Vətənə sonsuz
məhəbbətlə yaşanan ömür
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Görkəmli dilçi - alim, pedaqoq, filologiya üzrə elmlər doktoru, professor, 40 il Azərbaycan Tibb Universitetinin (keçmiş N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu) Azərbaycan dili (1984-cü ilə kimi Azərbaycan və rus dilləri) kafedrasının müdiri olmuş Səyyarə Məmməd qızı Mollazadə - Fərhadova (1933-2015) haqqında bu yazını 2016-cı ilin oktyabrında - onun vəfatının bir illiyi ərəfəsində yazmağa başlamışdım. İş elə gətirdi ki, yazını tamamlaya bilmədim, qərara gəldim ki, onun doğum günü ərəfəsində - yanvarın 22-də çap etdirərəm, yenə də vaxt çatışmazlığı ucbatından qərarımı həyata keçirə bilmədim. Nəhayət, işlərimin bir qədər azalmasından istifadə edib, mənim üçün, uzun illər çalışdığı kollektiv üçün, doğmaları və onu tanıyanlar üçün unudulmaz olan Səyyarə xanım haqqında bu yazını ərsəyə gətirə bildim....
O, nadir təbiəti ilə, istedad və əlahiddə qabiliyyətləri ilə seçilən insanların yetişdiyi məşhur İlisuda doğulmuşdu. Uşaqlığı ağır müharibə illərinə düşən balaca Səyyarə gah Bakıda, gah İlisuda yaşasa da, öyrənməyə, araşdırmağa, ətrafda baş verən hadisələrə maraq göstərməyə daim vaxt tapırdı. Bu işdə, ona dünya görmüş Pəri nənəsi (sevimli "Qaqqa"sı) daha çox yardımçı olurdu. Bakıdakı 132 saylı məktəbdə isə ona hər dövrün müasir müəllimi sayılan Bilqeyis xanım kimi əsl pedaqoqlar dərs demişdi. Bütün fənlərdən yüksək qiymətlər alan Səyyarə, çox güman ki, Bilqeyis müəllimin təsiri ilə orta məktəbi bitirəndə heç fikirləşmədən sənədlərini o zamankı ADU-ya (indiki BDU) - filologiya fakültəsinə verir və univesitetə daxil olur... Qayğılı, həyəcanlı, axtarışlı gənclik sevinc və kədərləri ilə dolu tələbəlik illəri arxada qalır. O bu illəri də ürəyincə yaşamış, elmin əsaslarına yiyələnməklə yanaşı, özünə dostlar, Rəhilə kimi (yazıçı Ə.Qasımovun həyat yoldaşı) bacılar qazanmışdı. Müəllimlik diplomu alan Səyyarə xanım çox erkən ailə qurur, iki övlad sahibi olur. Ancaq elmə, axtarışa olan marağı sönmür, nəhayət, Azərbaycan Dövlət Pedaqoji İnstitutun (indi ADPU) Azərbaycan dilçiliyi kafedrasının aspiranturasına daxil olur. Burada ona elm və insanlıq baxımından indi də xoş duyğu ilə xatırlanan EA-nın müxbir üzvü, professor, Azərbaycan dilçilik elminin sütunlarından biri Ə.Dəmirçizadə rəhbərlik edir. Beləliklə, 1965-ci ildə "Qax rayon şivələri" mövzusunda namizədlik dissertasiyasını müdafiəyə təqdim edən gənc Səyyarəni ATİ-nin (indiki Azərbaycan Tibb Universitetinin) Azərbaycan və rus dilləri kafedrasına müəllim göndərirlər. Az sonra alimlik dərəcəsi alan, dosent vəzifəsinə layiq görülən Səyyarə xanımı 1969-cu ildə həmin kafedraya müdir seçirlər. Səyyarə xanım bu vəzifəni 2008-ci ilə qədər böyük uğurla yerinə yetirdi. 1979-cu ildə "Azərbaycanın Şimal rayonlarının toponimiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edən alim 1981-ci ildə professor vəzifəsinə yüksəldi... Oxuculara təqdim etdiyim bu rəsmi tərcümeyi-hal göstəriciləri özlüyündə şərəfli bir ömür yolu, zəhmətlə, axtarışlarla keçən bir insan həyatı haqqında çox şeylər deyir. Ancaq bir alim, bir pedaqoq, bir rəhbər şəxsin daxili dünyası, Vətənə, millətə olan sonsuz məhəbbəti haqqında hələ tam təsəvvür yaratmır. Mən isə istəyirəm ki, bu yazını zəhmət çəkib oxuyanlar Səyyarə xanımın az-az adamlarda rast gəlinən insani keyfiyyətləri, doğma ailəsinə, işlədiyi kollektivin üzvlərinə, hansı iş üçünsə ona müraciət edən hər kəsə (bu şəxsi o, ilk dəfə də görə bilərdi) göstərdiyi səmimiyyətdən, başqasını duya bilmək, əlindən gələni əsirgəməmək duyğusundan danışım... Allahımız bu adamı dünyaya yaxşılıq etmək üçün göndərmişdi. Neçə-neçə nümunə göstərmək olar ki, Səyyarə xanım imkanı olan halda heç kəsdən xeyirxahlığını, yaxşılığını əsirgəməzdi. Qırx ilə yaxın bir müddətdə "öz kafedrası" adlandırdığı kollektivi "öz ailəsi" də hesab edərdi. Kafedra üzvlərinin adi xeyir işlərində, ad günlərində, uşaqlarının böyük-kiçik toylarında iştirak edər, bundan xüsusi zövq alardı. Ümumiyyətlə, bu adam üçün insanları sevindirmək, imkan daxilində onların qayğılarının azalmasına çalışmaq birinci dərəcəli məsələ idi. Bəzən ehtiyac olan adama maddi kömək etməkdən də çəkinməzdi. Keçən əsrin 80-ci illərində bir iş yoldaşımız iri məbləğdə ziyana düşmüşdü, ağır maddi-psixoloji durumda idi. Səyyarə xanım özü başda olmaqla kollektivin köməyi ilə məsələni həll etdi, o adamın narahatlığına son qoydu. Belə nümunələri çox xatırlaya bilərəm. Səyyarə xanım tələbələrinə də ən ali insani hissləri aşılamağı müəllimin vəzifəsi hesab edirdi. Kafedra müdiri kimi məhdud sayda tələbə ilə təmasda olmasına baxmayaraq, dərs dediyi tələbələr tez-tez onun görüşünə gələrdilər. (Tanınmış şair Ramiz Heydər oğlunun müəlliminə "Anamız" adlı şeir həsr etmişdi.)
Professor S.M.Mollazadənin vətənpərvərliyi, vətən, yurd sevgisi ayrıca bir mövzudur. O, ölkəmizi, onun təbiətini, iqlimini, Xəzərini, Göy gölünü... çox sevirdi. Elə dilçi olmağı da vətən sevgisindən qaynaqlanmışdı. Əvvəl doğma rayonunun şivələrini araşdırdı (onu deyim ki, o, ilk azərbaycanlı dialektoloq qadın idi), sonra dilçiliyin, həmçinin onomologiyanın ən çətin sahəsi olan toponimiyaya aid tədqiqatlar apardı. 1979-cu ildə "Azərbaycanın Şimal rayonlarının toponimiyası" adlı doktorluq dissertasiyasını müdafiə etdi. Yəqin oxucuya da məlumdur ki, yer, yurd insan məskənlərinin (coğrafi məfhumların) adlarının toplanması, mənşəcə və dil baxımından araşdırılıb sistemləşdirilməsi həm ağır fiziki, həm də elmi zəhmət tələb edir. Səyyarə xanımın bu tədqiqatı həm yerli, həm də Moskva, Kazan, Kiyev, Ufa .... şəhərlərində keçirilən elmi konfranslarda yüksək qiymətləndirilmişdi. Səyyarə xanım deyirdi ki, mənim toponimiyaya olan marağım Azərbaycanımıza, onun tarixinə, dilinə, mədəniyyətinə olan sonsuz məhəbbətimdən irəli gəlir. Doğrudan da, sonrakı hadisələr də göstərdi ki, sərhədlərin müəyyənləşməsində, etnik mübahisələrdə coğrafi adların mənşəcə aydınlaşdırılması nə qədər elmi və siyasi-inzibati əhəmiyyət daşıyır. Professor S.M.Mollazadənin toponimiyaya aid beş kitabı, 150-dən çox elmi məqaləsi var. Onun toponimik tədqiqatlarının nəticələri ensiklopedik lüğətdə geniş istifadə olunub.
Səyyarə xanımın bir çox vacib toponimlərimizin tarixinə, dil tərkibinə aid gəldiyi nəticələr çox görkəmli mütəxəssislərimizin marağına səbəb olmuş, onlar bu tədqiqatların elmi dəyərini yüksək qiymətləndirmişlər. Ona görə ki, vətənpərvər tədqiqatçı görkəmli rus və dünya alimlərinin elmi nəticələrinə istinad edərək bildirirdi ki, "biz toponimlərin tərkibində qədim sözlərə və onların mənasına, qədim sözyaratma vasitələrinə və sözyaratma üsullarına rast gələ bilirik" (S.M.Mollazade. Toponimiya severnix rayonov Azerbaydjana", B., 1979, səh.6). Bundan da çıxış edərək bir çox toponimlərimizin tərkibində dilimizin qədim tarixi üçün çox vacib fakt sayılan söz və sözyaradan vasitələrin aşkar edilməsinə nail olmuşdur (Məs.: Sincan, Dilican, Onqalı, Keşqutan, Tərkeş və s.). Ümumiyyətlə, prof. S.M.Mollazadənin coğrafi adlarımızın dil tərkibinə görə araşdırmalarında əldə etdiyi qənaətlər həm dilimizin tarixi, həm də bir çox ərazilərin etnos mənşəyini təyin etmək baxımından çox əhəmiyyətlidir.
Bu yazını hazırlayan zaman mən Səyyarə xanımın arxivindəki bir sıra sənədləri araşdırarkən onun xətti ilə yazılmış şeir misralarına rast gəldim. Mənim üçün gözlənilməz olan bu fakt Səyyarə xanımın nə qədər təvazökar, nə qədər yüksək zövqlü və istedadlı bir şəxs olduğunu bir daha təsdiqlədi. Onu tanıdığım 40 ildən artıq bir müddətdə o, şeir yazdığını dilə gətirməmişdi. Bununla yanaşı, Səyyarə xanımın sənədləri arasında çox incə duyğular ifadə edən şeir parçalarına, vətənpərvər şairimiz Eldar Baxışın "Ocaq" poemasının əlyazısına da rast gəldim. Bütün bunlar da bu dərin zəkalı, ağıllı və istedadlı insanın yüksək amalı və doğma yurda sonsuz sevgisi haqqında çox söz deyir.
Tamamlamağa layiqli yekun söz tapa bilmədiyim bu yazını o fikirlə qurtarıram ki, professor S.M.Mollazadənin yaradıcılığı və şəxsiyyəti haqqında hələ çox yazılar ərsəyə gələcək, yaradıcılığı elmi tədqiqatın obyekti olacaq... Allahdan rəhmət diləyi ilə...
Akif Miriyev
f.ü.f.d., dosent
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Ədalət 2017.- 21 iyul.-
S.3.