FOLKLOR, AŞIQ VƏ KLASSİK
ƏDƏBIYYATIN ŞƏKİL VƏ OBRAZLARI M.P.VAQİF
POEZİYASININ DOMİNANTI KİMİ
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
Vaqif yaradıcılığı
əsas etibarı ilə folklor, aşıq və klassik ədəbiyyat janrlarından səmərəli
istifadə etmə müstəvisində araya-ərsəyə
gəlmişdir. Onun lirikasının episentrində dilin sadəliyi, təbiliyi, aydınlığı və
ifadəliliyi dayanır.
Tofiq Hacıyev haqlı olaraq Vaqif folklor
zəmininə söykənməklə,
Füzuli məktəbindən
xalq dilinin çalarlarını mənimsəyib
ədəbi məktəb
yaratmışdır. Vaqif şifahi xalq yaradıcılığının mövzu və motiv, janr və
şəkillərindən, atalar sözləri və zərbi məsəllərdən, fəlsəfi-ekspressiv
formullardan uğurla yararlanmışdır. Onun qoşma
janrında qələmə
aldıqlarında aşıq
qoşmalarının poetik
biçimləri xüsusilə
nəzər-diqqəti cəlb
etməkdədir.
Mövzu baxımından yaradıcılığı
rəngarəng olan sənətkarın əsərlərinin
xeyli qismi gözəlliyin vəsfinə
həsr olunmuşdur. "Gözəllik" dedikdə
Vaqif bu anlayışa yalnız dar çərçivədə
nəzər salmır,
o, "gözəllik" dedikdə
insanın daxili, mənəvi aləmi ilə zahirinin həmahəngliyini başa
düşür. Bununla belə,
Vaqifdə gözəllik
əsasən qızla,
qadınla, xanımla bağlanır. Bu baxımdan
Vaqifin "O şux qəmzələrin, xəncər
kirpiyin", "Bir sənəmin sinəsinə
müştağam", "Bu gün bir əcayib
gözəl sevmişəm",
"Ey süsən sünbülüm, al zənəxdanım",
"Sənsən ey nazənin, gözəllər
şahı", "Sığallanıb-sığallanıb
siyah zülf",
"Boyun sürahıdır,
bədənin büllur",
"Bir fitnə fellinin, üzü xallının", "Ey
maral baxışlı,
sona sığallı"
və s. kimi şeirlərində gözəllər
və gözəllik müxtəlif yönlərdən
çoxsaylı bədii-poetik
ifadə vasitələrinin,
epitetlərin, bənzətmələrin,
müqayisəli, qarşılaşdırıcı
ibarələrin köməyi
ilə təsvir obyektinə çevrilir. Vaqif nəinki folklorda, həm də klassik ədəbiyyatımızda
gözəlliyi mücərrədlikdən
xilas edib, A.Dadaşzadənin təbirincə
desək, "ülvilik
səltənətindən endirir".
Vaqifdə gözəlliyin məkanı
da mücərrəd yox, konkretdir. O, gah Qarabağda, gah Kür qırağında,
gah da Tiflisədədir
və s. və i.a. Vaqifdə gözəli və gözəlliyi özündə
əks etdirən nə varsa, diqqət mərkəzinə
çəkilir. Gözəlin təsviri ilə (üzünün, alnının,
qaşlarının, burununun,
ağzının, boy-buxununun,
baxışının, yerişinin,
duruşunun, qamətinin)
onun pal-paltarının
əksər tərəfləri
elə incə müşahidəliliklə verilir
ki, buradakı milli ornamentlərlə bəzədilmiş poetik obraz oxucunu ovsunlayır.
Vaqif yaradıcılığının
incisi, cövhəri onun lirikasıdır. Şeirlərindəki təhkiyə üsulu lirik özünüifadəyə
xidmət etməkdədir
və bu, şairin hisslərini oxucuya, dinləyiciyə uğurlu çatdırmaqla
bağlıdır. Bununla belə
Vaqif yaradıcılığının
mayasında şifahi xalq yaradıcılığı
örnəklərinin dayandığını
da yaddan çıxarmaq olmaz.
Vaqif şeirlərini xalq obrazlılığının dili
ilə daha çox çatdırmağa
səy göstərmişdir.
Şifahi ədəbiyyat əsasən
dinləyənlə fikri
söyləyənin canlı
əlaqə qurduğu
mətndir. Burada söyləyənlə
dinləyən arasında
ünsiyyət olduqca vacibdir. Məlum olduğu kimi,
şifahi sözün
yazılı sözdən,
fikirdən yayılma imkanları dəfələrlə
çoxdur. Şifahi ədəbiyyat
xüsusilə poeziya nümunələri hansı
böyük sürətlə
yayılırsa, Vaqifin
də xalq ədəbiyyatı üslubunda
yazdığı qoşmaları
oxucular arasında elə böyük sürətlə yayılmışdır.
Azərbaycan şifahi poetik
janrında çoxsaylı
bədii bənzətmələr
olduğu kimi, Vaqif poeziyasının da dilində həmin ibarələrdən
(bəzən onları
yetərincə zənginləşdirməklə)
istifadə edilmişdir.
Vaqifdə "ala göz",
"yar", "aşna",
"bivəfa", "cəfa",
"səfa", "yanağı
lalə", "ağzı
şəkər", "dili
bal", "şamama", "qəmzə", "gülü
reyhan", "camalından
yağan nur",
"ağ gül",
"nazik bədən",
"zülfləri qara",
"müjgan ox", "baxışı
şirin", "qəm
evi", "eşq atəşi" və s. ibarəli ifadələr öz kökləri etibarı ilə şifahi poeziya ənənələrimizə dirənirsə,
digər bir tərəfdən, klassik ədəbiyyatımızın xüsusiyyətlərini də
özündə inikas
etdirməkdədir.
Məlum olduğu kimi, Vaqif poeziyası XVIII əsrin ortalarından sonralar daha böyük
vüsət almışdır. Eyni zamanda
bu da məlumdur
ki, Vaqif dövrünə qədər
həm Azərbaycan şifahi xalq yaradıcılığı, həm
də klassik poeziyamız böyük uğurlara imza atmışdır. Ədəbiyyatımızın inkişafının hər iki qolundan
Vaqif uğurlu və yaradıcı istifadə etməklə poeziyasında xalq ədəbiyyatının variantlılığını
yaratmışdı. Etnik-milli,
ədəbi-poetik örnəklərdən
və köklərdən
daha geniş şəkildə yararlanmağa
çalışan Vaqif
şifahi ədəbiyyatın
poetik imkanlarını
öz poeziyasında genişləndirməyə və
zənginləşdirməyə xüsusi ilə nail olmuşdur:
Sürmələnsin ala gözlər
şux olsun,
Siyah kiprik ucu almaz
ox olsun,
Səg rəqiblər aralıqdan
yox olsun,
Gəzək bir fərağət ikimiz belə.
Vaqif başdan
ayağa xalq ruhu ilə nəfəs
alırdı. Onun bu cəhəti
qələmə aldığı
şeirlərinin hamısının
içində boy göstərməkdədir.
Vaqif xalq yaradıcılığı
örnəklərinə heç
də təsadüfən,
yaxud sözgəlişi
müraciət etmirdi.
Əksinə o, bu nümunələrin
köməyi ilə öz ideallarını poetik fikrinin rənglərini, ibarələrini
xalqa daha anlaşıqlı çatdırırdı.
O, xalq yaradıcılığından
xalqın dünyagörüşünü,
əhval-ruhiyyəsini, arzu
və istəklərini
daha dərindən əks etdirmək üçün istifadə
edirdi:
Kür qırağının əcəb
seyrəngahı var,
Yaşılbaş sonası, hayıf
ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıf
ki, yoxdur!
Qış günü qışlağı
Qıraqbasanın,
Gözüdür Aranın, cümlə-cahanın,
Belə
gözəl yerin, gözəl məkanın,
Bir gözəl olası, hayıf ki, yoxdur!
Vaqif yaradıcılığına
dərindən diqqət
yetirdikdə onun xalq yaradıcılığı
nümunələrindən ustalıqla yararlandığının
şahidi oluruq. Vaqif geniş istifadə etdiyi "intizar",
"yol gözləmək",
"könül tabı",
"ayrılıq" və
s. kimi ifadələri
şeirin infrastrukturuna
ustalıqla oturdur:
İntizar çəkməkdən, yol gözləməkdən,
Könlümün nə tabı, nə taqəti var.
Yazan ola ayrılığın
dərdini ,
Fərhadü Şirinə hekayəti
var.
Bir kimsə ki, müştaq ola
cəmala,
Görənlər bilir ki, düşər nə hala,
Ol qamətini hər gələndə xəyala,
Görəsən ki, necə qiyaməti
var.
Folklorşünas-alimlər Molla Pənah Vaqif yaradıcılığına şifahi xalq ədəbiyyatının təsirindən xüsuslə söhbət açırlar. Onların fikrincə Vaqif el içərisində böyüdüyündən, onun dilini, ədəbiyyatını, əfsanə və rəvayətlərini hələ lap kiçik yaşlarından hafizəsində toplamışdı. Elə buna görə də müstəsna təbə malik olan M.P.Vaqif sonralar yaradıcılığa başlayarkən el ədəbiyyatının təsiri onun bütün yaradıcılığında özünü göstərmişdir. Təsadüfi deyildir ki, Vaqifin qoşmaları həm onun dövründə, həm də sonrakı dövrlərdə yetişmiş ustad aşıqlarımızın qoşmaları ilə yaxınlıq təşkil etməkdədir. Bu eyni zamanda həm də onu göstərir ki, Vaqif, bir tərəfdən, şifahi xalq ədəbiyyatından, ikinci bir tərəfdən, ona qədər ki ustad aşıqların yaradıcılığından (Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Valeh), üçüncü bir tərəfdən, Q.Bürhanəddin, Ş.İ.Xətai, M.Əmani və başqaları tərəfindən başlanan klassik ənənəni daha yüksək pillələrə qaldırmışdır. Buna görə də Vaqif yaradıcılığını şifahi xalq yaradıcılığı, el şairliyi və klassik ədəbi nümunələri yarada bilən sənətkarlar müstəvisində nəzərdən keçirmək lazımdır. Vaqif el şairləri üslubunda yazıb-yaratmaqla dövrün ab-havasına uyğun olaraq klassik üsluba da müraciət etməyi vacib hesab etmişdi. Məlumdur ki, aşıq sənəti yarandığı gündən daim inkişafda, və formalaşmaqdadır. Dövrdə aparıcı halları aşıq yaradıcılığında da daim özünü əks etdirmiş, dünyagörüşündən asılı olmayaraq, aşıq təzadlarla barışmaz mövqedə dayanış, intibaha meyilliliyini ortaya qoymuşdur. XVII-XVIII əsrlərdə yazıb-yaratmış aşıqların belə yaradıcılıq xüsusiyyəti Vaqif poezisiyasında xüsusilə qiyamçı mövqedə dayanırdı. Buna görə də Vaqifi heç də həyata aludə olan bir sənətkar kimi nəzərdən keçirmək düzgün olmazdı. Onun yaradıcılığında həm də sosial motivli mövzular oxucunun diqqət mərkəzinə çəkilirdi. Bu baxımdan "Bayram oldu", "Kür qırağının əcəb seyrəngahı var", "Siyahtel görmədim Kür qırağında", "Görmədim" və s. kimi poetik nümunələrinin adlarını çəkmək kifayətdir. Ədəbiyyat tarixçilərimizin fikrincə "böyük bədii təsir və ümumbəşəri gücünə malik olan "Görmədim" müxəmməsi poeziyamızın ən nadir incilərindən biri kimi yaşamaqdadır". Bu fikrin təsdiqini və həmişəyaşarlığını biz Elçinin 2015-ci ildə işıq üzü görmüş "Baş" romanında tapa bilərik. Belə ki, romanın çoxsaylı səhifələrində müəllif oxucularını bədii fərziyyələrinin doğruluğuna inandırmaq üçün Vaqifin "Görmədim" müxəmməsinin müxtəlif parçalarını əsərin mətninə ustalıqla daxil etmişdir:
Mən bu cahan mülkündə doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim...
"Görmədim" müxəmməsində şair nəinki şikayətlənir, o, həm də yığcam hədəfə tuşlanan ifadələrlə dövrün ictimai-sosial mənzərəsinə qarşı çıxır, yalana, riyaya, ədalətsizliyə, sosial ziddiyyətlərə, haqsızlıqlara qarşı vuruşur, qanunsuzluğu qamçılayır, fırıldaqçıları, nadanları ifşa edir.
Vaqifin folklor, aşıq yaradıcılığı və klassik ədəbiyyatdan bəhrələndiyi onun qoşma, təcnis, qəzəl, müxəmməs, müstəzad və s. kimi janrlara yaradıcılıqla yanaşması da yaxşı sübut edir. Məlum olduğu kimi, adlarını çəkdiyimiz janrlardan qoşma, təcnis, müxəmməsdən başqa qalanlar klassik poeziyamızın şeir şəkilləridir. Yazılı ədəbiyyata aid janrlarda onun poeziyası məzmun, ifadə tərzi, ideya-bədii keyfiyyəti ilə sələflərindən xeyli fərqlənsə də, orijinallıq keyfiyyəti baxımından o, ənənəçi kimi çıxış etmişdir. Vaqifin qoşmalarındakı bədii məram, fikir, məzmun, ifadə üsulu, dil əlvanlığı və üslub tərzi onun ədəbi məktəbinin nüvəsini təşkil edir. O, klassik poeziyanın ənənəvi janrlarını qoşma janrı ilə ustalıqla əvəzləyə bildi. Janrın deyim tərzinə yeni real məzmun verdi, onun şəkil təravətini zənginləşdirdi:
Vaqif, yad et səni yad eyləyəni,
Mən sevirəm mənə yarım deyəni.
Qoymaz göz önündən sevən sevəni,
Könüldən könülə yollar görünür.
Parçadan göründüyü kimi, Vaqifin lirikasında portret işarələri, xarakteristikası aparıcı olmaqla poeziyasının dominantasını folklor janrları ilə klassik ədəbiyyat janrları təşkil etməkdədir.
Şəbnəm Məmmədli
AMEA Folklor İnstitutu
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Ədalət 2017.-
4 iyul.- S.3.