliyə bir tövsiyəsi ilə bitirmək istəyirəm: "Əliyə tövsiyəm budur ki, vaxtı vaxtın əlindən qoparmağa cəsarət göstərsin. Nə qədər ki, belə yüksəkdən ötə bilir, ilhamını küsdürməsin. Bir zaman baxar ki, əlində-ovcunda qalan da elə bunlardır".

 

Ədalət  2017.- 4 iyul.- S.4.