Xudu Məmmədov dünyası...
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən sayımızda)
Kəlamların hər birində Xudu müəllimin bütün məsələlərə vətəndaşlıq mövqeyi, ictimai-siyasi hadisələrə münasibəti öz əksini tapıb. İclaslardakı çıxışlarında, adi danışığında həqiqəti yanlışlıqlarından az olan insanları hamıdan tez tanıyır və etirazını bildirirdi. Hamının bir tərəfdə olduğu elmi toplantılarda da Xudu müəllim düşmən qazansa belə, "elmdə güzəşt olmaz!" düşüncəsindən geri addım atmazdı, sözünü dəyişməzdi. Bəzən ətrafında özünə xoş olmayan münasibət yaratsa da, əqidəsinə sadiqliyi rəsmi və ya qeyri-rəsmi danışıqlarının hamısında, hər bir kəlməsində açıq-aydın görünməkdədir. Adından, elm aləmindəki şöhrətindən, dünyanın tanınmış alimlərinin münasibətlərindən istifadə etməzdi. Xarakter bütövlüyü, mənəviyyat təmizliyi, hər bir məsələyə münasibətdə əqidə saflığı, halallıq, ədalətlilik, Bəxtiyar Vahabzadə demişkən, Xudu müəllimdə etalon idi. Bəlkə elə elmdə də, insanlıqda da Xudu Məmmədov fenomeni bu idi.
Xudu müəllim əksər vaxtlarda sözünü sadə yumorla, heç kəsi incitməyəcək tərzdə deyirdi. Odur ki, yumorla deyilmiş həmin sözlər, fikirlər sonradan aforizmə çevirilirdi, dildən-dilə düşürdü. Əbəs yerə deyilməyib ki, həqiqətin dəyəri kimin dilindən səslənməsindədir!
İnsan müdrik doğulmur, əməlləri onu müdrikləşdirir. Odur ki, bütün əsrlərdə Xudu müəllimi görməmək mümkün deyildir və belə də qalacaq!
Sözünü ironiyalı deyəndə də Xudu müəllim dərin mənalı eyham formasında ifadə edirdi ki, kiminsə qəlbinə toxunmasın. Məsələn, yaxşı oxuyan tələbələrə deyərdi ki, zəiflərə bir şey öyrədin, onlar vəzifə tutanda sizlərə lazım olacaq. Yaxud, ondan bir institut müəlliminə qiymət üçün müraciət ediləndə demişdi ki, hansı ağılsız institut müəllimi 100 manatı qırağa qoyub mənim sözümə baxar?
Xudu müəllimin ironiya ilə dediyi fikirlərə rast gələndə özünün dediyi, "hərənin ürəyində bir Mirzə Cəlil, bir Sabir olmalıdır" sözlərini xatırlayıram.
Bu gün Xudu müəllimlə bağlı xatirə və əhvalatları sevgi ilə danışanlar ürəklərində bir Xudu dünyası yaşadır. Necə ki, dəfni zamanı Şahmar Əkbərzadə belə bir ifadə işlətmişdi ki, hərənin ürəyində bir Xudu Məmmədov var.
Ümid edirəm ki, kitabla tanışlıqdan sonra hörmətli oxucular bir daha əmin olacaqlar ki, Xudu müəllim həyatın şirinliyini real həyat qayğılarında, təhsildə, elmdə, mübarizədə görürdü. Belə olmasaydı ucqar bir əyalət kəndindən dünyaya pərvazlana bilməzdi, Xudu Məmmədov kimi yetişməzdi. "Kəlilə və Dimnə"də deyildiyi kim: "Sərvət ticarətsiz, hakimiyyət siyasətsiz, elm də mübarizəsiz ola bilməz!"
Xudu müəllimin adının yaratdığı mənəvi mühit mərzillərin təhsil və elm sahəsində əldə etdikləri bütün uğurların əsasını təşkil edir. Həmyerlimiz Rüstəm Əzizovun dissertasiyası münasibətilə olan yığıncaqda Xudu müəllimin kəndimizdən ilk davamçısı olan professor Yusif Səmədov demişdi: "Biz Xudu müəllimdən ulduzdan işıq almaq və o hesaba da yaşamaq qədər qidalanırıq".
Xudu müəllimin kəndə, kənd həyatına qeyri-adi bağlılığı vardı (bu bağlılığın fəlsəfi və psixoloji açımını "Baharın arxasınca" əsərini oxuyan hər bir oxucu duya bilər. Mənə elə gəlir ki, bu cür bağlılığı bir də həmyerlimiz Şahlar Həsənoğlunun 488 səhifəlik "Beşyüzevli" adlı etnoqrafik məziyyətli romanında duymaq mümkündür). Tez-tez kəndə gələrdi. Hər gəlişində də mütləq məktəbə baş çəkərdi.
Hələ ötən əsrin 30-cu illərindən kəndimizdə fəaliyyət göstərən 7-illik məktəb 1960-cı ildə orta məktəb statusu almışdır. Bu zaman 5 nəfərıik yerli pedaqoji kadrlardan ilk məktəb direktoru Bayramov Bayram Məhəmmədəli oğlu (1934-2013) olmuşdur. Bu zaman ilk yeganə qadın müəllimə isə Səlimova Səmərqə Mustafa qızı idi (haqqında 2016-cı ildə "İşıqlı yollara açılan cığır" adlı kitab yazılmışdır). 1993-cü ildə Mərzili işğala məruz qalarkən Xudu Məmmədov adına olmaqla bir orta, üç 8-illik və bir ibtidai məktəbdə 100 nəfərədək müəllim çalışırdı. Xudu müəllimin adı ilə, nuru ilə işıqlanan məktəb Respublikamızın ən qabaqçıl məktəblərindən biri idi. Məktəbdə tərbiyə işi elə qurulmuşdu ki, şagirdlərin şüuruna "Xudu Məmmədovun yolu ilə getmək" düşüncəsi hakim kəsilmişdi. Müəllimlərimiz isə bütün məsuliyyətləri ilə (sanki hər gün Xudu müəllimin özü və adı qarşısında) qarşılarında əyləşən şagirdlərə "sabahın Xuduları" kimi yanaşırdılar (bildiyimə görə "sabahın Xuduları" ifadəsini ilk dəfə 1976-cı ildə Bəxtiyar Vahabzadə Mərzilidə olarkən işlətmişdi).
Bu gün Xudu müəllimin doğma kəndi Mərzilidən respublikamızın, o cümlədən dünyanın müxtəlif təhsil və elm ocaqlarında çalışmış 8 nəfər elmlər doktorunun, (5 nəfəri qadın olmaqla), 29 nəfər elmlər namizədi olan mərzililərin adını çəkə bilərik.
İstər şagird olduğum, istərsə də müəllim işlədiyim dövrdə Xudu müəllimin məktəbimizə gəlişini yaxşı xatırlayıram. Onun məktəbə hər gəlişi müqəddəs bir insanın qarşılanması mərasiminə çevirilərdi.
Xudu Məmmədov mərzililərin mənəvi dünyasında işıq və hərarəti heç zaman sönməyəcək Günəşdir.
***
Xudu müəllimin ruhunda ulularımızın böyüklüyü, Dədə Qorqudun müdrikliyi, İslam dininin ədalət və halallığı yaşayırdı. Mən bu Böyük İnsanla onun dostları, iş yoldaşları, aspirantları qədər yaxın olmasam da, həyatıma dəyər gətirmiş görüşlərimizə, söhbətlərimizə, onun elmi və bədii yaradıcılığından aldığım təəsürata əsasən deyə bilərəm ki, Xudu müəllim kristal təmizliyə malik insan idi. O, bu imici qanunsuzluqlar çirkabında çırpınan bir cəmiyyətdə qazanmışdı. Onun rahatsız daxili dünyası vardı. Belə dahilər eləmək istədiklərini eliyə bilməyənlərdir. Halbuki Xudu müəllim çox iş görmüş olsa da, təvazökarlığı həmişə işindən qane olmamaq ovqatı yaradıb. Onun haqqında dünya şöhrətli alimlərin, elm və mədəniyyət xadimlərinin tərifli sözlərinə özü çox adi baxır və deyirdi: "İngilislərin, rusların, almanların... öz alimləri haqqında türk alimlərinin, müsəlman araşdırıcılarınındediyi sözlərdən fəxr duymasını eşitsəm, bundan qürur hissi keçirərəm". Görünür, dahilər, böyük insanlar elədiklərindən daha çox eləmədiklərini düşünürlər.
***
Xalqın, dövlətin taleyinə təhlükə yarananda heç kəsdən elm, düstur tələb olunmur. Zaman vətənsevərlilik, fəal vətəndaşlıq mövqeyi tələb edir. Mənfur qonşularımızın ərazi iddiaları əsasında yaranan milli problemlər bunu bir daha sübut etdi. Alimlər, ziyalılar, siyasətçilər sözünü deməli, çıxış yolunu aramalı idilər. Alimlər oldu ki, "çörək yeyəndə ağzını açdı". Ancaq Xudu Məmmədov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və bir çoxu lazım olanı vaxtında deyə bildilər...
Xudu Məmmədov Azərbaycanı, onun bir guşəsi olan Qarabağı, relyefi yovşanlı çöllərdən, boz təpəliklərdən ibarət olan doğma Mərzilisini qeyri-adi məhəbbətlə sevirdi. Dünyanın ən zəngin şəhərlərində oduğu günlərdə də həsrətlə Vətənə can atırdı. Xudu müəllim üçün Qarabağ torpağının müqəddəsliyi Moskvada olduğu günlərin birində yazdığı şeirində belə ifadə edilmişdir:
Bir gün bitərsə hər şey Qarabağı görmədən
İstəməm musiqi, böyük çələnglər.
Üstümə bir ovuc təmiz, müqəddəs
Qarabağ torpağı səpilsə yetər.
***
Xudu Məmmədovun siyasi baxışları topladığım kəlamların da çoxunda duyulmaqdadır.
Xudu müəllimdən danışan hər kəs ilk olaraq onun sadəliyini, səmimiyyətini dilə gətirir. Çünki insanı başqalarına öncə həmin keyfiyyətlər doğmalaşdırır, yaxınlaşdırır, sevdirir. Vəfatından sonra isə hər bir kəsi onun əməlləri, yaratdıqları, xalq üçün etdikləri, elmi, yaradıcılığı yaşadır. Bu gün Xudu müəllimdən danışanlar onu həsrətlə yad edir, xatırlayır. İnsanların ondan bu qədər istəklə danışmalarındakı doyumsuzluq dərin sevgi, təmiz və təmannasız xalq sevgisidir. ABŞ prezidenti Con Kennediyə məxsus olan bir deyim var: "Əsrlərin tozu yatdıqdan sonra döyüş meydanında və ya siyasətdə qazandığımız qələbə və məğlubiyyətlərə görə deyil, insanlığın inkişafı sahəsində etdiyimiz əməllərə görə bizi də yada salacaqlar". Əminəm ki, bu kitabın 1-ci hissəsində-"Xudu Məmmədov: Mənalı ömrün səhifələri (bioqrafik lövhələr)" adı ilə topladığım hər bir deyim, hər bir kəlam, hər bir əhvalat, insanlığın mənəvi inkişafının zənginləşməsinə əsrlərcə xidmət göstərən söz, fikir inciləri kimi unudulmayacaqdır.
***
Kitabın ikinci hissəsini təşkil edən portret-poema "Dərdimiz yetim qaısa..." adlanır. Poemanın ayrı-ayrı hissələrini müxtəlif vaxtlarda dövrü mətbuat səhifələrində, bir hissəsini isə "Haqqın dar ağacı" (Bakı-2008) şeirlər kitabımda oxuculara təqdim etmişəm. Ancaq poema halında ictimailəşdirməyə cürət etmədiyimi etiraf etsəm daha doğru olar. Çalışmışam ki, poemanın hər misrası Xudu müəllimin adına layiq olsun, onun Xudusevərlərə məlum olan mənəvi dünyasına layiq olsun. Xudu Məmmədovun "Qoşa qanad", "Naxışların yaddaşı" və "Baharın arxasınca" əsərlərinin hər birindən poemada söz deməyə çalışmışam. Həmçinin, poemanın adını "Dərdimiz yetim qalsa..." qoymaqla çalışdım ki, bir suala cavab tapım. Hansı dərdin dərdini görəsən, dərd edib Böyük İnsan, Böyük Vətəndaş Xudu Surxay oğlu Məmmədov? Hələ də əsl cavabı tapa bilmirəm...
Xudu müəllim elmdə bir nəfəs idi. Ömür vəfa etmədi ki, elmimizin özü bu nəfəsdən kifayət qədər bəhrələnsin. Ürəyi tablaşmadı çəkdiklərinə. Nəticə də qəlbimizi isidən işıq 1988-ci ilin son baharında qəflətən söndü. Ancaq nuru gözlərimizdə, odu isə ürəklərimizdə qalmaqla.
Yusif Millətoğlu
Ədalət 2017.- 20 iyul.- S.3.