MUSİQİLİ GÖRÜŞ

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Qəhrəmanı şuşalı və Şuşa idi...

Avtobusda əyləşib Sumqayıta gedirəm. Yol boyu artıq əzbərlədiyim nömrədən telefonuma bir neçə dəfə zəng gəlir. Çox narahat adam olan bu zənglərin sahibi Sumqayıtın harasında avtobusdan düşəcəyimi, hansı istiqamətə gedəcəyimi və yaxud hansı nömrəli marşrut avtobusuna oturacağımı təkrar-təkrar mənə izah edir. Açıq-aydın görünür ki, görüşünə tələsdiyim bu adam qonağı üçün də narahatlıq hissi keçirir. İstəmir ki, havanın nisbətən isti olduğu indiki vaxtda əziyyət çəksin. Və mən də onun bu narahatçılıq duyğularını anlaya-anlaya içimdə başqa şeylər düşünürəm. Düşündüklərimin ipucunu mənə çox dəyərli ziyalımız, Qarabağda sözün bütöv mənasında bir ziyalı haqqı olan Vasif Quliyevin dedikləri vermişdi. Yəni, Vasif müəllim mənə yazılarından tanıdığım, barəsində müəyyən söhbətlər eşitdiyim Tahir Hacı Əzimin özündən, yaradıcılığından, xüsusilə muğamın hava, su qədər özünə hopdurub, muğamla nəfəs aldığından danışmışdı. Və sözarası da demişdi ki, bugünlərdə Tahir müəllimin yubileyi olacaq. İmkanın olsa onunla görüş...

Açığını deyim ki, Vasif müəllimi yaxşı tanıdığımdan onun "imkanın olsa" deməyi artıq mənə həm də bir böyük qardaş tapşırığı idi. Necə deyərlər, arifə bir işarə də bəs edir. Və mən də son vaxtlar Şuşanın sayılıb-seçilən insanları barəsində silsilə yazılar yazdığımı, təbii ki, həmin yazıların da Vasifdən qaynaqlandığını bildiyimdən həvəslə bu işarəni də qəbul etdim. Və Vasif Quliyev mənə bildirdi ki, telefonunu Tahir müəllimə verəcəm, hara gedəcəyini o, özü sənə deyər...

Hə, bu da Bakı-Sumqayıt avtobusu. Vağzalda salonu tərk edəndə yol boyu mənimlə yanaşı əyləşmiş cavan oğlandan Sumqayıtdakı məşhur "Pioner"ə necə getməli olduğumu soruşuram. Gözləmədiyim halda üz tutduğum oğlan sakit şəkildə deyir:

- Müəllim, mən də elə o tərəfə gedirəm, - dedi.

Onunla yanaşı addımlayıram. O telefonda kiminləsə danışır, mənsə siqaretimi tüstülədirəm. Bu vaxt yenə telefonuma zəng gəlir. Tahir müəllimdi, bildirir ki, küçəyə tərəf olan balkonda dayanıb gözləyir. "Pioner"in yaxınlığındakı dayanacağa yaxınlaşanda başımı qaldırıb yuxarı baxsam onu balkonda görəcəm. Dediyi kimi də edirəm. O balkonda dayanıb və ona baxdığımı görəndə çox məmnun bir halda əli ilə, - həyətə keçin, giriş ordandı, - deyir...

Bu da görüşünə tələsdiyim Tahir Hacı Əzim. İnanın ki, üz-gözündəki təbəssümə, hərəkətlərindəki səmimiyyətə, davranışına baxanda adam ona əlli yaş verməyə də tərəddüd edir. Əsl ziyalılıq nümunəsi, əsl musiqi adamı dayanıb qarşımda. Son dərəcə sadə və son dərəcə də çılğın. Elə qapının ağzındaca - Rahat gələ bildinmi... əziyyət olmadı ki... Bağışla, zəhmət verdim. Keç içəri bir stəkan sərin su iç, sonra söhbət edərik... kimi suallarla məni elə əhatə etdi ki, sanki yüz ildi bir-birimizi tanıyırıq. Və həyatımda ilk dəfə idi ki, ilk dəfə qonaq getdiyim ünvanda özümü ev adamı kimi hiss edirdim. Ona görə də sərbəst şəkildə vanna otağına keçib əl-üzümü sərin suyla yudum. Tahir müəllimin təklif etdiyi və özünün nübar üzümdən sıxıb hazırladığı buz kimi şirədən (yeriniz məlum! - Ə.M.) içib, divanda əyləşdim. Artıq rahatlandığımı hiss edən Tahir müəllim:

-Sən bir az dincəl, mən çayın altını da yandırım, biz söhbət edənə kimi isti qalsın, - dedi.

Təbii ki, mən evə göz gəzdirdim və onun dediklərindən bir balaca təəccübləndiyimi gizlədə bilmədim. Bu dəfə də özü məni qabaqladı:

-Uşaqlar, yəni, oğlum Anar və qızım Nurlanə ailəlidilər. Yoldaşım Cəmilə xanım bizə mane olmamaq üçün gərək olanları hazırlayıb, Bakıya qızımgilə gedib, nəvələrini görməyə. Özüm belə istədim. İki qarabağlı oturub söhbətləşək və sənə söz verdiyim muğamları da tarda sənin üçün ifa edim...

Hə, artıq hər şey mənə məlum oldu. Tahir müəllim həqiqətən bir musiqili görüş süprizi hazırlamışdı. Otaqdakı pianinodan tutmuş, tar, saz, eləcə də küncdəki yaraşıqlı dolabın üstündəki valları səsləndirən qammafon... divardakı musiqimizin qibləsi olan dahi şəxslərin fotoları... hə, burda hər şey, elə bu otağın özü musiqi demək idi.

 

 

KİÇİK ARAYIŞ

 

Tahir Şamil oğlu Əzimov 1940-cı il oktyabr ayının 7-də bu gün həsrətlə adını dilimizə gətirəndə dodaqlarımız çat-çat olan Şuşada dünyaya gəlib. İstər atası Şamil kişinin, istər anası Sudabə xanımın nəsil şəcərəsi çox böyük bir tarixi özündə əks etdirir. Hətta bu qan, nəsil qohumluğundan, yəni Firudin bəy Köçərli, Fikrət Əmirov, Şükür bəy Köçərli və digər ünlü simalardan Tahir müəllim böyük fəxarət hissi ilə danışır və bildirir ki, babam Əfrasiyab Hacı Əzim oğlu öz adını tarixə həkk etmiş simalardandı. Sübut üçün təkcə Mir Mövsüm Nəvvabın "1905-1906-cı illərdə Şuşada erməni-müsəlman davası" kitabına baxmaq kifayətdi. Burada Əfrasiyab Hacı Əzim oğlu əsl xalq qəhrəmanı kimi təqdim olunub, eləcə də, Pənahi Makulunun "Səttərxan" romanında Əzimzadə kimi təqdim olunan həmin şəxs Tahir müəllimin babasıdır. Ümumiyyətlə, Tahir müəllimin Azərbaycan tarixində, xüsusilə aydınlar tarixində çox sayılıb-seçilən və artıq tarixləşən doğmaları olub və bu gün də var. Yeri gəlmişkən onu da əlavə edim ki, Tahir müəllimin həyat yolu da məhz Azərbaycanın çox böyük şəxsiyyətlərinin yolu ilə kəsişib və bəzən də onlarla paralelləşib, yəni çiyin-çiynə işləyiblər...

Bəli, Şuşada oktyabr ayının 7-də dünyaya gələn Tahir adlı bu oğlanın elə kiçik yaşlarından qeyri-adiliyi ilə, xüsusilə hər səsə, hər ritmə yaşından böyük bir anlayışla yanaşması doğmalarının diqqətindən yayınmırdı. Hətta yaşıdları ilə birlikdə Şuşanın müxtəlif məhəllələrini dolaşanda, Üçmıxda qoyun otaranda onun tütəkdə çaldığı havalar hamını ayaq saxlamağa məcbur edirdi. Hətta bir dəfə qarğıdan düzəltdiyi tütəklə ifa etdiyi həzin "Çoban Bayatı" elə bil ki, yaşıl otlara hücum çəkmiş qoyun-quzunun da sakitcə dayanıb onu dinləməsinə və bunu kənardan seyr edənlərin heyranlığına, təəcübünə səbəb olmuşdu. Onun barmaqlarında, nəfəsində daşı da dindirmək, quşları da ram etmək möcüzəsi var idi. Artıq hamı bilirdi ki, bu, əl boyda uşaq mütləq həyatda nəyəsə nail olacaq, tay-tuşlarından önə keçəcək. Heç də təsadüfi deyildi ki, iki oğul, bir qız payı olan bu evdə hər gün musiqi səslənirdi. Bacısı Sara xanım da, qardaşı Tariyel müəllim də musiqini duyur, qardaşı tütəyi dilləndirəndə, yaxud tarı əlinə götürəndə onlar da müxtəlif alətlərdə bir üçlük yaradırdılar. Doğrudu, illər ötəndən sonra Tariyel müəllim riyaziyyatçı alim kimi, Sara xanım geoloq kimi özlərini təsdiq etdilər və bu gün də öz elmi yaradıcılıqları ilə məşğuldular. Ancaq Tahir müəllim on beş yaşında olanda Bakıya gəlib Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil oldu. O, Şuşada ilk musiqi təhsilini alsa da və bu gün də adını hörmətlə xatırladığı Əlikram Hüseynovun pedaqoq kimi ona aşıladıqlarını həyatının ilk musiqi uğuru saysa da, onu da etiraf edir ki, musiqi dünyasına açılan qapı 1955-ci ilə təsadüf edir və onu da əlavə edir ki, artıq 18 yaşım olanda müəllimim Əlağa Quliyev məni özünün çalışdığı Dövlət Opera Simfonik Orkestrində işə qəbul olunmağım üçün köməklik göstərmiş və mən ilk dəfə olaraq orkestrdə ikinci tarçalan kimi müəllimimlə yanaşı əyləşib Azərbaycanın ən böyük ifaçılarını müşayiət etmişəm.

Moskvada Azərbaycan günlərində Xalq artistləri Əbülfət Əliyev və Sara Qədimovanı, unudulmaz Bakir Haşımovu və Rübabə Muradovanı müşayiət etmişəm. Böyük Niyazinin drijorluğu ilə orkestrin ikinci tarçalanı kimi tamaşaçı qarşısına çıxmışam və elə bu məqamda səsi bir az titrəyən Tahir müəllim masanın üstündəki nəfis tərtibatlı bir kitabı - "Musiqi... Poeziya..." xatirələr, məqalələr, şərhlər - kitabını mənə göstərir.

 

(ardı gələn sayımızda)

 

 

Əbülfət MƏDƏTOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Ədalət  2017.- 7 iyul. - S.3.