YETMİŞ
YAŞINDA GÖRƏ BİLMƏDİYİMİZ VAQİF
İBRAHİM
("Dünya, səndən kimlər keçdi" silsiləsindən)
O, cəmi 38 il
yaşadı. 1945-ci ildə Şəkidə doğuldu, 1983-cü ildə
Bakıdan Sumqayıta
gedən aıtobus qəza törətdi, o qəzadan bircə Vaqif İbrahim sağ çıxmadı.
Həmin il
oktyabrın 29-da Sumqayıtda
dəfn olundu.
Yetmiş-səksəninci illərin ən populyar şairlərindən
biri idi Vaqif İbrahim. Altmışıncı illərin sonlarında ədəbiyyata gəlmişdi,
ilk kitabı - "Bu torpaqda
doğulanlar" - 1970-ci ildə
"Gənclik" nəşriyyatı
tərəfindən işıq
üzü görmüşdü.
Onun qəfil ölümünə
qədər Azərbaycan
dilində dörd, rus dilində (Moskvada) bir kitabı
çapdan çıxdı.
"Oqonyok"da, "Literaturnaya qazeta"da,
"Komsomolskaya pravda"da şeirləri dərc edilirdi. Rusca çıxan şeirlər
kitabına görə
Ümumittifaq Qorki mükafatına layiq görülmüşdü. Elə yetmişinci illərdə
Azərbaycan komsomolu mükafatı laureatı idi. Sumqayıtda Əli Kərim adına gənclik
poeziya klubu yaratmışdı. Komsomolun xətti
ilə bir ədəbi dərnək də yaratmışdı.
Son iş yeri "Göyərçin" jurnalı
- məsul katib işləyirdi.
Vaqif İbrahimin
yaratdığı ədəbi
dərnəyə o illərin
cavanları həvəslə
gedir, burada əsl poeziya dərsi keçir, sonra isə elə çox vaxt onun köməkliyilə
mətbuatda ilk şeirlərini
çap etdirirdilər. Yəqin
ki, indi yaşı altmışı
keçən - o zamanın
cavan şairləri - Vaqif Bəhmənli, Sədaqət Kərimova, Fəxri Müslüm, Aqil Abbas, Məhərrəm
Qasımlı, Ağacəfər
Həsənli, Mahirə
Abdullayeva, Kəmalə
Abıyeva, Maşallah
Məftun, Paşa Qəlbinur, Əbülfət
Mədətoğlu, Əlisəmid
Kür, Zirəddin Qafarlı, İslam Sadıq, Tofiq Nurəli Vaqif İbrahimi unutmayıblar. Sonralar Paşa Qəlbunur etiraf edəcək ki: "Biz səksənincilər onun
"şinelindən" çıxmışıq,
ona bənzəməyə
çalışardıq. Müəllimimiz, əzizimiz Vaqif İbrahim yaradıcılıqda
hamını bənzərsiz
olmağa səsləyərdi,
şeirin əlifbasından
ta ən incə sirlərinə qədər aşkarlamağa,
öyrətməyə çalışardı.
Ancaq onun özü davanışlarıyla, şəxsiyyətiylə,
ləyaqətiylə bir
məktəb idi.
Baxışı, oturuşu, duruşu,
abrı-həyası, təmannasız
böyük zəhmətlər
bahasına başa gələn fəaliyyəti
bir nümunə idi". Göründüyü
kimi bu adam ədəbi prosesdə öz fəallığı ilə
seçilirdi. Amma qəfil
ölüm onun ömrünə bir sükut pərdəsi çökdürdü. Vaqifin
"Yaşamaq eşqi"
şeirinə diqqət
yetirirəm:
Qəbristanlıqg
sinif otağı kimi
sakitg
elə bil
kimsə sual verib -
dinc qoymayıb dilini:
-Kim yaşamaq istəyir?
Hamı
əlini qaldırıb,
başdaşına dönmüş
əlini.
Vaqifin o dövrdə
qələmə aldığı
bir neçə komsomol ruhlu şeirləri də var və bu
şeirlər istisna olunarsa, onun poeziyası öz müasirliyi, təzə söz demək iddiasında olan inadkarlığıyla seçilirdi.
Vaqif İbrahimin bir il öncə
"Xan" nəşriyyatı
tərəfindən çap
olunan "Mən
varam-70" şeirlər kitabı
qarşımdadı. Bu şeirləri vaxtilə müxtəlif qəzet, jurnal səhifələrində
oxumuşam. Ən
azı 35-40 il
əvvəl yazılmasına
baxmayaraq bu şeirlərin əksəriyyəti
öz saflığını,
poetik dadını-duzunu,
şirinliyini və kimsənin şeirinə qarışmayacaq üslubunu
hifz edə bilib. Baxın Vaqif İbrahimin Azərbaycan haqqında
1967-ci ildə yazdığı
bir şeirə, bu şeirdəki təşbehlər, metaforalar
o illərin şeiri üçün təzə
idi:
Mən əbədi varam! - deyən
bir igiddir Azərbaycan!
Azadlığın dodağından qopan
odlu bir beytdir Azərbaycan!
Məsləkini başı üstə
bayraq kimi möhkəm tutan
milyon əldir Azərbaycan
Düşmənimin başı üstə
qəzəbindən daşa
dönmüş
bir yumruqdur Azərbaycan!
Xalq şairi
Sabir Rüstəmxanlı
Vaqif İbrahimə həsr etdiyi "Ürəyinin şirəsini
şeirlərinə qatan
şair" yazısında
onu Əli Kərimlə müqayisə
edir. "Şeirlərinin
sakit, amma tutumlu ifadə tərzində Əli Kərimin üslubu var idi". Doğrudur, çünki Vaqif İbrahim Əli Kərim kimi sözü ehya eləməyi, ona dirilik verməyi, bədii təsvir əlvanlığı bəxş
etməyi bacarırdı.
Bir şeirində ömrünün sanki qısa olacağına işarə edib yazırdı:
Tale -
Divar saatıg
hər gün,
hər an qızılmış.
Ürəyim -
Bu saatın
daşı kimi asılmış
Nə vaxtsa bir nöqtədə
Donub,
Qalacaq bu daş,
Donacaq heyrətindən:
Ömür bu qədər qısa
Bu qədər azdır
nədən?
Vaqifin bu şeirində "fikir poeziyası"nın ümdə əlamətləri nəzərə
çarpır. Fikrin, deyiləcək
mətləbin poetik xassə kəsb etməsi, yəni cilalanması prosesi isə təsvir obyektinə şairanə baxışı ilə seçilir. Onun bütün
şeirlərində həyat
eşqi, yaşamağın
gözəlliyini duymaq
nəşəsi diqqəti
cəlb edir. Olsun ki, ilk sevgisi nakam olub, amma
sevgi şeirlərində
küskünlük, inciklik
görünmürdü, bunlar
məhəbbətin ülviliyinə
inanan bir insanın nikbinliyindən doğurdu. Flora xanım
Xəlilzadə haqlı
yazır ki: "Onun şeirləri xəyalın, yaddaşın
gücünə qəlbimizdə
uyuyanları xatırladır.
Vaqif İbrahimin məhəbbətdəın,
sevgidən, onun qüdrətindən, bir sözlə, həyat eşqindən don geymiş
misralarında sızıltıya,
ağlamağa, göz
yaşına rast gəlmirik". "Mənim misralarım
min-min əlimdir, Onları
qəlbimdə sənsən
bitirən. Ardınca
boylanan min-min əllə
mən, Səni səsləyirəm, de, eşidirsən?!". Sevgiyə inam onun şeirlərində hər
cür yalanı, inamsızlığı təkzib
edirdi. İnsan bəlkə də
susuz yaşaya bilər, xəstəliyə
tutular, amma sevgisiz yaşaya bilməz. "Bəzən sevənlər
də yetim qalırlar".
Bircə
həsrətinmiş məni
atmayan
Sənsiz bu dünyada ölüm-itimdir.
Nəfəsin dəyməyən, əlin
çatmayan
Nəyim var bu evdə,
hər şey yetimdir.
Onun şeirləri
ilk baxışda sakit,
həyəcansız bir
ovqat aşılayır,
amma bir də görürsən ki, bu sakitlik
çılğınlığa, hiss-həyəcan selinə döndü. "Bir
gözəllik, aydınlıq
Çilənib göyə,
yerə. Dünya
belə işıqlı,
Səma belə buludsuz Olmayıb birdən-birə" - bu sakit misraların ardınca ürəyin həyəcanlı ritmikasını
ifadə edən misralar gəlir:
Dünyanın yolunda mən
neçə dəfə
özümü
oda-közə atmışam.
Mən onu alovların
qoynundan çıxarmışam.
Od tutub yanan evdən
körpəsini bayıra
çıxardan ata kimi.
Min-min iti süngüyə
qalxan edib sinəmi
mən onu güllələrin
qabağından almışam.
Vaqifin şeirləri
79-ci illərin yeni şeir axtarışlarıyla
səsləşirdi. Sabir Rüstəmxanlı, Çingiz
Əlioğlu, Nüsrət
Kəsəmənli bu
illərdə ən gözəl şeirlərini
yazırdılar. Onlar ənənəvi
şeirin vəzn və ümumən forma xüsusiyyətlərinə sadiq
qalır, amma məzmunda, gerçəkliyə
münasibətdə, həyat
hadisələrinin təsvirində
fərqli çalarlarla
diqqəti cəlb edirdilər. Bu fikri eynən Vaqif İbrahim haqqında da söyləmək olar.
Vaqif İbrahim "Şeirlərim" adlı
bir şeirində yazırdı ki: "Beləcə ötüb-keçən
günlərimin öz
sözü, öz səsidir şeirlər. Bir az sevinc qarışıq,
bir az kədər
qarışıq, sıxılmış
günlərimin şirəsidir
şeirlər".
"Yeni şeir
axtarışları" ifadəsini
işlətdim. Vaqifin əksər şeirlərində
bu axtarışlar təkcə məzmun, fikir yeniliyilə deyil, həm də şeirdə bədii təsvir vasitələrinin təzəliyiylə
də səciyyələnirdi.
Vaqif deyəndə ki:
"Ürəyim yol
gedən qatara bənzər, Çəkir
qəm yükünü,
hicran yükünü"
- buradakı təşbeh
bəlkə o qədər
də təzə deyil. Amma deyəndə
ki: "Buludlar bir sac kimi, Qış
qovurur damlaları, qovurur topa-topa.
Qar yağır
yerə - qovrulmuş qarğıdalı dəni
kimi lopa-lopa" - bu mənzərə bədii təxəyyülün
kəşfidir. Və yaxud: "Çaylar-sevgi dolu bir baxış
kimi Çöllərin
qəlbinə süzülüb
axır" - təzə
idi.
Vaqifin adını
çəkdiyim kitabda
ilk dəfə çap
olunan "Bələdçi"
poeması var. Əri Böyük Vətən müharibəsindən qayıtmayan
bir qadının intizarından, onun iki oğlunun ata həsrətindən söz açır.
Çox
çıxdı qarşıma
adsız məzarlar,
Düşündüm* hansında yatır görən o?
Harda ki, naməlum əsgər qəbri var,
Sanıram atamın məzarıdır
o.
Atamın
dərdiylə çox
yandı anam,
Düşdü baxışları onun izinə.
Əlləri qoynunda dayandı
anam,
O gedən yolları yığdı gözünə.
Otuz üç il
keçir Vaqif İbrahimin ölümündən.
Yaşasaydı, yetmiş bir
yaşı olacaqdı.
Amma Vaqif heç qırx yaşını görə bilmədi.
Amma onu bizə unutdurmayan şeirləridir və bu şeirlərin ömrü Vaqifin öz ömründən də yaşlıdı...Rahat uyu, adaş!
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Ədalət 2017.- 19 iyul.- S.4.