Ömrü vaxt ilə deyil, əməllərlə ölçmək lazımdır

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm mədəniyyətinin təbliği

 

Naxçıvan teatr sənətinin inkişafına əvəzsiz töhfələr verən, yaratdığı maraqlı, dolğun rolları ilə tamaşaçı sevgisi qazanan aktyorlardan biri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, xalq artisti, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru Şirzad Abutalıbovdur. O, hələ kiçik yaşlarından teatra maraq göstərib. Səhnə onun üçün əlçatmaz zirvə, sirlərlə dolu bir məkan idi. Zaman keçdikcə o özü bu məkanın sakini oldu.

Şirzad Əsəd oğlu Abutalıbov 1959-cu il iyulun 8-də Naxçıvan şəhərində anadan olub. Atası 20 ildən artıq Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

Aktyor olmaq onun ən böyük arzusu idi. Orta məktəbdə oxuduğu illərdə bu sənətin həsrəti ilə çırpınır, gecəsini gündüzünə qatır, böyük sənət məbədi olan teatra tez-tez gedirdi. Atası Əsəd Abutalıbov xalası oğlu xalq artisti Aydın Şahsuvarov onu bu sənətdən uzaq durmağı tövsiyə edirdilər, çünki aktyor sənəti iradə tələb edən bir sənətdir. Ancaq buna baxmayaraq aktyor inadından dönmür. Orta məktəbdə oxuduğu illərdə Şirzad Abutalıbovun teatra, aktyorluğa marağını görən Azərbaycanın xalq artisti Tofiq Mövləvi onu həvəskarlardan ibarət dram dərnəyinə üzv yazdırır. 1973-cü ildən aktyor dərnəyə həvəslə gedir. Orta məktəbi bitirdikdən sonra C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnə fəhləsi kimi işə başlayır. Bununla bərabər dram dərnəyi ilə əlaqəsini kəsmir. İlk dəfə Cəfər Cabbarlının "Solğun çiçəklər" "Vəfalı Səriyyə" yaxud "Göz yaşı içində gülüş" əsəri əsasında hazırlanmış tamaşalarda fərqli obrazlar yaradır. O, "Solğun Çiçəklər" tamaşasında "Kefli Qurban" obrazını yaradır. Obrazın daxili aləmini ustalıqla açan Ş.Abutalıbov alqışlarla qarşılanır. Sənət uğurları onu təhsil almağa sövq edir. Sonra o təhsilini Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda davam etdirir. Təhsilini başa vurandan sonra sənətə olan marağı onu rahat buraxmır. Yenidən doğma ocağa-teatra gətirir. Teatrda ilk işi Yusif Əzimzadənin "Anacan" pyesində yetim bir uşağın obrazını yaratmaq olur. Aktyora irad bildirən olur, tərif söyləyən . Ancaq o, qüsurları qəbul etmək istəmir, düşünür ki, ona deyilən iradlar paxıllıqdan yaranır. Zaman keçəndən sonra Ş.Abutalıbov başa düşür ki, tənqidi qəbul etməyən aktyor sabahkı obrazı yaratmağa razı ola bilməz beləcə tənqiddən nəticə çıxarır. Aktyorun potensial imkanları bundan sonra daha geniş vüsət alır. Təbiilik, səmimiyyət, axtarış qabarıq şəkildə nəzərə çarpır. Obrazın daxii dunyasını olduğu kimi yarada bilir. Bütun bunlarla yanaşı, o, sadə təvazökar insandır. İstedadın ilk göstəricisi isə elə sadəlikdir.

Şirzad Abutalıbovun yaratdığı obrazlar qalereyasına diqqət yetirəndə görürsən ki, komik situasiyalı səhnə surətləri çoxluq təşkil edir. Bu rollar sırf komik ünvanlı, komik səpkili səhnə surətləridir. Əlbəttə, tanrının ona bəxş etdiyi istedad, milli ənənəyə, kökə bağlılıq bir sənətkar kimi onun yaradıcı ruhuna əbədi hopub. Bu səbəbdən onun aktyor kimi mədəniyyətin inkişafına bəxş etdiyi töhfələrdə həmişə milli klassik teatr ənənələri dərin kök salıb.

58 illik ömrünün 43 ilini səhnə fəaliyyətinə həsr edən aktyor yerli xarici dramaturqların əsərlərində yaddaqalan obrazlar yaradıb. Aktyorun Naxçıvanın tanınmış simaları, korifey sənətkarları ilə eyni vaxtda işləməsi ona uğur qazandırıb. 134 yaşlı Naxçıvan teatrının ölməz sənətkarları Baxşı Qələndərli, Sofya Hüseynova, Firuzə Əlixanova, Roza Cəfərxanova başqaları onun aktyor kimi püxtələşməsində əvəzsiz rol oynamışlar. Şirzad Abutalıbov peşəkar teatr bilicisi, Əməkdar incəsənət xadimi Baxşı Qələndərlidən kifayət qədər sənət stimulu alıb. Zəngin dünyagörüşünə malik olan müqtədir aktyorun dərin həyat müşahidəsi Şirzad Abutalıbova da sirayət edib. Onun yaradıcılığı haqqında söhbət düşəndə Baxşı Qələndərli gənc aktyora deyib: "Sən yaxşı aktyor ola bilərsən, təkəbbürlü olmasan". Bəli, təkəbbürlü olan aktyor heç vaxt böyük sənətkara çevrilə bilməz. Əgər yaradıcı insan əldə etdiyi nailiyyətlərlə arxayınlaşarsa, onda irəliləyiş olmaz. O, gərək milli ruhla, milli düşüncə ilə xalqına xidmət etsin.

Təbii ki, sənətə kövrək addımlarını atan gənc üçün korifey bir sənətkardan ibrətamiz söz eşitmək faydasını verir. O gecəsini-gündüzünə qatıb yeni aktyor mizanları tapmağa başlayır. Həyatda bir qədər ciddi görünən Şirzad Abutalıbovun can verdiyi obrazlar tamaşaçıya müsbət emosiyalar bəxş edir. Müxtəlif illərdə Nəriman Həsənzadənin "Pompeyin Qafqaza yürüşü"ndə Sentriyon, İsi Məlikzadənin "Gəl, qohum olaq" əsərində Ədalət, Hüseyn Cavidin "Şeyx Sənan" faciəsində Şeyx Nəim, "Şeyda" əsərində Yusif, Adil Bababyevin "Yarımçıq şəkil"ində Ziyad bəy s. obrazları inandırıcı şəkildə sənətsevərlərə çatdıra bilmişdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin" O olmasın,bu olsun"musiqili komediyasında hambal surətini yaradıb. Naxçıvan teatrında bu rolun bir çox ifaçıları olub. Ancaq Şirzad Abutalıbovun maraqlı ifası şirinliyi, təbiiliyi, ən əsası improvizəsiylə xoş təsir bağışlayır. Hambalın nadan, küt hərəkətlərini, həyata nadan baxışlarını aktyor böyük ustalıqla göstərə bilir.

Şirzad Abutalıbovun yaradıcılığı çoxşaxəlidir. O dramatik, komik epizodik rolları səhnədə məharətlə yaratmağı bacarır. Bu isə hər sənətkara xas olan xoşbəxtlik, sənət uğuru deyil. Adı çəkiləndə yaratdığı obrazlar yada düşsün. Yaradıcılığı haqqında söhbət düşəndə isə o deyir: Müdriklərdən biri demişdir: "Ən uzun həyat zəngin yaşanmış həyatdır. Ömrü vaxt ilə deyil, əməllərlə ölçmək lazımdır". Mən zəngin həyat yaşamışam. Çünki tamaşaçının gur alqışı, dövlət qayğısı ən böyük mükafatımdır. Hərdən ötən günlərə baxanda gah kövrəlir, gah da sevinirəm. Ona görə ki, ömür keçir, digər tərəfdən sənətdə öz sözümü deyə bilmişəm.

Sənət aləmində böyük nüfuz qazanan aktyor həm pedaqoji fəaliyyətlə məşğul olur. O, teatrda çalışmaqla bərabər Naxçıvan Musiqi Kollecinin tələbələrinə "səhnə danışığı", "aktyor sənəti" fənlərindən dərs deyir.

Sənətkar 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2017-ci ilin yanvar ayından isə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla teatrında bədii rəhbər-direktor vəzifəsində çalışır. Burada şairə-dramaturq Kəmalə Ağayevanın "Göyçək Fatma" tamaşasını səhnəyə qoyub. Çalışır ki, tamaşalarla balaca fidanların estetik zövqünü oxşasın,həm onlarda vətənə məhəbbət, dostluqda sədaqət,böyüyə-kiçiyə hörmət hisslərini aşılaya bilsin.

Qətiyyətlə demək olar ki, Ş.Abutalıbov mübaliğəsiz istedadlı aktyordur. Yaratdığı obrazlarla yaşamağı bacarır. Pafosla danışmağı xoşlamır. Aydın diskussiyaya malik sənətkardır.

İnanırıq ki, Şirzad Abutalıbovun yaradıcılığı bundan sonra da yüksələn xətlə inkişaf edəcək, aktyor yeni-yeni obrazlarla tamaşaçı sevgisini qazanacaqdır.

Aktyora can sağlığı sənət uğurları arzulayırıq.

 

Adilə Səfərova

Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ

Ədalət  2017.- 5 iyul.- S.3.