Mənalı ömrün səhifələri

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Azərbaycanın böyük oğlu, görkəmli alim, böyük insan Xudu Məmmədovun bu il 70 yaşı tamam olur. Məhz Xudu müəllimin böyük Aydınlığının işığında onun həyatından müəyyən məqamları təqdim edirik.

 

***

Bir gün Xudu müəllim İxtiyar Bəxtiyarlı, Zeynal Məmmədov və bir neçə nəfər digər dost-tanışlar meşə qoynunda yerləşən Abdal sanatoriyasında görüşəsi olurlar. Bu zaman söhbətlərini Zeynal müəllim klassik ədəbiyyatdan söylədiyi şeir və qəzəllərlə daha da şirinləsdirir. O, Məhəmməd Füzuli yaradıcılığından nümunələr gətirir. Sonra da onu müzakirə edirlər. Bir məqamda İxtiyar müəllim də Məmməd Arazın Xudu müəllimə həsr etdiyi "Sən kimə gərəksən, mən kimə gərək" adlı şeirindən bir bənd söyləyir. Şairin "Görüm ayılmaya gec ayılanlar!" misrasına hərə öz fikrini bildirir. Bu zaman Xudu müəllim deyir:

-Hərdən Məmmədə zarafatla deyirəm ki, bu şeiri tənqid edə bilmirəm-sən yazmısan, tərifləyə də bilmirəm-mənə yazmısan.

***

Xudu Məmmədov ovqatının bütün hallarında həmsöhbətlərinə deyəcəyi sözlərinə, verəcəyi cavablarına yumorlu çalar qatmağı bacaran dahi insan idi. Həmsöhbətlərindən biri deyəndə ki, Xudu müəllim, vallah, üz ətdəndi, Həsənin (şərti addır-Y.M.) günahını üzünə deyə bilmirəm, içimdə qırıla-qırıla qalıram...

Xudu müəllim də zarafatyana tərzdə deyərdi ki, nə olar, həmin şəxsin günahını üzünə deməyi bacarmırsansa, onda həmin adamı növbəti iclasınızda möhkəm təriflə. Bu zaman səbrsiz, sənin yersiz tərifini qəbul edə bilməyənlərdən kimsə dözə bilməyib deyəcək ki, sən nə danışırsan, o adam yaramazın, qaniçənin biridi...

 

***

70-ci illərdə savadsız, bacarmayan bir nəfərin rəhbər işə irəli çəkilməsini bilən Xudu müəllim həmin adamın rəhbərliyi altında çalışan dostlarının birindən soruşur ki, yeni müdiriniz necədir? O da cavab verir ki, Xudu müəllim, necə olacaq, o, ezamiyyətə gedəndə sevinirik.

Bu zaman Xudu müəllim deyir:

-Deməli, sizin kədəriniz sevincdən doğur.

***

Bir gün Xudu müəllim gəlib-keçəndən yalvarışla nəzir yığan tanıdığı seyidə rast gələrkən deyir:

-Olmazmı oturasan evdə, adamlar nəzirini gətirələr evə.

Seyid Xudu müəllimin sualını cavablandırır:

-Xudu müəllim, hanı indiki vaxtda elə adamlar...

 

***

Xudu müəllim böyük bir nümayəndə heyəti ilə birlikdə Xızıda olduğu günlərin birində ətraflarına çoxlu sayda insanlar toplaşır. Bu adamların arasında bir nəfər olur ki, yerli əhali tərəfindən "dəli" kimi tanınırmış. Bakıya qayıdası nümayəndələr adından çıxış edən Xudu müəllim hamıya təşəkkürünü bildirir sonda deyir ki, Bakıya gedəndən sonra sizə göndərək?

Hamı xorla heç nəyin lazım olmadığını bildirərək minnətdarlıq edirlər. Bu ara "dəli" kimi tanınan şəxs Xudu müəllimə müraciətlə deyir ki, Siz Bakıya çatandan sonra bizə məktub göndərin.

Həmin şəxsin heç yox, məktub göndərilməsini xahiş etməsi Xudu müəllimi çox təsirləndirir. Uzun illər keçəndən sonra da həmin hadisəni yadına salıb kövrələrmiş böyük alim.

 

***

70-ci illərin bir yay günü Xudu müəllim Dəlidağda yaxın qohumu Süleymanın qonağı olur. Uzunşirin söhbətdən sonra Süleyman oğlu Şiraslanı göstərib deyir ki, Xudu müəllim, bu uşaq neynədimsə oxumadı ki, oxumadı dəə. Xudu müəllim Süleymanın gileyli sözünə aydınlıq olsun deyə soruşur:

-İndi nə işlə məşğul olur?

-Heç nə. Qoyuna gedir, çobandı.

-Həvəslə gedir?

-Bəli, Xudu müəllim. Həvəslidi.

-Onda dəymə, qoy bu işlə məşğul olsun, - deyə Xudu müəllim fikrini tamamlayır. (Xudu müəllimin bu sözü yadıma özünün məşhur olan başqa bir fikrini salır: "Öyrənmək istəməyəni öyrətmək həvəsinə düşməklə özünün də öyrətmək həvəsini öldürəcəksən").

***

Hədsiz dərəcədə təvazökar olan Xudu müəllim İngiltərə səfərindən qayıdarkən Moskvada elmi rəhbəri olan N.V.Belovla görüşür.

Akademik Xudu müəllimin elmi nailiyyətlərindən aldığı xoş təəssüratdan məmnun qalır və Xudu müəllimi çox yüksək dəyərləndirir...

Xudu müəllim müəllimindən ayrılandan sonra deyir:

-Özümü deyilənlərə layiq bilsəydim, dərdim daha böyük olardı.

 

***

Bir gün televiziyadan bir şairə yüksək ad verilməsini, medalla təltif olunmasını eşidən bir dostu Xudu müəllimiə zəng edir. Həmin şairin Xudu müəllimlə olan münasibətlərini nəzərə alıb, hətta böyük alimi muştuluqlayır da. Xudu müəllim dostunu dinlədikdən sonra cavab verir ki, doğrudan da, maraqlı işdir, görmüşük şairin Nəsimi kimi dərisini soyarlar, Füzuli kimi dərdə salarlar, Müşfiq kimi güllələyərlər, Cavid kimi sürgün edərlər. Bu gün şairə ad-san, medal verirlərsə, deməli, düşünməyə dəyər...

***

Xudu müəllim Mərziliyə gəldiyi günlərin birində ətrafına toplaşan həmyerlilərinə müraciətlə soruşur:

- , necəsiniz, var-nə yox, necə dolanırsınız?

Xudu müəllim sözünü tamamlayan anda eyni vaxtda bir neçə adam dillənir:

-Ay Xudu müəllim, sağ olun ey, dolanaşacaq yaxçı deyil, yediyimiz ağartıdan - şor-pendirdən- başqa bir şey deyil... Xudu müəllim xəfif bir təbəssümlə dillənir ki, vallah, xoşbəxt adamlarsınız. "Xoşbəxt!" sözünü eşitcək yenə həmin adamlar:

-Süd, qatıq yeməyin nəyi xoşbəxtlikdir, ay Xudu müəllim?

-Bilirsiniz, Bakıda həkimlər xəstələrin çoxuna süd-qatığı məsləhət bilirlər ki, xəstəliklərdən qurtarsınlar. Bunu Tanrı özü sizə qismət edib...

 

***

Xudu müəllimin iştirak etdiyi elmi şuraların birində elmi işçilər müdirləri qarşısında belə bir tələb irəli sürürlər ki, niyə bizim monoqrafiyalarımız ildən-ilə yığılıb qalır, çap etmirlər? Müdir cavab verir ki, qədər monoqrafiya çap etmək olar, nəşriyyat nağıl istəyir, uşaqlar üçün nağıl kitabları çatmır. Müdirin sözünü eşitcək Xudu müəllim deyir: Müəllim, siz nəşriyyatda başa salın ki, bizim monoqrafiyalar uşaqlar üçün maraqlı olmasalar da, nağıldan başqa bir şey deyillər.

 

***

Bir dəfə tələbələrindən biri soruşur ki, Xudu müəllim, siz əvvəllər çox gözəl şeirlər yazmısınız, bəs indi niyə yazmırsınız? Xudu müəllim : "Bəli, gəncliyimdə yazmışam. Ancaq Aşıq Ələsgəri dərindən oxuyandan sonra ona yaranan böyük hörmətim müqabilində şeir yazmaqdan əl çəkdim".

***

Ədalətsizliyə qarşı mübarizədə güzəştsiz olan Xudu müəllimin çıxışı əsasında "yuxarılara əli çatan" bir nəfərin işinin "Dövlət mükafatı"na yolu bağlanır. Həmin gün işin müəlliflərindən biri Xudu müəllimə yaxınlaşaraq deyir ki, ay Xudu müəllim, siz görürük ona bir qulp qoyursunuz.

Xudu müəllim "Siz elə görün ki, onun qulpu yerində olsun, mənim ona qulp qoymağıma ehtiyac olmasın" - deyir.

 

***

Xudu müəllimin sadə adamlarla da söhbətləri elmi mahiyyət daşıyardı. Ancaq onu elə tərzdə ifadə edirdi ki, sözün mətləbi hamıya tam aydın olurdu. Məsələn, Mərzilidə olduğu günlərin birində yaxın qohumlarından biri gileyli tərzdə deyir ki, bu zalım oğlu Həsən (ad şərtidir - M.Y.) sovxozun malını basıb yeyir, özü camaat arasında qızara-qızara gəzir, amma bilmirik niyə ona gözün üstə qaşın var deyən yoxdur...

Xudu müəllim xoşlamadığı bu suala cavab olaraq deyir:

-Yaxşı nümunə olmasa da, o, sizə öyrədir ki, cəmiyyətin qanunlarını pozub, cəzasız qalmaq mümkündür. O, təbiətin qanunlarını pozsaydı, çoxdan cəzasını alardı.

 

(ardı gələn sayımızda)

 

Yusif Millətoğlu

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət  2017.- 25 iyul.- S.3.