AŞIQ CABBARIN SAZI VƏ SÖZÜ

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Dövrümüzün tanınmış ustad aşıqlarından biri də Laçın rayonundan olan Cabbar Cabbarovdur.

Cabbar Qasım oğlu Cabbarov 1950-ci il avqust ayının 20-də Laçın rayonunun Ağbulaq kəndində anadan olub.

1957-ci ildə Ağbulaq ibtidai məktəbinə daxil olub, 1967-ci ildə qonşu Minkənd kənd orta məktəbini bitirib. Ali təhsil almaq arzusu 1969-cu ildə onu Bakıya gətirib və APİ-nin (indiki ADPU-nun) coğrafiya fakültəsinə daxil olub. 1973-cü ildə institutda təhsilini başa vurduqdan sonra o vaxtkı Maarif Nazirliyinin təyinatı ilə Laçın rayon Maarif şöbəsinin sərəncamına göndərilib və Ağbulaq kəndindəki 8-illik məktəbdə ixtisası üzrə pedaqoji fəaliyyətə başlayıb. Qısa müddətdə məktəbin müəllim və şagird kollektivinin hörmət və rəğbətini qazanan C.Cabbarov rayon rəhbərliyinin də diqqətini cəlb edib, təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 1975-ci ildə çalışdığı məktəbin direktoru vəzifəsinə təyin olunub.

Məhz Cabbar müəllimin təşkilatçılıq bacarığı sayəsində 8 illik məktəb orta məktəbə çevrilib, qısa müddət ərzində rayonun nümunəvi məktəbləri sırasına daxil olub. Məktəbin məzunları respublikamızın müxtəlif ali məktəblərinə daxil olaraq təhsillərini davam etdiriblər. Vaxtilə bu məktəbdə təhsil alanlar bu gün ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrində çalışırlar, onların arasında alimlər də var.

Pedaqoji fəaliyyətlə yanaşı, həm də aşıq sənətinin sirlərini öyrənən, el şənliklərində həm də özünün sazıyla, sözüylə iştirak edən Cabbar müəllim sənətə gəlişindən söz düşəndə belə deyir:

- Mənim bu sənətə gəlməyimdə Ulu Öndərimiz Heydər Əliyevin böyük rolu olub. Belə ki, 1970-ci ildə Azərbaycan KP MK-nın "İstedadların üzə çıxarılması və onlara dövlət qayğısının göstərilməsi haqqında" çox mühüm bir qərarı oldu. Bu qərardan sonra müxtəlif sahələr üzrə gənc istedadların üzə çıxması üçün böyük imkanlar yarandı. O vaxtlar mən tələbə idim. Müxtəlif müsabiqələrdə, festivallarda iştirak edirdim. 1972-ci ildə respublika üzrə keçirilən "Oxu tar" festivalının qalibi oldum, qol saatı ilə mükafatlandırıldım. İnstitutu bitirib müəllim kimi fəaliyyətə başladıqdan sonra əsas işimlə yanaşı Laçında "İşıqlı" aşıqlar ansamblını yaratdım və bədii rəhbəri oldum.

Onun rəhbərliyi altında fəaliyyət göstərən "İşıqlı" aşıqlar ansamblı təkcə Laçın rayonunda yox, həm də respublika miqyasında tanınıb, müxtəlif tədbirlərdə, festivallarda iştirak edərək uğur qazanıb, mükafatlara layiq görülüb. Necə deyərlər, Aşıq Cabbarın zəhməti heç zaman hədər getməyib, hər yerdə layiqli qiymətini alıb. Dediklərimizin təsdiqi kimi, bu təltif və mükafatlardan bir neçəsini göstərmək istəyirəm: 1975-1977-ci illərdə keçirilən Zəhmətkeşlərin Ümumittifaq bədii özfəaliyyət yaradıcılıq festivalının laureatı kimi diplommedalla təltif edilib, özfəaliyyət kollektivləri arasında fərqləndiyinə görə 1976-cı ilin aprel ayında Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin "Fəxri fərmanı"na layiq görülüb. 1977-ci ilin iyun ayında I Ümumittifaq yaradıcılıq festivalı laureatlarının Tacikistanda 7 gün ərzində keçirilən yekun konsertində Azərbaycan sazının yeganə təmsilçisi kimi fərqləndiyinə görə, müəllim olduğu nəzərə alınaraq Tacikistan Maarif Nazirliyinin "Fəxri fərmanı" ilə təltif edilib.

1978-ci ildə Salyan rayonunda keçirilən gənc aşıqların II Respublika baxış müsabiqəsində (20 rayondan gəlmiş 100-ə qədər gənc aşıq iştirak edirdi) və 1979-cu ildə isə Şəmkir rayonunda keçirilən gənc aşıqların III Respublika baxış-müsabiqələrində yaratdığı və rəhbərlik etdiyi Laçın rayon "İşıqlı" Aşıqlar ansamblı respublika üzrə qaliblər sırasına çıxdığına görə Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Xalq Yaradıcılığı Evinin diplomu, fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılıb. C.Cabbarov Azərbaycan Aşıqlarının IV Qurultayında da iştirak edib.

Laçın aşıqlarının paytaxt sakinləri qarşısında da uğurlu çıxışları olub. 1980-cı il avqustun 28-də Cabbar Cabbarovun rəhbərliyi altında M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Laçın aşıqlarının çıxışları bu gün də minnətdarlıqla xatırlanır. 2011-ci ilin aprelin 30-da Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Laçın aşıqları yenə də Dövlət Filarmoniyasında paytaxt tamaşaçıları qarşısında çıxış etdilər, bu konsert proqramı sonradan televiziya ilə də yayımlandı.

Aşıq Cabbarın ifasını vaxtilə respublikamızın tanınmış bəstəkarları Cahangir Cahangirov, Süleyman Ələsgərov, Bəxtiyar Kərimov, məşhur kino-aktyor Məlik Dadaşov və başqaları da yüksək qiymətləndirib.

Aşıq Cabbar həm də bədii yaradıcılıqla məşğul olur. Şeirləri jurnalımızın səhifələrində və digər mətbuat orqanlarında dərc olunub.

Haqqında respublikamızın kütləvi informasiya vasitələrində dəfələrlə geniş materiallar dərc olunub. Bu sıradan "Gənc müəllim" (1972), "Kommunist" (1977), "Mədəni-maarif" jurnalı (1979), "Sovet kəndi" (1980), "Yeni Azərbaycan" (1995), "Kaspi" (2010) və digər mətbuat orqanlarında gedən yazıları göstərmək olar.

Mərhum folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı da onun sənətini yüksək qiymətləndirib, haqqında məqalələr yazıb.

Hələ gənclik illərindən müəllim kimi gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, onlarda həm də saza-sözə maraq yaradıb, həvəsi olanlara aşıq sənətinin sirlərini, incəliklərini də öyrədib. Bu gün onun yetirmələrinin sayı 50-dən çoxdur. Onların arasında artıq püxtələşmiş aşıqlar da az deyil.

O, həm də sazbənddir və bu sənətin sirlərini bir neçə şəyirdinə də öyrədib. Bu barədə bu sətirlərin müəllifinin 2011-ci ildə işıq üzü görmüş "Sazımız - sazbəndimiz" kitabında ətraflı məlumat verilib.

2010-cu il dekabrın 26-da Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Aşıq Cabbarın anadan olmasının 60 illik yubleyi dövlət rəsmilərinin, tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə qeyd olunub. Ustad aşığı təbrikə gələnlər arasında AAB-nin o vaxtkı sədri, Xalq şairi Zəlimxan Yaqub, filologiya elmlər doktoru, professor Sədnik Paşa Pirsultanlı və Laçın rayon İcra Hakimiyyəti aparatının işçiləri və rayon ziyalılarının nümayəndələri də vardı. Yubilyara Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin Fəxri fərmanı, pul mükafatı, eləcə də, Laçın rayon İH və rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən də fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

2014-cü ildə Aşıq Cabbarın yaradıcılığı daha bir yüksək mükafatla qiymətləndirilib - Azərbaycan Respublikasının "Fəxri mədəniyyət işçisi" medalı ilə təltif olunub.

Aşıq Cabbar da bu gün doğma yurd yeri həsrətiylə yaşayan soydaşlarımızdandır. 25 ildir ki, Laçın həsrəti ilə yaşayır. Vətən torpağının azad olunması yolunda canından belə keçməyə hazırdır. 1992-ci ilin may ayının 17-dən 18-nə keçən gecə Laçın işğal olunduqdan sonra Murovla Daşkəsən rayonuna gəlsə də, həmin il avqustun 10-da Daşkəsən rayonundan atlanaraq yaxın qohumları Zamanov Niyazalı, Xudayarov Famil və qardaşı Xıdırov Əzizlə gedib kəndini, doğmalarının qəbirlərini ziyarət edərək 5 gün orada qalıb. Ev-eşiyi, bütün əşyaları kimi, erməni girovluğunda qalmış sazını götürüb dağılmış, yandırılmış kəndlərin acı taleyinə, məmləkətin başına gətirilən faciələri ürək ağrısı ilə şeirlərində poetik dillə ifadə edib.

 

Musa NƏBİOĞLU

Azərbaycan Aşıqlar Birliyinin katibi,

Əməkdar Mədəniyyət İşçisi

 

Ədalət  2017.- 6 iyul.- S.3.